525.Az

"Mingəçevir İES ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir"


 

"Mingəçevir İES ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir"<b style="color:red"></b>

“Mingəçevirdə İstilik Elektrik Stansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etməyə başlayanda vəziyyəti təhlil edərkən gördü ki, Azərbaycanın energetika sisteminə çox böyük investisiyalar qoyulmalıdır. Bütün məsələlər təhlil olunandan sonra sovet rəhbərliyi qarşısında məsələ qaldırıldı. Onun davamlı və çox məqsədyönlü fəaliyyəti nəticəsində Sovet İttifaqının rəhbərliyi Azərbaycana böyük sərmayənin qoyuluşuna icazə verdi”.

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi zamanı çıxış edərkən səsləndirib.

Dövlət başçısı bunu tarixi hadisə adlandırıb: “Çünki o vaxt mərkəzləşdirilmiş fondlardan respublikaya vəsait cəlb etmək çox böyük çətinliklərlə başa gəlirdi. Nəzərə alsaq ki, Heydər Əliyev yeni rəhbər idi və onun dərhal belə bir təşəbbüslə çıxış etməsi sovet rəhbərliyində bir çoxlarını təəccübləndirmişdi. Ancaq bütün bunlara baxmayaraq, onun fəaliyyəti və yorulmaz səyləri nəticəsində 1971-ci ildə bu stansiyanın tikintisi haqqında qərar qəbul edildi, Azərbaycana mərkəzləşdirilmiş fondlardan böyük vəsait qoyulmağa və stansiyanın tikilməsinə başlandı. Ulu Öndər hələ Azərbaycanda rəhbər olan zaman stansiyanın birinci bloku istismara verildi – 1981-ci ildə. Sonra Heydər Əliyev Moskvada Siyasi Büroda fəaliyyətə başlayanda və Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışanda daim gözü Azərbaycanın üstündə idi. Heydər Əliyev bu stansiyanın tikintisinə xüsusi əhəmiyyət verirdi və onun fəaliyyəti nəticəsində qalan 7 blok da inşa edilmişdi. İndi təsəvvür etmək mümkün deyil ki, əgər bu stansiya o vaxt tikilməsəydi, biz müstəqillik dövründə hansı problemlərlə üzləşə bilərdik. Çünki yenidən qurulandan sonra bu stansiyanın generasiya gücü 2400 meqavatdır.

Təbii ki, ondan sonra, xüsusilə son 16 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir və onların arasında böyük stansiyaları xüsusilə qeyd etmək istərdim – “Cənub” təxminən 800 meqavat, “Səngəçal” 300 meqavatdan çox, “Sumqayıt” 525 meqavat, “Şimal-2” 400 meqavat, ondan əvvəl “Şimal-1” 400 meqavat. Bütün bunlar son illərdə tikilmiş stansiyalardır. Ancaq müstəqilliyimizin ilk illərində Azərbaycan yalnız bu stansiya hesabına yaşayırdı. Yalnız Heydər Əliyevin uzaqgörənliyi və vaxtında atılmış addımların səmərəliliyi nəticəsində Azərbaycan ayaqda dura bilmişdir. Ona görə bu gün Ulu Öndərin abidəsi önündə onun bu xidmətlərini biz xüsusilə qeyd etməliyik”.

 

 





25.06.2020    çap et  çap et