525.Az

Türkologiyanın böyük fədaisi: professor Bəkir Çobanzadə


 

REPRESSİYA QURBANI OLMUŞ GÖRKƏMLİ ALİMİN FƏALİYYƏTİNƏ VƏ İSTİNTAQ İŞİNƏ DAİR QEYDLƏR

Türkologiyanın böyük fədaisi: <b style="color:red">professor Bəkir Çobanzadə</b>

Türkologiya elminin böyük nümayəndəsi, Bakı Dövlət Universitetinin professoru, Azərbaycan elminə mühüm töhfələr vermiş krım-tatar əsilli Bəkir Çobanzadə qanlı 1937-ci il repressiyasının qurbanı olub.

Onun həbsi və öldürülməsi ümumilikdə dünya türkologiyasına, xüsusən Azərbaycan filoloji elminə ciddi zərbə hesab edilir.

B.Çobanzadənin repressiya olunmasına dair (müəyyən qədər ixtisarla verilən) bu material F.D.Aşnin, D.M.Nasilov və V.M.Alpatovun "Məhv edilmiş Türkologiya" əsərindən parçalardır. Həm aktuallığını nəzərə alaraq, həm də professor B.Çobanzadəni bir daha anmaq üçün təqdim etdiyimiz materialı dilimizə Bakı Dövlət Universitetinin dosenti İmanyar Quliyev çevirib. 

***

... Sonuncu dindirilmədən bir gün sonra - 2 sentyabr 1937-ci ildə L.Çinman tərəfindən ittiham aktı tərtib edilib, Y.D.Sumbatov və prokuror (imza başa düşülmür) tərəfindən təsdiq olunub (III c., s.1006-1014). Bu sənəddə "İstintaq meydana çıxarmışdır ki, müttəhim Çobanzadə Bəkir Vahapoviç Sovet İttifaqındakı əksinqilabçı pantürkist təşkilatlardan birinin fəal rəhbərlərindən olmuş, inqilab əleyhinə pantürkçü mərkəzə üzv olmuş və 1920-ci ildən həbs edilənədək SSRİ-nin milli respublikalarında əksinqilabi fəaliyyətlərdə birbaşa iştirak edərək Sovet hakimiyyətinə qarşı fəal mübarizə fikrinin tərəfdarı olmuşdur" iddiası irəli sürülür (III c., s.1006.) Daha sonra "inqilab əleyhinə fəaliyyətin mərhələləri" ifadələrindən sitatlar əsasında sadalanır. Bu iqtibaslar arasında "Cəfər Seydametovun direktivlərini yerinə yetirmək" üçün Bakıya gəlişi (III c., s.1007), R.Axundovun rəhbərliyi altında "Azərbaycanda inqilab əleyhdarı qiyamçı qüvvələri təşkilatlandırma fəaliyyətləri" (III c., s.1012) və "casusluq fəaliyyəti" üçün alman, ingilis və yapon kəşfiyyatından pul alması da qeyd olunur (III c., s.1013). Nəticə: Qeyd edilənlər əsas götürülərək Çobanzadə Bəkir Vahapoviç Azərbaycan SSR-nin Cinayət Məcəlləsinin 60, 63 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlərdə təqsirləndirilir" (III c., s. 1013-1014). İqtibaslar "Mövcud istintaq işi 1 dekabr 1934-cü il tarixli qanuna əsasən SSRİ Ali Məhkəməsi Hərbi Şurasına göndərilməlidir" (III c., s.1014). Bildiyimiz kimi, bu da ağır cəzaya məhkum edilmək demək idi.

Yuxarıda qeyd edildiyi kimi, məhbusları iki yerə ayırırdılar. Çobanzadə və digər bitərəflər, partiya üzvlüyü olmayanlar Bakıda qalanlar qrupuna aid idi. Prosedur Hərbi Şuranın "troyka" ("üçlük") adlanan səyyar iclasını gözləməyi tələb edirdi". Bu şura 9 nəfərdən ibarət idi və üç nəfərdən ibarət qruplara bölünürdü. Bir və ya iki qrup Moskvada məhkəmə işlərini aparır, digəri isə çağırış gəldiyi zaman ehtiyac olan şəhərlərə göndərilirdi. 12493 saylı iş üzrə istintaq 1937-ci ilin sentyabrın əvvəlində başa çatmışdı. Lakin növbəti səhifələrdə görəcəyik ki, "üçlüy"ün hökmünə bütün istintaq sənədləri deyil, ən azından bir dəfə "etiraf ifadəsi" verənlərin sənədləri təqdim edilirdi. "Troyka"nın gəlişini bir aydan çox gözlədilər.

Bu dövrün materialları arasında mühüm bir sənəd diqqəti çəkir: "Filologiya elmləri doktoru, professor B.V.Çobanzadədən" Y.D.Sumbatovun adına yazılmış 21 sentyabr 1937-ci il tarixli ərizə. Mövzunun əvvəlində elmi xidmətlərinin yer aldığı iqtibası təqdim etmişdik. Məhbus istintaq zamanı verdiyi ifadələri təsdiq edir və "Sovet hakimiyyəti dövründəki bütün fəaliyyəti ərzində... milli fəallarla oturub-durduğuna, onların təsiri altına düşdüyünə və onların təlimatları ilə hərəkət etdiyinə görə" peşman olduğunu bildirir. O, bu təşkilatlarda rəhbər rola malik olmadığını və "milli fəalların təhdidə əl atdıqlarını", "canını boğazına yığdıqlarını" vurğulamışdır.

O, "Əksinqilabi pantürkçü fəaliyyət göstərdiyini" etiraf edir, eyni zamanda, elm sahəsində və kadrların yetişdirilməsində göstərdiyi həqiqi xidmətlərini sadalayaraq deyir: "Mən bütün qəlbimlə bildirirəm ki, mübarizədən imtina etmişəm, hər cür əksinqilabi fəaliyyətlərdən qətiyyətlə vaz keçirəm və Böyük Kommunist Partiyasının rəhbərliyi altında misilsiz vətənimizdə sosializmin qurulmasında hədsiz şövqlə iştirak etməyə hazıram. Mən qəti qərar vemişəm ki, öz keçmişimlə, keçmiş əksinqilabi pantürkçü fəaliyyətlərlə, əlaqəm olan bütün təşkilatlarla və insanlarla əlaqələri kəsim. Bu məqsədlə özümün və mənim tanıdığım əksinqilabi təşkilat, qrup və şəxslərin ortaya çıxarılması üçün istintaqa kömək etmişəm. Bu səbəbdən də Böyük Kommunist Partiyasından və Sovet Rəhbərliyindən xahiş edirəm ki, öz sahəm üzrə çalışmağa və Sovet İttifaqının güclənməsi istiqamətində görülən işlərə və bundan sonra da hər cür əksinqilabçı millətçilərin üzə çıxarılmasına yardımçı olmağa imkan versin" (I c., nömrəsiz).

O böyük alimin və nəcib insanın harayını kimsə eşitmirdi artıq. Hər şey çoxdan həll edilmişdi. Ərizənin üzərində dərkənar var: Yoldaş Qri1oryana. Qovluğa əlavə edilsin. 9 oktyabr 1937-ci il (imza aydın deyil).

Nəhayət, diviziya hərbi hüquqşünası İ.O.Matuleviç (sədr), briqada hərbi hüquqşünasları İ.M.Zıryanov və Y.K.Jiqurla katib 1-ci dərəcəli hüquqşünas A.F.Kostyuşkodan ibarət "troyka" gəlib çıxdı. Onları SSRİ Prokurorluğunun nümayəndəsi, diviziya hərbi hüquqşünası R.C.Rozovski müşayiət edirdi. "Cinayətkar"ların sayı çox olduğu üçün məhkəmə 3 gün çəkdi: 11-13 oktyabr 1937-ci il. Bütün müttəhimlər ən ağır cəzaya məhkum edildi. Bu məhkəmə iclasını bir neçə dəfə xatırlamaq lazım gələcək.

Çobanzadənin növbəsi ikinci gün-12 oktyabrda gəldi. Protokoldan göründüyü kimi, (III c., s.1017) məhkəmə 11:20-də başlayıb və 11:40-da başa çatdı. Çobanzadə "özünü tam təqsirli bildi" və "ilkin istintaqdakı ifadələrini təsdiq etdi" (III c., s.1018). Alim dörd maddə üzrə cinayətdə təqsirləndirildi və edam cəzasına məhkum edildi. Hökmün son hissəsi: "Hökm qətidir və 1 dekabr 1934-ci il tarixli SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarına əsasən dərhal yerinə yetirilməlidir" (III c., s.1020).

Bəkir Çobanzadənin ömrü bir gün də uzandı. Hamısını birdən güllələmək daha asan idi. Məhkəmə iclasları bir gün də sürdü. Hamısı sonuncu gün - 13 oktyabr 1937-ci ildə edam edildi. Bu tarix Çobanzadənin məhkəmə işində hökmün yerinə yetirildiyi sənəddə qeyd edilib (III c., s.1021). Yuxarıda adı qeyd edilən mühafizə işçisi Tağıyev, Sumbatovun vaxtında müttəhimləri Bakıda necə güllələdiklərini 1954-cü ildə danışmışdır: "Məhbusları edama aparanda tez-tez döyürdülər. Güllələnmək üçün gözləyən məhbusları edama aparmazdan əvvəl xüsusi otaqlara salıb döyürdülər" (Axundovun məhkəmə işi, IV c., s.333). Tağıyevin şahidliyinə görə, bu vəhşi işgəncədə Sumbatov və müavini Gerasimov da iştirak edirdi. Mühafizə işçisi qeyd edir: "Edama məhkum edilmiş məhbusları döymələrinin səbəbini mən bilmirəm" (Axundovun məhkəmə işi, IV c., s.333). Məhkumların edamdan əvvəl döyülməsini heç bir "səbəblə" izah etmək mümkün deyildi, bu, açıq-aşkar sadizmdi! Çobanzadə istintaq dövründə "fiziki təsir metodlarından" xilas olsa da, ölüm hökmündən sonra xüsusi rəftar görmə ehtimalı o qədər də inandırıcı gəlmir. Professor B.Çobanzadənin həyat yoldaşı, sənətçi Ruqiyə Gireyevna Abdulina ərinin edam edilməsindən bir gün sonra, 14 oktyabr 1937-ci il tarixində həbs edildi. "Vətən xaini"nin ailə üzvü kimi 8 il müddətində məhbus düşərgəsinə göndərildi. 1955-ci ildə o, Azərbaycanın Xaçmaz rayonundakı musiqi məktəbində müəllim işləyirdi (Ona Bakıda yaşamaq qadağan edilmişdi). 21 fevral 1955-ci ildə o, Azərbaycan Daxili İşlər Nazirliyinə onun və həyat yoldaşının istintaq işlərinə yenidən baxılması üçün müraciət etmişdi. O yazırdı: "Mən öz sahəmin mütəxəssisiyəm, müstəqil işləyirdim. Niyə onun hərəkətlərinə görə hesab verməliydim? İllər keçməsinə baxmayaraq, hələ də anlamıram ki, mən gəncliyimi, karyeramı, mülkümü nə üçün itirmişəm?" (III c., s.1028) 13 dekabr 1955-ci ildə Ruqiyə Gireyevna bəraət aldı.

B.Çobanzadənin bəraəti çox uzandı, bu proses Moskvada güllələnən R.Axundov və digər partiya xadimlərinin bəraətindən sonra yekunlaşdı. 19 oktyabr 1955-ci il tarixində SSRİ Hərbi Prokurorluğu Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə (KQB) bir tələbnamə göndərib B.Çobanzadənin istintaq işinın Moskvaya göndərilməsi tələb etdi. Onun istintaq işi ilə birlikdə 402 səhifədən ibarət olan "Professor", həmçinin, "Başıpozuq" adlı casusluq qovluqları da Moskvaya göndərildi (c.3, s.1023). İstintaq işinə sonuncu sənədlərdən yalnız casusluq təqibinin 1935-ci ildə başa çatmasına dair sənəd əlavə edilmişdir. Xalid-Səid Xocayevin istintaq işində isə V.B.Çobanzadənin, Q.S.Qubaydullinin və A.T.Saqitovun Türkiyə kəşfiyyatına işləmədiklərinə dair 27.03.1956-cı il tarixli sənədlər vardır.

Yalnız 18 sentyabr 1956-cı ildə hərbi prokuror podpolkovnik (polkovnik-leytenant - tərc.) B.Plexanov SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası üçün yekun sənədi hazırladı. SSRİ Baş Prokurorunun köməkçisi bu sənədi 4 gün sonra təsdiqlədi (III c., s.1030-1032). Sənəddə "mərhumun ifadələri həqiqəti əks etdirmir", "ona böhtan atan şəxslər ölümlərindən sonra bəraət almış və ya almaqdadır", "B.Çobanzadənin xarici kəşfiyyatla əlaqələrinə dair dəlil-sübut yoxdur".

Həmçinin qeyd edilirdi ki, onu tanıyan professor və müəllimlərdən M.Şirəliyev, F.Qasımzadə, M.Dadaşzadə, Ə.Sultanlı və Pirumov alimini lehinə ifadələr verib. Nəticə: hökm dəyişdirilməlidir. Yekun sənədində həmçinin bildirilirdi: "İstintaq işi üzrə dindirmədə iştirak edən Azərbaycan NKVD-sinin köhnə işçiləri Gerasimov, Serov, Qriqoryan, Çinman məhkum edilib, Sumbatov isə həbs edilib, istintaq işlərini saxtalaşdırma ittihamı ilə mühakimə olunur" (III c., s.1031). Sumbatov barəsində hökm verilmədi, çünki məhkəməyə qədər yaşamadı. B.Çobanzadənin bəraətinin son mərhələsi 6 aydan çox çəkdi (onunla müqayisədə R.Ə.Axundovun bəraəti 2 gün davam etmişdi). Nəhayət, 6 iyun 1957-ci il tarixində SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası "cinayətə dair sübutu olmadığı üçün" 12 oktyabr 1937-ci il tarixli hökmün istintaq sənədini qüvvədən düşmüş hesab etdi.

Alimin istintaq işini ilk dəfə Azərbaycan Elmlər Akademiyasının akademiki Z.Bünyadov araşdırmış və onun haqqında qısa yazı qələmə almışdı ("Elm" jurnalı, 08.02.1990). Yeri gəlmişkən 1999-cu ildə İstanbulda çap olunan "Kırımlı Türk Şairi Ve Bilgini Bekir Sıdkı Çobanzade" kitabında B.Çobanzadənin tərcümeyi-halı və əsərlərinin siyahısı, Krım türklərinin ədəbiyyatından Türk dilinə tərcümələri, eyni zamanda, B.Çobanzadədən bəhs edən yazının (Aşnin, Alpatov 1998) tərcüməsi əksini tapıb.

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





25.06.2020    çap et  çap et