525.Az

İlk və son futbol şərhçiliyim - Səməd Səfərovun yazısı


 

İlk və son futbol şərhçiliyim - <b style="color:red">Səməd Səfərovun yazısı </b>

İndi klublarımız başqa ölkədə beynəlxalq futbol yarışlarında rəsmi oyuna çıxanda elə də çox narahat olmuruq.

Matçları, adətən, yerli telekanallardan biri translyasiya edir, ya da ən azından özümüz internetdə tapıb, oğrun-oğrun izləyirik. Bir az köhnə nəslin nümayəndələri bilərlər, qabaqlar belə deyildi. Hələ 2000-ci illərdə burnumuzun ucunda - Moskvada "Birlik kuboku" yarışı keçirildi, amma qolları oyun bitəndən bir neçə saat sonra izləmək imkanımız olurdu.

Canlı yayımın olmadığı o dövrdə yenicə fəaliyyətə başlamış bir neçə idman saytı oyunları idmansevərlərə yazılı olaraq şərh etməyə başlamışdılar. 2007-ci ildə Moskvada universitetdə tələbə idim və bu saytlardan birinin redaktorundan "Birlik kuboku" yarışında "Bakı" futbol klubunun oyunlarını canlı şərh etmək təklifi aldım.

Onda yanvar ayı idi. Tətil təzə başlamışdı. İmtahan-filan yox idi. Çöldə güllə kimi yağan qar, elə bil, adamın üzünə çəkiclə mıx döşəyirdi. Qalın geyinmiş insanlar küçədə ayaqlarının altına baxa-baxa ehtiyatla yeriyirdilər. Tələbə yataqxanasından bu solğun mənzərəni seyr edəndə ovqatım təlx olurdu. Bu bekarçılıqda başqa nə məşğuliyyət tapa bilərdin ki? Oyunları şərh etsəm, kim bilir, stadionda hansı məşhurları görəcəkdim, kimlərlə foto çəkdirəcəkdim, kimlərdən müsahibə alacaqdım? Odur ki, razılaşmamaq axmaqlıq olardı.

Növbəti günlərdə rəsmi akkreditasiya işləri həll olunduqdan sonra "Bakı" klubu ilə Moldovanın "Şerif" klubu arasında qrup mərhələsində keçiriləcək ilk oyunu şərh etmək üçün otuz beş minlik qapalı "Olimpiyski" stadionuna yollandım. İdman saytının redaktoru ilə bu cür şərt kəsmişdik: Mən stadionda noutbukumdakı çat proqramlarından birinə daxil olaraq, meydanda baş verənləri canlı şəkildə, yazılı şərh edib ona göndərəcəkdim. O isə mətnləri redaktə edib abıra salacaq və sayta qoyacaqdı. Dəqiqəbaşı yazı göndərməyə ehtiyac yox idi, önəmli gedişatı anlatmaq kifayət edirdi.

Tribunada jurnalistlər üçün ayrılmış xüsusi yerdə əyləşdim. Noutbukda internetə qoşulub, çat proqramını açdım. Saytın redaktoru ilə yenicə hal-əhval tutmuşdum ki, anidən özümü AzTV-nin məşhur futbol şərhçisi Altay Əliyev kimi hiss etməyə başladım. Barmaqlarım pianoda klassik musiqi ifa edirmiş kimi dalğavari gedib-gəlir, gizli casus kimi gördüklərimi və eşitdiklərimi Bakıya göndərirdim: "Filankəs meydançada top çiləyir. Filankəs qaçış zolağında qaçmır, yeriyir. Filankəs kiminləsə xısın-xısın gülüşür. Filankəs dilxor görünür, görən, naxoşdurmu?.."

Oyunda azarkeşlərin sayı çox deyildi. Rəsmi statistikaya görə, 2000 izləyici vardı, amma deyəsən, stadionun işçilərini və təhlükəsizliyi qoruyan polisləri də siyahıya daxil etmişdilər. Qapalı və boş arenada elə bir exo yaranırdı ki, şimal tribunasında asqıran adama cənub tribunasında oturan adam "sağlam ol" deyirdi. Mənim klaviaturaya sürətli toxunuşumdan yaranan səsin klub məşqçilərində oyatdığı yüngülvari narahatlıq da gözdən qaçmırdı.

Matça ciddi hazırlaşmışdım və hər iki klubdakı futbolçuların adlarını əzbər öyrənmişdim. İnternetdə o qədər məlumat oxumuşdum ki, bir ara bəzi köhnə idman şərhçilərimiz kimi Moldova futbol tarixi və Moldova Futbol Federasiyasının son illərdəki fəaliyyəti haqqında "qiymətli" məlumatlar verməyə başladığımı hiss etdim. Sağ olsun, saytın redaktoru! Futbola ac olduğumu sezmişdi:

- Bütün bunları indi internetdə oxuyursan? - deyə soruşdu.

Özümü utandırmamaq üçün yalan dedim:

- Bəli.

- Ehtiyac yoxdur, bu qədər şey yazma. Lazım olsa, özüm əlavə edərəm - dedi.

Oyuna böyük ümidlərlə gəlmişdim. Amma tezliklə xatırladım ki, meydançaya Ronaldo, Runi, Fiqu gəlməyib. Odur ki, matçın haradasa 10-cu dəqiqəsində o həyəcan büsbütün yox olub, qeybə çəkildi. Sanki futbolçular oyunun ilk dəqiqələrini yox, əlavə vaxtın 118-ci dəqiqəsini oynayırdılar və bu iki dəqiqənin də bitməsini gözləyirdilər ki, penaltilər başlasın. Nəticədə oyun sakit, həvəssiz və ölüvay keçirdi. Sonrakı dəqiqələrdə vəziyyət bir az qəlizləşdi...

O mənada qəlizləşdi ki, həmin vaxtlar qaldığım tələbə yataqxanasında internetin sürəti çox zəif idi və meqabaytla satılırdı. Mahnıları "mp3" formatında yüklədiyimiz, Yerin Günəş ətrafında indikindən daha az sürətlə dövr etdiyi zamanlar idi. "Olimpiyski" stadionunda isə jurnalistləri müftə internetlə təmin etmişdilər. Futbol matçının sönük keçdiyi bu dəqiqələrdə bəzi təzə çıxmış mahnıları noutbuka yükləyə biləcəyimi düşündüm. İnternetin sürətinin necə yüksək olduğunu görəndə isə vəcdə gəlib, film yükləməyə başladım. Artıq paralel olaraq o qədər çox şey yükləyirdim ki, noutbukun ventilyatoru tozsoran kimi dönürdü.

Ara-sıra stadiondakı gedişatı redaktora şərh edirdim, amma dəyişən bir şey yox idi. Bəzən nə yazacağımı da bilmirdim:

- Vəziyyət necədir? - redaktor soruşurdu.

- Qapıya zərbə yoxdur. Oyun mərkəzdə gedir - deyə qısa cavab verirdim.

- Aydındır - deyə, redaktor çat proqramında yazırdı və bir neçə saniyə sonra saytda bu şərhlər peyda olurdu: "İlk dəqiqələrdən hər iki komanda qapalı oyuna üstünlük verir və meydançanın mərkəzində gərgin mübarizə davam edir. Bu gün oyunçular meydançaya yalnız qələbə üçün çıxıblar və çox ehtiyatlı davranaraq riskə yol vermirlər. Qapılara zərbə vurulmasa da, bu dəqiqələrdə oyunçular rəqiblə meydanın hər qarışı uğrunda ölüm-dirim savaşına giriblər. Matçın hansı hesabla bitəcəyini xəyal etmək azarkeşlərdə hədsiz həyəcan yaradır".

Redaktorun saytdakı şərhlərini görəndə bir anlıq elə sanırdım ki, sanki tamam başqa matçın canlı şərhlərini oxuyuram. Hətta gözlərim önündə gedən oyunu izləmək yerinə, gedişatı saytdan oxumaq daha cəlbedici görünürdü.

Bir filmi yükləyib, təzəsini axtarmaqla məşğul idim ki, oyunun 36-cı dəqiqəsində stadionda canlanma yarandı. Başımı elə təzəcə qaldırmışdım ki, "Bakı" klubunun futbolçusu qol vurdu. Stadionda adda-budda oturan azarkeşlərdən exo qarışıq qəribə alqış səsləri eşidildi. Məni vacib işimdən ayırıblarmış kimi qolu çat proqramında cəld təsvir etdim. Redaktor da möcüzəli toxunuşu etdikdən sonra saytda: "Qoooollll!!!!! "Bakı" klubu möhtəşəm zərbəylə hesabda irəli çıxdı! "Olimpiyski" stadionuna toplaşmış minlərlə azarkeş klubumuzun qol vurmasına yüksək coşğu ilə sevinir. Azərbaycan klubu Moskvada böyük uğura imza atır!" - deyə təntənəli ifadələr peyda oldu.

Bir az həvəsləndim ki, matç indi daha canlı və maraqlı olacaq. Amma top mərkəzə keçdikdən sonra sönük oyun təzədən yerini aldı. Mən öz işimə davam etməyə qərar verdim və başqa hansı filmi yükləyə bilərəm deyə, interneti ələk-vələk eləməyə başladım.

Az keçmişdi, stadionda yenə uğultu qopdu. Bu dəfə də başımı təzəcə qaldırmışdım ki, "Bakı" klubu rəqib qapısının torlarını silkələdi və qapıçı əlləri havada üzü üstə yerə düşdü. Qolu eyni minvalla yüyrək təsvir edib, redaktora göndərdim və ardınca saytda yenə ruhoxşayan bər-bəzəkli cümlələr peyda oldu. Artıq hesabın 2:0 olduğu və oyunun taleyini, demək olar, həll etdiyimiz deyilirdi.

Azərbaycan klubunun oyunun 40-cı dəqiqəsində iki qolla önə keçməsi məni də fərəhləndirmişdi. Düşündüm ki, artıq noutbuku kənara qoyub, adam kimi oyuna baxmaq lazımdır: qollar sıralanırdı. Stadionun hesab lövhəsinə sevinclə nəzər salmışdım ki, gözlərimə inanmadım. Karıxdım. İki qol vurmuşduq, irəlidə idik, amma lövhədə hesab 2:0 deyil, 1:1 idi.

Məsələni ayırd etməyə çalışdım: "Birinci qol sol qapıya, ikinci qol isə sağ qapıya vurulmuşdu. Oyunda birinci hissə idi. Qapılar hələ dəyişməmişdi. Deməli, hər qapıya bir dəfə qol vurulmuşdu". Şübhə məni boğmağa başladı. Matçı şərh edən başqa bir idman saytını açdım və gördüklərim məni heyrətləndirdi: hesab, doğrudan da, 1:1 idi. İlk qolu "Şerif" vurmuşdu, ikincini isə "Bakı"...

Təşviş içində idim. Soyuq tərin belimdə ilan kimi süründüyünü hiss edirdim.

Diqqətim o qədər yayınmışdı, ilk qolu "Şerif"in vurduğuna fikir verməmişdim. Vəziyyəti redaktora necə izah edəcəyimi və səhvə yol verdiyimi necə anladacağımı düşünürdüm. Sonda gecikmədən telefonla zəng edib, üzrxahlıq bildirməyin doğru olduğuna qərar verdim. Nömrəni yığıb, yaşıl düyməni basmağa hazırlaşırdım ki, stadionda yenidən canlanma yarandı və 41-ci dəqiqədə "Şerif" növbəti qolu vurdu. "Bakı" klubu artıq 1:2 hesabı ilə uduzurdu. Mənim şərhçilik etdiyim idman saytında isə redaktor klubumuzun şəninə təriflər yağdırır, qrup mərhələsində növbəti rəqib haqqında məlumat paylaşırdı.

"Nə isə, olan olub, keçən keçib" deyib, redaktora zəng elədim:

- Müəllim, salam. Necəsiniz? - soruşdum. Ağlıma başqa şey gəlməmişdi.

- Yaxşı... -  o da təəccübləndi. Axı, bir saatdır onsuz da yazışırdıq. Sonra nəyinsə yolunda olmadığından duyuq düşmüş kimi sual etdi:

- Nəsə olub?

Hələ belə xəcalət çəkməmişdim. Ağzımdan çıxan hər söz, elə bil, ağır daşa dönüb çiyinlərimdən asılırdı. Danışdıqca yerin dibinə girmək istəyirdim. Sözləri birtəhər ipə-sapa düzərək etiraf etdim ki, diqqətim dağılmışdı. Həm də birinci dəfə idi ki, matç şərh edirdim: eyni vaxtda həm oyunu izləmək, həm də yazmaq karıxıdırdı məni filan-filan (əlbəttə, internet məsələsinə toxunmadım).

Ardınca telefonu qulağımdan bir az uzaq tutdum ki, çox güman, bir vulkan püskürməsi baş verəcək və əsəbi, bağırtılı səs gələcək. Amma redaktor, sağ olsun, abırlı adam çıxdı. Dedi, "problem deyil, olur belə şeylər" və danışa-danışa saytda dərhal düzəlişlər elədi. Mən ruhlanaraq sevincək oldum. Elə söhbətimizi tamam edib, dostcasına sağollaşacaqdıq ki, lənətə gəlmiş "Şerif", elə bil, mənim acığıma 45-ci dəqiqədə bir qol da vurdu və hesab 1:3 oldu.

- Müəllim, bir dənə də vurdular... - sakit səslə dedim.

-  Kim? - artıq o da pəjmürdə halda soruşdu.

- Şerif... - boğula-boğula cavab verdim.

... Fasilədə çox pərt idim. Ayağa qalxıb, tanınmış şəxslərlə foto çəkdirməyə, futbol mütəxəssislərindən müsahibə almağa da həvəsim qalmamışdı. Özümə söz verdim ki, matç maraqsız olsa belə, ikinci hissədə diqqətimi tamamilə oyuna yönəldəcəyəm.

İkinci yarı daha maraqlı keçdi və qapılara yenə qollar vuruldu. Sonda oyun "Bakı" klubunun 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşdı.

Bu maçdan sonra "Bakı" klubunun qrup mərhələsində iki, pley-off mərhələsində bir oyununu da şərh etdim. Sonrakı matçlarda xəta olmadı və redaktorun sözlərinə görə, yaxşı alındı.

O vaxtdan sonra bir daha futbol şərhçiliyi eləmədim. Əmin oldum ki, futbol oyunlarını canlı şərh etmək elə də asan iş deyilmiş. Xüsusilə də qol zamanı qolun hansı komandanın vurduğunu düzgün müəyyənləşdirmək, yumşaq desək, təcrübə tələb edir.

 





25.06.2020    çap et  çap et