525.Az

Azərbaycanlı tələbə "Möhtəşəm yüzil" filmi ilə bağlı prokurorluğa müraciət edib


 

İDDİAYA SƏBƏB FİLMİN 115-Cİ BÖLÜMÜNDƏ SƏFƏVİ HAKİMİYYƏTİ BARƏDƏ "FARS DÖVLƏTİ" İFADƏSİNİN İŞLƏDİLMƏSİDİR

Azərbaycanlı tələbə "Möhtəşəm yüzil" filmi ilə bağlı prokurorluğa müraciət edib<b style="color:red"></b>

İlhamə QASIMLI

Ankara

 

Türkiyə serial sənayesinin son illərdə uğurlu layihələrindən olan "Möhtəşəm yüzil" filmi yenidən qalmaqal hədəfi olub. Ankaradakı nüfuzlu Hacettepe Universitetinin diş həkimliyi fakültəsində təhsil alan, əslən Cənubi Azərbaycandan olan tələbə Məhbub Əmrahi filmin istehsalçısı olan şirkətlə bağlı prokurorluğa iddia ərizəsi təqdim edib. Məhbub Əmrahi Ankarada yaşadığı üçün ərizəni bölgə prokurorluğuna verib. Onun etirazına səbəb filmin keçən həftə yayınlanmış 115-ci bölümündə olan bir dialoq olub.

Azərbaycanlı tələbənin iddiası filmin istehsalçısı olan "TIMS production"u da hərəkətə gətirib. "Şirkət, yaxın günlərdə mətbuat üçün açıqlama verməyə hazırlaşır. Lakin biz tarixi faktları filmin ssenarisinə inteqrasiya edərkən araşdırma aparırıq"  - "TIMS production"un mətbuat təmsilçisi Gözdə Yılmaz 525-ə bildirib.

 

"Fars hüdudunda" "dost bir fars dövləti"

 

Mübahisəyə səbəb olan epizodda Osmanlı xanədanının baş vəziri Rüstəm Paşa ilə Səfəvi hökmdarı Şah Təhmasibin qardaşı Elqasın diAloqunda Səfəvi hakimiyyəti barədə "fars dövləti" olaraq bəhs edilir.

"Şahzadə Elqas:

- Buraya gəliş səbəbim sizə məlumdur. Qardaşım Təhmasiblə təkrar savaşmaq haqqım olan taxtı almaq istəyirəm.

Baş vəzir Rüstəm Paşa:

- Mövcud vəziyyətdə bunun o qədər mümkün olmadığının fərqindəsən, inşaallah.

Şahzadə Elqas:

- Təkbaşıma mümkün olmadığı doğrudur. Lakin Sultan Süleyman xan arxamda olursa, önümdə heç kim dura bilməz. beləliklə Osmanlı ilə dost bir fars dövlətinin təməllərini ata bilərəm.

Baş vəzir Rüstəm Paşa:

- Hünkarımızın belə bir dəstəyə isti baxacağını sanmıram. Gözləri xristian aləmində. Buna görə Avstriya ilə bir anlaşma imzalamadıq. Ferdinantın səfirlərini bu üzdən iki ildir gözlədirəm.

Şahzadə Elqas:

- Cürətimi bağışlayın paşam. Lakin fars hüdudunuz güvənlikdə olmadıqca Osmanlının rahatlığa qovuşmayacağı da aşkar".

Ankara prokurorluğuna iddia ərizəsi verən Məhbub Əmrahi deyir ki, bu dialoqda iki dəfə Səfəvi hakimiyyəti "fars dövləti" kimi vurğulanıb. "Bu filmin 50- yaxın ölkədə yayınlandığı reallığını düşününcə Səfəvi imperatorluğunun kimliyinin o xalqlar arasında yanlış təsəvvür yaradacağı qorxusu məni prokurorluğa müraciət etməyə məcbur etdi", deyir iddiaçı.

 

"Coğrafi-siyasi vurğu"

 

"TIMS production" şirkəti "yanlış təsəvvür" iddialarını qəbul etmir. "Biz tarixi faktları filmin ssenarisinə inteqrasiya edərkən araşdırma aparırıq. 115-ci bölümdə "fars" ifadəsi iki dəfə istifadə olunub: biri "fars hüdudu", digəri isə "fars taxtı" şəklində. Hər ikisi coğrafi-siyasi vurğusu olan, o dönəm üçün istifadə olunan tarixi təbirlərdir. Ssenari o dönəmə aid xəritə üzərindən incələnərək yazlıb", - deyə şirkətin mətbuat üzrə təmsilçisi Gözdə Yılmaz filmin məsləhətçilərinin hazırladığı yazılı rəyi oxuyub.

ŞƏKİL: "-Süleyman xan arxamda olursa, önümdə heç kim dura bilməz. beləliklə Osmanlı ilə dost bir fars dövlətinin təməllərini ata bilərəm.

Baş vəzir Rüstəm Paşa:

- Hünkarımızın belə bir dəstəyə isti baxacağını sanmıram. Gözləri xristian aləmində. Buna görə Avstriya ilə bir anlaşma imzalamadıq. Ferdinantın səfirlərini bu üzdən iki ildir gözlədirəm.

Şahzadə Elqas:

- Cürətimi bağışlayın paşam. Lakin fars hüdudunuz güvənlikdə olmadıqca Osmanlının rahatlığa qovuşmayacağı da aşkar".

 

Azərbaycan hakimiyyətindən reaksiya

 

Filmin ötən ilin sentyabrında yayınlanmış bölümlərindən birində Osmanlı ordusunun Təbrizə yürüşü canlandırılan epizodda Sultan Süleymanın baş vəziri Parqalı İbrahimin dili ilə Səfəvilər dövlətinin ikinci şahı Şah Təhmasib "Dəyyus Təhmasib" adlandırılmışdı. Bu epizod Azərbaycan ictimaiyyətində narazılığa səbəb olmuşdu. Çünki Azərbaycanda Şah İsmayıl Xətai onun sələfləri müsbət tarixi şəxsiyyətlər kimi qəbul olunur tarix dərsliklərində tədris edilir. "Möhtəşəm yüzil" Səfəvilər hakimiyyətinə qarşı sərt ifadələr səsləndirilməsindən az müddət sonra Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mətbuatda Şah İsmayıl Xətainin Azərbaycan tarixinin önəmli şəxsiyyətlərindən biri olduğu haqda elmi məqalə ilə çıxış etmışdi. Məqalədə Xətai haqqında "strateji məqsədi dövlət maraqlarını müdafiə etmək" olan dövlət başçısı kimi bəhs edilirdi. "Şah İsmayılın strateji məqsədi dövlət maraqlarını müdafiə etmək idi. Dövlətin ərazisinin yeni torpaqlar hesabına genişlənməsinə, Azərbaycan dövlətinin keyfiyyətcə yeni xarakter almasına baxmayaraq, yeni türk əyaləti deyil, öz xüsusi məqsəd maraqları olan imperiya yaradılmışdı. Bu, vahid, mərkəzləşdirilmiş, öz etnik tarixi, ərazisi ideologiyası, bütün zəruri dövlət atributları olan Azərbaycan dövləti idi təsir dairəsi uğrunda rəqabət aparan qonşularla münasibətlərdə özünü göstərməyə bilməzdi... Qızılbaş ordusunun Yaxın Şərqdə sürətli irəliləyişini cəsarətlə Şah İsmayıl Xətainin uzağa hesablanmış planları üçün ilkin zəmini kimi qiymətləndirmək olar. Əbəs yerə deyil ki, qızılbaşların təbliğat maşını onun ətrafında şiə müsəlmanların nicatı, göylərin elçisi, sünniliyin dayağının - Osmanlı imperiyasının zülmündən qurtaran xilaskar obrazı yaradırdılar",- Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev elmi məqaləsində yazmışdı.

 

"Düşmən deyil,

qarşı-qarşıya olan türklər"

 

Türkiyənin nüfuzlu tarixçilərindən professor Yusuf Halacoğluya görə, "Səfəvi dövlətini fars dövləti olaraq söyləmək çox yanlışdır". 525-ə müsahibəsində tarixçi deyib ki, "Səfəvilər İran coğrafiyasında qurulmuş təmiz türk dövləti olub". Yusuf Halacoğluna görə, Türkiyə tarixində o dövr hadisələrindən "qarşısındakı sanki düşmənmiş kimi" bəhs edilir. "Amma o dövrdə baş verənlər iki türk dövlətinin savaşı, bir sıra şəxslərin siyasi iddialarından meydana gəlmiş, türklərin qarşı-qarşıya qoyulduğu savaş kimi təqdim edilməli, bu cür savaşlara bir daha düşürülməməsinin vacibliyi baxımından təhlil edilməlidir" - deyir tarixçi professor. Onun sözlərinə görə, əgər prokurorluq işin istintaqına başlayarsa, ekspert rəyi üçün tarixçilərə müraciət olunacaq. "Şəxsən məndən soruşsalar ki, Səfəvilər türk dövlətidir, ya yox, cavab yazaram ki, İranda qurulmuş türk dövlətidir", alim rəyini bildirib.

 

"3 aydan 1 ilə qədər həbs cəzası"

 

"Burda həqarət olub-olmadığını prokuror müəyyənləşdirəcək. Əgər prokuror filmdə həqarət olduğunu təsdiq edərsə, müəyyən olunmuş şəxslər, məsələn, yayın quruluşunun, prodüsserin təqsirinə baxıb günahkarları müəyyənləşdirəcək" - mətbuat cəza hüququ üzrə vəkil Özlem Dincturk Şenel prokurorluğa edilmiş şikayəti şərh edərkən deyib. 525-ə müsahibəsində vəkil deyib ki, istintaq araşdırmasında "həqarət" ittihamı sübut edilərsə, günahkarlara 3 aydan 1 ilə qədər həbs cəzası ya pul cəzası kəsilə bilər. "Amma təcrübədə belə hallarda həbs cəzası verilmir, pul cəzası tətbiq edilir. Əgər filmin əvvəlki bölümlərində həqarətlərə yol verildiyi təsdiq olunarsa, bunun ictimai fikri yönləndirmək məqsədi güddüyü qəsdən edilmiş hərəkət kimi araşdırıla bilər", deyə o, əlavə edib.

Lakin Məhbub Əmrahi filmin əvvəlki bölümləri ilə bağlı "həqarət" iddiasında olmadığını deyir: "O dönəmdə həqiqətən qarşılıqlı olaraq oxşar təhqirlər yer alıb. Amma son bölümdə səfəvilərin türklüyünün inkarı səfəvilərə qarşı edilən küfrlərdən daha pisdir. Onsuz dz Güney azərbaycanlılar olaraq İranda bizim tariximiz, kimliyimiz inkar edilir. Türkiyə mətbuatında bizim kimliyimizin inkarı çox üzücüdür", deyə Məhbub Əmrahi prokurorluğa müraciət etməsinin səbəblərinə aydınlıq gətirib.

Filmdə sözügedən epizodu izlədikdən sonra "çox hirslə" prokurorluğa istintaqın başladılması üçün müraciət edən iddiaçıya 20 gün sonra rəsmi cavab veriləcəyini bildiriblər.

30 yaşlı Məhbub Əmrahi İranda azərbaycanlıların milli haqları uğrunda mübarizə aparan siyasi fəallardandır. Xoy şəhərində doğulub. Deyir ki, 2006- ilin may-iyun ayarında siyasi fəaliyyətinə görə İranda həbsdə yatıb. Həbsdən sonra elə həmin ilin sonlarında Türkiyəyə gəlib burda Hacettepe Universiteti diş həkimliyi fakültəsinə daxil olub. Hazırda üçüncü kursda oxuyan Əmrahi, Günaz TV peyk kanalında "Dövlətçiliyə doğru" proqramının aparıcısıdır.

 

"Yeni Osmançılıq siyasəti"

 

Tarixin bədiiləşdirilmiş təqdimatının siyasi əlaqələrə təsiri ola bilərmi? Səfəvilər hakimiyyəti dövrünə aid araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıla görə, Türkiyənin müasir siyasətində  "Yeni Osmançılıq" siyasəti dövriyyəyə buraxılıb". "Amma "Osmanlıların pisliyinə sahib çıxmalıyıq" düşüncəsinin türk dövlətləri ilə münasibətlərdə problem yaradacağı nəzərə alınmır. Seriallardakı bu cür tarixi yanlışlıqlar dövlətlər arasında siyasi qalmaqala səbəb olmasa da, türk topluluqları arasındakı mənəvi telləri zədələyir, o cümlədən Türkiyəyə inam etibara sarsıdıcı zərbə vurur", - deyə, tarixçi əlavə edib.

P.S. Mahbub Əmrahinin Ankara prokurorluğuna etdiyi müraciət, deyəsən, ilk nəticələrini göstərir. Keçən həftə internetdə rahatca izlənilən 115-ci bölum indi bir çox saytlardan qaldırılıb. internetdə yalnız həmin bölümdən kiçik fraqmentlər qalıb ki, burda da mübahisəli həmin epizod yoxdur.

 





25.12.2013    çap et  çap et