525.Az

Təbiətin cəmiyyətə pandemiya ilə mesajı - Kəmalə Xəlilqızının yazısı


 

Təbiətin cəmiyyətə pandemiya ilə mesajı - <b style="color:red">Kəmalə Xəlilqızının yazısı </b>

İnsan təbiətin bir hissəsi, həm də onun ən ali üzvüdür. Təbiət insanların yaşayışını görür, cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir.

Lakin son bir neçə ayda dünya dəyişdi. Yüz minlərlə insan öldü və milyonlarla insan koronavirusdan xəstələndi. Digər milyonlarla insan üçün həyat tərzi də dəyişdi. Dünya ölkələrində istehsal və istehlakın səviyyəsi endi. Bir çox ölkələrdə səyahət məhdudiyyətləri II Dünya müharibəsindən sonra ən böyük qadağa oldu.

Hamını bir neçə sual düşündürür: bundan sonra necə olacaq? Planetimizi daha hansı nəticələr gözləyir? Pandemiya aradan qalxdıqda, karbon tullantıları və digər çirkləndirici maddələr sanki bu hal heç olmamışdı kimi eyni səviyyəyə qayıdacaqmı? Bu gün gördüyümüz dəyişikliklər daha davamlı təsir göstərə bilərmi?

Bütün bu suallara cavab vermək və nəticə çıxarmaq hələ çox tezdir. Sadəcə bunu qeyd etmək lazımdır ki, koronavirus ətraf mühitə gözlənilməz müsbət təsir göstərir və burada 5 əsas məqamı qeyd etmək olar:

1. Ətraf mühitin vəziyyəti fərdi (və kollektiv) toxunulmazlığı formalaşdıran dörd əsas amildən biridir.

Asılı hissəciklərin yüksək miqdarı (əsasən PM10) tənəffüs yollarının toxumalarına birbaşa fibrogenik təsir göstərir. Bu hissəciklər sumbata kağızı kimi daim toxumanı qıcıqlandırır. Bu da öz növbəsində xroniki iltihaba səbəb olur və yoluxma riskini artırır. Bənzər bir qıcıqlandırıcı təsir kükürd oksidləri və azot üçün də müşahidə olunur.

Havanın keyfiyyəti ilə insan sağlamlığı arasında açıq bir əlaqə var. Bu da epidemiya halında bədənin yoluxucu xəstəliklərə qarşı toxunulmazlığa tab gətirmə qabiliyyətidir.

Çirklənmiş hava açıq şəkildə xroniki tənəffüs xəstəliklərinin yayılması ilə əlaqələndirilir. Beləliklə, orqanizmi zəifləmiş bir insana infeksiyanın "hücum etməsi" daha asan olur. Çirkli havanın ağciyərlərə, ürəyə zərər verdiyi və ildə ən az 8 milyon erkən ölümə səbəb olduğu məlumdur. Koronavirus kimi tənəffüs-yoluxucu xəstəliklər də şəhər sakinlərinə və zəhərli havaya məruz qalan insanlara daha ciddi təsir göstərə bilir. Buna görə epidemiya halında ətraf mühitin uzun müddət çirklənməsi əhali arasında yoluxucu xəstəliklərin yayılmasını və pis nəticələrini xeyli artıra bilər.

Buna ən gözəl nümunə Çindir. Bu bölgədə uzun illərdir havanın yüksək səviyyədə çirklənməsi və infeksiyaların yayılması qeydə alınmışdır. 2003-cü ildə Çində SARS koronavirus xəstəliyini təhlil edən elm adamları havanın yüksək çirkliliyi olan bölgələrdə yaşayan yoluxmuş insanların az çirklənmiş yerlərə nisbətən iki qat daha çox öldüklərini müəyyən etmişdilər.

Səudiyyə Ərəbistanında ilk dəfə 2012-ci ildə aşkar edilmiş MERS koronavirus xəstəliyinin araşdırması göstərdi ki, tütün çəkənlərin bu xəstəliyə tutulma və ölmə ehtimalı daha yüksəkdir.

Həmçinin, Covid-19-un erkən tədqiqatları siqaret çəkənlərin bu virusa daha çox həssas olduğunu göstərir.

2. Yeni koronavirus ətraf mühitə son illərdə iqlim fəallığından daha güclü təsir göstərir.

Pandemiyanın baş verməsi dünya iqtisadiyyatının müvəqqəti iflicinə səbəb olub. Bir çox təbii ehtiyatlara, əsasən kömür və neftə olan tələbat azaldı, digər sənaye sahələri donduruldu, nəqliyyat şəbəkələri, müəssisələr bağlandı və nəticədə bütün bunlar atmosferə istixana qazı tullantılarının qəfil azalmasına səbəb oldu.

Çində tullantıların həcmi ilin əvvəlində 25 faiz, ölkənin altı ən böyük elektrik stansiyasında kömür istehlakı 2019-cu ilin son rübündən bəri 40 faiz azaldı. Şanxay sakinləri ilk dəfə mavi səmanı gördülər. Çində "yaxşı hava günlərin" sayı ölkənin 337 şəhərində, keçən ilin müvafiq dövrünə nisbətən 21,5 faiz artıb. Çində hava çirkliliyinin koronavirus epidemiyası fonunda azaldılması nəticəsində nəzəri olaraq xilas edilən insanların sayı bu ölkədə virusla ölənlərin sayından çoxdur.

İtaliyanın Venesiya şəhərində turistin olmaması kanallarda suyun şəffaflaşmasına səbəb oldu. Həmçinin, ölkədə dizel avtomobillərinin istehlakı azot dioksid konsentrasiyasının 40 faiz azalmasına gətirib çıxardı. Buna bənzər hal İspaniya və Böyük Britaniyada da baş verir.

İsraildə isə Ekologiya Nazirliyinin məlumatına görə, son həftələrdə ölkənin əksər hissəsində havanın çirklənməsi 30 faiz azalıb.

Lakin çox güman ki, bu azalma ekoloji vəziyyətə uzunmüddətli təsir göstərməyə bilər.

3. İqlim dəyişikliyi və virusların yayılması əlaqəlidir.

Bu təsirlər tamamilə gözlənilməz deyil. Tarix göstərir ki, qlobal fəlakətlər, xüsusən iqtisadiyyata böyük təsir göstərən karbon emissiyalarını müvəqqəti azaltmağa meyllidir. Bu, ilk dəfə deyil ki, epidemiya atmosferdəki karbon qazının səviyyəsində öz izini buraxır. Tarix boyu sənaye dövründən çox əvvəl xəstəliyin yayılması daha az tullantılarla da əlaqələndirilib.

XIV əsrdə Avropadakı "qara ölüm" və XVI əsrdə İspan istilaçılarının gəlməsi ilə Amerikanın cənubuna gətirilən çiçək xəstəliyi kimi epidemiyalar, hər ikisi atmosfer havasında iz buraxıb.

Yeri gəlmişkən bunu da qeyd edim ki, bunlar iqlim dəyişikliyi fonunda başlayır. Qlobal istiləşmə qəzaların, yoluxucu xəstəliklərin və təbii fəlakətlərin sayını artırır (BMT bildirir ki, bəşəriyyətin iqlim dəyişikliyinin ən pis nəticələrinin qarşısını almaq üçün cəmiyyətin on il ehtiyatı var).

Bu şəraitdə yeni yoluxucu xəstəliklərin yaranması, eləcə də yerli lokal infeksiyaların dünyaya yayılması ehtimal deyil, zaman məsələsidir. Ümumdünya Meteoroloji Təşkilatının "2019-cu ildə qlobal iqlimin vəziyyəti haqqında" bəyanatına görə, 1950-ci ildən bəri iqlim şəraitində baş verən dəyişikliklər səbəbi ilə dünyanın yarısı əvvəllər tropik hesab edilən denqe qızdırması (Denqe xəstəliyi) riski altındadır.

Yoluxucu xəstəliklərin yayılması - Ebola, SARS, quş qripi və indi Covid-19 artan təhlükə yaradır. Patogenlər heyvanlardan insanlara keçir və onların bir çoxu sürətlə yayılmağa qadirdir.

4. Ətraf mühitin vəziyyətinin həqiqətən yaxşılaşması üçün sistematik dəyişikliklər lazımdır.

Əlbəttə ki, insanları öldürən qlobal bir pandemiya ətraf mühitə müsbət dəyişikliklər gətirmək üçün bir yol kimi görülməməlidir. Lakin koronavirus pandemiyası səbəbi ilə karantin təbiətə xeyirlidir. Təəssüf ki, məcburi izolyasiyanın ekosistemlərə uzunmüddətli müsbət təsir göstərəcəyini həqiqət saymaq olmaz.

Lakin bu, ekosistemlərin bərpa edilə bilməyəcəyi demək deyil. Əksinə, antropogen təsir olmadığı təqdirdə regenerasiya prosesini başlatmağı bacarırlar və biz onlara bu şansı verməliyik.

Antropogen stresdən qurtulmağın ən ifrat nümunələrindən biri nüvə stansiyasındakı qəzadan sonra Çernobıldır. Yüksək radiasiya səviyyəsinə baxmayaraq, təbiət tərk edilmiş əraziləri tədricən mənimsəyir və indi onlarla heyvan növü yaşayır.

Diqqət etməli olduğunuz ilk şey tullantıların azaldılmasının müxtəlif səbəbləridir. Aydındır ki, pandemiya zamanı səyahət azaldılsa, bu tullantıların həcmi də azalacaq.

5. Ətraf mühit ilə dostluq - pandemiyanın insana öyrədə biləcəyi əsas vərdişdir.

Sosial-iqtisadi mənada koronavirus epidemiyası bir çox bəlaya səbəb oldu. Eyni zamanda, insanlar sənaye aqlomerasiyasında "təhlükəsiz bir mühit"in mümkün olduğunu gördülər. Covid-19 ilə əlaqəli karantin insanın hərəkətlərinin (və təbii ehtiyatlardan istifadəyə hərisliyinin) ətraf mühitin keyfiyyətinə və təhlükəsizliyinə necə təsir etdiyini göstərdi. Bu hal iqlim dəyişikliyi ilə mübarizədə əvəzsizdir.

Təəssüf ki, bütün tədbirlər cəmiyyətin öz seçimi deyil, məcburiyyətdir. İnsanlar inkişaf üçün fürsətlər gördülər - amma şüurlu şəkildə bu seçimi etməyə hazırdırlarmı?

Axı, koronavirusun o qədər də ölümcül olmadığını deyəndə insanlar hələ də bundan qorxurlar. İqlim dəyişikliyinin sivilizasiyamızın sonu olacağını söylədikdə isə bu, bizə çirkli su kimi gəlir.

Qlobal istiləşmə koronavirus epidemiyasından daha da təhlükəlidir!

Biz insanlar davranışlarımızı dəyişdirməyə az hazırlaşırıq və hərəkətsizliyimizin nəticələri daha çox müvəqqəti, həm də məkan xarakterlidir. İnsan şüurunun çoxdan bəri bilinən və bilinməyən təhrifləri bir fenomeni digərindən daha təhlükəli hala gətirir. Əgər qlobal vəziyyəti və bəşəriyyətin təcrübəsini nəzərə alsaq, hər şey tamamilə əksinədir: iqlim böhranı, bəşəriyyət üçün müəyyən bitki və heyvan növlərinin nəslinin kəsilməsi hər hansı virus xəstəliyindən daha təhlükəlidir.

Koronavirusun bizə tətbiq etdiyi məhdudiyyətlər, təbii mühitin qorunması baxımından daha şüurlu davranışa təkan ola bilər. Bu epidemiya həyata münasibətimizi dəyişdirməli olduğumuz barədə bir siqnaldır.

Bir sözlə, virusa minnətdar olmalıyıq. Çünki bəlkə bununla gələcəyimizi nisbətən xilas edə bildik.

 





25.06.2020    çap et  çap et