525.Az

Virtual vida dərsi - Video


 

Virtual vida dərsi - <b style="color:red">Video </b>

Pandemiyanın həyatımıza sorğu-sualsız gəlməsi həyatımızın təbii axışını dəyişməklə qalmadı və bütün sahələrdə öz fəsadları ilə iz buraxdı.

Özümüzü anidən içində gördüyümüz bu arzuolunmaz mövcud vəziyyət bizi adət etdiyimiz gündəlik həyat tərzimizə, öyrəndiyimiz yaşantılarımıza həsrət qoydu.  Bu vəziyyəti biz böyüklər anlayıb, qəbul etməyin çətinliyini yaşadığımız bir dövrdə sual dolu fikirləri ilə gözlərimizə baxan övladlarımızdan, tələbələrimizdən də yan keçmədi. Vərdiş etdikləri həyat tərzinin anidən dəyişməsi onları da çaşdırdı. Xüsusən də hər səhər məktəbə daxil olub himnimizi ayaq üstə oxuyaraq, vətənpərvər bir ruhla dərsə başlamaları və səsli-küylü məktəb həyətində dərsdən sonra bir-biriləri ilə sağollaşmaları üçün qəribsədilər. Bununla belə günümüzdəki elm və texnologiyanın avantajlarından yararlannmaqla virtual təhsillərinə davam etdilər. Müəllimləri canla-başla onların tədrisini davam etdirərək, proqramı mükəmməl şəkildə qavramaları üçün əllərindən gələni etdilər. Karantin dövrünün müsbət cəhəti o oldu ki, evdə qalaraq fikirləşməyə daha çox vaxtımız oldu. Beləliklə, zamanın həqiqətən də çox qiymətli olmasını tam gerçəkliyi ilə anlamış olduq. Baş verən hadisələrin həm iştirakçısı, həm də müşahidəçisi olmaqla, bəzən kövrəldik, bəzən duyğulandıq, bəzən də ətrafındakı köməksiz insanlarla yardımlaşan, paylaşan, mərhəmət hissi olan insanlarımızı görüb qürurlandıq. Bu paylaşmalar içində biliyini paylaşan əvəzsiz müəllimlərin yeri danılmazdır.

Belə günlərdə sağlamlığımız üçün həkimlərimizin, sabitliyimiz və təhlükəsizliyimiz üçün polislərimizin, həmçinin gələcəyimiz olan övladlarımızın savadlı, vətənimizə, ölkəmizə layiqli şəxsiyyətlər olması üçün əməyini ödəyə bilməyəcəyimiz müəllimlərimizin haqqı danılmazdır.  Qoqolun məşhur deyimində deyildiyi kimi - şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir. Gələcəyimizi savadlı və sağlam görmək üçün bütün çətinliklərə baxmayaraq müəllimlərimiz övladlarımıza həm psixoloji, həm də mənəvi dəstəklərini əsirgəmədilər. Unutmayaq ki, səbr və iradə ilə hər şeyə üstün gəlmək olar.

Məni ən çox duyğulandıran oğlumun sonuncu virtual vida dərsi oldu. O, Nərimanov rayonu Məktəb -Lisey kompleksinin 4N sinifini bitirib, ibtidai sinifi yekunlaşdıraraq yeni mərhələyə qədəm qoydu. Tədris ili başlayandan uşaqların və müəllimənin məzun günləri ilə bağlı xəyal etdikləri bütün planları alt-üst oldu. Və həyatın onları üz-üzə qoyduğu bu məcburəyyətlə balaca fidanlar müəllimələri ilə virtual vidalaşmalı oldular. Onları əzizləyərək sevə-sevə hər kiçik istəklərini həyata keçirən müəllimələri onlara mesaj vasitəsilə son sözlərini yazması həm uşaqlar üçün, həm də valideynlər üçün həddindən artıq kövrək bir hal yaşatdı. Sinfin müəlliməsi olan Samirə Bakıxanova uşaqlara: “Əziz uşaqlarım. Belə qeyri-adi və kədərli dərs ilimizin sonuna gəlib çatdıq. Virtual olaraq sağollaşmaq çox çətindir. Siz ibtidai sinfi bitirirsiniz. Sizə uğurlar arzu edirəm. Unutmayın mən sizi çox sevirəm. Bizim devizimiz belədir – Hətta  ən uzun yol ilk addımdan başlayır! Yadda saxlayın, siz hamınız çox istedadlısınız, ona görə də heç vaxt bu “ilk addımı” atmaqdan qorxmayın və həmişə öz uğurunuzun ardınca gedin, mən hər zaman yanınızdayam” mətnli bir mesaj yazdı.

Çəkdiyiniz əziyyət üçün sağ olun, gözəl qəlbiniz üçün təşəkkür edirəm Sizə.  Nə yaxşı ki, hələ də belə həssas qəlbə malik, təmənnasız, öz şagirdləri üçün  savadını əsirgəməyən kövrək ürəkli müəllimələrimiz var.

Mən həmin sinifin timsalında bütün şagirdləri, o cümlədən 5-ci sinfə keçən bütün balalarımıza uğurlar arzu edirəm. Qoy sizin simanızdan hər zaman gülüş, sevinc əskik olmasın. Həm ölkəmizdə, həm də dünyamızda sağlamlıq, sülh və sabitlik hökm sürsün. Sizin sual dolu baxışlarınız, bəlkə cavab ala bilməyəcəksiz deyə düşünən körpə ürəyiniz heç vaxt ümidsiz olmasın. Hər zaman yuxarı siniflərdə də sizə örnək olacaq Samirə müəllimə kimi güclü iradəli, savadlı, həssas, vicdanlı, ləyaqətli, həyatınızda müsbət iz qoyacaq müəllimlərlə qarşılaşmağınızı  arzu edirəm. Buna da əminəm ki, gələcək üçün vətənpərvər şagirdlər yetişdirəcək güclü müəllim ordusu hər zaman olmuşdur və bundan sonra da olacaqdır. Uşaqkən öyrənməsən, böyüyəndə bilməzsən deyiblər. Gələcəkdə hansı sənəti seçməyinizdən asılı olmayaraq, ibtidai təhsil fərdin həyatında yeni inşa ediləcək binanın özülü rolunu oynayır və çox önəmlidir. Həyatda məsuliyyət, bacarıq varsa, heç nədən qorxmaq lazım deyil. Heç vaxt demeyin ki, sizlərə hansısa bir xəstəlik yaxud nəyinsə qorxusu psixoloji təsir edə bilər. Hər zaman vəziyyətdən çıxaraq öz addımlarınızla daha da iradəli olacaqsınız.

Bir daha Samirə müəllimənin timsalında bütün müəllimlərə təşəkkür edirəm. Verdiyiniz təhsil-tərbiyə üçün əziz müəllimlərimiz sizə uğurlar arzulayıram. Beləliklə, unutmayaq ki, səbr və uğurun hər ikisi dostdurlar, səbrdən sonra həmişə uğur gələr. Hər bir problemin zamana ehtiyacı var. Əziz müəllimə, bu gün məzun etdiyiniz şagirdlərinizin gələcəkdə uğurlu şəxsiyyət kimi qarşınıza çıxmasını diləyirəm. Sevgi və sayqı ilə qalın.

Suma Hüseynova
Fizika üzrə fəlsəfə doktoru

 





19.06.2020    çap et  çap et