525.Az

Sözə qucaq açan kafelər - Şahanə Müşfiqin yazısı


 

Sözə qucaq açan kafelər - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Bir gün şair dostum Şəfa Vəli maraqlı bir məlumat göndərdi: yazıçı Coan Roulinq "Herri Potter" silsiləsini fərqli kafelərdə yazıb.

Bunun əsas səbəblərindən biri körpəsinin ancaq gəzintidə yatması imiş. Bunu oxuyarkən düşündüm, bütün kitablar bizə insanların hekayəsini anladır. Bəs kitabların öz hekayəsi? Müəllifin hekayənin mövzusunu seçməsi, yazmağa başlaması, yazarkən keçirtdiyi hisslər, yazmaq prosesinə qucaq açan məkanlar və çap işi... hamısı kitabın hekayəsinə daxil olanlardır. Bu yazıda hekayəsində kafelər olan kitablardan və yazıçılardan danışacağıq. Maraqlıdır, ümumiyyətlə,

kafelərin yazıçıların həyat və yaradıcılığında rolu nədir? 

Paris və İstanbulun məşhur "ədəbi kafeləri"  

Sözə qucaq açan, ədəbiyyata ev sahibliyi edən kafelərdən danışarkən ilk ağıla gələn, şübhəsiz, Fransa, Paris şəhəridir. Parisdəki Monparnas kafeləri bu cəhətdən xarakterikdir. Monparnas Məhəlləsi XX əsrin əvvəllərində, bütün yaradıcı ziyalılar burada əfsanəvi kafelərdə və publarda toplaşmağa başladığı zamandan məşhurlaşıb. O zaman dünyaca məşhur yazarlar, sənətçilər buraya gələrmişlər. Məsələn, nə zamansa ordakı "La Kloseriya des Lilas" kafesinə getsəydiniz masaların birində Yəhya Kamal və Moreas adlarını görə bilərdiniz. Təkcə onlarmı? Eyni zamanda Paris kafelərinin daimi müştərilərindən olan Heminqueyin də adına rast gəlmək şansınız var. Çünki yazıçı "Günəş çıxır" romanını burda yazıb.

Paris kafeləri arasında "Les deux Magots" və "Kafe de Flora"nın yeri özəldir. Sartr, Simona de Bovuar, Heminquey, Kamü kimi yazıçıların daimi müştərisi olduğu hər iki kafe Fransız romanları üçün ədəbiyyat mükafatının əsas rəqibləridir. Bu ödülü 1933-cü ildən bu yana "Les deux Magots" alsa da, müəyyən illərdə "Kafe de Flora" rəqibini üstələməyi bacarıb. XX əsrin önəmli yazıçı, filosoflarından olan Simona de Bovuar qadın hərəkatlarının əsas kitablarından sayılan "İkinci cins" və digər əsərlərini bu iki kafedə yazmışdı.

Ondan başqa "Brasseriya Lipp", "Kafe de la Paix", "Le Rotonde", "Bar Heminquey" kimi kafelərin adlarını çəkə bilərik ki, dünya ədəbiyyatının məşhur simalarından Hemenquey, Sartr, Kamü, F.Saqan, Emil Zolya, Eliot, Prust burada əsərlərini yazıb, ədəbi müzakirələr aparıblar.

Türkiyənin İstanbul şəhəri də yazarların toplaşdığı kafeləri ilə məşhurdur. Müştərilərinə jurnal və qəzet də təqdim edən Sarafim Əfəndinin 1857-ci ildə açdığı "Uzunqəhvə" adlı məkan Namiq Kamal, Süleyman Paşa, Həsən Sufi kimi bir çox yazarların toplandığı, ədəbi müzakirələr açdığı yer olub. Ondan başqa, "Küllük" kafesi Yəhya Kamal, Əhməd Hamdi Tanpınar, Suat Dərviş, Abidin Dino kimi ədiblərin 1930-50-cı illərdə əsas məkanlarından olub ki, Dino 1940-cı ildə "Küllük" adlı dərgi də çap etdirib. "Mərmərə" (Erol Güngör, Nəcib Fazil Kısakürək, Sezai Karakoç), "İqbal" (Fuat Köprülü, Nazim Hikmət, Orxan Kamal, Yaşar Kamal), "Ədliyyə Kıraathanəsi" (Əziz Nesin, Peyami Safa) uzun illər ədəbiyyatın bulaq kimi çağladığı çoxsaylı kafelərdən sadəcə bir neçəsidir. Onların içərisində adı ən çox keçən "Meserret" kafesi var ki, deyilənə görə, orda heç olmasa bir dəfə oturmayan ədəbiyyatçı tapılmaz. Peyami Safa, Rəşad Nuri Güntəkin, Hüsaməddin Bozok, Orxan Kamal və başqaları bu kafenin əsas sakinlərindən olublar. Tahir Abacı özünün "Şairler kahvehanesi" adlı kitabında bunlara geniş yer verib və maraqlı faktları qələmə alıb.  

Azərbaycanda kafe, ya çayxana?

Azərbaycanda çay daha yayğın olduğundan burda kafelərdən çox çayxanalar işləkdir. Ədəbiyyatçılarımızın toplandığı əsas məkanlarla tanış olanda da çayxanaların üstünlük təşkil etdiyini gördük. 

Dənizkənarı bulvarda yerləşən "Nu poqodi!" çayxanası, keçmiş "Qubernat bağı"ndakı "Vahid" evi, Sabirin heykəli ilə üzbəüz binanın altında "Monolit", "Zabitlər evi", Bakı Dövlət Universiteti ilə üzbəüz "Muhabbet lokantası", "Ulduz" metrosunun çıxışındakı "Famil dayının kafesi", "Dursunun kafesi", "Məsimoğlu" azərbaycanlı şair və yazıçıların ən çox toplaşdığı məkanlardır. 

Onlardan ən məşhurlarından biri vaxtilə "Araz" kinoteatrının zirzəmisində yerləşən "Şirzadın kafesi" adlanan yerdir. Eşidib-bildiyimizə görə, bu kafenin ədəbi həyatda önəmli rolu olub. Adil Mirseyid, Səlim Babullaoğlu, Seymur Baycan, Aqşin Yenisey, Günel Mövlud, Qan Turalı, Qismət, Rəbiqə Nazimqızı və daha kimlər zamanında burada çox görünüblər. Şahidlərin sözlərinə görə o zaman nadir ədəbi müzakirələr, qızğın polemikalar məhz bu kafedə gedərmiş. Qələm əhli yazılarını ilk burada bir-birinə oxuyar, lazım olsa stolları birləşdirib kitab təqdimatlarını edərmişlər. Çox güman onların yaradıcılığında da "Şirzadın kafesi"nin izləri yox deyil.

Dünya yazıçılarıyla bağlı faktları arxiv materiallarından öyrənsək də, öz yazıçılarımıza mövzuyla bağlı müraciət etdik. Görək, onlar kafelərdə, çayxanalarda ədəbiyyat yaranacağına inanırlarmı, öz əsərlərini daha çox harda yazırlar?

Yazıçı Qan Turalı deyir ki, hər yerdə əsər yazmaq mümkündür, o cümlədən, kafedə: "Azərbaycan ədəbiyyatını dünyayla müqayisə edəndə görürük ki, bu məsələdə də ciddi fərq var. Bu, çoxdan düşündüyüm məsələ idi, fürsət düşmüşkən deyim. Məsələn, onlarda kafe, bizdə çayxana var. Çayxana daha kütləvidir, orda çox nadir hallarda kimsə tək oturar. Amma kafelərdə insanlar tək otura, kitab oxuya, qeydiyyat apara bilirlər. Məncə, bu, təkcə kofe-çay sevgisi ilə bağlı deyil, daha çox fərdiyyətçiliyin inkişafı ilə bağlıdır. Avropa yeni dövrdən etibarən artıq fərd formalaşdıra bildi. Bizdə isə Sovet dövründə müəyyən cəhdlər olsa da, ciddi dəyişiklik yaranmadı. O fərd ədəbiyyatda da özünü göstərir. Avropa yazıçılarının xatirələrində, memuarlarında bununla qarşılaşırıq. Məsələn, Parisdə Sartr, Volter, Didro, Con Lokun daimi getdiyi kafelər olub. "Parisdə gecə yarısı" filmində bu, çox gözəl göstərilib. Bizdə isə yazıçı toplaşmaqları kollektivizmlə, araq içməklə müşahidə olunur. Özümü kənara qoymuram, mən də bunların iştirakçısı olmuşam (gülür). Ümumi şəkildə desək, kafe fərdiyyətçilik mədəniyyətdir. Ədəbiyyat üçün təklik lazımdır. Bizim standart kafelərdə isə ədəbiyyatdan başqa hər şey yarana bilər".

Şair Fərid Hüseynin yaradıcılığında belə bir təcrübəsi varmış: "Mən 9 hissəlik "Təşbehə ağı" şeir silsiləmin dörd hissəsini İstanbulda müxtəlif kafelərdə, "book kafe"lərdə olanda yazmışam. Bildiyimə görə, Qahirədə Mərkəzi Bazarda kafelərdən ibarət bir yer var. Həmin kafelərin birində Nəcib Məhfuz romanların bəzi hissələrini yazar və öz dostlarına oxuyarmış. Eyni zamanda türk ədəbiyyatında da oxşar faktlar çoxdur. Edip Cansevər, Cemal Süreya, o dövrün gənc şairlərindən Toğrul Tanyol və başqalarının toplandığı kafe olub ki, orda da birlikdə "rakı" içərlərmiş".

Yazıçı Şərif Ağayar Parisdəki həmin kafelərin bizdə də olmasını arzulayır: "Orda məşhur yazıçıların oturduğu stollarda öz imzaları və əsərlərindən nümunələr də saxlanılır. Bir növ muzey kimidir. Bu haqda ilk dəfə oxuyanda düşünürdüm ki, Bakıda da, məsələn, Əkrəm Əylisli, Zəlimxan Yaqub, Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Ramiz Rövşən, dünyada olan və olmayan məşhur ədiblərimizin getdiyi kafelərdə onlara aid guşə yaratmaq maraqlı olar. Sonradan burda da elə "book kafe"lərə rast gəldim. Hətta onlardan birində öz şəklimi, başqa birində kitabımı görmüşəm. Yavaş-yavaş bizdə də bu ənənə formalaşır.

İndi texniki imkanlar elədir ki, hər yerdə yazmaq, səs qeydi götürmək şəraitimiz var. Olub ki, avtobusda, metroda hansısa iri həcmli məqaləni, köşə yazısını yazmışam. Bu cür operativ yerlərdə daha çox məqalələr yazıram. Bədii yaradıcılıq isə məndə bir az fərqlidir. Daha çox ev şəraitində və səhər saat 5-dən işləməyə başlayır, təxminən günorta saat 12-yə kimi aktiv yazıram. Mənimçün ədəbi yaradıcılıq bu atmosferdə daha rahatdır".

Yazıçı Kənan Hacı da kafedə əsər yazmağın mümkün olduğu fikrindədir: "Notbukum olmayan vaxtlarda qəzet üçün yazılarımı çox vaxt kafedə, çayxanada yazırdım. Bəzi hallarda elektrik qatarında dizimin üstündə, bir neçə şeirimi uzaq yol gedərkən avtobusda bloknotuma yazmışam. Metroda, avtobusda qəfil bir hiss yaxalayıb, şeiri telefona qeyd eləmişəm. Hansısa hekayənin süjetiylə bağlı qeydləri telefonun yaddaşına yazmışam ki, sonra yadımdan çıxmasın".

Yazıçı Mübariz Örənin isə ən çox yazdığı yerlərdən biri maşın imiş: "Hər yazıçının öz əndərunu-daxili dialoqları, təbəddülatları ilə təkbətək qaldığı bir "içəri evi" olur. Olmalıdır. "İlham pərisi"nin "qonma-qopma" meydançası; bəzilərininki səsli-küylü, izdihamlı ola bilər, amma əksəriyyəti, yəqin ki, kimsəsiz, xarici təsirlərdən, fikir dağıdan hər şeydən izolə oluna biləcəyi bir yer axtarır. Kafelərdə nəsə yazmağım yadıma gəlmir. Bu tip yazıçılar, sözsüz ki var, amma mən ona aid deyiləm. Mən daha çox maşında yazmağı xoşlayıram. Sakit bir yer tapıb, yaydısa, hansısa bir ağacın kölgəsinə maşının burnunu verib, kompüteri açıb, ləzzətlə yazmaq. Əgər fikir dağıdan nəsə varsa, sürüb başqa münasib yer tapmaq. "Ağ buludlar"ı elə yazmışam. Uşaqların hazırlıq dövrü idi, hər gün onları müəllim yanına qoyub iki saat gözləməliydim. İki fənn olanda dörd saat eləyir. Yazı üçün bundan yaxşı fürsət ola bilməz. Repetitorluq sisteminə nifrət etsəm də, ən iri həcmli əsərimin yaranmasında o sistemə borcluyam".

Göründüyü kimi, məkanın, zamanın heç bir fərqi yoxdur, "ilham pərisi" harda yaxaladısa, orda da yazacaqsan. Əsas olan odur ki, yazdığın ədəbiyyata xidmət eləsin.

 





24.06.2020    çap et  çap et