525.Az

Ozan-aşıq sənətinin öyrənilməsi və təbliğinə mühüm töhfə


 

Ozan-aşıq sənətinin öyrənilməsi və təbliğinə mühüm töhfə<b style="color:red"></b>

Son dövrdə Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin milli mədəniyyətin qorunması və təbliği yönündə yürütdüyü məqsədyönlü siyasət bu yöndə bir-birindən gərəkli addımların atılmasına yol açıb.

Ozan-aşıq mədəniyyəti sahəsində görülən işlər də məhz bu əsasda həyata keçirilib. 2009-cu ildə aşıq sənətinin UNECKO-nun Qeyri-maddi mədəni irs üzrə "Dünya sənət şedevrləri" siyahısına daxil edilməsi isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa diqqət və təşəbbüsünün göstəricisidir.

Azərbaycan Aşıqlar Birliyinin fəaliyyətinin güclənməsi, ozan-aşıq sənətini öyrənmək, gənc istedadları üzə çıxarmaq, ustadların yaradıcılıq ənənələrinin davamı naminə gördüyü işlər də öz qaynağını məhz dövlət və hökumətimizin mənəvi mədəniyyətimizə olan həssas münasibətindən alıb. Birinci cildi 2019-cu ilin sonunda, ikinci cildi isə 2020-ci ilin əvvəllərində işiq üzü görən "Ozan-aşıq ensiklopediyası" da bu istiqamətdə uzun illərin ağır, həm də gərgin əməyinin sayəsində reallaşıb. Bu baxımdan, "Ozan-aşıq ensiklopediyası"nı xalq mədəniyyətinə məhəbbətdən yaranmış abidə adlandırmaq olar. Fundamentallığı və mənbə zənginliyi ilə seçilən belə bir nəşrin hazırlanmasına çoxdan ehtiyac vardı.

İki mindən çox mini-informativ təqdimatı və yığcam oçerki sərgiləyən bu abidənin aşıq sənəti ilə bağlı ən incə mətləbləri də əks etdirməsinə çalışılıb. Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının rəhbərliyi altında hazırlanan bu abidənin yaradıcı heyətinin üzvləri - professor Mahmud Allahmanlı, professor İradə Köçərli və professor Kamilə Dadaşzadə uzun illər gərgin çalışmalar və axtarışlar sayəsində bu nəşri ərsəyə gətiriblər.

Nəşrdə qam-şaman, ozan-epos mədəniyyəti, ozandan aşığa keçidin tarixi mənzərəsi, aşıqlığın təşəkkül və inkişaf mərhələlərində sənətin keyfiyyət göstəriciləri, aşıq adı ilə tanınmadan sonranın ümumi mənzərəsi, baxşı, akın, varsaq, yanşaq və digər adlar şəbəkəsinin sərgilədiyi təsəvvür haqqında hər iki cilddə maddələr üzrə lakonik bilgi verilib. Folklorşünasların, aşıq ədəbiyyatı tədqiqatçılarının, musiqişünasların, etnoqrafların bu məsələdə gəldikləri qənaətlər də diqqətdə saxlanıb.

Burada aşıqlığın bir sənət kimi xalqın təsəvvüründə formalaşdırdığı status, "aşıq el anasıdır", "aşıq haqq aşığıdır", "aşıq gördüyünü çağırar", "aşığa hər yer məhrəmdir" kimi deyimlərin sərgilədiyi məzmun bütün ensiklopediya boyu çeşidli maddələrdə təfsilatı ilə açıqlanır. Ayrı-ayrı aşıq mühitləri, aşıq yaradıcılığında mühit və məktəb məsələləri, sufi terminologiyasının aşıq yaradıcılığında işləkliyi, təkyə (zaviyə) və təkyə ocaqları, aşıq və aşıq ocaqları barədə mülahizələr diqqəti daha dərin mətləblərə yönəldir. Təbriz, Qaradağ, Göyçə, Qarabağ, Borçalı, Urmiya, Şirvan, Dərbənd, Gəncəbasar, Zəncan, Naxçıvan, İrəvan, Dərələyəz və başqa aşıq mühitləri, bu mühitlərin özünəməxsus sənət şəcərəsi, repertuar ənənəsi, dastan söyləyiciliyi və tarixi mənzərəsi haqqında mükəmməl mənzərə yaradılır.

Aşıq ədəbiyyatının ustad sənətkarları Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Abdalgülablı Aşıq Valeh, Ağ Aşıq, Varxiyanlı Məhəmməd, Aşıq Alı, Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Cıldırlı Şenlik, Molla Cuma, Əsəd Rzayev, Mirzə Bayramov, Şair Nəbi Borçalı, Xındı Məmməd, Şair Ağacan, İsgəndər Ağbabalı, Əkbər Cəfərov, İmran Həsənov, Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Kamandar Əfəndiyev, Mikayıl Azaflı, Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və başqaları haqqında verilən oçerklər bir tərəfdən avtobioqrafik səciyyəsi ilə mühüm önəm daşıyırsa, digər baxımdan tarixi-mədəni prosesin daim dövriyyədə olmasını əks etdirir. Çağdaş mərhələdə yaşayıb- yaradan aşıqlara diqqət göstərilməsi və onların sənət ənənələrini hansı səviyyədə qorunması da ensiklopediyada geniş yer alıb.

Ustad sənətkarların ədəbi irsinin, eləcə də repertuarlarında olan örnəklərin toplanması, nəşri və tədqiqi məsələləri də ensiklopediyanın ümumi axarında mühüm bir hissəni təşkil edir. Orta əsr əlyazmaları, Ə.Qaradağinin, H.Zərdabinin, M.Mahmudbəyovun, A.Şaiqin, Ə.Haqverdiyevin, H.Ə.Qaibovun, M.M.Nəvvabın, M.Müctəhidzadənin, S.Mümtazın, H.Əlizadənin, V.Xuluflunun, F.Köçərlinin, Ə.Abidin, M.F.Köprülünün, M.Erginin, O.Ş.Gökyayın, İ.Qəfəsoğlunun, M.H.Təhmasibin, H.Araslının, M.İbrahimovun, Ə.Axundovun, P.Əfəndiyevin, M.Həkimovun, V.Vəliyevin, S.Paşayevin, İ.Abbaslının, R.Rüstəmzadənin və onlarla başqalarının gördüyü gərəkli işlər ensiklopediyanın müvafiq bölmələrində əksini tapmışdır. Bunların bir araya gətirilməsi, mənbələrin ciddi şəkildə izlənməsi və bütün məsələlərə akademik üslubda yaradıcılıq təcrübəsi əsasında mümkün ola bilər və materiallarla tanışlıqda bu, aydınlıqla görünür. Ən maraqlı məsələlərdən birisi burada aşıq sənətinin və aşıqşünaslığın inkişaf tarixi, keçib gəldiyi yol, evonyusion irəliləyiş məsələləri bir bütöv olaraq əksini tapmasıdır.

Aşıq yaradıcılığının zənginliyində mühüm bir hissəni aşıq şeir üslubunda yazıb-yaradan el şairlərinin yaratdığı poetik örnəklər tutur. Onlar öz ruhu, düşüncəsi ilə aşıq şeiri ənənələrinə köklənmiş və ustadların repertuarında bu gün də özünə geniş yer almış poetik nümunələr yaratmışlar. Onların müəyyən hissəsi saz çalıb oxumağı bacarsalar da, ancaq məclis aparmamış və aşıq yaradıcılığının tarixinə dillər əzbəri olan şeirləri ilə adlarını yazmışlar. Yunus Əmrə, Qaracaoğlan, Dadaloğlu, Seyid Əbülqasım Nəbati, Mustafa ağa Arif, Şair Məmmədhüseyn, Məlikbalı Qurban, Şişqayalı Aydın, Ağdabanlı Qurban, Çoban Əfqan, Şeyda Əziz, Mirzə Səməd, Şair Vəli, Paşa Salahlı və başqaları haqqında verilən bilgilər də aşıq yaradıcılığının zənginlik axarını müəyyənləşdirmək baxımından dəyərlidir.

Sənətin ümumi axarına töhfələr vermiş böyük şəxsiyyətlərin də ensiklopediyanın ayrı-ayrı bölmələrində özünə yer alması müsbət təsəvvür formalaşdırır. Ş.İ.Xətai, M.P.Vaqif, M.V.Vidadi, S.Vurğun, O.Sarıvəlli, H.Arif, M.Günər, N.Həsənzadə, M.İsmayıl, İ.Tapdıq, Z.Yaqub kimi yazılı ədəbiyyatın istedadlı nümayəndələrinin haqqında verilən oçerklər aşıq yaradıcılığının ana axarında mükəmməl bir qaynaq olması ilə bağlı təsəvvürü də möhkəmləndirir. Onlar özlərinin ən yaxşı əsərlərini aşıq şeiri ənənələrinə köklənməklə yazmış və sənətin daha geniş şəbəkəli xarakterli olması təsəvvürünü ortaya qoymuşlar.

Aşıq yaradıcılığının mühüm tərkib hissəsini şeir biçimləri və çeşidlərinin rəngarəngliyi təşkil edir. Mətn, musiqi, ifaçılıq səviyyəsində reallaşan bu hissədə bayatı, təsnif, gəraylı, qoşma, təcnis, divani, müxəmməs, cahannamə, vücudnamə, deyişmə və onların müxtəlif çeşidli örnəklərində ifadəsini tapır. Yaradıcı heyətin bacarığı və səriştəsi sayəsində bu məsələlər münasib madələrlə ensiklopediyanın ayrı-ayrı səhifələrində faktlaşır. Burada təkcə forma xüsusiyyətləri deyil, həm də həmin formada yaranan örnəklərin saz havalarında ifaçılıq məqamları, bayatı, gəraylı, qoşma, divani və sair formada yazılmış şeirlərin etimologiyası məsələlərinə və bu istiqamətdə yazılmış tədqiqatların xülasələrinə də diqqət yetirilmişdir.

Zəngin saz havaları ilə əhatələnən aşıq sənətinin inkişaf mənzərəsində ozan havaları ("Yelətmə"), "Koroğlu" havalar silsiləsi, "Kərəmi" havalar silsiləsi, eləcə də digər aşıq havaları ("Dilqəmi", "Zarıncı", "Baş sarıtel", "Orta sarıtel", "El havası", "Aran gözəlləməsi" (ümumiyyətlə, "Gözəlləmələr") və sair mükəmməl şəkildə musiqişünaslıq baxımından təhlil olunur.

Ensiklopediyada böyük önəm daşıyan məsələlərdən birisi aşıq havalarının notlaşdırılmasıdır. Ayrı-ayrı aşıq havalarının not yazılarının verilməsi bu möhtəşəm abidəyə əlavə çalar qatmışdır. Ü.Hacıbəyov, Bülbül, C.Qaryağdıoğlu, X.Şuşinski, Q.Pirimov, C.Hacıyev, Q.Hüseynli və başqa böyük musiqiçilər haqqında verilmiş oçerklər aşıq sənətinin musiqişünaslıq qanadında gedən prosesin zənginlik mənzərəsini əhatələyir. Burada qopuzun, sazın musiqi aləti olaraq quruluşu, yaranma tarixi, düzəldilmə prinsipi, sazın pərdə düzümü, cürə sazdan tavar saza qədər inkişafı və sair məsələlər öz təhlilini tapır.

Aşıq yaradıcılığında sənətin tarixi dinamikası ustad-şagird ənənəsi ilə bağlıdır. Bu ənənənin öyrənilməsi və tarixi mənzərəsi həmişə aşıqşünaslığın qarşısında mühüm vəzifə kimi dayanıb. Folklorşünas alimlər müxtəlif səviyyələrdə ayrı-ayrı ustad sənətkarların sənət ənənəsinə əsaslanmaqla məsələnin mahiyyətinə həssaslıq göstərmişlər. Dastanlarda bu ənənənin klassik örnəkləri vardır. Eləcə də ustad sənətkarlar timsalında Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər kimi mükəmməl nümunəsi örnəkdir. Hüseyn Şəmkirli, Hüseyn Bozalqanlı, Ağacan, Dərələyəzli Aşıq Alı, Cıldırlı Şenlik, Hüseyn Saraçlı, Əmrah Gülməmmədov, Mikayıl Azaflı kimi sənətkarların şəxsində olan ustad şagird ənənəsi bunun klassik nümunələridir. Ensiklopediya bütün mahiyyəti ilə bunları əhatələmək kimi ciddi missiyaya köklənmişdir.

Dastanları haqqında verilən bilgilər də bütövlüyü və dastançılığın inkişaf dinamikasını öyrənmək cəhətdən böyük əhəmiyyət daşıyır. "Dədə Qorqud", "Koroğlu" ,"Tahir və Zöhrə", "Aşıq Qərib", "Qurbani", "Əsli və Kərəm", "Abbas və Gülgəz", "Nəcəf və Pərizad", "Şah İsmayıl" (məhəbbət və qəhrəmanlıq hüdudunda dayanan dastan), "Alı xan və Pəri xanım" (ailə-məişət dastanı), "Xəstə Qasım və Mələksima", "Valeh və Zərnigar", "Şahzadə Əbülfəz", "Aslan şah" və sair dastan nümunələri haqqında verilən oçerklər də ensiklopediyanın strukturunda geniş yer alıb.

Aşıq qurultayları, Azərbaycanda Aşıqlar Birliyinin yaradılması, ayrı-ayrı bölgələrdə aşıqların özək təşkilatlarının formalaşması və bunların gördüyü gərəkli işlər, respublika və beynəlxalq səviyyədə tədbirlərin keçirilməsi və sair mövzular da ensiklopediyada tarixi-xronikal ardıcıllıqla təqdim və təhlil olunub.

Azərbaycan Aşıqlar Birliyinin və bu Birliyin sədri, Əməkdar elm xadimi M.Qasımlının rəhbərliyi ilə gerçəkləşən "Ozan-aşıq ensiklopediyası" xalqımıza, onun zəngin mədəniyyətinə, tarixinə olan sevgidən yoğrulub. Belə nəşrlərə bütün zamanlarda ehtiyac olub və bu gün də ehtiyac vardır. İnamla deyə bilərik ki, xalqımızın milli-mənəvi mədəniyyətinin mühüm bir sahəsi bu möhtəşəm abidə ilə kitablaşıb.

Simuzər ƏLİYEVA
filologiya üzrə fəlsəfə doktoru, dosent

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





25.06.2020    çap et  çap et