525.Az

Qadın ürəyi - Türkan Turan yazır


 

Qadın ürəyi - <b style="color:red">Türkan Turan yazır</b>

Qış idi. Buludlar göy üzündən ağır bir yük kimi üzü aşağıya sallanırdı. Boğucu bir atmosfer var idi. Sərt hava özünü göstərməyə başlayanda iki mərtəbəli, böyük evin yaxınlığına çatmışdım.

Niyəsini bilmirəm, amma buranı görəndə ürəyimə dözülməz bir kədər çökdü. Qarşımda uzanan mənzərəyə, yalın qalmış evə, çılpaq divarlara, bütün doğmalarını itirmiş gözləri xatırladan bomboş pəncərələrə baxanda ruhum vücudumun içində canını qoymağa yer tapmadı. İnsan burada elə bir soyuq, elə bir çöküş, elə bir xəstəlik, beynində bərpası mümkün olmayan elə travma hiss edirdi ki, heç bir xəyal gücü bunu söyləmək üçün yetərli deyildi. Dayanıb düşündüm. Müəmmalıdır, məni bu qədər hüzursuz edən nə idi? Həmin an hisslərimdən daha dərin olan bu qeyri-müəyyənliyi analiz etmək gücündə deyildim.

Bura qədər gəlmişdim. Deməli, içəri girməyi də gözə almışdım. Evin sahibi sonuncu dəfə əlindən zorla qaçıb qurtulduğum keçmiş sevgilim idi. İllərdir görüşmürdük. Uzaqda, internetin olmadığı, işığın saatla yandığı, suyun vedrələrlə bulaqdan daşındığı, telefonun şəbəkəsinin çətinliklə işlədiyi bir kənddə özümə həyat qurmağa çalışarkən mesajını almışdım. Hansı tarixdə göndərildiyini bilmədiyim mesaj mənə üç-dörd gün öncə çatmışdı. Cümlələrdən fışqıran həyəcan, təcili çağırış, azacıq hiss edilən yalvarış məni bura qədər gəlməyə vadar etmişdi. Vəziyyətinin yaxşı olmadığı bəlli idi. Qurşaqdan aşağısının iflic olduğunu, yatağa məhkum qaldığını, bu son günlərində məni görmək istədiyini yazırdı. Maraqlıdır ki, çəkdirdiyi bütün əzablara rəğmən hələ də onun yanına gələ bilirdim. Sevgidən olduğuna əmin deyiləm, bəlkə də mərhəmət, ya da vicdan idi məni bura gətirən. Yazdıqlarını səmimi qəbul etmişdim. Elə ən çox da buna görə, uzun yol qət edərək gəlməyi gözə almışdım.

Çoxdandır ondan xəbərim yox idi. Nə edir, nə işlə məşğuldur, yenə atasından qalan şirkətin sahibidirmi, yoxsa iflasmı edib, ayaqları niyə yerimir - bütün bunların hamısından xəbərsiz idim.  Xəyal gücüm dəyirman daşı kimi dayanmadan fikir üyüdüb tökürdü. Yenidən dayandığım yerdən evi gözətləməyə başladım. Bu köhnə, amma gözoxşayan evə yaxınlaşdıqca gözümdə bir az da eybəcərləşirdi. Sanki ev sütunlarının üzərində intihar etmişdi. Yox, xaraba deyildi, amma gözümə ən əcaib şəkillərdə görünürdü. Yaxınlaşanda qapı öz-özünə açıldı. Udqundum. Bir addım geri çəkildim. Bu vaxt qapı arxasından evin xidmətçisi boylandı. Onu daha əvvəl görməmişdim. Qadın olduğunu iri sinəsi ələ verirdi. Gözləri zindan küncünə qısılmış kimi baxırdı. Hiss edilirdi ki, evin ürküdücü ab-havasına o da yoluxub. Qapını örtdü, üzümə baxmadan, bir kəlmə söyləmədən arxasını çevirib mətbəxə üz tutdu. Sobada nəsə bişirirdi, tanış qoxu deyildi, hətta nəfəs kəsəcək qədər ağır idi. Dəhlizdə qonaq otağına doğru irəlilədim. Tikanlı hisslər içimə yenidən batmağa başladı. Evin içində addımladıqca döşəmədən çıxan cır səs beynimin qıvrımlarını sanki daha da büzüşdürürdü.

Birlikdə olduğumuz on ay ərzində bu evdə dəfələrlə gecələmişdim. Öz yuvam kimi isti, doğma idi. Amma aradan keçən zaman ərzində ev sanki köhnə bir tabuta çevrilmişdi.

Qonaq otağında kimsə yox idi. İkinci mərtəbədən zorla eşidiləcək qədər zəif səslər gəldi qulağıma. Taxta pilləkənlə yavaş-yavaş yuxarı qalxdım. Qapısı açıq otağa yaxınlaşaraq içəri baxdım. O idi, əzab dolu baxışlarla gözlərini tavana zilləyib, bədəninə şiş batırılmış kimi inləyirdi. Həkim çantasını toplayaraq tezliklə hər şeyin yaxşı olacağını söyləyib otaqdan çıxan kimi içəri keçdim. Məni qarşısında görəndə acısı dindi, ağrı bədənindən uçub getmiş kimi oldu və həmişəki sağlam səs tonu ilə ilk cümləsinini ağzından çıxardı:

- Gələcəyini bilirdim!

Bir neçə dəqiqə susduq. Ona acıyaraq, heyrət içində baxırdım. Bəlkə də qısa müddətdə dəhşətli dərəcədə dəyişən ilk insan idi. Qarşımda ruhdan zorla seçilən bu adamla bir müddət əvvəl sevgili olduğumu qəbul etməkdə çətinlik çəkirdim. Bir neçə günlük cəsədin nəfəs alan halına bənzəyirdi. Baxımsızlıqdan uzanan saçları bir-birinə qarışmışdı. Bütün gördüklərim məni qarşımdakının kimliyi ilə bağlı şübhə edəcək vəziyyətə salmışdı.

Səsi də qəribə idi. Sərxoş, amma hələ ki özünə nəzarət edə bilən insanlar kimi danışırdı. Hərəkətləri, davranışları ziddiyyətli görünürdü. Bu dəfə öncəkindən daha uzun cümlə qurdu:

- Mənə rahatlıq gətirməyini istəyirdim. İndi özümü daha yaxşı hiss edirəm.

Bayaqdan bəri yarıqaranlıq otaq onsuz da ürəyimi sıxırdı. Oturduğum yerdən qalxıb işığı yandırmaq istəyəndə nərə çəkmiş kimi bağıraraq  "söndür" dedi. Əllərim titrəyərək dediyini elədim və çiynimdən çıxartmadığım çantamı bərk-bərk bağrıma basdım. Yanlış qərar vermişdim, bu adamla yenidən qarşılaşmaq etdiyim növbəti axmaqlıq idi. Gözlərimi çuxurundan çıxacaqmış kimi bərəldib ona baxdığımı və getməyə hazır dayandığımı görüb yenidən yazıq görkəm aldı.

- İşığa baxa bilmirəm. Bir neçə saniyədə məni kor qoya bilər.

- Bilmirdim, - dedim.

Amma yenə də gərgin idim. Hə, tamamilə dəyişmişdi, bircə içindəki canavar gücünü itirməmişdi.

- Mənə acıyaraq baxma!

- Bu hala düşməyinin səbəbi nədir?

- Bu haqda danışmaq istəmirəm.

- Məni niyə çağırmısan?

- Ömrümün sonuna nə qədər qaldığını bilmirəm. Bəlkə bir gün, bəlkə bir həftə, bəlkə bir ay. Bəlkə də bu yaşadığım son  saatlardır. Hiss etdim ki, bu məqamımda ehtiyacım olan sənsən.

- Nə etməyimi istəyirsən?

Gülümsündü:

- Bilmirəm. Sadəcə, dünyadan gedərkən son dəfə sənin üzünə baxmaq istədim.

- Başıma açdığın oyunları nə tez unutmusan?

- Bağışla.

Yenə otağa ölüm səssizliyi çökdü. Artıq mətbəxtdəki öldürücü qoxu ikinci mərtəbəyə qədər gəlirdi.

- Bəlkə pəncərəni açım otağın havası dəyişsin?

- İstəmirəm, bu qoxu mənim qidamdır!

Hiss edilirdi ki, təkcə vücudu deyil, psixologiyası da yerində deyil. Ürəkbulandıran qoxu necə qida ola bilər?!

- Mənə Bethovenin "Ay işığı" sonatasını çala bilərsən?

Sakitcə otağın küncündə - həmişə olduğu yerdə duran pianonun arxasına keçdim. Barmaqlarım pianonun dillərində gəzindikcə, özümü məzar içində ölüləri əyləndirən ifaçı kimi hiss edirdim. Musiqi bitməmiş xidmətçi otağa girdi. Yarıda kəsməyib davam etdim. Bitirəndə arxaya çevrildim. Əlil arabasında oturub məni alqışlayırdı. Zorla hiss edilən təbəssümlə qarşılıq verdim.

- Mənimlə gəl, sənə yaratdığım cənnəti göstərəcəm.

Arabasının təkərlərinə güc verərək otağın qapısından çıxdı. Yerimdən tərpənmirdim, ölməyə hazırlaşan adam bir anda canlanmışdı sanki. Dəhlizdən səsi gəldi:

- Səni gözləyirəm.

Əvvəl tərəddüd etdim, sonra yazıq görkəminə baxdım və ondan mənə heç bir təhlükənin gəlməyəcəyinə əmin oldum. Sakitcə arxasınca getdim. Xidmətçinin yardımı ilə zirzəmiyə endik. Bir ara fürsət tapıb qadının qulağına əyildim, pıçıltı ilə mətbəxdə bişənin nə olduğunu soruşdum. Amma mənə zərrə qədər əhəmiyyət verməmişdi. Tez-tez görünüb sonra kabus kimi yox olan qadın yenə bir göz qırpımında aradan çıxmışdı. Zirzəminin qarşısında ikimiz qaldıq. Buranın adı zirzəmi idi, ancaq digər mərtəbələrdəki adi otaqlardan çox da fərqlənmirdi. Qapını özü açdı. İçəri keçəndə yuxarıdakı öldürücü qoxunun mənbəyi bəlli oldu.

-  Buradan dəhşətli iy gəlir, - deyərək əlimlə ağzımı-burnumu tutdum.

- Alışacaqsan, - dedi soyuqqanlılıqla.

- Niyə burdayıq?

Əlini küncə uzadaraq:

- Soyuducunun qapısını aç - dedi.

Bu, soyuducudan bir neçə dəfə böyük qara dəmir qutuya bənzəyirdi. Ürəyim sanki qulağımda döyünürdü. Ətrafdan gələn səslər qulağımda şiddətli külək kimi ulayırdı. Dediyini etdim. Qarşımda dəhşətli mənzərə vardı. Həmin vaxt ruhumun bədənimdən ayrılmaması üçün özümü zorla ayaq üstə saxlamağa çalışdım. Soyuducunun içi üst-üstə yığılmış cəsədlərlə dolu idi. Dəhşət içində ona çevriləndə ölüm kimi arxamda dayanıb mənə baxdığını gördüm.

- Bu qədər oyun qurmaqda məqsədin nə idi?

Daş kimi hərəkətsiz üzünü üzümə çevirib gözlərimin içinə baxdı. O susduqca cəsəd qoxusundan deyil, həyəcandan boğulduğumu hiss edirdim. Amma bunu var gücümlə gizləməyə çalışırdım.

- Ömrümün sonuna az qalıb. Bir neçə gündən sonra ölüb gedəcəm. Ona görə də, geridə mənə aid nəsə qalsın istəmirəm.

- Soyuducudakılar kimdir?

- Keçmiş sevgililərim.

İçimdə özümə lənət oxuyurdum. Bu əclaf məni bura öldürmək üçün çağırıbmış. Necə belə düşüncəsiz addım atmışdım? Axı, mənim burada nə işim vardı? İllərlə yaşadığım cəhənnəm kimi həyatdan sonra ağlını itirmiş, yanlış kişinin qurbanı olacağıma inanmaq istəmirdim. Həyatım bu cür mənasız sonlanmamalı idi.

Baxışlarımı bir anlıq qapıya çevirdim. Bunu görən kimi beynimdən nə keçirdiyimi dərhal anladı. İçindəki canavar yenidən dişlərini çıxartdı və qışqırmağa başladı:

- Ağlından belə keçirmə. Mənə aid olub məndən ayrı qalan son insan idin. Hər halda səni burada tək qoyub gedəcəyimi düşünmürsən. Narahat olma, dünyanı birlikdə tərk edəcəyik.

Bədəninə iki-üç ölçü böyük olan köynəyinin altından silahını çıxartdı. Gözlərimi yumdum. Bu vaxt qəribə bir səs gəldi. Silah atışı deyildi. Gözlərimi açanda, sısqa bədəninin qarşımda yerə sərilmiş vəziyyətdə inildədiyini gördüm. Həmin an evdən necə çıxdığımı bilmirəm. Bircə onu bilirəm ki, dayanmadan qaçırdım. Birdən arxadan vuran istiliyi hiss edərək çevrilib baxdım. Aramızda xeyli məsafə var idi. Xidmətçi məni xilas etdikdən sonra evə od vurmuşdu. Dayanıb ona baxdığımı görüb ucadan qışqırdı:

- Bir də heç vaxt çıxdığın yoldan geri dönmə, eşidirsən məni? Uçurumun kənarında həmişə bir xilaskar dayanmır. İndi isə get və bütün gördüklərini unut.

Arxamı çevirib qaçmağa davam etmək istəyəndə yenidən ayaq saxladım:

- Mətbəxtdə bişirdiyiniz nə idi?

- Soyuducudakı qadınların ürəyi!

 





26.06.2020    çap et  çap et