525.Az

Pandemiyaya həmrəy olmaqla qalib gələ bilərik


 

Pandemiyaya həmrəy olmaqla qalib gələ bilərik<b style="color:red"></b>

Məlum olduğu kimi, mayın əvvəlindən koronavirus pandemiyası ilə bağlı həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da xəstələyin yayılma sürətini artırdı.

Hazırda bir çox ölkələr yenidən sərt karantin rejimin tətbiqi istiqamətində tədbirlər həyata keçirirlər. Azərbaycanda iyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başlayıb, gündəlik təsdiq edilmiş halların sayı 500-ü ötüb.

Lakin 21 iyun tarixindən tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində gündəlik halların sayında müəyyən qədər sabitləşmə təmin edilib. Bununla yanaşı, hələ də epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Çünki gündəlik yeni yoluxan xəstələrin sayı sağalanların sayından artıq olur ki, bu da öz növbəsində təcili tibbi yardımın operativliyinə mənfi təsir göstərir, səhiyyə müəssisələrinin işini bir qədər də ağırlaşdırır.

Hazırda tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində şəhər üzrə mobilliyin və ictimai nəqliyyatdan istifadənin nisbətən aşağı düşməsi müşahidə edilir. Əhalinin daha çox evdə qalması, kütləvi toplantıların, gəzintilərin olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması nəticəsində növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə olunması gözlənilir.

Bəzi ölkələrdə məhdudiyyətlərin aradan qaldırılması daha çox iqtisadi faktorla bağlıdır. Məhdudiyyətlər iqtisadi fəallığı dayandırır, dövlətlər bundan ciddi ziyan çəkir, gəlirlər azalır, əhalinin tələbatını ödəmək mümkün olmur. Lakin Azərbaycan dövləti üçün əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi ən mühüm və prioritet vəzifədir. Vətəndaşlarımız vəziyyətin ciddiliyini nəzərə almalı, durumun kifayət qədər mürəkkəb olduğunu və bu problemin qısa müddətli, asan həlli olmadığını anlamalıdırlar. Pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq.

Məlumdur ki, insanlar əsasən iş yerlərində, ailədaxili, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar. Xəstəliyin ilkin simptomları olan şəxs tibbi xidmətə müraciət etmək əvəzinə öz adi həyat qaydasını davam edir, bəzi hallarda özünü müalicə etməyə çalışır, bütün bu müddət ərzində həm öz vəziyyətini ağırlaşdırır, həm də digərlərini yoluxdurmağa davam edir. Karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan artım da ilk növbədə məsuliyyətsiz davranış, tətbiq olunan qaydalara, tələb və tövsiyələrə riayət etməməklə bağlıdır.

Deputat Vüqar Bayramov hesab edir ki, Azərbaycan dövləti üçün pandemiya dövründə vətəndaşların sağlamlığının qorunması əsas prioritet hədəfdir. Bu fonda iqtisadi aktivliyin mərhələli şəkildə bərpa edilməsi də vacib məqamlardan biridir. Onun sözlərinə görə, Azərbaycan ilk növbədə vətəndaşların sağlamlığını önə çəkir. Dövlət başçısı qeyd edir ki, Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması birinci hədəfdir və həyata keçirilən siyasətin məqsədi ondan ibarətdir ki, pandemiyanın vətəndaşların sağlamlıqlarına təsirlərini minimallaşdırmaq mümkün olsun. Digər ölkələrin, xüsusən Avropa ölkələrinin təcrübəsində pandemiya dövründə müəyyən stabilləşməyə nail olunduqdan sonra yenidən iqtisadiyyatın açılımı həyata keçirildi. Sonra yenidən həmin ölkələrdə yoluxma sayının artmasını müşahidə etdik. Nəticədə Avropa ölkələri bir sıra məhdudlaşdırıcı tədbirləri yenidən tətbiq etmək məcburiyyətində qaldılar. Deputat bildirib ki, növbəti dövrdə pandemiyanın təsirlərinin minimallaşdırılması vətəndaşların bu qaydalara hansı səviyyədə əməl etməsindən asılı olacaq: "Xüsusən də tibbi maskalardan istifadə edilməsi, sosial məsafənin gözlənilməsi çox vacibdir. Son iki həftədə Azərbaycanda pandemiyaya yoluxanların sayı 50 faiz artıb. ÜST-ün qiymətləndirməsi göstərir ki, əgər vətəndaşlar tibbi maskalardan istifadə edərsə, o zaman yoluxma riski 1,5 faizə qədər enə bilər. Bu da pandemiya qarşı mübarizə baxımından çox effektlidir. Növbəti aylarda pandemiyanın təsirlərinin minimuma endirilməsi hər bir vətəndaşın koronavirusa qarşı aparılan mübarizə tədbirlərinə daha yaxından dəstək verməsini tələb edir. Pandemiya qarşı mübarizədə həmrəylik çox önəmlidir". V.Bayramov, həmçinin qeyd edib ki, əvvəlki dövrlərdə ölkəmizdə həyata keçirilən siyasətə həmrəylik müşahidə edilib. "Bu həmrəylik davam edir. Bir sıra hallarda istisna olaraq qaydaların gözlənilməməsi və bəzi vətəndaşlar tərəfindən qaydalara etinasız yanaşılması diqqətdən yayınmır. Hər birimizin bu qaydalara əməl etməsi vacibdir. Çünki biz tətbiq olunan qaydalara əməl etməklə yalnız özümüzü deyil, yaxınlarımızın, qohumlarımızın, bütövlükdə cəmiyyətimizin sağlamlığına töhfə vermiş oluruq. Pandemiya yoluxma sayının azalması hər birimizin sosial təcrid qaydalarına əməl etməyimizdən asılıdır. Artıq pandemiya iqtisadi məsələdir, qlobal və milli iqtisadiyyatlara mənfi təsir göstərir. Sosial təcrid qaydalarına əməl edəriksə, bu, karantin dövrünün qısadılmasına, iqtisadi aktivliyin bütün sektorlarda bərpa edilməsinə gətirib çıxara bilər".

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov isə hesab edir ki, koronavirus pandemiyası ilə əlaqədar dünya ölkələrində durum gərginləşir. Virus bəşəriyyət üçün bəlaya çevrilib. Əlavə edib ki, son 14 gün ərzində Azərbaycanda virusa yoluxanların sayı 50 faiz artıb: "Bu, ciddi məsələdir. Yoluxmanın artması Azərbaycan səhiyyəsinə təzyiq yaradır. Baxmayaraq ki, tibb müəssisələrimizin maddi-texniki bazası, həkimlərimizin peşəkarlığı yüksəkdir, amma yaranmış durum səhiyyə sisteminə təsir edir. Pandemiya başladığı ilk vaxtlarda insanlar simtompları hiss edən zaman müraciət edirdilərsə, indi ağırlaşandan sonra xəstəxanalara müraciət edirlər. Onu da qeyd edim ki, dünyada virusa yoluxanların sayı artsa da, Avropanın bir sıra ölkələrində yoluxma azalıb. Bunun səbəbi isə insanların qaydalara əməl etməsi, sosial izolyasiya qaydalarına riayət olunması və tibbi maskalardan istifadə olunmasıdır. Əgər virusa yoluxmuş insanla sağlam insan maska taxarsa, onda sağlam insanın xəstəliyə yoluxması ehtimalı 1 faizdir".

Komitə sədri deyib ki, koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün mümkün addımları atır: "Amma hər bir vətəndaş da qaydalara əməl etməlidir. Buna görə də, tədbirlər sərtləşdirilməlidir. Vətəndaşlar anlamalıdır ki, əgər qaydalara əməl olunmasa, virus hər birimizin ailəsinə daxil ola bilər, hər birimiz süni nəfəs aparatına qoşula bilərik. Ona görə də, hər kəs bunu nəzərə almalı və qaydalara ciddi şəkildə əməl etməlidir".

PƏRVANƏ

 





30.06.2020    çap et  çap et