525.Az

Tarixçə - Müsəllim Həsənovun qeydləri


 

Tarixçə - <b style="color:red">Müsəllim Həsənovun qeydləri </b>

Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir.

Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır. Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi" başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.

Bu diqqət və marağa güvənərək həmin yazıları "525"in oxucuları ilə də bölüşmək qərarına gəldik. Niyyətimizi bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.

Buyurun, oxuyun.

"525"

***

Şəmsi Əsədullayev Nobellərə niyə borc verib?

Bilirdinizmi ki, Şəmsi Əsədullayevin neft milyonçusu olmasında Nobel qardaşları şirkətinin də rolu olub?

1895-ci ilin əvvəllərində neft sənayeçisi Şəmsi Əsədullayevin Ramanadakı mədənində neft fontan vurur. Müəyyən olunur ki, buruqdan sutkada təxminən bir milyon pud neft çıxır.

Bakıda hamı anlayır ki, Ş.Əsədullayev bu qədər nefti, necə deyərlər, yığıb-yığışdıra bilməyəcək. 

Nobel qardaşları şirkətinin Bakı kontorunda da bu həqiqəti anlayır və gözləyirlər...

Gözləyirlər ki, Ş.Əsədullayev gec-tez kömək üçün, daha doğrusu, nefti satmaq üçün Nobellərə müraciət edəcək.

- Mən Əsədullayevin zəngini gözləyirdim, - bu sözləri Nobellərin Bakı kontorunun rəhbəri K.Hagelin sonralar xatırlayacaqdı. - Bir gün gözlədim, iki gün gözlədim, zəng vurmur. Görünür, nəyisə hesablayır, nəyəsə ümid edir...

Artıq üçüncü gün - Ramana gölü neftlə dolandan sonra Ş.Əsədullayevin faytonu Nobellərin Bakı kontorunun qabağında dayanır.

Ş.Əsədullayev heç nə olmamış kimi, kontordan çıxıb şəhərə getmək istəyən K.Hagelininin qabağını kəsir:

- Mən sənin yanına gəlmişəm, - deyir, - sənə neft satmaq istəyirəm.

K.Hagelin onu öz faytonuna dəvət edir və birlikdə şəhərə yola düşürlər. Alqı-satqı məsələsini də elə faytonda həll edirlər.

"Üç milyon pud nefti xırda güzəştlə birja qiymətinə almağa razılıq verdik. Bundan sonrakı hər üç milyon pud aşağı enən qiymətlərlə hesablanacaqdı".

Bu, K.Hagelinin şərtləridir.

Ş.Əsədullayev isə cəmi  bir şərt qoyur: Nobellər şirkəti sutkada ən azı 500 min nud neftin yığılmasını təşkil etməlidir...

K.Hagelin: "Bir şərtlə razıyam ki, siz neftinizi bizdən başqa heç kimə satmayasınız!"

Ş.Əsədullayev: "Razıyam".

Şərtlər yazıya köçürülmür. Bir-birinin əllərini sıxıb sağollaşırlar. Müqavilə qüvvəyə minir... Özü də faytonda.

Bu anlaşmadan xəbər tutan "Kaspi" yazır: ...Şəmsi Əsədullayev Nobel qardaşları şirkətinə pudu 4 qəpiyə 15 milyon pud neft satıb.

"Biz bu fontandan 35 milyon puddan çox neft qazandıq. Şəmsi isə milyonçu oldu..."

Bu da K.Hagelinin etirafıdır...

Nobellər şirkəti təkcə Şəmsi Əsədullayevlə bu alverdən ötənilki gəlir qədər qazanc götürür...  

"Hökumət evi"nin... qıp-qırmızı qapıları haqqında 

Bilirdinizmi ki, Bakıdakı "Hökumət evi" kimi tanıdığımız binanın qapıları və pəncərə çərçivələri bir vaxtlar al-qırmızı rəngdə olub?

Binanın tikilməsi barədə qərar 1932-ci ildə qəbul olunur. Müharibə illərində tikinti dayanır. Sonra bərpa olunur və "Hökumət evi"nin istismara verilməsi 1954-cü ilə qədər uzanır.

Binanın qapı və pəncərə çərçivələrinin rənglənməsi yenə də ləngiyir və sonda sovetlərin sevimli rənginə üstünlük verilir: qırmızı yağlı boya seçilir...

1957-ci il aprelin 23-də Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin Tikinti və Arxitektura şöbəsinin rəis müavini P.Bədəlov (bəlkə də Badalov!)  "Hökumət evi"nin komendantı Qolberqə məktub göndərir: "Hazırda "Hökumət evi"nin çöl qapılarının və pəncərə çərçivələrinin yağlı boya ilə qırmızı rəngdə rənglənməsi memarlığın tələblərinə cavab vermir".

Qapı və pəncərələrə vurmaq üçün iki variantda qəhvəyi rəng təklif edilir: "Hökumət evi"nin qırmızı rəng vurulmuş bütün qapıları və pəncərə çərçivələri təklif olunan rənglərlə yenidən rənglənsin. Bundan başqa, diqqətinizi binanın həyət tərəfdə olan daş divarlarına əhəng vurulmasına yönəldirik. Həyət tərəfə əhəng vurulmuş bütün daş divarlar da səliqə ilə təmizlənməlidir". 

Bax belə...

İndi bir anlıq "Hökumət evi"nin qapı və pəncərələrini al-qırmızı rəngdə təsəvvür edin və gülümsəyin...)) 

Bağırov güllələnmə qarşısında: etiraf və etiraz 

Bilirdinizmi ki,  M.C.Bağırov 1956-cı ilin aprelində barəsində ölüm hökmü çıxarılandan sonra  SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrinə ərizə ilə müraciət edib?

Amma bağışlanmaq üçün yox!

M.C.Bağırov yazırdı: Azərbaycan SSR-də sovet vətəndaşlarının kütləvi həbs və repressiyalarının aparıldığı 1935-1940-cı illər ərzində şəxsən mənim törətdiyim bütün cinayətlərdən sonra xahiş etsəm ki, məni güllələməyin, son dərəcədə alçaq və əclaf adam olardım.  

Hətta törətdiyim cinayətlərin bir hissəsi kifayət edərdi ki, barəmdə ən ağır cəza təyin olunsun. Çıxarılan hökmü düzgün hesab edirəm.

Amma həyatdan gedərkən törətmədiyim cinayətlərin yükünü öz üzərimə götürmək də istəmirəm.

M.C.Bağırov hökmdə deyildiyi kimi, L.Beriyanın cinayət ortağı olmadığını, keçmişini gizlətmədiyini, bandit və təxribatçı olmadığını qeyd edir.

Yazır ki, repressiya illərində törətdiyim cinayətlərin ağırlığı ilə yanaşı, qəti və bütün məsuliyyəti ilə bəyan edirəm ki, hökmdə deyildiyi kimi, Rəhmanovun, Ostaşkonun və başqalarının dindirilməsində olmamışam, şəxsən özüm onların döyülməsində iştirak etməmişəm, mənim iştirakımla heç kim döyülməyib.

Məktub bu sözlərlə bitir: "Həyatla vidalaşarkən Sizə bildirmək istəyirəm ki, ağır cinayətlər törətsəm də, mən Kommunist Partiyasının və sovet xalqının düşməni olmamışam, sovet dövlətinin mənafeyini satmamışam, sosialist Vətəninə xəyanət etməmişəm".

P.S. M.C.Bağırovun özündən fərqli olaraq arvadı Yevgeniya Bağırova və oğlu Cen Bağırov K.Voroşilovdan ölüm hökmünün daha yüngül cəza ilə əvəz olunmasını xahiş etmişdilər...  

Tağıyevin yardımını niyə geri qaytarıblar? 

Bilirdinizmi ki, H.Z.Tağıyevin Dağıstanda bir kənd məscidinin tikintisinə yardım kimi göndərdiyi 200 rubl poçtla geri qaytarılıb?

1910-cu ildə Dağıstanın Xocalmaxi kənd icmasından H.Z.Tağıyevə məktub gəlir. Yazırlar ki, kənddə məscid tikirik, yardıma ehtiyacımız var.

Tağıyev də üzünü görmədiyi həmin kəndə poçtla 200 rubl yardım göndərir.

Bir həftə sonra Dağıstan vilayəti Dargin dairəsinin rəisi polkovnik H.Haşımbəyov H.Z.Tağıyevə cavab məktubu yazır.

Təşəkkür üçün yox!

Yazır ki, göndərdiyiniz pul məscid tikintisi üçün əhəmiyyətli rol oynamır. Bir də yazır ki, sizin xeyriyyəçiliyiniz barədə yayılan şayiələrin müqabilində bu pulun az olduğunu düşünən kənd camaatı həmin pulu sizə qaytarmağı xahiş edib. Narahatlığa görə üzr istəyirik.

H.Z.Tağıyev dərhal polkovnikə cavab göndərir.

Yazır ki, görünür, sizin camaat bu cür məscidlərin təkcə bir kənddə tikilmədiyini unudur. Onu da unudur ki, mən bu diyarda yeganə müsəlman, həm də o qədər varlı müsəlman deyiləm ki, hər il Rusiyada tikilən məscid və məktəblərə 100 min rubl yardım edim.

Hacı əlavə edir ki, mənə müraciət edənləri imkan dairəsində əliboş qaytarmıram. O ki qaldı xeyriyyəçiliyim barədə "yayılan şayiələrə",  imkanınız varsa, gəlib mənim mühasibat kitabıma baxa bilərsiniz: ötən il başqa yardımlar bir yana, yalnız məscid tikintisinə 18 min 500, məktəb tikintisinə isə 77 min rubl xərcləmişəm. 

Məktub müdrik fikirlə bitir: kənd camaatı bilməliydi ki, hər cür xeyirxah hərəkət, xüsusən Allah evinin tikintisinə yardım etmək öhdəlik deyil, insanın öz istəyi ilə olan işdir. Bunu nəzərə alsaydınız, nəinki 200 rubldan, hətta bir rubldan da imtina etməzdiniz.

Bu, həm də günahdır və kənd camaatının bu yardımdan imtina etməyə mənəvi haqqı yox idi.

Hacı yenə də haqlı idi...

Stalin gəlinini həbs etdirir. Oğluna görə... 

Bilirdinizmi ki, İ.Stalin əsir düşən oğlu Yakov Cuqaşvilinin arvadı Yuliya Meltseri 1941-ci ilin payızında həbs etdirib?

1941-ci ilin iyul ayında baş leytenant Yakov Cuqaşvili Vitebsk yaxınlığında almanlara əsir düşür. Uzun müddət Yakovun hansı şəraitdə əsir düşməsi barədə səhih məlumat əldə edilmədiyinə görə İ.Stalin hətta onun arvadı Yuliya Meltserdən də şübhələnir.

Stalinin qızı Svetlana Alliluyeva sonralar yazacaqdı:

Avqustun axırlarında mən Soçidən atama zəng vurdum, Yuliya  yanımda dayanıb gözlərini üzümə zilləmişdi. Atamdan soruşdum ki, niyə Yaşadan xəbər yoxdur. O, sakit və aydın şəkildə dedi ki, Yaşa əsir düşüb.

Mən ağzımı açmağa macal tapmamış dilləndi: Hələlik onun arvadına heç nə demə.

Yuliya üz-gözümdən başa düşdü ki, nəsə olub. Ona görə də dəstəyi qoyan kimi suallar yağdırmağa başladı. Mən yalnız onu deyə bildim ki, atam özü də heç nə bilmir.

... Amma atam Yulyaya bunu deməməkdə humanizm nümayiş etdirmirdi. Onda belə biri fikir yaranmışdı ki, bu, elə-belə əsirlik deyil, Yaşanı kimsə "satıb" və "ilişdirib", görəsən, bu işdə Yulyanın əli yoxdur ki?

Biz sentyabrda Moskvaya qayıdanda atam dedi ki, Yaşanın qızı qoy hələlik səninlə qalsın, onun arvadı isə, deyəsən, təmiz adam deyil, araşdırmaq lazımdır...

Araşdırılır... və Yuliya Meltser həbs olunur...

Bağırov Şaumyanın oğlanları barədə

Bilirdinizmi ki, M.C.Bağırov Stepan Şaumyanın oğlanlarına nifrətini gizlətməyib və bu barədə rəsmi tədbirlərdə danışıb?

1949-cu ilin yanvarında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının 17-ci qurultayı keçirilir.

M.C.Bağırov həmin qurultaydakı geniş çıxışında Şaumyanın böyük oğlundan da söhbət açır.

Deyir ki, Stepan Şaumyanın oğlu Levonun heç kimin yanında hörməti olmadığını burdakıların çoxu bilir. Çünki o, məişət məsələlərində, şəxsi məsələlərdə, ailə məsələlərində qeyri-ciddi adamdır. Köhnə çekistlər onun birinci arvadını tanıyırlar. Burda bir Babayan var idi, evləri erməni kilsəsinin yanındaydı. Biz 26 Bakı komissarının cəsədlərini bura gətirəndən bir neçə gün sonra bu adam neyləsə yaxşıdır? Gəldi həmin bu varlı daşnakın qızı ilə evləndi.

Bağırov əlavə edir ki, ötən il Levon 26-ların güllələnməsinin 30 illiyi ilə əlaqədar götürüb "provakasion", təhqiramiz yazı yazıb. Əzizbəyovun familiyasının üstündən xətt çəkib. "Literaturnaya qazeta"da yazı dərc etdirib, orda Əzizbəyovun adı yoxdur. Özü də bunu o vaxt edib ki, yoldaş Stalin bütün çıxışlarında Əzizbəyovun adını birinci çəkir, çünki söhbət Bakı komissarlarından, Azərbaycandan gedir.

M.C.Bağırov daha sonra deyir:

Levon Şaumyan və Sergey Şaumyanın istəyindən asılı olmayaraq, onların bundan sonra keçmiş hadisələr barədə yazmağa haqqı yoxdur!

 





20.06.2020    çap et  çap et