525.Az

"Məsumiyyət muzeyi" - Uzun sözün qısası


 

"Məsumiyyət muzeyi" - <b style="color:red">Uzun sözün qısası</b>

Gənc yazar Aytac Sahədin təşəbbüsü ilə başladığımız "Uzun sözün qısası" rubrikası davam edir. Rubrikanın məqsədi tanınmış klassik əsərlərin qısa süjetinin təqdim olunmasıdır.

Niyyətimiz gənc nəsli məşhur əsərlərin, heç olmasa, qısa məzmunu ilə tanış etmək, eyni zamanda, gənclərin diqqətini bu əsərlərə çəkmək, maraq oyatmaqdır.

Əsasən, Azərbaycan ədəbiyyatını əhatə edəcək bu layihənin uzunömürlü olacağına inanır, müəllifə uğurlar arzulayırıq!

"525"

Uzun sözün qısası

Məsumiyyət muzeyi


Nobel mükafatı laureatı Orhan Pamukun "Masumiyyət muzeyi" romanı
2008-ci ildə nəşr olunub. Pamuk kitabı qızı Röyaya ithaf edib.
 
Romandakı hadisələr 1970-2000-ci illəri əhatə edir. Kitab əsasında yaradılmış eyniadlı muzeydə də bu illəri əks etdirən eksponatlar nümayiş olunur... Roman "New York Times" qəzetinin "2009-cu ilin ən yaxşı kitabları" siyahısında yer alıb.


Romanımızın qəhrəmanı Kamal Türkiyənin ən tanınmış ailələrindən biri olan Basmacı ailəsinin oğludur. Özünün də dediyi kimi, kasıblar ölkəsində zəngin ailədə doğulduğu üçün şanslı insandır. Ancaq o, özünü təkcə zəngin ailədə doğulduğu üçün şanslı hesab eləmir. Yaxşı təhsili, dəyər verdiyi dostları, ən əsası da nişanlanmaq üzrə olduğu Sibel kimi gözəl sevgilisi olduğu üçün şanslı hesab edir. Uzun sözün qısası, bizim bu Kamal xoşbəxt adamdır. Ancaq onun "hayatımın en mutlu anı" dediyi anın bu sadaladıqlarımla əlaqəsi yoxdur. O "mutlu an" Füsunun əsəridir.

Füsun Kamalın uzaq qohumudur. Qohumluq əlaqələri olmasına baxmayaraq, illərlə bir-birindən xəbərsiz yaşayıblar. Ta ki, Kamal Füsunun işlədiyi dükana gedənə qədər. Bu görüş onların sevgi macərasının başlanğıcı olur. Bir-birini sanki yenidən kəşf edir, hər görüşdə bir-birlərinə daha çox bağlanırlar. İlk görüşlərinin bəhanəsi Kamalın universitetə hazırlaşan Füsuna dərslərində kömək etməsi olsa da, zaman keçdikcə bəhanələri soyunub sevgiyə sığınırlar. Beləcə, iki aya yaxın az qala hər gün hamının gözündən uzaq Marhamet apartmanında görüşürlər. Kamalın nişanından sonra  isə bu görüşlər kəsilir. Burda belə bir sual yaranır. Əgər həqiqətən də Kamal Füsunu sevirdisə, niyə Sibellə nişanlanırdi? Maraqlısı budur ki, o özü də bu sualın cavabını bilmir. Çünki sevgisinin gücündən xəbərsizdir, xəbər tutanda isə artıq çox gec olur. Belə ki, nişandan sonra Füsun yoxa çıxır. Onu  tapa bilməyən Kamal ilk günlərdə unuda biləciyinu düşünsə də, günlər keçdikcə onsuz yaşaya bilmədiyini anlayır. Gəzdiyi bütün küçələr ona Füsunu xatırladır. Bir tərəfdən gec anladığı sevgisi, bir tərəfdən də vicdan əzabı ona rahatlıq vermir. Bir müddətdən sonra Sibeldən də ayrılır. Ancaq Füsunu tapa bilmir ki, bilmir.

Beləcə, bir il keçir. Bir il həsrət, bir il ağrı, bir il peşmanlıq. Romanın ən mənalı hissələrindən biri də məhz Kamalın Füsunsuz keçən bir ildə hiss etdikləri və bu hisslərin xatirələrlə olan ahəngidir.

Bu xatirələri xəyallarla əvəz etmək üçün Kamal nə az, nə çox düz bir il gözləməli olur. Bir ildən sonra gələn məktub onu yenidən həyata qaytarır. Çünki məktubu yazan Füsun olur. Kamal məktubu oxuduğu andan məktubda qeyd olunan ünvana gedənə qədər özü üçün hər şeyi aydınlaşdırır. O, bu dəfə eyni səhvi təkrar etməyəcək, Füsunla evlənəcəkdi. Ancaq Fusun artıq ərdəydi. Əsərin bura qədər olan hissəsi çox kitablarda oxuyub çox adamdan eşitdiklərimizdir. Qovuşa bilməyən sevgililər. "Masumiyyet muzeyi"ni  onlardan fərqləndirən isə bundan sonra olanlardır.

Kamal Füsunun evli olduğunu eşidəndə çöküş yaşasa da, Füsunun anasının bu evliliyin məcburiyyətdən qurulmuş saxta evlilik olduğunu deməsi ilə yenidən ayağa qalxa bilir. Bu gücü, o, Füsuna olan sevgisində tapır. "Mutluluk insanın sevdigine yakın olmasıdır" deyərək 8 il Füsuna yaxın ola bilmək, onunla eyni süfrəyə oturmaq üçün 8 il uzaq qohum qiyafəsində az qala hər gün onun yaşadığı evə gedib-gəlir. Təbii ki, bu müddətdə özünü ailədən biri kimi qəbul etdirmək üçün çox diqqətli davranır. Əvvəl Füsunu görmək bəhanəsi ona dərslərində kömək etmək idisə, indi Füsunun ərinə film çəkməkdə kömək etmək bəhanəsindən istifadə edir. Füsunun əri rejissor olur. Onun ən böyük xəyalı film çəkmək və bu filmin baş rolunda Füsunu görməkdir. Ona görə də Kamal kimi bir qohumun maddi dəstəyindən imtina etmir. Əlbəttə, Kamalın hisslərindən xəbərsizdir, ya da özünü elə göstərir. Füsunun digər ailə üzvləri, atası ilə anası da əri Firudin kimi özlərini heç nə olmamış kimi aparır. Beləcə səkkiz il bu yalanla yaşamalı olurlar. Kamal bu səkkiz ildə çox əziyyət çəkməli olur. Ən çox da onu Füsunun özünü heç nə olmamış kimi aparması, ondan uzaq dayanması incidir. Buna baxmayaraq, ona yaxın ola bilmək, toxuna bilməsə də, onunla eyni masa arxasında yan stullarda oturmaq, onunla eyni otaqda nəfəs almaq belə onu xoşbəxt edir.

Kamalı illərlə gözləməyə vadar edən Füsunun yanında olarkən hiss etdiyi bu xoşbəxtlik duyğusu olur. Kamal üçün zaman anlayışı öz mahiyyətini itirsə də, zaman keçir. Artıq söz verdiyi filmi çəkməyin vaxtı gəlir. Fusunun baş rolunda çəkiləcəyi filmin hazırlıqları zamanı həm Kamal, həm də Firudun qərarını dəyişir. Səbəb isə ikisinin də Füsunu baş rolda oynayacaq aktyora qısqanmasi olur. Ona görə də Füsunun əvəzinə başqa bir qadını çəkirlər. Daha sonra Firudin bu qadınla sevgili olur. Beləcə, Kamalın illərlə gözlədiyi an gəlib çatır. Füsun ərindən ayrılır. Artıq onların qovuşması üçün heç bir əngəl qalmır. Və onlar evlənməyə hazırlaşır. Lakin Kamalın evlənməyə hazırlaşdığı Füsun illər öncə tanıdığı 18 yaşlı qızcığaz yox, yetkin qadındır. Bu dəyişiklik bəzən onu qorxutsa da, sevgisini azaltmır.

Kamal Füsunu xoşbəxt etmək üçün əlindən gələni edir. Onun Parisdə olmağı çox istədiyini bildiyi üçün nişandan dərhal sonra Parisə yola düşürlər. Ancaq yolda qəza baş verir. Qəzada Füsun həyatını, Kamal xoşbəxtliyini itirir.

Füsundan geriyə qalan xatirələr və əşyalar Kamalın təsəllisinə çevrilir. O, Füsundan "oğurladığı" bütün əşyaları bir yerə yığaraq muzeyə çevirir. Masumiyyet muzeyinə.

Kamal hekayəsinə “hayatımın en mutlu anıydı, bilmiyordum” cümləsi ilə başlayıb, “ben çok mutlu hayat yaşadım” cümləsi ilə bitirir. Bəli, bütün ağrılara rəğmən mən çox xoşbəxt yaşadım deyir. Biz bu xoşbəxtliyin nədə olduğunu anlamaq üçün ilk növbədə Kamalı anlamalıyıq. Düzü, onu da anlamaq çətindir. Daha doğrusu, Pamuku anlamaq çətindir. Bu roman onun ən çox tənqid olunan əsərlərindədir. Fusunun yalnız fiziki özəlliklərinin verilməsi, romanın bəzi yerlərində ifrat xırdaçılıq, dil xətaları və s. ən çox tənqid olunan məqamlardır. Lakin, hayatımın en mutlu anıydı, bilmiyordum" cümləsinin ağırlığını hiss edən insanlar üçün bu roman başqadır. Bambaşqa....

Kitabdan seçdiklərim

İnsan ancaq itirməkdən qorxduğu bir şey üçün yalan söyləyir.

Əslində, heç kim həyatının ən xoşbəxt anını yaşayanda həyatının ən xoşbəxt anını yaşadığını bilmir.

Oğlum, vaxtında iş-işdən keçmədən qadına yaxşı davranmağı bilmək lazımdır.

Hər ağıllı insan həyatın gözəl bir şey olduğunu, məqsədin də xoşbəxtlik olduğunu bilir. Amma sonra yalnız axmaqlar xoşbəxt olur. Bunu necə izah edək?

Bu ölkədə evlilikdən əvvəl yaxınlıq etdiklərinə görə illər sonra arvadını təhqir edən nə qədər kişi var.

Məncə, insanlar saxta məhsulu saxta olduğu üçün deyil, ucuz olduğu bilinər deyə istifadə etmək istəmirlər
Xoşbəxtlik insanın sevdiyinə yaxın olmasıdır.

İnsan ən çox sevdiyi şeyləri mövzu edərsə, sənətdə uğurlu olarmış.

 





28.06.2020    çap et  çap et