525.Az

Əbədiyyət yolunun əziz və unudulmaz yolçusu - Anım


 

Əbədiyyət yolunun əziz və unudulmaz yolçusu - <b style="color:red">Anım</b>

İlin-günün bu vədəsində, yaxşıları tutiya deyə aradığımız bir zamanda elimizin bağrından, elmimizin köksündən bir şah budağın da qopub ayrılması yandırdı, sızlatdı bizi. İtkisi, yoxluğu özü qədər ağır olan, böyük olan bir yaxşı da öz gedişi ilə qovurdu ruhumuzu, içimizi...

XX əsr Azərbaycan ədəbiyyatının tanınmış tədqiqatçısı, mətnşünas alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli... Yarım əsri vur-tut beş il adlayan ömründə bir əsrə bərabər zəngin, dəyərli, faydalı bir ömür payı yaşadı.             

Otuza yaxın elmi kitabın və monoqrafiyanın, üç yüz qırxdan çox elmi, yüzlərlə qəzet məqaləsinin müəllifi olan Hüseyn müəllimin elmi fəaliyyəti çoxistiqamətli, çoxşaxəli idi. Ədəbiyyat nəzəriyyəsi istiqamətində sentimentalizm ədəbi cərəyanı, XX əsr Azərbaycan ədəbiyyatında yaranan sonet, terset kimi yeni lirik janrlar, mənsur şeirimizin yaranma tarixi və inkişaf istiqamətləri, Avropa lirik janrlarının Azərbaycan ədəbiyyatında təcəlla tapması, Hüseyn Cavidin lirikasında Avropa poetik ənənələrindən qaynaqlanma, tərəqqipərvər şairimiz Səid Səlmasi, Azərbaycan dilində yazılan ilk qəzəlin müəllifi, sufi şairimiz İzzəddin Həsənoğlunun ədəbi irsi... Bunlar bir ömrə sığmayacaq min bir ömür bəxşişidir elmimizə! Onun bir özünəməxsusluğu da elmdə kimsəsizlər kimsəsi olması, məhz unudulmuş ədəbi simalara yenidən əbədilik ömrü verməsi, milli elmi-ədəbi irsimizə qazandırması idi.

İyirminci əsrin əvvəllərində yazıb-yaratmış ədiblərdən Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri Məhəmməd Hadinin, ədəbiyyatşünas, tənqidçi Abdulla Surun və digərlərinin mənsur şeirləri, nasir, pedaqoq Abdulla Divanbəyoğlu, Əli Səbri, Bağır Cabbarzadənin nəsr əsərləri, şair, nasir və naşir Əlipaşa Səbur Hüseynzadənin şeir kitabları, satirik şairimiz Əli Məhzunun "Ədəbiyyata dair" adlı elmi əsəri, şair, jurnalist Əliabbas Müznibin, pedaqoq Ələkbər Qərib Naxçıvanlının hekayə və bəzi məqalələri, maarifpərvər ziyalı, yazıçı-publisist, pedaqoq Eynəli bəy Sultanovun bəzi məqalələri, şair, publisist Nemət Bəsirin, şair, ədəbiyyatşünas, tənqidçi Əli Nazimin bəzi şeirləri, Səid Səlmasinin bir sıra bədii, publisistik əsərləri, həmçinin, müasirlərinin Səlmasiyə həsr etdikləri bir çox məqalə və şeirləri, Abbas Səhhətin M.Y.Lermontovdan "Mtsıri"nin tərcüməsinin 1912-ci ildə nəşr olunmuş orijinal mətni də ilk dəfə məhz görkəmli ədəbiyyatşünas alimimiz tərəfindən çapa hazırlanaraq müasir oxuculara çatdırılmışdı. Azərbaycan elmi-ictimai mühiti, ədəbiyyatşünaslıq elmimiz bu ilk elmi tapıntılara, yeni faktlara görə Hüseyn Həşimli imzasına minnətdardır. Yalnız bir nəsil ədəbiyyatşünasın qazanması mümkün ola biləcək qədər böyük bir elmi-mənəvi xəzinənin bir alimin simasında cəmləşməsi Hüseyn Həşimli məktəbinin dərinliyindən, zənginliyindən soraq verir. Onun elmi-tədqiqat əhatəsi o qədər zəngin və genişdir ki, bundan sonra yazılacaq əksər monoqrafiyalarda, dissertasiyalarda, elmi məqalələrdə Hüseyn Həşimli imzası istinad mənbəyi kimi qırmızı xətlə keçəcək. Yarım əsrdən azca çox olan bir ömürdə elmin fanatı olmaqla qazanılan bu uğurlar gələcək ədəbiyyatşünaslığımızın, bəlkə də, birəsrlik ilkin elmi istiqamətləri, gələcək elmi tədqiqatların ilk cığırlarıdır.  

Hüseyn müəllim dərin mətnşünas olmaqla yanaşı, həm də tanınmış mətbuatşünas idi. Onun görkəmli pedaqoq, yazıçı və jurnalist Fərhad Ağazadənin "Ədəbiyyat məcmuəsi"ndə ədəbi-elmi fikir", tanınmış şair, publisist, tərcüməçi Məmmədəli Sidqinin "Məktəb" jurnalında çıxmış hekayələri, "Şeypur" jurnalı ilə bağlı fəaliyyəti haqqında tədqiqatlarının tarixi elmi dəyəri ondadır ki, görkəmli maarifpərvər ziyalıları mətbu fəaliyyətləri, dövrünün mətbuatı ilə paralel tədqiq edib, zəngin maraqlı elmi faktlar ortaya çıxarmışdır. "Yeni füyuzat" (1910-1911), sonra isə "Şeypur" (1918-1919) jurnallarının bütün saylarını toplayaraq kitab şəklində çap etdirməsi gərgin elmi axtarışların, mətnşünaslıq səriştəsinin bəhrəsidir. Bu nəşrlər ictimai fikrin inkişafında müstəsna rolu olan mətbuata böyük elmi dəyər, publisistikaya sevgi və maraq olmaqla, gələcək mətbuat tarixi tədqiqatları üçün bir təməldir, fundamentdir.   

Hüseyn müəllim elmdə səthiliyin, saxtakarlığın, ifrat məddahlığın, elə qərəzliliyin də düşməni idi. Qeyri-adi yaddaşa, ədəbi faktlara məntiqi təfəkkürlə yanaşma qabiliyyətinə malik Hüseyn müəllimin ciddi elmi monoqrafiyalarında belə, tədqiq etdiyi tarixi ədəbi şəxsiyyətlərin, ədəbi qəhrəmanların binəsib, nisgilli talelərinə ürək yanğısı duyulur. Ədəbiyyatşünaslarımızın heç də hamısına məxsus olmayan yüksək poetik zövqə, söz duyumuna malik Hüseyn müəllimin elmi əsərlərini, zərgər dəqiqliyi ilə seçdiyi bədii nümunələri bir yerə toplayıb nəşr etsək, gözəl bir ədəbi almanax, incə şeiriyyət dəməti yaranar.

Son görüşlərimizdən birində qədim və zəngin tarixə malik diyarımızın iyirminci əsrdə yetirdiyi görkəmli ziyalılardan olan yazıçı, tərcüməçi, publisist və ictimai xadim Əli Səbri Qasımovun şəxsiyyəti, qələmə aldığı əsərləri, tərcümələri haqqında elmi tapıntılarından o qədər ürəkdolusu, sevinclə bəhs edirdi ki... Hələ mətbəə iyi getməmiş "Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı" monoqrafiyasının sevincini doyunca yaşaya bilmədi...

Bütün bu elmi nailiyyətlərin Naxçıvanda yaşaya-yaşaya mərkəzi fond və arxivlərdə, respublika kitabxanalarında günlərlə gərgin elmi tədqiqatlar aparmaq, hansı çətinliklər hesabına qazanıldığını azacıq elmi-tədqiqat işi ilə məşğul olanlar belə, yaxşı anlayır.

O, həm də gözəl pedaqoq idi. Mübaliğəsiz olaraq söyləyə bilərəm ki, akademik İsa Həbibbəyli, professor Yavuz Axundovun yetirməsi kimi Naxçıvan Dövlət Universitetində filologiyanın tədrisində qazanılan uğurların, gənclərin bu sahəyə böyük maraq göstərməsinin səbəbkarlarından biri idi. O, ali təhsilini başa vuran kimi təyinatla əmək fəaliyyətinə başladığı həmin ali məktəbdə sıravi müəllimlikdən professorluğadək yol keçmiş, tədris işləri üzrə prorektor işlədiyi vaxtlarda muxtar respublikamızda ali təhsil strukturunun formalaşması və inkişafında özünəməxsus rol oynamışdır. Ən ipə-sapa yatmayan, nadinc auditoriyanı belə, öz aram və dərin nitqi, sinədəftər faktları ilə beşcə dəqiqədə ram edərdi. Fövqəladə yaddaşı, ədəbiyyata sonsuz sevgisi, sözə həssaslığı sevdirmişdi onu tələbələrinə. Auditoriyaya girərkən tələbələrin simalarındakı, ovqatlarındakı durulmağı dəfələrlə sezib öyrənmişəm ki, əvvəlki dərs Hüseyn müəllimin dərsi imiş və onun ədəbiyyat sevgisinin, yanğısının ecazkar ovsunundan tələbələr hələ ayılmayıblar.

Dissertasiya müzakirələri və müdafiələri zamanı biz gənclərin fürsəti fövtə verməyib "hünər meydanında cövlan etməyinə" səbr və təmkinlə tamaşa edər, səmimiyyətlə qımışar, sondakı aram, lakin qətiyyətli çıxışını isə nəfəs almayıb göz qırpmadan dinlədər, bununla da öz möhürünü vurmuş olardı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dörd çağırış deputatı olan Hüseyn müəllim hərtərəfli şəxsiyyət idi, ictimaiyyətlə tez-tez təmasda olmağı, ziyalılıq və vətəndaşlıq mövqeyini bildirməyi mənəvi borc hesab edirdi. Kütləvi informasiya vasitələrinin də ruhi qida, ziya mənbəyi idi. Efirlərimizi, mavi ekranlarımızı zənginləşdirən ziya nəfəsi, sanbalı, mətbuatımızın çəki dəyəri idi. Bundan sonra jurnalistlərimizin hər hansı elmi polemika zamanı "Ən doğrusunu - Hüseyn müəllim bilər" minvalı, aktual müsahibə, məqalə ümidi ilə istiqaməti hamılıqla bir hədəfə - Hüseyn Həşimli ziyasına yönələndə baxışlarımız səmalara qovuşan işıqlı idrakın pak ruhunun yerində qaralan efir boşluqlarında, sonsuzluq fəzasında ilişərək donacaq. Elimiz, elmimiz, mənəviyyatımız üçün yeri doldurulmayacaq bir acı boşluqla üz-üzə dayanacağıq.         

Hüseyn müəllim yüksək insani keyfiyyətlərə malik, gözü-könlü tox adam idi, təmənnasız, təkəbbürsüz idi... Gecənin bir saatında belə, yuxudan oyatdıqda istənilən mövzuda saatlarla mühazirə deyə biləcək canlı ensiklopediya idi. Kimliyindən asılı olmayaraq, müraciət edəni, maraq göstərəni qalın şüşəli eynəyinin altından boylanan yorğun gözləri ilə təbəssümlə süzüb saatlarla həvəslə elmi istiqamət verər, sualları cavablandırmaqdan yorulmazdı. Elə bunlara görə də mülayim, xoşgüləş, səmimi və xeyirxah bir insan kimi də qalacaq yaddaşlarımızda. Sadə ocağından, onun bu elm kəhkəşanında qədərincə parlamağa ruhlandıran sadə ailəsindən dəstək alaraq ömrünü, taleyini elmə həsr etmişdi. Ondan qalan tükənməz mənəvi irs - bir kitabxanalıq əsərləri, zəngin kitabxanası, arxividir. Bir də elmimizdə bu idealları yaşadacaq yetirmələri, bu soyadı şərəflə daşıyacaq layiqli övladları. Əvəzində elmdə elə bir Hüseyn Həşimli etalonu qoydu ki, illər, onilliklər ötsə belə, nəsilbənəsil ədəbiyyatşünaslar, alimlər yetişsə belə, o böyük zirvə yenilməz, fətholunmaz qalacaq. Sözümün bu acizlik məqamında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin Hüseyn Həşimlinin qəfil ölümündən sarsılaraq dediyi bu sözlər dadıma çatır: "Hüseyn Həşimli ölkə miqyasında qəbul edilən mükəmməl ədəbiyyatşünas alim, bütöv və parlaq şəxsiyyət idi. Ali məktəbə qəbul olduğu ilk gündən ta bu günə qədərki işıqlı və zəhmətkeş həyatı ilə o, ölkəmizin dövlətçilik ideallarına və böyük ədəbiyyatşünaslıq andına sədaqətlə xidmət etmişdir. Hüseyn Həşimlinin ədəbiyyat nəzəriyyəsinə və ədəbiyyat tarixinə dair çap etdirdiyi əsərlər fundamental elmi tədqiqatlardır. O, ədəbiyyatın, elmin və ictimai fikrin mövcud vəziyyətini dərindən dərk edən, sabahını da aydın şəkildə görə bilən və qiymətləndirən mükəmməl bir Azərbaycan ziyalısı idi. Onun timsalında mükəmməl alim olmaqla, bənzərsiz müəllim olmaq bir-birini tamamlayırdı. Biz Hüseyn Həşimlinin simasında görkəmli bir elm adamını, böyük bir müəllimi və etibarlı bir dostu itirdik".

İlahinin sevərək, bir möcüzə olaraq yaratdığı, qeyri-adiliklərlə dolu seçilmişlər yaranışdan əbədiyyət dünyasına qovuşmağa can atır, bütün şüurlu həyatları boyu bunun üçün bazis yaradırlar. Hüseyn müəllim kimi...

Rahat uyu, əziz ustad! Qoyub getdiyin elm xəzinəsi ən böyük mirasımız, pak mənəviyyatın örnəyimizdir. Kim bilir, arxivinizdə yarımçıq qalan, elmimizə baş ucalığı gətirə biləcək neçə-neçə tədqiqatlarınız bizlərə qiymətli əmanət qaldı. Sizdən sonra da sizdən öyrənəcəklərimizdir təsəllimiz... Əbədiyyətiniz mübarək!..

Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, filologiya üzrə fəlsəfə doktoru

 





28.06.2020    çap et  çap et