525.Az

"İcra başçısının necə işləməsi onun əxlaq və vicdan məsələsidir" - Müsahibə


 

NİZAMİ SADIQOV: "ƏSAS ODUR Kİ, DÖNÜB GERİYƏ BAXANDA YAŞADIĞIN ÖMRƏ GÖRƏ XƏCALƏT ÇƏKMƏYƏSƏN"

"İcra başçısının necə işləməsi onun əxlaq və vicdan məsələsidir" - <b style="color:red">Müsahibə </b>

Koronavirus pandemiyasının tüğyanı bütün vacib və aktual məsələləri ikinci plana keçirdi. Bu bəla özünə qədər ictimai müzakirələrin və medianın bütün əsas mövzularını üstələyib birinciliyi əla aldı. Amma ikinci olmasa, birinci də olmaz. Bu gün ikinici, üçüncü hesab olunan bu problemlər də bizimdir və onların da çözülməsi müzakirələrdən keçir.

Son aylar ölkəmizdə ən müxtəlif səviyyələrdə daha çox müzakirə mövzusuna çevrilən məsələlərdən biri də dövlət və hökumət orqanlarına aparılan kadr islahatları, gənc kadrların önə çəkilməsi və bununla paralel olaraq Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən rəsmi strukturlarda, icra hakimiyyəti orqanlarında həyata keçirilən antikorrupsiya əməliyyatları ilə bağlıdır. İctimai rəydə də təqdir edilən bu tədbirlər ən fərqli səviyyələrdə ciddi müzakirələrə səbəb olub. Biz bu dəfə həmin məsələləri uzun illər müxtəlif məsul vəzifələr tutmuş, 22 il respublikanın ayrı-ayrı rayonlarında polis rəisi vəzifəsində çalışmış, əmək fəaliyyətinin son 5 ilini - 2009-2014-cü illərdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı işləmiş, istefada olan polis polkovniki Nizami Sadıqovla müzakirə etdik, söhbət zamanı bir çox maraqlı məsələlərə toxunmağa çalışdıq.

Həmin söhbəti oxuculara təqdim edirik. 

"İnanmağım gəlmir ki, ölkəmizdə belə hadisələr baş verir"

- Nizami müəllim, son aylar bir sıra rayonların icra hakimiyyətlərində DTX-nin həyata keçirdiyi tədbirlər, icra başçılarının, digər vəzifəli şəxslərin həbsi cəmiyyətdə böyük səs-küy yaratdı. Rüşvət və korrupsiya ilə bağlı aşkarlanan faktları şərh edərkən bir çoxları əslində, bütün rayonlarda icra başçılarının bu prinsipə çalışdıqlarını, həm də bu iş metodunun uzun illərdən bəri davam etdiyini bildirdilər. Uzun illər məsul vəzifələr tutmuş, 5 il icra başçısı olmuş bir şəxs kimi sizin də bu deyilənlərə münasibətinizi öyrənmək maraqlı olardı. Doğurdanmı hər şey deyilən kimi olub?

- Əslinə baxanda icra başçılarının həbsi məsələsinə pis baxıram və inanmağım gəlmir ki, ölkəmizdə belə hadisələr baş verir.  Bu hadisələr bizim düşmənlərimizi sevindirə bilər. Bizim üçünsə utancverici bir haldır. Ancaq mən inanmıram ki, bütün rayon icra hakimiyyətlərində belə acınacaqlı vəziyyət olsun. Şəxsən mənim tanıdığım bir neçə nəfər icra hakimiyyəti başçısı var ki, bugün öz vəzifələrini ləyaqətlə icra edirlər. Amma bütün hallarda rayon icra hakimiyyətlərinin işinə nəzarəti gücləndirmək yaxşı olardı.

2015-ci ildə bir vətəndaş bir icra başçısından hüquq-mühafizə orqanlarına 200 dəfə şikayət məktubu göndərmişdi. Vətəndaşın şikayətinə respublikada heç kim baxmırdı, hamı ötür-ötür etmişdi. Cavab isə eyni idi, deyirdilər ki, aiddiyəti üzrəmüraciət edin. Artıq həmin icra başçısı tamahının ucbatından işdən qovuldu. Ancaq həmin vətəndaşın dərdinə heç kimi şərik olmadı. Onun şikayəti elə baxılmamış da qaldı.

- Sizin icra hakimiyyəti başçısı olduğunuz dövrdə də nazirlər yerlərində vətəndaşları qəbul edirdilərmi?

- 2010-2011-ci illərdə və ondan əvvəllər yerlərdə vətəndaş qəbulunu ancaq sabiq Daxili İşlər naziri Ramil Usubov təşkil edirdi. Mən polis rəisi vəzifəsində işləyəndə belə qəbullarda çox iştirak etmişdim və belə qəbullar barədə müəyyən təcrübəm var.

Mən Ağdam rayonunda icra başçısı kimi işə başlayarkən gördüm ki, əhalinin çoxlu problemləri var və o problemlərin həlli icra başçısının səlahiyyətində deyil. Ona görə də 2010-cu ildə o vaxtkı Baş nazir cənab Artur Rəsizadəyə müraciət ünvanladım.Müraciətdə göstərdim ki, rayonumuzda icra hakimiyyətinin səlahiyyətində aid olmayan bir sıra ciddi problemlər var. Ona görə, xahiş etdim ki, ayrı-ayrı nazirlər rayonumuza gəlib yerlərdə əhalinin problemlərinə kömək göstərsinlər. Müraciətimdən 10-15 gün sonra rayonumuza qısa müddət ərzində bir neçə nazir gəldi və vətəndaşların qəbulunu keçirdilər. Sözün düzü, məktubu yazanda bir az tərəddüd edirdim. Sonra gördüm ki müraciət etməkdə səhv etməmişəm. Mən də bu təcrübəni sabiq Daxili İşlər naziri Ramil Uusbovdan öyrənmişəm. Əvvələr qəbul gələndə nazirlər aiddiyəti olmayan şikayətləri də qəbul edir və onların şikayət ərizələrini ayrı-ayrılıqda nazirliklərə göndərirdilər. İndisə nazirliklər beş rayondan olan şikayətləri iki saat ərzində qəbul edir və tələsik Bakıya qayıdırlar. Ona görə inanmıram ki, hörmətli nazirlər beş rayondan olan şikayətçiləri bir günə qəbul edib onları razı salsınlar.

"Cənab Prezident bildirdi ki, əhalinin qayğısına qalmaq lazımdır" 

- Nizami müəllim, hansısa rayona icra başçısı təyin olunanda adətən Prezident o şəxsi qəbul edir, ona öz tapşırıq və tövsiyələrini verir. Yəqin Prezident sizi də icra başçısı təyin etmədən əvvəl qəbul etmişdi. Maraqlıdır, qəbul zamanı nə danışdınız, Prezident sizə hansı tapşırıqlar, tövsiyyələr verdi?

- Bəli, Ağdam rayonuna başçı təyin olunarkən cənab Prezident məni təxminən 20 dəqiqə qəbul etdi. O 20 dəqiqənin, 19 dəqiqəsini cənab prezident danışdi, tövsiyələrini verdi. Çox dəqiq yadımdadır, cənab Prezident dedi ki, Ağdam əhalisi uzun illərdir, çox əzab-əziyyət çəkiblər. Onların yaxşı yaşamağa daha çox haqları var. Gedin bir ay işləyin, Ağdam rayonunun əhalisinin rifahı üçün vacib olan işləri öyrənin və mənə müraciət edin, sizə köməklik göstərəcəyəm. Əlavə olaraq onu da bildirdi ki, əhalinin qayğısına qalmaq lazımdır. Dedi ki, siz uzun illər polis rəisi vəzifəsində işləmisiniz, vətəndaşlarla rəftar qaydası ilə tanışsınız. Yekunda isə dedi ki, 2008-ci ildə Ağdam rayonuna qaz çəkilmişdi, mən açılışında olmuşdum. Nəzarət edin, görün bir il ərzində neçə ailəyə mavi qaz çəkilib. Mən cavabımda cənab Presidentə onun etimadını doğruldacağıma söz verdim.

Ümumiyyətlə, mənə elə gəlir ki, insanı yüksək vəzifəyə təyin edən şəxs, o vəzifəni ona etibar edir. Vəzifəni sənə etibar edən şəxsin etimadını qazanmaq çox vacibdir. Ona görə ki, vəzifə sənə əmanət verilir, sənin isə əmanətə xəyanət etmək haqqın yoxdur. Cənab Prezident təyin etdiyi icra başçılarının hamısına təxminən eyni tövsiyələri verir. Heç bir başçıya demir ki, get rayonu talan elə. Sonrakı mərhələdə icra hakimiyyəti başçısının necə işləməsi artıq onun özünün əxlaq və vicdan məsələsidir.

"Çox istərdim ki, vətəndaşlar icra başçısı obrazını bu gözdə görsünlər"  

- Rayonlada görülən işlərdən söz düşəndə vəzifəli şəxslərin dilindən tez-tez bir fikir səslənir: bu işləri daxili imkanlar hesabına  görmüşük, hansı daxili imkanlar hesabına?  Maksimum 1500-2000 manat maaş alan icra başçısının bu işləri görməyə hansı daxili imkanı ola bilər ki? Yəni bu fikrin özü də rüşvət hallarının varlığını dolayısıyla təsdiq etmirmi?

- Bu sualla bağlı bir az geniş danışmalı olacağam.  Cəmiyyətimizin fəal üzvlərinə elə gəlir ki, rayon icra hakimiyyəti başçılarının sərəncamında külli miqdarda vəsait olur, icra başçısı da onun istədiyi qaydada xərcləyə bilər.

Aydınlıq üçün deyim ki, ən böyük rayonlarda İcra hakimiyyətinin sərəncamına bir ildə orta hesabla 350-400 min manat vəsait  ayrılır. Misal üçün, 100-120 min manat yolların təmirinə, 100-120 min manat sair xərclərə, 40-50 min manat mühafizə xərclərinə, 30-40 min manat nəqliyyat xərclərinə və sair. Rayon üzrə nəzərdə tutulan başqa xərclərə rayon icra hakimiyyətinin başçısı istəsə də, müdaxilə edə bilmir. Məsələn, büdcədə nəzərdə tutulıan əmək haqqına başçı necə qarışa bilər? Hər bir vətəndaş əməkhaqqını kartla alır.

İndi isə daxili imkanlar hesabına görülən işlərə aydınlq gətirək.  Burada 2-3 variant ola bilər. Mən işlədiyim dövrlə bağlı misal çəkirəm. O vaxtlar səhiyyə müəssisələrinin təmiri üçün il ərzində 70-80 min vəsait nəzərdə tutulurdu.  Biz həmin vəsaiti (2009-2010-cu illər üzrə) iki il üzrə birləşdirib Ağdamın Quzanlı kəndində "Vərəm dispanseri" inşa etdik. Nəzərinizə çatdırım ki, vəsaitin təyinatının dəyişdirilməsi Maliyyə Nazirliyinin icazəsi ilə həyata keçirilir. Büdcədə təmir işləri üçün nəzərdə tutulan vəsaitin itib-batmasına imkan vermədim. Nəticədə, təmir üçün nəzərdə tutulan vəsaitlə iki xəstəxana tikib ortaya çıxardıq. Yəni daxili imkanlar dedikdə belə işlər nəzərə tutulur.

Daxili imkanlar hesabına nəsə etmək anlamının ikinci variantı da var. Mən yenə də öz iş təcrübəmdən misal çəkəcəyəm. Ağdam icra hakimiyyəti başçısı vəzifəsinə təyinat alan vaxtları, yəni 2009-cu ildə özəl şitillik müəssisəsi yaratdım. Təsəvvür edin, 5 il ərzində rayonda 100 min ədəddən çox Xan çinar və başqa ağaclar əkdim. Ancaq həmin ağacların becərilməsi və əkilməsi üçün büdcədən hər hansı vəsait xərcləmədim. Yəni mən bu ağacları  daxili imkanlar hesabına əkdim. Hətta mən rayondan işdən gedərkən həmin şitillikdə 50 mindən artıq ağac var idi.   Məndən sonra təyinat alan icra başçısı ağacları dövlətə satdı və onun yerində kartof-soğan əkdi.  Halbuki həmin ağacları mən təmənnsız olaraq o icra başçısına Ağdamda əkməsi üçün vermişdim.

"Daxil imkanlar hesabına.." fikrinin üçüncü bir variantı da var. Bu variant bir qədər incə məsələdir. Başqa rayonları deyə bilmərəm, ancaq məncə, bu, Ağdam rayonu üçün bağışlana biləcək hal sayıla bilər. Deməli, Ağdama təyinat aldığım ilk gündən qərara gəldim ki, daxili imkanlar hesabına rayonun giriş qapısını inşa etdirim. Altı min nəfərə yaxın şəhid verən Ağdamın Şəhidlər xiyabanı yox idi. Fikirləşdim ki, əhalinin məndən bir gözləntisi var - görən yeni icra başçısı nə edəcək, nədən başlayacaq? Ona görə də daxili imkanlar hesabına bu işləri gördüm. Bir neçə ağdamlı iş adamına müraciət etdim ki, köməklik göstərsinlər. Mən o ağdamlıları yaxşı tanıyırdım. Bu həmin ağdamlılar idi ki,  Ağdam döyüşən zaman əhalisi 3 il əmək haqqı almadı, alacaqları pulları silah-sursata verdilər. Bir nəfərdə şikayət etmədi ki, mənim əməkhaqqım hanı?

Bu yerdə mövzudan bir qədər kənara çıxıb, nə qədər acınacaqlı olsa da, ürək ağrısı ilə o dövrdə icra başçısı işləmiş bir ağdamlının kiçik həyat hekayəsi barədə məlumat vermək istərdim. Bir neçə gün bundan əvvəl bir ağdamlı ziyalı mənə zəng edərək bildirdi ki, keçmişdə Ağdamda icra başçısı işləmiş bir nəfər cərrahiyyə əməliyyatı olunacaq, amma maddi imkanı yoxdur, xahiş edirəm, ona kömək edin. Bunu niyə deyirəm? Rayon icra hakimiyyətinin başçısı obrazını fikriləşəndə insanlara elə gəlməsin ki,  başçıların hamısı yağ gölündə üzürlər. Mən tam əminəm ki, həmin icra başçısının bugün yüz milyon manatı da ola bilərdi. Ancaq o icra başçısı vətənini hər şeydən üstün, yüksəkdə tutdu. Ona görə, varını-yoxunu onun yolunda xərcləməkdən qürur duyurdu. Mən çox istərdim ki, Azərbaycan vətəndaşları icra başçısı obrazını bu gözdə görsün.

Nə isə, bayaqkı söhbətimizə qayıdaq. Bax, dediyim həmin həmyerlilərimizin köməyilə, həm də daxili imkanlar hesabına qısa müddətdə Ağdama yaraşan giriş qapısı, Şəhidlər xiyabanı və "Qala park" kompleksi inşa etdirib əhalinin ixtiyarına verdik.

Çox güman ki, daxili imkanlar hesabnıa dedikdə icra hakimiyyəti başçıları iş adamlarının gördükləri işləri də nəzərdə tuturlar. Amma icra başçıları rayondakı sahibkarları tıncıxdırmamalı, onları tikinti-quruculuq və abadlıq işləri adı ilə əlavə xərcə salmamalıdırlar. 

"Vətənini sevən adam heç vaxt pis insan ola bilməz" 

- Son vaxtlar ən müxtəlif dövlət strukturlarında rəhbər vəzifələrə daha çox gənc kadrlar təyin olunurlar. Cəmiyyətdə bu məsələyə də münasibət fərqlidir. Təqdir edənlərdə var, amma gənc təcrübəsiz kadrların belə yüksək vəzifələrə təyinatını düzgün saymayanlar da az deyil. Bu yaxınlarda bir müsahibənizdə siz də bu məsələyə münasibət bildirmiş, demişdinizki, yaş o qədər də önəmli deyil, əsas o kadrda rəhbər işləmək üçün lazımi keyfiyyətlərin olmasıdır. Amma o keyfiyyətlər iş prosesində ortaya çıxır axı. Yəni tutaq ki, 5 nəfər gənc kadra yüksək vəzifə verildi, iş prosesində məlum oldu ki, onlardan biri o ehtimalı doğrulda bildi, qalanları yox. Bu mənada, elə yüksək vəzifələri eksperiment vasitəsinə çevirmək nə dərəcədə məntiqlidir?

- Dediyiniz kimi, bu yaxınlarda dövlət strukturuna daha çox gənc kadrların təyin olunması ilə əlaqədar fikirlərimi bildirmişəm. İndi isə bir halda ki, soruşursunuz, istərdim, yeni təyinatlar barədə konkret olaraq fikir söyləyim. Haqqında danışmaq istədiyim şəxs Ağstafa rayonunun hazırkı icra başçısı Seymur Orucovdur. Mən ixtisaca hüquqşünasam və həmişə fikirlərimdə faktlara əsaslanıram. Seymur Orucovun qohumları barəsində çoxlu söz-söhbət gəzir. Mənə elə gəlir ki, qohum-əqrəbasından daha çox cəmiyyət üçün onun şəxsiyyəti, insani keyfiyyətləri, bacarığı, əxlaqı önəm daşımalıdır. Mənim Seymur Orucovla çox təmaslarım olub. Səhv etmirəmsə, 2011-ci il idi. Birinci dəfə Ağdama gəlmişdi. O vaxtlar Ağdamda "Şur" ansamblının məşqləri gedirdi.  Söhbət əsasında mən rayonda incəsənətə və muğama həvəs göstərdiyimizi deyəndə o, məşqlərə baxmaq istədiyini bildirdi. "Şur" ansamblının məşqinə birlikdə tamaşa edəsi olduq. Məşq qurtarandan sonra hiss etdim ki, Seymur müəllim xeyli təsirlənib. Qayğılı görünürdü. Mənə dedi ki, əgər istəsəniz, ansamblın hazırladığı muğam və mahnıların, uşaq xorunun hazırladığı musiqi nömrələrinin klip çəkilişlərinin maliyyələşdirilməsini öhdəmə götürərdim, bu işdə sizə köməkgöstərərdim.  Etiraz etmədim və klip çəkilişləri başladı. O vaxtlar Seymur Orucov Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri idi. Beləliklə, "Xəzər" studiyasının 5 nəfər əməkdaşı Ağdam rayonuna gəldi və uşaq xorunun ifasında "O köy bizim köyümüzdür" mahnısının klipi əsəyə gəldi. Bunun ardınca Seymur Orucovun köməkliyi ilə "Şur" ansamblının və Uşaq xor kollektivinin bütün ifaları video çarxlara köçürüldü. Bütün xərcləri o, öz üzərinə götürmüşdü. Hansı ki, mənim hesablamalarıma görə, həmin işlərə böyük vəsaitlər xərcləməli idik. Sözün düzü, həmin illərdə onun Ağdam rayonuna göstərdiyi bu canıyananlıq məni yaxşı mənada təəscübləndirmişdi. Bu ünsiyyətdən hiss etdim ki, Seymur Orucov incəsənəti, musiqini, muğamı dərindən sevən insandır və bizə köməklik etməyi sanki özünə mənəvi borc sayır. Onu da deyim ki, Seymur Orucovun dayısı Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdu. O, həmin illərdə Ağdama tez-tez gələrdi və universitet tələbələrini Ağdama gətirərdi. Demək istədiyim odur ki, bu gün Seymur Orucov Ağstafa rayon İcra Hakimiyyətinın başçısı kimi nöqsanlara yol verə bilər, ancaq onu tanıyan şəxs kimi inanıram ki, o, bütövlükdə tapşırılan etimadı doğruldacaq. Seymur Orucov vətənini sevən insandır. Vətənini sevən adam heç vaxt pis insan ola bilməz. 

"İcra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması əhalinin ziyanına ola bilər"

- Bu gün rayonlardakı idarəçilik sistemindən söz düşəndə bələdiyyələrə yüksək səlahiyyətlərin verilməsi, icra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması, hətta tədricən ləğv olunması haqda daha çox fikirlər səsləndirilir. Bələdiyyələrin icra hakimiyyətlərinin yedək qurumu kimi fəaliyyət göstərməsinin ümumi inkişafa mane olduğu vurğulanır. Bu məsələyə münasibətiniz necədir?

- Əslinə baxanda bu gün bu sual çox aktualdır. Hesab edirəm ki, rayona rəhbərlik edən qurumun adının dəyişməsi heç nəyi dəyişdirməz. Əsas odur ki, rayon rəhbərinin yaxşı mənada öz işinə baxışı dəyişsin. Birincisi, xalqın etimadını qazansın, nəfsini qoruya bilsin, əxlaqlı olsun.  Xalq onu sevsin, ürəyində Allah xofu olsun. Bu insani keyfiyyətlərə malik rayon rəhbərlərinə zaval yoxdur. Xırda nöqsanı olsa da, xalq onu bağışlayar. Bizim xalq nəcib xalqdır. Danışmasalar da, hər şeyi görür, hər şeyin, hər kəsin qiymətini məqamında verməyi bacarır.  Hələ başqa qəbahətləri demirəm, rəhbər işçi gərək heç yersiz yerə gülməsin də.

İcra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması, məncə, əhalinin ziyanına ola bilər. Bu gün əhali öz dərd-sərini ancaq icra hakimiyyətinə deyə bilir. Bakı Ağdamdan, Qazaxdan, ya da hansısa başqa bir bir rayondan çox uzaqdır. Rayonlardakı problemlərin 90 faizini yerlərdə həll edilsə, daha yaxşı olar. Vətəndaşın haqlı şikayətinə dərhal yerində baxılmalı və qanunlara müvafiq qərarlar qəbul edilməlidir.

"Baş nazir bərk əsəbləşdi, dedi ki..." 

- İcra başçısı işlədiyiniz 5 il ərzində yəqin yüksək dövlət vəzifələrində çalışmış çox məmurlarla ünsiyyətiniz olub. Ağdam rayonunun əhalisinin böyük hissəsi məcburi köçkünlərdir. Bu illər ərzində o məmurlar müraciətlərinizə necə münasibət göstərirdilər? Konkret hansısa nümunələr göstərə bilərsinizmi?

- Bir dəfə o vaxtkı Baş nazir cənab Artur Rəsizadəyə müraciət etdim, daha doğrusu, qəbuluna getdim. Məni dərhal qəbul etdi. Düzü, heç bunu gözləmirdim. İnsanlara bəzən elə gəlir ki, icra başçıları kimin qəbuluna istəsə, gedə bilər və ya zəng edər. Məlumat üçün deyim, elə nazir var ki, icra başçısının telefonuna heç bir ay cavab vermir. Nə isə, mən Artur müəllimə problemimizi danışdım, dedim ki, Ağdam rayon əhalisinin sarğı materiallarına və dərman preparatlarına olan ehtiyac təxminən 500 min manat olduğu halda 150 min manat vəsait ayrılır. Bildirdim ki, aiddiyyatı orqanlara dəfələrlə müraciət etsəm də, lazımi köməklik ala bilmirik. Baş nazir elə mənim yanımda Səhiyyə nazirinə zəng etdi. Soruşdu ki, Ağdam rayonunun əhalisi nə qədərdir? Nazir dedi ki, bilmirəm. Artur müəllim bərk əsəbləşdi, dedi ki, sən necə nazirsən ki, nə soruşuram, bilmirəmdeyirsən. Mən sənə deyirəm ki, Ağdamın 200 min əhalisi var, təkcə şəkər xəstələrinin dərmanla təmin etmək üçün Ağdama 500 min manat vəsait ayırmaq lazımdır. Artur müəllim bunu dedi və nazirlə sağollaşmadan telefonu yerinə qoydu. Cəmi üç gün keçmədi, rayonumuza kömək göstərildi.

Ağdama çox köməklik edən şəxslərdən biri də sabiq Daxili İşlər naziri Ramil Usubov idi. O, ilk vaxtlar əhalini su ilə təmin etmək üçün 500 tonluq su anbarı inşa etdirdi, sonra da 5 il müddətində rayonun problemləri ilə ciddi məşğul oldu. Bu 5 ildə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə təxminən 15-20 dəfə müraciət etdim. Əhməd müəllim bir dəfə də olsun məni əliboş geri qaytarmadı. Beş ildə rayon üçün 200 su artezianı qazdırdı. Bizim bütün su məntəqələrimiz işğal olunmuşdu. Əhalinin dolanışığı isə sudan asılıdır. Suyun bolluğu nəticəsində bu gün Ağdam orta hesabla 40-50 min ton soğan becərilir. Bu da əhalinin rifahı üçün lazımdır. Rayonun problemlərinin həlli ilə bağlı Prezidentin köməkçisi Zeynal Nağdəliyev də mənə çox kömək edib. O, işlədiyim 5 il müddətində bir dəfədə olsun nəyisə səhv etdiyimə görə mənə irad bildirməyib, həmişə işimdən razılıq edib.

- Öz dediklərinizdən də görünür, həm də sizi tanıyanlar da etiraf edirlər ki, Ağdam rayon İcra Hakimiyyətinin başçısı kimi yaxşı işləmisiniz. Bəs, onda niyə 65 yaşınız olan kimi sizi təqaüdə göndərdilər?

- Bu barədə mənim bir ehtimalım var, onu deyəcəm. Ancaq icazə verin, əvvəl sizə kiçik bir məlumat verim. Ağdam rayonunda işlədiyim 5 il müddətində həqiqətən xeyli işlər gördüm. Misal üçün, 6 xəstəxana, 4 park, Şəhidlər xiyabanı, Ağdamın giriş qapısı kimi böyük obyektlər inşa etdik. Qısa müddətdə rayona qaz çəkilişinə nail olduq. Ağdam-Əfətli şosse yolunu yenidən qurduq. Rayonu fasiləsiz elektrik enerjisi ilə təmin etdik. Ağdamın əhalisi 50 mindən 90 minə qədər çoxaldı. Mədəniyyət və incəsənət sahəsində çox böyük uğurlarımız oldu. Bir il ərzində işsizlərin sayı 70 faiz aşağı düşdü. Ancaq nə qədər yaxşı işlər görsək də, o vaxt Baş nazirin müavini olan bir nəfər vəzifəli şəxs başladı mənim kölgəmi qılınclamağa. O adam tez-tez məndən Prezident Aparatına danos verirdi, barəmdə həqiqətə uyğun olmayan fikirlər formalaşdırırdı. Əslində, onun özündən Prezident Aparatına çoxlu sayda şikayətlər olurdu. Xüsusən də ev ala bilməyən, hüququ pozulan şəxslər tərəfindən. Sözün düzü, ağdamlıların şərəf və ləyaqətini alçalda biləcək ifadələr işlətdiyinə görə bir neçə dəfə onunla aramızda xoşagəlməz söhbətlər olmuşdu. Hətta Preizdent Aparatından mənə demişdilər ki, Baş nazirin müavini səndən şikayət edir. Nəticədə məlum oldu ki, o, nəinki Prezident Aparatının əməkdaşlarını, hətta bütün Azərbaycan xalqını aldadıb. Ehtimal edirəm ki, Ağdamın çox güclü inkişafı və mənim Ağdam əhalisinin qanuni tələblərini müdafiə etdiyim üçün onun xoşuna gəlmədim və şərləndim. Onun kimi xislətə malik insanların Ağdama və ağdamlılara qarşı allergiyasının olmasını isə bütün Azərbaycan xalqı bilir. 

"Son 28 ildə heç vaxt ürəkdən sevinməmişəm"

- Nizami müəllim, bir neçə ay öncə 70 illik yubileyiniz oldu. Zəngin, maraqlı ömür yaşamısınız, müxtəlif məsul vəzifələrdə çalışmısınız. Dönüb geri baxanda yaşadığınız ömürdə sizi qürurlandıran, yaxud da kədərləndirən çox hadisələr olub yəqin. Daha çox sizi nələr qürurlandırıb, daha çox nələrdən kədərlənmisiniz?

- Son 28 ildə demək olar, heç vaxt ürəkdən gülməmişəm, nə də sevinməmişəm. Ağdamın, Qarabağın işğalına görə ürəyim həmişə kədərlə dolu olub. Şuşanın, Ağdamın işğalına görə toylarda oynamağı özümə qadağan etmişəm. El-obası viran qalmış, yurdu talan olunmuş insanın üzü gülərmi, qəlbi sevinərmi, nəyə görəsə qürur keçirməyə haqqı çatarmı? 30 ildir kədər içindəyik, valideynlərimizin, yaxınlarımızın, dostlarımızın itkisi də kədərimzin bir hissəsidir.  Həyatda əsas odur ki,  dönüb geriyə baxanda yaşadığın ömrə görə xəcalət çəkməyəsən, təəssüflənməyəsən ki, ömrün bada gedib. Mən bütün ömrüm boyu vətənim üçün yararlı övlad olmağa çalışmışam. Daha böyük qürur hissi keçirdiyim iş haqqında isə bu gün danışmaq  əməliyyat nöqteyi nəzərdən doğru olmaz.  Allah qismət eləsin, Qarabağ işgaldan azad ediləndən sonra bu barədə geniş danışarıq.

AZAD

 





24.06.2020    çap et  çap et