525.Az

"Fərdi məsuliyyət dövlətin atdığı addımlar qədər əhəmiyyətlidir”


 

"Fərdi məsuliyyət dövlətin atdığı addımlar qədər əhəmiyyətlidir”<b style="color:red"></b>

“Aparılan təbliğat işləri vətəndaşlarda pandemiya haqqında geniş təsəvvür formalaşdırsa da, beynəlxalq təşkilatların rəy sorğuları göstərir ki, əhalinin yalnız 10 faizi fiziki məsafə ilə bağlı təlimatların tələblərinə əməl edir”.

Bu fikirləri APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycanda vətəndaşların sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatın daha az zərər görməsi üçün ardıcıl tədbirlər həyata keçirilib: "40-dan çox tibb müəssisəsi koronavirusla mübarizə üçün səfərbər olunub. 5 modul tipli xəstəxana fəaliyyətə başlayıb və daha 5-nin də tikilməsi nəzərdə tutulur. Testlərin aparılması üçün 26 laboratoriya mövcuddur və onların da sayının artırılması gözlənilir. Bundan başqa, genişmiqyaslı kommunikasiya planı həyata keçirilir. İnsanların məlumatlandırılması üçün mütəmadi brifinqlər təşkil olunur. Televiziya kanallarında sosial çarxlar təqdim edilir. UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin İnkişaf Proqramı ilə birlikdə müxtəlif qeyri-hökumət təşkilatlarını cəlb etməklə maarifləndirici layihələr həyata keçirilir. Koronavirus.az saytı, e-təbib, "TABIB bot” proqramları da insanların məlumatlandırılmasına xidmət edir”.

Soltan Məmmədov vurğulayıb ki, ən vacib məsələlərdən biri dövlətin çağırışlarına cəmiyyət tərəfindən adekvat, düzgün reaksiya verilməsidir: "Məhdudiyyətlərin daha da sərtləşdirilməsi nə dövlətin, nə də vətəndaşların mənafelərinə uyğundur. Ona görə də daha çox fərdi məsuliyyət hissi ön plana çıxır. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər də vətəndaşlarda məsuliyyət hissini gücləndirmək, yoluxma riskini azaltmaq məqsədi daşıyır. Çünki infeksiyanın yayılma sürətinin mümkün qədər azaldılması indi ən mühüm məsələyə çevrilib”.

Deputat bildirib ki, qanunvericiliyə edilən dəyişikliyin məqsədi heç də insanları cəzalandırmaq deyil, daha məsuliyyətli davranmağa sövq etməkdir: "Çünki pandemiya ilə dövlət təkbaşına mübarizə apara bilməz. Bu mübarizədə qalib gəlmək üçün insanların fərdi məsuliyyəti dövlətin atdığı addımlar qədər əhəmiyyətlidir”.

 





29.06.2020    çap et  çap et