525.Az

Bakıda insan tıxacı - Natəvan Abdulladan yeni yazı


 

TƏRKİ-ŞƏHƏR OLMAĞA YARDIM ÇAĞIRIŞI

Bakıda insan tıxacı - <b style="color:red">Natəvan Abdulladan yeni yazı</b>

Dünyanın hər yerində böyük mərkəzi şəhərlərin meqapolisə çevrilməsi, nüfuz çoxluğunun yaratdığı iynə atsan yerə düşməyən qələbəlik kimi oxşar problemlər yaşanır. İnsan harda çoxdursa, dünyagörüşü, həyata baxış tərzi nə qədər çeşidlidirsə, mütləq o yerdə sıxıntılar, anlaşmazlıqlar da artır və bu amillər şəhərlərin öz axarı ilə, təbii şəkildə inkişafına əngəllər törədir.

Bakıdakı tıxaclardan,  şəhərin yüklənməsindən söz düşəndə adətən eşitdiyimiz ilk izah belə olur: səbəbkar rayondan, kənddən gələnlərdir. Və ardınca qarşılıqlı mühakimələr başlanır. Şəhərli kəndliyə kükrəyir: "Bax, niyə kəndində oturmursan, torpağını əkib-becərmirsən? Yel əsib qoz tökülüb Bakıda? Sizin əlinizdən bir azdan şəhərdə nəfəs almaq da mümkün olmayacaq".  Kəndlinin də cavabı anında hazır olur: "Kənddə iş var ki? Gərək bir çörək qapısı ola ki, yaşayasan. Dinəndə də get torpağını ək-becər deyib durursunuz. Biz kənddə toz-torpaq yeyib dolanmalıyıq?" Bu gün insanları fikir ayrılığı baxımından iki qütbə bölsək və hər iki tərəfi dindirsək, aşağı-yuxarı təxminən bu səpkili cavablar alarıq.

Məsələ burasındadır ki, insanlar kəndlərdən şəhərlərə köçün həmişə iqtisadi tərəfinə fokuslanırlar. İllərdir, üst-üstə qalaqlanan iqtisadi problemlər əvvəl-axır həllini tapsa - ümid edirik bir gün tapacaq - o zaman kəndli də, şəhərli də anlayacaq ki, şəhərə köçün tək səbəbi bu deyilmiş. Hələliksə, nə qədər ki, sosial məsələlər tam həll olunmayıb, insanlar bütün problemlərin əsasən bu amillərdən qaynaqlandığını iddia edəcəklər.

Dövr dəyişib. Amma bütün dönəmlərdə olduğu kimi, indi də yaşlı nəsil zəmanə gənclərini bəyənmir (amma heç zəmanə gəncləri də yaşlı nəsildən ötrü sinov getmir). Yaşlılara görə, indiki cavanlar yolunu azıblar; ürəkləri istəyən vaxt yuxudan dururlar, işi görmə təhərləri yanlışdır, geyimləri, düşüncələri düzgün deyil, böyük-kiçik, hörmət-izzət bilmirlər, hələ gedib sümüyümüzü də it sümüyünə calayırlar, heç indiki analar da düzgün qız yetişdirmirlər, gəlinlər özbaşınadır, bir sözlə, kəndlərdə qiyamət qopub deyə, hamı şəhərə axışır.

Ta əvvəllərdən yaşlılar həmişə evlərində böyüyən gəncləri öz qayda-qanunları ilə tərbiyə ediblər. Amma bu, bir az tərbiyə etməkdən çıxaraq, təsir altına salmaq, həyatlarını idarə etmək səviyyəsinə çatıb. Gənclər əvvəl-əvvəl müəyyən ölçüdə etiraz etsələr də, az sonra görüb-götürdükləri ilə barışaraq axına qoşulublar. İndisə zəmanə başqadır. Kompüterləşmə və informasiya bolluğu təsəvvürləri də dəyişib. İnsanlar görmədiklərini görüb, bilmədiklərini öyrəniblər. Bilgi, informasiya çoxaldıqca böyüklərin gənclər üzərindəki təsir gücü zəifləməyə başlayıb. Bu isə evdə, ailədə iqtidarını itirən, sözünün kəsəri azalan böyüklərin qanqaraçılıq salmalarına yol açıb. Bu qanqaraçılıqdan, dedi-qodulardan usanan gənclər kənddə düz yolları ilə getdikləri yerdə başlarını götürüb şəhərə - Bakıya pənah gətiriblər.

Mənzərənin gerçəkdən deyilən kimi olduğuna inanın. Onlarla gənc tanıyıram, bir loxma çörəyim olsun, qulağım dinc olsun deyib, şələ-şüləsini yığaraq Bakıya köçüb. Kənddəki durumlarından qat-qat kasıb, çətin maddi şərtlər içində yaşasalar da, deyirlər, cəhənnəm, əsas odur, qulaq dincliyim var, başım sakitdir.

Şəhərdə yaşlı nəsil sivilizasiyanın içərisində olduqlarından fərdləşmə prosesində özləri də bilmədən aşınır, yumşalır, dövrün tələblərinə uyğun formalaşırlar. Kənd yerlərindəsə bu nəsilin nümayəndələrini alışdıqları doqma və qəliblərdən çıxarmaq mümkün olmur. Xüsusilə, kiçik yaşayış məskənlərində, hamının bir-birini tanıdığı balaca kəndlərdə insanlar öz dəyərlərini qonşusunun, həmkəndlisinin baxışlarına əsasən müəyyənləşdirirlər. Hətta öz övladlarına da onların gözüylə yanaşırlar: "Amandır, dilə-dişə düşməyək", "Filankəsi pis deyirlər, onun qızını almayaq", "Bəhmənkəsin oğlu dizi cırıq şalvar geyinir" və s. Kəndlərdə insanlar bir-biriylə o qədər iç-içədir ki, hətta hansı xoruzun kimin olduğunu dimdiyindən müəyyənləşdirirlər. Belə mühitdə gənclər fərd, yaşlılarsa icma olmaq istəyir. Bu səbəbdən də ailəiçi münaqişələr, anlaşmazlıqlar artır. Gənc fərd bu söz-söhbətlərdən qurtulmağın  tək çarəsini ailədən, kənddən uzaqlaşmaqda görür.

Əlbəttə, burada işsizliyin də təsirini danmaq olmaz. İnsanları bir-birinin toyuq-cücəsini də tanıyacaq bekarçılıq səviyyəsinə gətirən nədir? İşsizlik! Bəlkə də zamanında kəndlərdə sənayeləşmə və nisbətən şəhərləşmə prosesi getsəydi, insanların düşüncə tərzi də, dünyagörüşü də dəyişərdi.

İllərdən bəri tərbiyə adı ilə böyüklərin kiçikləri təsir altında saxlamağa çalışmaları, onların xoşbəxt olub-olmayacağına əhəmiyyət vermədən zor gücü ilə öz doğrularını yeritmələri ənənəsi artıq iflas olub. Zaman dəyişdikcə hər kəsin mənəvi aləmi genişlənir, hər kəs müəyyən yaş dönəmində kiçik çaylardan böyük okeanlara açılmaq istəyir. Hər kəs özünü tapmaq arzusu, olduğu kimi qəbul edilmək istəyi ilə yola çıxır. Artıq "Atam-anam nə desə odur" dövrü keçib, indi "Mən kiməm?" dövrüdür. "Mən kiməm" sualı isə qəliblərdən çıxmaq, fərdləşmək deməkdir.

İndi biz kəndlərdən köçün iqtisadiyyata zərərlərindən də danışa, kəndlərdə insanların könüllü kooperativlər yaratmağa meyil göstərməməsindən, suvarma sahəsindəki çətinliklərin kəndliyə nə qədər zərər vurmasından, yerli icra orqanlarının bu məsələləri görməzdən gəlməsindən, toxum, dərman çatışmazlığından, yaxud bir atanın kənddə böyütdüyü üç övladının heç birinin kənd təsərrüfatı ilə məşğul olmamasından, bu sahədə gənclərə böyük ehtiyac duyulmasından, nəhayət, bütün bu məsələlərin doğurduğu və bundan sonra da doğuracağı dərin iqtisadi problemlərdən də söz aça bilərik. Amma mən bütün məsələlərə ilk növbədə mənəvi tərəflərdən baxmağın tərəfdarıyam. Bu sadalananlar kölgə səbəblərdir. İnsanı süstləşdirən, olduğu mühitdən, ətrafındakılardan uzaqlaşdıran, illərlə davam edib, nəhayətdə onu içəridən çürüdən başlıca səbəb mental yorğunluqdur. Yoxsa ki fiziki yorğunluğu aradan qaldırmağa nə var, oturub bir stəkan pürrəngi çay içirsən, keçib gedir.

Reallıq budur, kəndlərimizdəki böyüklərimizin "tərbiyə bələyi" orada böyüyən gənclərə dar gəlir. Fərqli olmaq, fərqli geyinmək, sərbəst davranmaq əxlaqsızlıq hesab olunur, hamılıqla qınaq obyektinə çevrilir. Evdəki təzyiqlər onları torpaqdan da, əməkdən də soyudur. Yoxsa vallah, tək xəyalım olan üzüm bağları salıb yerli şərab istehsal etmək, cins atlar yetişdirib taxılçılıqla məşğul olmaq, öz taxıl zəmimdə təmiz hava ala-ala yürüşə çıxmaq varkən, səhər tezdən saat səkkizdə metroya minib səksən nəfərlə bir vaqonda on stansiya yol getmək mənimçün qətiyyən xoş deyil. Bir kənd adamı kimi mənim bu şəhərdə yeganə təsəllim başımın sakit, qulağımın dinc olmasıdır.

Özünü şəhərdə tapan kəndlinin dramı. İşin ən xarab yeri də bax burasıdır. Bir gün ayılırsan ki, yaşın alıb başını qəbir evinə doğru gedir, illərdir, şəhərdə işləyib qazanmısan, bu ayın maaşını o ayın başına zorla calamısan, amma nə ev-eşik düzəltmisən,  nə də yurd sala bilmisən. Yəni özünə bir faydan olmayıb. Onda, deməli, heç dövlətinə də bir faydan dəyməyib.

Nə qədər ki, sosial problemlər həllini tapmayıb, əslən kənddən olan bütün gənclərin özünü tapmaları prosesi bax beləcə hüzünlü sonluqla bitə bilər.

Bəs, onda bu problemlər necə çözüləcək?

Kənddən şəhərə axının mənəvi tərəfinə baxanda, burada böyüyən gənclərin sosial kimlik problemi yaşadıqları ortaya çıxır. Eyni zamanda, daha yaxşı şərtlərdə, daha azad yaşamaq arzusuyla şəhərə üz tutan gənclər əslində, həm şəhərə yük, həm də öz həyatlarını maddi baxımdan daha da çətinləşdirmiş olurlar. Məsələyə daha ciddi yanaşsaq və bunu bütövlükdə cəmiyyətin problemi kimi nəzərdən keçirsək, əslində, həm demoqrafik, həm də sosial-iqtisadi baxımdan mövcud durumun yaxın gələcəkdə heç də ümidverici olmayacağını təsəvvür edə bilərik. Kənd yerində yaşayan gənclər şəhərlərə daha mədəni mühitdə yaşamaq arzusuyla üz tuturlar. Deməli, biz bu mühiti kəndlərə də daşıya bilsək, onların şəhərə axınının qarşısını almış olarıq. Burda mədəni mühit deyəndə, məsələn, Səttar Bəhlulzadənin rəsmlərini incələmə məharətindən yox, anlayış, düşüncə şəkilləri, nisbətən şəhərləşmə kimi sosial yeniliklərin tətbiqindən söhbət gedir. Bakını köç problemindən, insan tıxacından xilas etməyin yolu budur. Kəndlərdə iş qurmaq, təsərrüfat yaratmaq istəyənlər üçün şərait yaradılsa, zəruri ehtiyaclar təmin olunsa, şəhərlər meqapolislərə çevrilməzdən əvvəl, kəndləri qəsəbələrə, rayonlara çevirə bilərik. Bu isə o  yerlərdə yaşayan insanların həyat şəraitini əhəmiyyətli dərəcədə asanlaşdırar. İnsan rahat yaşadığı yerdən niyə köç etmək istəsin ki? Bu prizmadan baxanda, kəndlərdən şəhərlərə axını əslində, zorən köç də adlandırmaq olar.

Dünyanın inkişaf etmiş bir çox ölkələrində insanlar kənd təsərrüfatı ilə məşğul olmaq istəmir, şəhərlərə köç edirlər. Nəticədə kənd təsərrüfatında işçi qıtlığı yaranır. Qərbdə bu problemi əsasən könüllü layihələr həyata keçirməklə, dünyanın müxtəlif  yerlərindən mövsümi ucuz işçi qüvvəsi cəlb edərək aradan qaldırmağa çalışırlar. Bu üsula əhalisinin əhəmiyyətli bir hissəsi gənclər olan qardaş Türkiyə də əl atır. Yaşadığımız pandemiya günlərində sərhədlərin bağlanması ilə həmin ölkələrdə kənd təsərrüfatı böyük itki ilə üzləşdi. Bu ölkələrdə kənd təsərrüfatında işləmək istəməyən şəhərli işsizlərin sayı milyonlarladır, buna baxmayaraq, işçi qıtlığından onminlərlə hektar məhsul zay oldu. Bizim insanlarımızsa zəhmətkeş və əməksevərdir, ən ağır işləri də görməkdən çəkinmirlər. Ölkəmiz üçün böyük üstünlük olan bu amili, necə deyərlər, avantaja çevirmək lazımdır. Lazımi şərait yaradılsa, hamılıqla kəndlərdə gənclərin nələr bacara bildiyinin canlı şahidi olarıq. Bakıda 500-600 manata işləyib kirayədə yaşayan gənc dövlətin yardım paketiylə kəndində özünün təsərrüfat modelini yaratsa, həm özü qazanar, həm də ölkə iqtisadiyyatına töfhə verər, ən azından, dövlətin işsizlik maaşı yükünü azaldar. Bunun üçün sadəcə, sivilizasiyanı kəndlərimizə daşımalıyıq. Beləcə, Bakının canı insan tıxacından qurtular, kəndlərimiz isə üzü inkişafa meyillənər. Tək ehtiyacımız olan modern kənd modelləridir, bir də həqiqətən vətənini sevən, işini ləyaqətlə icra edən yerli icra orqanları.

Bu gün Azərbacan kəndlərində təsərrüfatla məşğul olan insanların yaş ortalamasına baxsaq, yaşı 40-dan yuxarı olan insan kütləsinin üstünlük təşkil etdiyini görərik. Bu insanların çoxunun övladları şəhərlərdə, xüsusilə Bakıda yaşayırlar. Dövlət dəstək versə belə, 15-20 il sonra bu insanlar təsərrüfatda çalışa biləcək fiziki gücdə olmayacaqlar. Bu mənada, indidən kənd təsərrüfatına gənc insanların qatılması lazımdır. Bir şəhərlinin "Mən təsərrüfatla məşğul olacam" deyib, kəndə getməsi ən azı uşaqlıqdan bu işin içərisində böyüməməsi baxımından ağlabatan deyil. Kəndlilərin bu gün şəhərdə yaşayan uşaqlarının isə gedib bu işi davam etdirməsi daha asan və anlaşıqlıdır. Amma onların da kəndə döndüyü zaman bir başlanğıc təkana ehtiyacları var. İstehsal şərtlərinin sağlamlaşdırılması, gənclərin təsərrüfata təşfiq proqramlarının banklarla, faizsiz kreditlərlə dəstəklənməsi onları ölkənın ən güclü iqtisadi dayağı mövqeyinə çıxara bilər. Beləcə, o gənclər heç bir qəlibə, heç bir çərçivəyə sığmaq məcburiyyətində qalmadan, sıxılmadan, çəkinmədən, dövlətə güvənərək rahat iş qurub həm ölkəsinin iqtisadi sütunlarına çevrilər, həm də iqtisadiyyatımızın neftdən asılılıq gerçəkliyindən qurtulmasına köməklik göstərmiş olarlar.

 





28.06.2020    çap et  çap et