525.Az

"Azərbaycanı dəyişən məhəbbət" haqqında düşüncələr - Resenziya


 

"Azərbaycanı dəyişən məhəbbət" haqqında düşüncələr - <b style="color:red">Resenziya</b>

Milli məfkurə ilə, dövlətçiliklə bağlı olan hər ciddi əsər həm vətəndaşlıq heysiyyətinin ifadəsi, millətin, xalqın ümumi nuruna calanan yeni bir işıqdır. Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Nurlana Əliyevanın "Azərbaycanı dəyişən məhəbbət" kitabı da düşüncədən, sözdən yaranan məhz belə bir işığın daşıyıcısıdır. Bu, tarix haqqında publisistik kitabdır - olmuşları yaşatmaq missiyasının təzahürüdür.  

"Azərbaycanı dəyişən məhəbbət" kitabına daxil edilmış məqalələrin bir hissəsi Ulu öndər Heydər Əliyevin parlaq dövlətçilik fəaliyyətinə, bir hissəsi isə onun müdrik siyasəti nəticəsində yüksələn Azərbaycanın inkişafını şərtləndirən amillərə həsr edilib.

"Gülüstan", "Türkmənçay" müqavilələri ilə müstəqilliyini itirən Azərbaycanda müstəqillik mübarizəsinin "qılıncı korşalmamışdı". Bu mübarizə ruhun tarixlə mübarizəsi misallı idi və belə mübarizələrdə "azadlığı zərrə-zərrə, qram-qram istəməyənlər" tarixin ilhaq zəncirini parçalayır. 1918-ci ilin mayında Azərbaycan Demokratik Cümhuriyyəti, "Azərbaycanı dəyişən məhəbbət" kitabında deyildiyi kimi, "İstiqlal bəyannaməsi" ilə həyata vəsiqə aldı. Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək hər cür bərabərsizliyi aradan qaldırdı". Bu kitab "Müasir Azərbaycan Azərbaycan Demokratik Respublikasının varisidir" tezisinin işığını mühafizə edən əsərdir.

1990-cı illərdə milli-azadlıq hərəkatının Rusiya imperiyasına qarşı dönməz əzmini əks etdirən bu kitabda "Azərbaycanı həm də xalqın mübarizəsi dəyişdi" fikri ifadə olunub.

"1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"  qəbul edildi və bu, xalqımızın siyasi həyatında tarixi məqam oldu. Amma real olaraq müstəqil Azərbaycan Respublikası sərhəd müharibəsində itkilər verir və iqtisadi cəhətdən tənəzzülə doğru gedirdi" ("Xoşbəxt nəsil"), "XX əsrin 90-cı illərinin əvvəllərində həm xaricdən, həm də daxildən müstəqilliyimizə qarşı qəsdlər hazırlanmışdı, Azərbaycan parçalanmaq təhlükəsi qarşısında idi, vətəndaş müharibəsinin başlanması təhlükəsi var idi, ölkədə nəzarətdən çıxmış silahlı qruplaşmalar tüğyan edirdi. Tarixin gedişatını fəhmlə dərk edən uzaqgörən lider siyasi nüfuzuna, zəngin dövlətçilik təcrübəsinə və xalqın ona olan inamına güvənərək böyük iradə nümayiş etdirdi, respublikda sabitliyə nail oldu" ("Azərbaycançılıq  - birləşdirici ideya"). "Bütövlükdə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət Azərbaycanda sağlam təfəkkürlü, milli-mənəvi dəyərləri mənimsəyən, Vətəninə, xalqına bağlı, sədaqətli gənclər ordusunun yetişməsini təmin edib. Azərbaycan gəncliyi mütərəqqi dəyərləri mənimsəyib, milli maraqlara, həmçinin, milli-mədəni dəyərlərə uyğun möhkəm əqidəyə sahibdir" ("Azərbaycanda "Multikulturalizm ili"ndən sonra "İslam həmrəyliyi ili"nin elan olunması dünyaya mühüm bir çağırışdır") kimi tezislər kitabın mahiyyətinin dərkinə yol açır.

"Azərbaycana məhəbbət Azərbaycanı dəyişdi... Azərbaycan dövlətçiliyi asılılıqdan xilas oldu," - qənaəti kitabın ana mətləblərindən biridir.

Bir vaxt respublikadakı hakimiyyət boşluğu, səriştəsizlik, siyasi ambisiyalar, separatçılıq meyilləri Azərbaycan dövlətçiliyini iflasla üzləşdirmişdi. Onda xalq ciddi təkidlə, ömür boyu "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamının fəlsəfəsi ilə yaşayan böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu öndər xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Bu qayıdış bir məhəbbət nümunəsi idi və Azərbaycanı dəyişdi - Azərbaycan dövlətçiliyi yaşadı, bu məhəbbət Azərbaycan dövlətçiliyini tarixdə əbədiləşdirdi. 1993-cü ildə Azərbaycanı həm də xalqın Heydər Əliyev şəxsiyyətinə, onun təkrarsız fenomeninə inamı dəyişdi. Onda Azərbaycanın taleyinui Ulu öndərin azərbaycançılığa sədaqəti dəyişdi. Azərbaycanı böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursuna sədaqət dəyişdi - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti dəyişdi. Və bu dəyişiklik göstərdi ki, Azərbaycan dövlətçiliyinin tarixi əsla qırılmayacaq, davamlı olacaq!

Gənclərin vətənpərvərlik tərbiyəsinin istər məzmun, istərsə də forma baxımından genişləndirilməsi, zənginləşdirilməsi çağdaş ədəbiyyatçılarımızın da yerinə yetirməli olduğu missiyadır. Professor Nurlana Əliyeva ədəbiyyatşünas kimi bu missiyanı dövlətə və gəncliyə məhəbbət halında təzahür edən məqalələri, alimlik və vətəndaşlıq formatlı fəaliyyətlə, fəal azərbaycançılıqla yerinə yetirir. Bu azərbaycançılığın milli-mənəvi mahiyyəti dövlətçiliyə, milli düşüncəyə,  xalqın sabahına və dolayı yolla bəşəriliyə sədaqətdir: "Bəşəriyyətin yeni inkişaf mərhələsinə daxil olması gənclərdən dərin bilik, yüksək hazırlıq tələb edir. Yeni texnologiyalardan baş açan, savadlı, zəkalı gənclərə dünyanın hər yerində ehtiyac var" ("Aprel döyüşləri Azərbaycan gəncliyinin vətənpərvərlik nümunəsi idi"). Bu da dəyərli bir fikirdir ki: "Azərbaycanda uğurlu təhsil siyasətinin nəticəsidir ki, bu gün gənclərimiz öz bilik və bacarıqları ilə beynəlxalq miqyasda da ölkəmizi layiqincə təmsil edirlər..."

Professor Nurlana Əliyeva xalqın, dövlətin dünəni ilə sabahı arasında düşüncələr sayəsində ekskurs edərək böyük inam hissilə yazır: "Azərbaycanın müstəqilliyi dönməzdir. İndi bu müstəqilliyin maddi, iqtisadi və dövləti bazası da, həmin bazanı möhkəmlətməyə Prezidentimizin siyasi iradəsi də vardır. Bu iradə dünən də var idi, bu gün də var, sabah da olacaqdır!" ("Xoşbəxt nəsil").  

"Azərbaycanı dəyişən məhəbbət" kitabında fəlsəfi dilçilik məktəbinin banisi, alman dilçisi V.Humboldtun bir fikri xatırladılır. Bu fikir ana dilinə vurğunluğun ifadəsi kimi deyilib və belə də xatırladılır: "Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir - bundan da güclü olan eynilik təsəvvür etmək çətindir" ("Qloballaşma dövründə Azərbaycan dilinin qorunması obyektiv sosial zərurətdir"). Alman dilçisinin bu fikri təkcə Almaniyada deyil, əksər dövlətlərdə dövlətçiliyə münasibətdə dəyərli istinad olub. Professor Nurlana Əliyevaya görə, ana dili millətin mənəvi diriliyidir ("Ana dili: milli varlığımızın ruhu"). Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dilinə müqayisəyəgəlməz məhəbbəti də təkrarsız duyğuların məcmusu idi. Müəllif  bu məqamı qürurla xatırladır, "Ana dilimizin Cümhuriyyətə qədər keçdiyi tarixi yol"unun Heydər Əliyev tərəfindən böyük azərbaycançılıq sevgisi ilə davam etdirildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu öndərin bu istiqamətdəki siyasətini də uğurla davam etdirdiyini vurğulayır. Nəticə etibarilə, bunların Azərbaycanı dəyişən məhəbbət sayəsində gerçəkləşdiyini qeyd edir...  

"Azərbaycanı dəyişən məhəbbət" kitabında ölkənin Birinci xanımı missiyasını ən ali səviyyədə daşımağın məhz Azərbaycanın qismətinə düşən ilk parlaq nümunəsi barədə də düşüncələr öz ifadəsini tapıb: "Dünya dövlətlərinin mövcud təcrübəsinin təhlili göstərir ki, "Birinci xanım" anlayışı ayrı-ayrı ölkələrdə dövlətçilik ənənələrindən, siyasi sistemdən, milli-mental dəyərlərdən və digər bu kimi amillərdən asılı olaraq müxtəlif səpkilərdə qəbul olunsa da, onun bütün ölkələr üçün eyni sayılan müəyyən parametrləri var. Bu da dövlətin Birinci xanımının yüksək ictimai statusudur. Belə yüksək status isə ölkənin Birinci ledisinin şəxsiyyətini daim ictimai maraq dairəsinə çevirir. Bu da miqyasına görə yalnız dövlət başçısına olan maraqla müqayisə edilə bilər" ("Milli dövlətçilik tariximizdə bir ilk").

"Azərbaycanı dəyişən məhəbbət" kitabında ayrı-ayrı məqalələr də, tezislər də həyatın sözlə təsviridir, bu təsvir özlüyündə xalqa, dövlətə sevgidir, milli təəssübkeşlikdir. Ən əsası isə, bütün bunlar Azərbaycanı dəyişən məhəbbətə səmimi münasibətin təzahürüdür: "Milli ruh özünüdərkin, vətənpərvərliyin, qədirbilənliyin, sədaqətin, xeyirxahlığın, humanizmin, iradənin və digər mənəvi keyfiyyətlərin nəticəsi kimi formalaşır"; "Təhsil dəyərləri həm yaradır, həm qoruyur, həm də təkmilləşdirir" ("Təhsil: milli ruh, milli mühit"). Bu tezislər hardan qaynaqlanır? - "Təhsilin bəşəri və dünyəvi məzmunu Heydər Əliyev üçün dövlətçiliyin, yüksəlişin fundamental prinsipi idi" ("Azərbaycanda multikultural dəyərlərin təşəkkülü"). Bu kimi tezislərin uğurlu ifadəsi bir daha təsdiqləyir ki, professor Nurlana Əliyevanın "Azərbaycanı dəyişən məhəbbət" kitabı müasir milli-tarixi düşüncə planında olduqca dəyərli nəşrdir.

 





28.06.2020    çap et  çap et