525.Az

"Onlar daim xalqın qınağında olacaqlar"


 

"HƏMİN QÜVVƏLƏR AZƏRBAYCANIN UĞURLARINI GÖRMÜR, YENƏ DƏ ÖZ DÖVLƏTLƏRİNİ HƏDƏF SEÇİRLƏR"

"Onlar daim xalqın qınağında olacaqlar"<b style="color:red"></b>

Koronavirus pandemiyası dövründə dünya dövlətlərinin bu bəla ilə necə effektiv mübarizə aparması, öz vətəndaşlarının qorunması üçün hansı tədbirləri görməsi aydın oldu. Bu gün fakt ondan ibarətdir ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə pandemiya ilə bütün cəbhələrdə mübarizə davam edir. Bunun nəticəsdir ki, Azərbaycanda vəziyyət nəzarət altındadır, durum digər ölkələrdəki kimi acınacaqlı həddə çatmayıb. Cari ilin mart ayından başlayaraq görülən qabaqlayıcı tədbirlər, modul tipli xəstəxanaların açılması, tibbi ləvazimatlarla təminat dövlətimizi bu bəla ilə mübarizədə hazır vəziyyətə gətirdi. Təbii ki, indi vacib olanı, dövlətin gördüyü tədbirlərin nəticəli olmasını təmin etmək üçün vətəndaş məsuliyyətidir. Əgər insanlarımız qəbul edilmiş qaydalara əməl etsələr, maska taxıb, fiziki məsafəni qorusalar, o zaman virusa daha tez qalib gəlmək olar. Azərbaycan bu məsələdə bütün resurslarını işə salıb. Bunun nəticəsidir ki, işğalçı Ermənistanda yaşanılan vəziyyətə düşməyib. Eyni zamanda, nəinki işğalçı dövlət kimi yardım umur, özü ehtiyacı olan dövlətlərə, beynəlxalq təşkilatlara pandemiya ilə mübarizədə yardım göstərir.

Bu böhranlı dövrdə Prezidentin rəhbərliyi ilə Azərbaycanda əhalinin sosial durumunun yaxşılaşdırılması üçün mühüm addımlar atıldı, iqtisadiyyatın, biznesin dayanıqlığının təmin edilməsi üçün sosial paketlər işlənib hazırlandı və reallaşdırıldı. Ermənistanda isə iş yerləri ixtisara salınıb, çökmüş iqtisadiyyat daha bərbad duruma düşüb, sosial vəziyyət acınacaqlı haldadır. Dövlət öz vətəndaşına heç bir güzəşt etmədi. Elə gündəlik yoluxma sayı da işğalçı dövlətin necə çıxılmaz durumda olduğunu göstərir. Hazırda Ermənistanda yoluxma sayı 26 minə yaxınlaşır. Bu, əhalisi 2 milyondan bir qədər artıq olan dövlət üçün faciəli durum deməkdir. Baş nazir Nikol Paşinyan pandemiyadan, elan edilmiş fövqəladə vəziyyətdən istifadə edərək öz siyasi ambisiyalarını, repressiya siyasətini həyata keçirir. Bu ölkədə siyasi opponentlərə, müstəqil media, vətəndaş cəmiyyəti institutları və fəallarına qarşı ciddi təzyiqlər ortadadır.

Bunun nümunəsi kimi Konstitusiya Məhkəməsi ətrafında baş verənləri, "Parlaq Ermənistan" partiyasının lideri, iş adamı Qaqik Tsarukyana qarşı repressiv addımları, siyasi fəalların həbsini yada salmaq kifayət edir. Paşinyan pandemiya dövründən istifadə edərək diktator rıçaqlarını möhkəmləndirməkdədir.
Amma təəssüf ki, Azərbaycanda və onun hüdudlarından kənarda hər zaman antimilli maraqlardan çıxış edən qüvvələr bütün bunları görmür, yenə də öz dövlətlərini hədəf seçir, görülmüş böyük miqyaslı işlərə kölgə salmağa çalışırlar. "Milli Şura"nın sədri Cəmil Həsənli, bu qurumda təmsil olunmuş digər fəalların, habelə keçmiş səfir Arif Məmmədov kimi xaricdə yaşayan bəzi şəxslərin hakimiyyətə qarşı deyil, artıq dövlətə qarşı mübarizə aparması, "Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" prinsipindən çıxış etməsi, öz iddialarını gerçəkləşdirmək üçün hətta işğalçı Ermənistanı təbliğ etməkdən, vətənlərini isə ləkələməkdən belə çəkinməmələri artıq sözün bitdiyi yerdir. Yəni öz maraqları naminə dövləti, dövlətçiliyi belə hədəf seçənlərə deməyə söz qalmır.

"Milli Şura", AXCP, xarici ölkələrdə yaşayan bəzi fəalların Ermənistan mediasının irəli sürdüyü iddialarla sinxron çıxış etməsinin arxasında onların Qərbin bəzi ermənipərəst dairələri tərəfindən maliyyələşdirilməsi faktorunun dayanması şübhəsizdir.

"Milli Şura"nın son videokonfransından yayılan görüntülərdə açıq şəkildə bildirilir ki, bu qurumun əsas vəzifəsi Azərbaycan hakimiyyətini şərləməkdir. Bu etiraf onların əsl simasını və xislətini aydın nümayiış etdirir.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov hesab edir ki, ölkəmizdə bütün istiqamətlərdə həyata keçirilən uğurlu siyasət göz önündədir. Azərbaycan Prezidenti üçün özünün də dəfələrlə dediyi kimi, ilk sırada Azərbaycan vətəndaşı, onun sağlamlığı və təhlükəsizliyidir. Bütün tədbirlər də məhz bu istiqamətə yönəlib. Amma təəssüf ki, qaragüruhçular bu dəfə də öz "ənənələrinə" sadiqdirlər: "Təəssüf ki, dağıdıcılıq təfəkkürünə malik bir qrup bəlli şəxslər uğurları görmək istəmir. Yalnız kiçik baş verən problemi şişirdib hay küy salır, insanların probleminin həllini yox, əksinə, onlara mane olur. Müxalifətçilik bu düşüncədə olmamalıdır. Müxalifət tənqidi sivil və siyasi etika üzərində qurmalıdır. Məntiqli tənqid etməli, amma eyni zamanda, uğurları da dilə gətirməlidir. Bütün dünyada normal iqtidar-müxalifət münasibətləri bu cür tənzimlənir. Bunlar isə uğurları görəndə daha da aqressivləşirlər. Bu gün Qarabağımızı azad etməyimizin bir yolu da təkcə güclü ordu deyil, eyni zamanda, vətən naminə kimliyindən asılı olmayaraq həmrəy olmağımızdan keçir. Azərbaycanın bütün müxalif partiya rəhbərləri bunu dərk etməli, dövlətçilik və ərazi bütövlüyü məsələsində dövlətə dəstək olmalı, ona mane olmamalıdırlar. Başqa cür mövqe ancaq düşmənə xidmət edir. Cənab Prezidentin bu məsələ ilə bağlı mövqeyi xalq tərəfindən dəstəklənir, müxalif liderlər də bunu görməli və öz fəaliyyətlərində dönüş etməlidirlər. Bunu etmək istəməyən müxaliflər daim xalqın qınağında olacaq və heç bir siyasi uğur qazana bilməyəcək".

 





30.06.2020    çap et  çap et