525.Az

Mən Kafkadan qorxuram - Məhsəti Musanın yazısı


 

Mən Kafkadan qorxuram - <b style="color:red">Məhsəti Musanın yazısı </b>

Maraqlıdır, haqqında bu qədər çox danışılırkən, əsərləri bu qədər heyranlıqla təhlil olunurkən nədir məni Kafkadan uzaqlaşdıran?

Bəlkə də, 7-8 il əvvəl, hər yeri qara gördüyüm, bütün işıqların arxasında da zülmət axtardığım vaxtlar onu oxusaydım, haqqında fərqli düşünə bilərdim. Amma zamanla zövqüm də, həyata baxışım da dəyişməyə başladı. Və düşünürəm ki, yaxşıya doğru dəyişdi. Bu gün mən ən qaranlıq yerdə də işıq tapmağa israrlıyam və oxuduğum əsərlərdə də yalnız işıq, yalnız Günəş axtarıram. Çarəsizliyi sevmirəm. Hətta çarəsiz qaldığım vaxtlar olanda atılıb-düşsəm də, çox qısa müddətdə bütün gücümlə o gərginlikdən azad olmağı bacarıram.

Bir sözlə, məni ruhdan salan nə varsa, onunla mübarizə aparıram, işığın gücü ilə qalib olmağa çalışıram. Və bir neçə il əvvəl, artıq daxilən rahatlıq tapdığım vaxtda Frans Kafkanın əsərlərini oxumağa başladım. Kitabı bitirəndə təəssüratımı cəmi bir neçə cümlə ilə ifadə etmişdim: "F.Kafka "Atama məktub"unda atasını qınayır, oğlunun hisslərinə, duyğularına, seçiminə hörmət etmədiyini, amansız olduğunu ona irad tutur. Amma Kafka özü də oxucu ilə eyni cür rəftar edir. Şüuraltı təsir edərək onu heçliyə yuvarlayır və çıxış üçün zərrə qədər də işıq ucu göstərmir. Oxucuya əl uzatmır. Yol açmır. Bütün fənərləri keçirir və "hərə öz evinə tək getsin" deyir. Kafkanın əsərlərində hamımızın axtardığımız əbədiyyət işığı yoxdur. Ümid yoxdur. Gələcək yoxdur. Bir şey alınmırsa alınmayacaq, olmursa olmayacaq kimi hisslər aşılayır. Onun əsərləri qəbir qoxuyur. O, öldürür və zülmətə gömür. Vəssalam. Məsələn,  məşhur "Çevrilmə"ni oxuyarkən, əsərin baş qəhrəmanı Qreqor Zamzanın sonrakı taleyini tam başqa cür təsəvvür edirdim. Səbirsizliklə əsərin sonuna can atırdım. Amma sonda müəllif Qreqoru asanlıqla məhv eləmişdi və mən bundan çox sarsılmışdım. Əslində, Kafka bir çox reallıqları olduğu kimi göstərir. Amma amansızcasına...

Və mən onun yaradıcılığına olan münasibətimi dəqiqləşdirirəm. Bu, onu sevməmək deyil. Bu, onu dərk etməmək də deyil. Bu, qorxudur. Bəli, mən Kafkadan qorxuram. Bəlkə də, daxilən bu qədər dəyişməsəydim, 7-8 il əvvəlki vaxtımda onu oxusaydım, canıma qəsd də edə bilərdim..."

 





01.07.2020    çap et  çap et