525.Az

Seyid Əsgər Müzəffəroğlunun yeni şeirlər kitabı çapdan çıxıb


 

Seyid Əsgər Müzəffəroğlunun yeni şeirlər kitabı çapdan çıxıb<b style="color:red"></b>

Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyid Əsgər Müzəffəroğlunun bədii yaradıcılıq sahəsində böyük  uğurları müstəqillik illərinə təsadüf edir. Müstəqilliyin doğurduğu ab-hava, sağlam ədəbi mühit bir çox yazarlar kimi onun da qarşısında geniş imkanlar açıb. Çağdaş ədəbi prosesə fəal qoşulan qələm sahibinin ardıcıl olaraq "Vətən, əymə başını" (1993), "Dağlar dağımdır mənim" (1998), "Allah, bizə kərəm eylə" (2006), "Söz sinəmdə qalaq-qalaq"(2008) şeir kitabları çap olunub.

Bu yaxınlarda məhsuldar yaradıcılıq fəaliyyəti göstərən müəllifin "Görən, bu kişilər hara tələsir?" adlı daha  bir şeirlər kitabı  işıq üzü görüb. ("Nasir" nəşriyyatı, Bakı, 2013 - il, səh 238)

Ön söz 6 bölmədən ibarət adıçəkilən kitaba şairin son illər qələmə aldığı şeirlərlə yanaşı, müxtəlif dövrlərin məhsulu olan bədii seçmələr daxil edilib.

Müəllif yeni kitabına təsadüfi olaraq  belə  ad seçməyib.Bu ad, özünün  dediyi kimi, çox sevdiyi "Görən, bu kişilər hara tələsir?” şeirindən götürülüb. Şair bununla atası, xeyirxah insan, nüfuzlu el ağsaqqalı, Qarabağın məhşur seyid ocağının nümayəndəsi Seyid Müzəffər ağanın timsalında adları inam güvənc yerinə çevrilən müdrik insanların itkisindən dərin kədər təəssüfünü ifadə edib. Dünyanın, bəşəriyyətin hazırkı ağır durumunda belə insanların məsləhətlərinə həmişə ehtiyac duyulduğu qənaətində olan şair olduqca aktual bir mövzuya toxunub. Ümumən kitabın ruhu ilə səsləşən  həmin şeirdə oxuyuruq:

 

Sifətlər bozarır, rənglər sozalır,

Qəlbini açdığın səndən söz alır.

Sirdaşlar seyrəlir, dostlar azalır,

Kişilər azalır, ürəyim əsir,

Görən, bu kişilər hara tələsir?

 

Şair çox haqlı olaraq yaşadığımız zəmanədə mental dəyərlərdən uzaqlaşma hallarının, nəciblik, sədaqət, etibar, ədalət hisslərindən sapma  təzahürlərinin çoxalmasından narahatlıq keçirir:

 

Tüfəng atmayanlar indi ovdadır,

Hamı bir tordadır, bir tilovdadır.

Namərdlər at çapır, qovhaqovdadır,

Kişilər azalır, ürəyim əsir,

Görən, bu kişilər hara tələsir?

 

Sözügedən şeir toplusunda sərgilənən "Sən gördüyün dünya deyil bu dünya", "Qalıb", "Yoxdursa", "Bir deyil ki, beş deyil ki" s. kimi bədii nümunələrdə şair, sanki ,bu  fikirlərini davam etdirir, məsələyə daha geniş şərh verməyə ,aydınlıq gətirməyə  çalışır.

Kitabdakı şeirlərin bir qismində xalqımıza xas olan mənəvi keyfiyyətlər, doğruluq, düzlük, saflıq, vətənpərvərlik hörmətlə,məhəbbətlə  təqdir tərənnüm olunur.

Sözügedən dərgidə yer alan digər lirik, ictimai-siyasi mövzulu şeirlər poetik dəyəri, sanbalı, səmimiliyi etibarı ilə diqqəti çəkir. Həmin bədii nümunələrdə dərdlərimiz, ağrılarımız, Vətən sevgisi, torpaq həsrəti real cizgilərlə, təsirli kəsərli notlarla əks etdirilir. Şair ictimai problemlərin təsvirində olduğu kimi sevgidə cəsarətli səmimidir.

Bu görüş mənimçin əzizdən əziz,

Bu görüş bulaqtək dupturu ,təmiz.

Bu görüş dalğalı, çağlayan dəniz,

Bu görüş xoşbəxt görüşdü, Allah!

"Görən" ,"Bəsimdi", "Çıxaq dağlara". "Gətir bizə" s. kimi şeirlər bu baxımdan səciyyəvidir.

Özünəməxsus üslubu, dəsti-xətti ilə seçilən Seyid Əsgər Müzəffəroğlunun yaradıcılığında xalq ədəbiyyatının, xüsusilə aşıq şeirinin təsiri açıq-aşkar hiss olunur. Bunu müəllifin şeirlərinin ruhunda, dilinin sadəliyində vəzn janr ölçülərində aydın müşahidə etmək mümkündür. Dağlar qoynunda dünyaya göz açan, uşaqlıq gənclik çağları elat həyatı ilə bağlı olan, qəlbi aşıq, saz-söz məclislərində köklənən şairin yaradıcılığında bu təsirin geniş əks-səda tapması , əlbəttə,təbiidir.

Bəlkə , bu səbəbdəndir ki, onun şeirlərinə tez-tez müraciət olunur, oxunur asanlıqla yaddaşlara həkk olunur.

Xaraktercə ləyaqətli, təmkinli, alicənab, gözəl insan olan Seyid Əsgər gözəl bir ailədə böyüyüb boya-başa çatıb. O, öz övladlarını da bu ruhda tərbiyə edib, bütün ailələri belə görmək arzusundadır. Təsadüfi deyildir ki, şairin yaradıcılığında ağsaqqala, ata-anaya hörmət, ədəb-ərkan, övlada, ömür-gün yoldaşına məhəbbət bir xətt kimi keçir. Odur ki, oxuculara təqdim olunan "Görən, bu kişilər hara tələsir?" kitabında şairin ata anasına, doğmalarına həsr etdiyi şeirlər çoxluq təşkil edir.

Ümumilikdə, gənc nəslin milli mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynaya biləcək bu kitabı istedadlı qələm sahibi Seyid Əsgər Müzəffəroğlunun yeni yaradıcılıq uğuru hesab etmək olar.

Yəhya Paşazadə

 





25.12.2013    çap et  çap et