525.Az

"Azərbaycan cəmiyyətində həkimə ümumi inamsızlıq var" - Faiq Orucoğlu ilə müsahibə


 

TÜRKİYƏDƏ ÇALIŞAN TANINMIŞ OFTALMOLOQ FAİQ ORUCOĞLUNUN FİKRİNCƏ, YAXIN GƏLƏCƏKDƏ İNDİ MÜALİCƏSİ MÜMKÜN OLMAYAN GENETİK GÖZ XƏSTƏLİKLƏRİNƏ ÇARƏ TAPILACAQ

"Azərbaycan cəmiyyətində həkimə ümumi inamsızlıq var" - <b style="color:red">Faiq Orucoğlu ilə müsahibə</b>

Türkiyədə yaşayan, tanınan azərbaycanlı göz həkimi Faiq Orucoğlu 27 ildir ki, öz ixtisasında müxtəlif uğurlara imza atmaqdadır. Cərrahlıq həyatında indiyədək

20 mindən çox xəstə üzərində lazer əməliyyatı aparan Faiq Orucoğlu gözün buynuz qişası sahəsində ən yaxşı mütəxəssislərdən sayılır. Cərrah Ankarada Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin idarə heyətinin üzvü və dörd il dərnəyin gənc oftalmoloqlar qrupunun sədri olub. O, hazırda İstanbul Birinci Göz Xəstəxanasının baş həkimidir.

İki aydan bir isə Azərbaycana gələrək burdakı xəstələri qəbul edir, ən ağır əməliyyatları həyata keçirir.

Faiq Orucoğlu ilə söhbətimizi təqdim edirik.

- Faiq bəy, ilk sualımla sizi 27 il öncəyə - Azərbaycanı tərk edib təhsil üçün Türkiyəyə getdiyiniz zamana aparmaq istəyirəm. Hansı arzular və xəyallarla tərk etmişdiniz vətəni?

- Əslində, 1993-cü ildən bəhs etsək də, bu suala cavab vermək üçün daha öncəyə getmək lazımdır. Çünki bu, elə bir dövr idi ki, Sovet hakimiyyəti dağılmışdı, Azərbaycanda xalq hərəkatı vardı və Türkiyəyə maraq çox idi. Məhz bu dövrlərdə tək arzumuz, xəyalımız Türkiyəyə getmək, türklərlə tanış olmaq, o vaxt bu şüar yox idi, amma uyğunlaşdırsaq, "tək millət, iki dövlət" halını gözümüzlə görmək idi. Hamısı bu qədər. Gələcəklə bağlı bir arzum yox idi.

- Bəs təhsiliniz və sənətinizlə bağlı?

- Dediyim kimi, çətin zamanlar idi. Önümdəki ideallar gerçəkləşməmişdi. Tək arzum uğurlu tələbə və yaxşı həkim olmaq idi. Geriyə dönüb baxanda, görürəm ki, həqiqətən də uğurlu tələbə olub yaxşı həkim kimi yetişdim.

- İlk getdiyiniz zamanla indiki zamanı müqayisə etsəniz iki ölkə arasındakı münasibətlər necə idi və necədir?

- O zaman müstəqil Azərbaycan dövləti yeni idi və dövlətçilik tam oturuşmamışdı. Ancaq zaman keçdikcə həqiqi mənada inkişaf etmiş iki dövlət arasında münasibətlər gücləndi. O zaman insanların şüurları da fərqli idi. Daha çox milliyyətçilik ön planda idi. Sonradan bu işin tək milliyyətçiliklə olmayacağı, arada ciddi iqtisadi əlaqələr qurulmalı olduğu anlaşıldı və quruldu. O dövrlə bu dövrü müqayisə edəndə arada ciddi körpülər olduğunu görürəm. İqtisadi, təhsil, siyasi, mədəni münasibətlər daha da inkişaf edib. Onda sadəcə təhsil üçün gələnlər vardı. Amma indi bu iş daha da standartlara uyğun gerçəkləşdirilir. Nəticə olaraq, aradakı münasibətlər gedərək genişlənir, ciddiləşir və qüvvətlənir.

- Türkiyə ilə Azərbaycan səhiyyələri arasındaki fərqlər çox danışılıb. Bəs bu 2 ölkənin pasiyentləri arasında nə kimi fərqlər var?

- Mənim şansım hər iki yerdə də çalışmaq fürsətimin olmasıdır. Pandemiyadan öncə ay yarım-iki aydan bir mütəmadi Azərbaycana gedərək orda da öz xəstələrimi, digər ifadə ilə pasiyentlərimi görürdüm. Fərqə qalsa, məncə, Azərbaycan cəmiyyətində həkimə ümumi bir inamsızlıq var. Müraciət etdikləri həkimə qarşı məsafəlidirlər, inamsız davranırlar. Bunu çox həkim axtarmaqlarına əsasən deyirəm.

- Bəs iki ölkənin göz xəstəliklərini müqayisə etsəniz, hansı ölkədə insanlar daha çox hansı xəstəlikdən əziyyət çəkirlər?

- Ümumən göz xəstəliklərindən danışmaq istəyirəm. Bunlardan birincisi kataraktadır. Bu, hər iki ölkədə görmə qabiliyyətini zəiflədən ilk xəstəlikdir. Katarakta nə qədər çox yayılarsa, əməliyyat da o qədər çətin olur. Açıq demək lazımdırsa, Azərbaycanda daha irəli səviyyədəki kataraktalarla qarşılaşıram. Göz təzyiqi, qara su, başqa adla qlaukomada hər iki ölkə insanlarının əziyyət çəkdiyi xəstəlikdir. Bir başqası isə şəkərli diabet və ona bağlı olan göz tutulmasıdır. Müqayisə etdiyimdə Türkiyədə diabetin daha yayğın olduğunu görsəm də, Azərbaycanda buna bağlı göz tutulmasının irəliləməsi ilə çox qarşılaşıram. Təzyiq və katarakta üçün də bənzər şeyi deyə bilərəm. Bu da xəstələrin həkimə daha gec müraciət etməkləri, bəlkə də həkimlə əlaqə saxlamaqlarının çətinlikləri, sığorta sistemindəki problemlərlə əlaqədadır ki, nəticədə xəstəliklərin irəliləməsinə səbəb olur.

- Tərcümeyi-halınıza əsasən deyə bilərəm ki, gənc yaşda böyük bir coğrafiyada tanınan peşəkara çevrilmisiniz. Uğurun sirri nədir?

- Elə mühüm bir sirr yoxdur. Hədəf və hədəfə doğru çətinlikləri aşaraq getmək var. Yəni çalışmaq əzmi. Həmişə hədəflərim olub və həmişə də bunlara çatmaq üçün çalışmışam. Məsələn, ilk kitabı yazmaq üçün bütün xəstələrimin göz şəkillərini çəkdim, nümunələr topladım və fikrimi sadəcə buna verdim. Sonra ikinci kitabım gəldi. Bunun üçün də eyni əzmlə  davam etdim. Fikirləşirdim ki, göz həkimləri üçün faydalı olacaq bir kitab yazmalıyam. Elə bir kitab ki, gündəlik istifadə edilə bilsin. Buna ciddi zaman ayırdım və çox çalışdım. Elmi işlərdə çalışmaq çox zaman ayırmaq lazımdır. Bu da həmin zamanı yaxınlarınızdan, sevdiklərinizdən oğurlamaq deməkdir. Ona görə də, bu, bir həyat tərzidir. Sadəcə hansı yolda getmək istədiyinizi qərarlaşdırıb o yolda da davam etməlisiniz.

- Dünyada tibb bəlkə də ən sürətli inkişaf edən sahələrdəndir. Oftalmologiyanın inkişafı necədir? Gələcək zaman bizə tibbin bu sahəsində nələr vəd edir?

- Bəli, həqiqətən də tibb çox sürətlə inkişaf edir. Hətta mənim tibbə başladığım 1993-cü ildən bu yana o qədər yeniliklər olub ki. İlk dəfə göz sahəsində fəaliyyətə başladığım 2000-ci ildən bu günə də ciddi dəyişikliklər olub. Amma gələcəyə baxanda mən oftalmologiyanın - gözün iki yöndə inkişafından söhbət aça bilərəm. Biri kosmetik konfor ehtiyacları, digəri isə müalicə edilə bilməyən və ya müalicəsi çətin olan xəstəliklər. Kosmetik konfor deyəndə, göz rənginin dəyişdirilməsi, göz nömrələrinin yox edilməsi və göz içərisinə qoyulan linzaların inkişafı nəzərdə tutulur. Bunlarda ciddi bir mərhələ var. Çünki yaş artır və 40-dan sonra yaşa bağlı görmə problemlərinə daha çox rastlayırıq. İnkişaf etmiş, inkişaf etməkdə olan ölkələrdə də yaşlı, orta nəsil gedərək artır. Əlbəttə, dünya bunu görür, hiss edir və böyük şirkətlər də bunun "qoxusunu alırlar". Ona görə də bu sahəyə ciddi yatırımlar edilir. Nə üçün edilir bunlar? Məsələn, biz gələcəkdə yaxın görmək qüsuru yaşamadan ən rahat, ən asan yolu tapaq. Digər tərəfdə isə görməyən, genetik xəstələrimiz var. Eyni zamanda, müalicəsi olmayan xəstəliklər. Burada sinir ağının kök hüceyrəsindəki inkişafı və ya gözün içərisində yerləşmiş çiplərin inkişafı davam etməkdədir. Yaxın gələcəkdə bunların inkişafı ilə, indi müalicəsi mümkün olmayan bir çox genetik göz xəstəliklərinə çarə tapılacaq. Amma buna hələ ki, bir az zaman var.

- Bir söz var: dərzi öz söküyünü tikə bilməz. Siz həkimlər öz sağlamlığınıza necə diqqət edirsiniz? Məsələn, sizin gözlərinizin vəziyyəti necədir?

- Əslində, bunda həqiqət var. Mənim də gözüm irəli dərəcədə miyop idi, ancaq lazer əməliyyatı ilə bu qüsurumu düzəltdim, yenidən doğulmuş kimi oldum. Amma digər tərəfdən öz gözümü mütəmadi müayinə etdirirəmmi, qayğısına qalırammı? O qədər də yaxşı deyil. Məsələn, biz klinikada ən az on həkim işləyirik və mən buranın baş həkimiyəm. Sonuncu dəfə həmkarımın yandakı otağına gedib gözümü nə vaxt yoxlatdırdığımı soruşsanız, yadıma gəlmir.

- Tez-tez Azərbaycana da gəlir, burda xəstələr qəbul edirsiniz. Bizim insanlar da ən çox türkiyəli, ya da Türkiyədə oxuyan həkimlərə etibar edirlər. Bunun səbəbi təkcə təhsildir?

- Təhsil doğrudan da önəmlidir. Türkiyədəki tibb təhsilinə baxdıqda burada ciddi bir sistemdən, təhsil səviyyəsindən söhbət gedə bilər. Deyək ki, hər il təxminən 2 milyona yaxın insan universitetlərə daxil olmaq üçün sənəd verir. Tibbi qazanmaq üçün ilk on minlikdə olmalısınız. Hətta İstanbul Cərrahpaşa kimi köklü universitetdə tibb oxumaq istəyirsinizsə, bu milyonların arasından ilk yüzlüyə girməlisiniz. Bununla da 6-7 illik çox ciddi və çətin bir tibb təhsili başlayır. Bununla da bitmir. Ondan sonra uzmanlıq - ixtisas imtahanına girirsiniz. Uzmanlıq imtahanında istədiyiniz yeri qazanmaq şansınız o qədər də yüksək deyil. Ümumi olaraq uzmanlıq imtahanına girənlərin sadəcə dörddə biri keçə bilir, o dörddə birinin də tam olaraq istədiyi ixtisas olmur. Uzmanlığa girəndən sonra da həmin ixtisasda ciddi şəkildə 4-5 il təhsil görürsünüz. Təhsil və təcrübə önəmlidir. Amma əlbəttə, xəstəyə münasibət də digər faktordur.

- On minlərlə əməliyyat etmisiniz. Ən çox duyğulandığınız, heç unutmadığınız hadisələrdən bizə danışa bilərsinizmi?

- Əlbəttə ki, olub. Bir xəstəm vardı, iki gözünün də görməsini itirmişdi. Onu bir neçə mərhələli əməliyyat etdim. Təxminən 3-4 əməliyyatdan sonra müəyyən yol qət edə bildik. Ən sonuncu əməliyyatdan sonra qapaqları bir-birinə tikmişdim ki, göz içəridə sağalsın. O qapaqları açanda xəstənin reaksiyası çox fərqli idi. Öncə əllərini gözlərinin qabağına gətirib sağa-sola çevirərək barmaqlarını saydı, sonra mənə baxdı və "doktor, sizi görürəm" - dedi. Sonra qızını gördü və onu qucaqlayıb ağlamadı, "nəvəmi görmək istəyirəm" - dedi. Məlum oldu ki, üç il öncə nəvəsi doğulub, amma o, heç vaxt onu görməyib. Nəvəsini göstərdilər. Onda onun sevinci və göz yaşları hamımızı duyğulandırmışdı. Başqa bir hadisəni də danışım. İsveçrədən gələn gənc bir qız xəstənin soyadındakı "Məmmədli" sözü diqqətimi çəkmişdi. Türkcə bilmirdi. Onunla danışanda məlum oldu ki, böyük babası azərbaycanlı olub, İkinci Dünya Müharibəsində əsir düşüb və İsveçrədə qalıb, orda isveçrəli qadınla evlənib, bu qız da onun nəvəsidir. Qız heç vaxt Azərbaycana getməmişdi, amma onu Azərbaycanla bağlayan belə bir hekayəsi vardı.

- Azərbaycan üçün darıxanda adətən nə edirsiniz? Bu həsrəti necə dindirirsiniz?

- (gülür) Yutubu açıb Azərbaycan mahnılarını dinləyirəm. Bəzən nostalji olur, köhnə mahnılara qulaq asıram. Məsələn, Rəşid Behbudov, Şövkət Ələkbərova, Akif İslamzadə, Yalçın Rzazadə ifaları məni o dövrə aparır. Bəzən də günümüzə qayıdıram, indiki müğənniləri dinləyirəm.

Şahanə MÜŞFİQ

 





30.06.2020    çap et  çap et