525.Az

"Belə belə işlər"ə içəridən baxış - Müsahibə


 

SƏBİNƏ MƏLİKOVA: "ƏN ÇOX PROBLEM YAŞADIĞIMIZ VİDEOLAR DÜNYASINI DƏYİŞMİŞ SƏNƏTKARLARLA BAĞLI OLUB"

"Belə belə işlər"ə içəridən baxış - <b style="color:red">Müsahibə </b>

Üç il öncə Facebook-da "Belə belə işlər" adlı səhifə yaradıldı. Bu səhifə məşhur şəxsiyyətlər, tarixi hadisələr, maraqlı faktlar əsasında hazırladığı kiçik videolarla tez zamanda insanların böyük marağına səbəb oldu.

Hazırda dörd yüz minə yaxın izləyicisi olan "Belə belə işlər" layihəsinin rəhbəri və Azərbaycan Televiziyasında yayımlanan verilişin aparıcısı Səbinə Məlikovayla layihə haqqında geniş və maraqlı söhbət etdik:

- Səbinə xanım, "Belə belə işlər" layihəsinin ideyası necə yarandı və ad seçimi necə oldu?

- Layihənin ideya müəllifi uzun müddət jurnalist kimi çalışmış Kamal Bağırlıdır. Mənlə Pərviz Sadıqovu layihəyə o dəvət edib. Açığı, həmin ərəfədə başqa sayta redaktor kimi gedəcəyimə söz vermişdim. Sadəcə bu cür tipik xəbər jurnalistikasından uzaq, orijinal və maraqlı bir layihə diqqətimi çəkdi. Bu, yenilik idi. Belə demək mümkünsə, bir az da risk elədim. Çünki hələ heç nə başlamamış, ancaq ad və loqotip vardı. Sosial şəbəkə layihəsi olduğundan ad sadə, diqqət cəlb edən, qeyri-ənənəvi, yadda qalacaq, dilə yatımlı olmalı idi. Mən layihəyə gələnə qədər artıq bu ad düşünülmüşdü.  

- Daha çox tarixə yer verirsiniz. Layihəyə başlarkən "birdən maraqlı olmaz" təlaşınız var idimi?

- Sözsüz, hər bir layihə başlayanda alınıb-alınmaması ilə bağlı narahatlıq olur. Bizdə də vardı. Buna qədər hər kəsdə, hətta jurnalistlərdə də belə fikir vardı ki, saytların, sosial şəbəkələrin daha çox izlənməsi, oxunması üçün sarı mətbuat olmalıdır. Yəni kriminaldan, ya da kiminsə açıq-saçıq hərəkətlərindən yazanda marağa səbəb olur və oxunur. Məncə, "Belə belə işlər" bu stereotipi ən azından bir qism insanlar üçün silə bildi. Açığı, layihəyə başlayanda fikrimiz ancaq tarixin tanıdılması deyildi. İlk videolarımızda xəbər formatına yer verməyə çalışırdıq, amma görünürdü ki, bu, hamıda var, qeyri-adi deyil. Ondan sonra hansısa şəxsi hekayələr üzərində videolar hazırlamağa başladıq. Bir dəfə Səadət sarayının hekayəsini oxuyub qərara gəldik ki, bunu video kimi hazırlayaq. Çünki çox maraqlı hekayəsi var. Onda gördük insanlar əvvəlki işlərdən çox buna maraq göstərdilər. Xarici mətbuatı çox izləyir, bu cür video kontentlərin sosial şəbəkələrdə necə məşhur olduğunu axtarırdıq. Hətta hansı rənglərdən istifadə olunur, cümlələr niyə qısadır, kadrlar necə qurulur, yazılar video üzərində necə çıxır və sair. Gördük ki, insanlar hansısa tarixi məlumatları pafosdan, öyrəşdiyimiz analitik dildən uzaq, sadə dildə anladanda daha tez qəbul edir və izləyirlər. Sanki bunlara acdırlar. Beləcə, keçdik tarixi videolara. Tarixi şəxsiyyətlər, binalar, hadisələr mövzumuza çevrildi. Tədricən izləyicilərimiz artdı və araşdıra-araşdıra öz istiqamətimizi tapa bildik.

- Auditoriyanız əsasən hansı kateqoriyadan insanlardır? İşə başlayarkən hədəf kateqoriyanız hansı idi?

- Əlbəttə, bu layihəyə başlayanda Azərbaycanda sosial şəbəkələrdə izləyici kütləsini, onun yaş kateqoriyasını da araşdırdıq. Əsas kütləmiz gənclərdir. Bizim istənilən videomuz motivasiya yönümlü olur. Buna xüsusi diqqət ayırırıq. Milli qəhrəmanlar, şəhidlər əsas mövzumuzdır. Bunları işləyə-işləyə özümüz də öyrənir, məlumatlanır, şəxsiyyət kimi formalaşırıq. Məsələn, insanlarda bir fikir formalaşıb ki, Qarabağ savaşında biz məğlub olmuşuq. Əslində isə belə deyil. Hər şəhid haqda videolar etdikcə, görürük ki, hamısı ayrılıqda film mövzusudur. Bu torpaq üstündə necə qanlar tökülüb, vətən uğrunda hansı fədakarlıqlar edilib, bunları öyrəndikcə, başa düşürdük ki, insanları yanlış fikirlərdən uzaqlaşdırmalıyıq. Ona görə də biz bu məlumatları gənc nəsil üçün nəzərdə tutmuşduq. Amma izləyici kütləmiz artdıqca, başa düşdük ki, yaşlı nəslin də videolarımıza marağı böyükdür.

- Bəzən çox nadir məlumatlara da rast gəlirik sizin videolarda. Əsas mənbələriniz maraqlıdır.

- Bu mənbələr məsələsi, kollektiv olaraq, bizim yaralı yerimizdir. Çünki bu layihə başlayanda çox insanlar haqqımızda sosial şəbəkələrdə statuslar yazırdılar ki, onların üzünə hansısa dövlət arxivləri açıqdır, xüsusi arxivləri var, kimlərsə onlara ideyalar verir və sair. Təbii, belə bir şeydən söhbət gedə bilməz. İstifadə etdiyimiz istənilən video kadrı, şəkili elə indi sizə internetdən tapıb göstərməyə hazırıq. Əlimizdə olan yeganə mənbə internetdir. Əslində, yayımladığımız videolar məlumat, sənədli filmlər şəklində hətta televiziya kanallarında da gedib. Yəqin məlumatların təqdim olunma şəkli bizdə fərqlidir. Biz onları daha sadə dildə yazmağa çalışırıq ki, insanlar, xüsusən gənclər onu oxuya bilsin, asan olsun. Hər cümlənin yazılışına xüsusi fikir veririk ki, bir cümləyə bir neçə məlumat yerləşdirə bilək. Ona görə bu layihə bu qədər maraq doğurdu. Bu məlumatların hamısı saytlarda var və diqqət etsəniz, hər videonun kənarında, ya da paylaşımda mənbəni mütləq yazırıq, onların zəhmətinə hörmət əlaməti olaraq. Yenə dediyim kimi, mənbəmiz internetdir. Sadəcə çox oxumaq, dəqiq araşdırmaq lazımdır. Biz bir tarixi şəxsiyyət haqqındakı bir neçə dəqiqəlik video üçün 10-15 mənbəni oxuyur, günlərlə üstündə çalışırıq ki, birdən hansısa məqam gözümüzdən qaçar, hardasa məlumat səhv gedər, başqa yerdə düzəldilər və sair. İlk videolarımızda bəzən məlumatı yerləşdirirdik, amma hansısa tarixçi və ya məlumatı olan izləyici ya şərh, ya da mesaj yazırdı ki, əslində, elə deyil, belədir. Biz də bunları nəzərə alaraq, yayğın olan versiyalarla yanaşı, digər versiyaları da qeyd etməyə çalışırıq. Bunları işləyə-işləyə təkmilləşdirdik. Son bir ildə Azərbaycan Televiziyasında verilişimiz yayımlanır. Verilişi hazırlayarkən əvvəl istifadə etdiyimiz hansısa keyfiyyətsiz kadrları, AzTV-dən istəyirik. Əgər arxivdə varsa, əvəz edirik.

- Videolarınızdan icazəsiz və ya istinadsız istifadə edilib? Belə hallara qarşı nə kimi tədbirlər görmüsünüz?

- İnternet resurslarında bu məsələ müəyyən qədər idarəetmədən çıxır. Bununla bağlı sizə bir misal çəkə bilərəm. Onegin Hacıqasımov adlı azərbaycanlı bəstəkar, şair var, o, sonradan kilsə xadimi olub. Çox maraqlı həyatı var. Bu şəxs haqqında Rusiya telekanallarından biri sənədli film çəkmişdi. Onun kahinliyini icra etdiyi yerdə videoları vardı ki, bu, onlara məxsus idi. Bu sənədli filmi Yutuba yüklənməyə açıq yerləşdirmişdilər. Biz də təbii, videonun kənarına kanalın adını yazdıq və istinadla yayımladıq. Sonra kanalın baş prodüsserlərindən biri bizimlə əlaqə saxladı, istifadəmizdən narazılıq etdi. Mən də izah elədim ki, siz bunu Yutubda yükləməyə açıq vermisiniz, biz də istinad etmişik.

Bizim videoların isə üstündə loqomuz var. Çox istərdik, paylaşanda, götürəndə heç olmasa kanalın adını qeyd etsinlər. Çünki onun hər birinin üstündə böyük əziyyət var. Amma həmin loqo silinmədiyi təqdirdə bu, bizim üçün problem deyil. İnstaqramda daha çox olur, loqonu çox kobud şəkildə kəsib videonu yerləşdirirlər. Bizim videonu tanımamaq mümkün deyil. Çünki Azərbaycanda o yazı formasından, şriftlərdən ancaq biz istifadə edirik. Bu cür istifadə müəllif hüquqlarına zidd olduğundan, dərhal həmin səhifə ilə əlaqə saxlayırıq, onlar da ya dəyişib, loqolu videonu yerləşdirirlər, ya da ümumiyyətlə, silirlər. Özümüz bu məsələlərdə çox həssasıq. Hətta bəstəkar Eldar Mansurov bir dəfə dedi, mən sizin səhifəni həm də ona görə sevirəm ki, mahnılarımdan istifadə edəndə mütləq videonun kənarına musiqinin müəllifini yazırsınız. İstərdik başqa səhifələr, şəxslər də bizim kimi bu məsələlərə diqqət etsinlər.  

- Əslində, heç də asan iş görmürsünüz. Fikrimcə, bu, 1-2 nəfərin görəcəyi iş deyil. Kollektiviniz neçə nəfərdən ibarətdir?

- Layihəyə başlayarkən beş nəfər idik: iki montajçı, mən, Pərviz və Kamal Bağırlı. Sonradan işlər çoxalıb, layihə böyüdükcə, sayımız artdı, komandamız böyüdü. Hazırda yeddi nəfərik: jurnalistlər olaraq mən, Mina Quliyeva, Tural Vəlimətov, üç nəfər də montajçı. 

- Ən çətin başa gələnlər hansı videolar olub?

- Bütün mövzularda çətin başa gələn videolarımız var. Ən çox çətinlik çəkdiyimiz məqamlar mövzulara kadr, görüntü tapmaqdır. Bəzən olur ki, hansısa tarixi şəxsiyyətdir, xidmətləri olub, ailə üzvləri də sağdır. Amma onunla bağlı görüntülər çox azdır. Bəzən bir insanın bir şəkli üstündə dörd dəqiqəlik video yığmışıq. Çünki məlumat var, görüntü yoxdur. Bu, bizi həm üzür, həm də qəzəbləndirir. Ailələrilə görüşəndə görürük evlərində kifayət qədər fotolar var, bəs bunu niyə yaymırlar, niyə insanlar axtarıb, tapıb üzə çıxarmırlar? Bizdən çox istəyirlər 18-19-cu əsrin hadisələri, şəxsiyyətləri haqqında videolar. Amma sırf görüntü, miniatürlər baxımından bunu hazırlamaq çətindir. Zaman baxımdan nə qədər geriyə getsək, o qədər çətinləşir.

- Hansısa məlumata və ya videoya görə problem yaşadığınız olub?

- Sözsüz, bu 3 il ərzində bizim də səhvlərimiz olub və onlara baxıb öyrənmişik. Səhv məlumat gedən videonu səhifəmizdə saxlamırıq, ya silir, ya da düzəlişlər edirik. Ən çox problem yaşadığımız videolar dünyasını dəyişmiş sənətkarlarla bağlı olub. Görürsən, 2 ailəsi olub. Biz biri, yəni rəsmi ailəsi haqda məlumat vermişiksə, ikinci ailəsi inciyib, iradını bildirib. Biz də məsələləri qabartmamaq, ailədə problem yaratmamaq üçün səhifədən silmişik. Səhv etmirəmsə, iki dəfə belə hal yaşanıb.

- Sizcə, gələcəkdə "Belə belə işlər" olmasa, insanlar onu hansı videolarla xatırlayacaqlar?

- Səhifəmizdə təxminən 1500-ə qədər video var. Məncə, 3 kateqoriya: şəhidlər, milli qəhrəmanlar, Azərbaycan Xalq Cümhuriyyəti və uğurlu gənclərlə bağlı videolarımız bu layihəni xatırladacaq.

- Hazırda nə ilə məşğulsunuz? İzləyicilərinizə nələr vəd edirsiniz?

- Dövlət Televiziyası ilə əməkdaşlığımız davam edir. Həftənin cümə günü axşam saat 11-in yarısında videolarımız veriliş şəklində təqdim olunur. Bundan əlavə, yeni müsahibələr üzərində çalışırıq. Yaxın günlərdə təqdim edəcəyik. Elə şəxslər var ki, onların gördüyü işlərlə hər gün rastlaşsaq da müəllifləri həmişə kölgədə qalıb. Bu şəxsləri tapmışıq, haqlarında videolar hazırlayacağıq. İnanıram ki, çətin yol keçən bu insanların da həyatı hər kəs üçün maraqlı olacaq. Ona görə də bizi izləməkdə davam etsinlər.

Şahanə MÜŞFİQ

 





28.06.2020    çap et  çap et