525.Az

Pandemiyaya görə xaricdə qalan azərbaycanlı tələbələr...


 

... TEZLİKLƏ VƏTƏNƏ QAYITMAQ ÜMİDİ İLƏ AZƏRBAYCAN DÖVLƏTİNDƏN KÖMƏK GÖZLƏYİRLƏR

Pandemiyaya görə xaricdə qalan azərbaycanlı tələbələr...<b style="color:red"></b>

COVİD-19 pandemiyası elan olunduqdan sonra xarici ölkələrdə, o cümlədən, Türkiyədə qalan Azərbaycan vətəndaşlarının, xüsusən tələbələrin ölkəyə təxliyəsinə başlandı.

Əksər vətəndaşlarımız vətənə dönsələr də, sərhədlər bağlanandan sonra qayıda bilməyənlər də oldu. Türkiyədəki karantin rejimini də nəzərə alsaq, həm universitetlər bağlanıb, həm də əksər iş yerləri. Ən acınacaqlı olanlar isə yenə də tələbələrdir. Çünki bununla yanaşı, onların qaldığı yataqxanalar da bağlanıb və onlar məcburən kirayələrdə yaşayırlar. Kirayə haqqı, günlük ehtiyaclar, kommunal xərcləri tələbələri çətin həyat şərtləri ilə üz-üzə qoyub. Pandemiyanın ilk zamanlarında - aprel ayında Azərbaycanın Türkiyədəki səfirliyi orda qalan vətəndaşlarımıza müəyyən qədər kömək etdi, həm kirayə haqqının bir qismini, həm də  ərzaq ehtiyacını müəyyən qədər qarşıladı. Türkiyə Böyük Millət Məclisinin deputatı, əslən azərbaycanlı Şamil Ayrım da həmin zamanlarda mətbuata açıqlamasında Türkiyənin müxtəlif şəhərlərində, rayonlarda qalan azərbaycanlıların həm vətənə qayıtması, həm də orda ehtiyaclarının ödənməsi üçün müəyyən köməkliklər etdiklərini demişdi. Az zaman sonra iki ölkə arasında həm quru, həm də hava yollarının bağlanması yerdə qalan insanların vətənə dönmələrini mümkünsüz etdi. O vaxtdan bəri, Türkiyədə həyat quran, müəyyən mövqe sahibi olan azərbaycanlı iş adamları və ya siravi vətəndaşlarla yanaşı, eyni zamanda, türkiyəli iş adamları da çətin vəziyyətdə olan həmvətənlərimizə öz köməklərini əsirgəmirlər. Amma təəssüf ki, hələ də çətinlik çəkənlər var... 

Bu günlərdə iki ölkə arasında gəlinən razılıq, verilən bir qərar başda həmin insanlar olmaqla, hamımızı sevindirdi. Belə ki, Türkiyədəki Azərbaycan vətəndaşlarının, o cümlədən, tələbələrin ölkəyə gətirilməsi, eləcə də müəyyən səbəblərdən Türkiyəyə getməli olan Azərbaycan vətəndaşlarının ölkədən çıxışını asanlaşdırmaq üçün iyulun 1-dən başlayaraq, qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının (AZAL), iki dəfə isə Türkiyə Hava Yollarının (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reyslərin həyata keçirilməsi qərara alındı. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, digər ölkələrdə olan və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlar, o cümlədən, tələbələr də İstanbul hava limanının tranzit imkanlarından istifadə edərək bu marşrut üzrə Azərbaycana gələ biləcəklər. AZAL-ın reysləri həftənin cümə axşamı və şənbə günlərində, Türkiyə Hava Yollarının reysləri isə çərşənbə və cümə günlərində icra olunacaq.

Bu xəbər hər birimizin, xüsusən, o tələbələrin özləri və ailələrinin narahat qəlbinə sərin su çiləsə də, AZAL-ın bilet qiymətlərini açıqlaması ilə bütün xəyallar suya düşdü. Adi vaxtdan 3-4 dəfə baha qiymətə olan biletlər nə Türkiyədə işsiz-gücsüz evə məhkum qalan tələbələrin, nə də onların Azərbaycanda əksərən iş yerləri bağlanmış valideynlərinin cibinə görə idi. Təəssüf ki, problem bilet qiyməti ilə yekunlaşmırdı. Biletlər satışa çıxarılar çıxarılmaz satılıb bitməsi, eləcə də ölkəyə gəlməzdən öncə məcburi verilməli olan koronavirus testinin baha qiyməti də tələbələri yenidən narahatlığa və ümidsizliyə qərq etdi.

"Bu çətin zamanda ailəmizin yanında olmaq istəyirik..."

Bu günlərdə redaksiyamıza Türkiyənin Elazığ şəhərində təhsil alan və hazırda orda qalan, vətənə dönə bilməyən tələbələrdən şikayətlər daxil oldu. Elazığ şəhərindəki Fırat Universitetində təhsil alan ümumilikdə 50-yə yaxın tələbə quru yolunun bağlı, hava yolunun da bu qədər problemli olduğunu deyərək, Azərbaycan dövlətindən kömək istəyirlər.

Fırat Universitetinin müxtəlif fakültələrində fərqli ixtisaslar üzrə təhsil alan tələbələrdən Nail Babayev, Nemət Ağayev, Nicat Seyidməmmədov, Orxan Rəsulzadə, Bilal Cabbarov, Elmin Əlimuradov, Hikmət Nəsibov, Zərbalı Əliyev, Paşa Qurbanov, Sakit Tağıyev, Samir Məmmədov, İbiş İbişzadə, Günel Quliyeva, İbrahim Babazadə, Jalə Rəşidova, Emil Cəbrayılov, Aytac Əzizli, Şakir Şakirov, Türkan Nəsirova, İsmayıl Ağazadə, Aytac Əmrahlı, Məhsəti Əmrahlı, Təbriz Həmidov, Bilal Məmmədov və başqaları hazırda Türkiyədə çətin şəraitdə, narahatlıq içərisindədirlər. "525-ci qəzet" onlardan bir qismi ilə əlaqə saxlayıb, əsas problemlərini və istəklərini öz dillərindən öyrəndi.     

Universitetin 2-ci kurs tələbəsi Nicat Seyidməmmədov deyir ki, indiki şəraitdə Türkiyədə tələbələrin ortaq problemi Azərbaycana qayıtmaq məsələsidir: "İki dövlətin qarşılıqlı razılaşması əsasında iyulun 1-dən uçuşlar həyata keçirilir. Lakin bunun qiyməti bizim büdcəmizdən çox artıqdır. Birtəhər hardansa, necəsə pul tapsaq da, bilet tapmaq olmur. Bizim uçuşda iştirak etməmiz üçün də COVİD-19 testi lazımdır. Bu testin qiyməti 400 lirədir. Bu baxımdan sıxıntılarımız çoxdur. Xahişimiz odur ki, bizi quru yolu ilə vətənimizə qaytarasınız. Əgər sərhədlər heç olmasa, bizə görə açılsa, biz də öz ölkəmizə qayıda bilərik".

Elmin Əlimuradov Fırat Universitetinin 1-ci kurs tələbəsidir. O da eyni problemləri dilə gətirir və deyir ki, artıq orada qalmaqları çox çətinləşib: "Yataqxanalar pandemiya səbəbiylə bağlanıb. Azərbaycanda olan işsizliyə görə evdən ailəmiz bizə pul da göndərə bilmir".

Universitetin 3-cü kurs tələbəsi Günel Binnətli deyir: "Koronavirus başladığı zaman ev yoldaşlarımız evdən ayrıldılar, hərə öz məmləkətinə, ailəsinin yanına qayıtdı. Hazırda bir çox azərbaycanlı tələbələr məcburən kirayə və kommunal xərclərini təkbaşına ödəyir. Bu, heç bir yerdən gəliri olmayan tələbələr üçün çox çətin vəziyyətdir. Virusun başladığı ilk aylarda Türkiyədəki səfirliyimiz və cənab səfir yarı kirayə pulu və ərzaq alış-verişində kömək elədi, amma bu, sadəcə bir dəfə oldu. Bizsə artıq dörd aydır bu vəziyyətdəyik. Orda da vəziyyət çətin olduğundan ailələrimiz hazırda bizə kömək edə bilmirlər. Hava yolları çox bahadır. Biz xahiş edirik ki, quru yolları açılsın və bizi təxliyə etsinlər, kirayələrimizi ödəməkdə kömək etsinlər. İndi dünyada vəziyyət çox pisdir. Ailələrimiz üçün də narahatıq və bu çətin günlərdə onların yanında olmaq istəyirik".

3-cü kurs tələbəsi Nemət Ağayev də ailəsinin yanında olmaq istədiyini deyir: "Burdakı hər kəs kimi mənim də problemim vətənə qayıtmaqdır. Bu pandemiya dönəmində hamı kimi biz də öz ailəmizin, sevdiklərimizin, doğmalarımızın yanında olmaq istəyirik. Onlar orda bizdən, biz isə burda onlardan narahatıq. Belə bir vəziyyətdə burda qalmaq çox çətindir. Biz kömək edən yoxdur. Cənab Prezidentimizdən, dövlətimizin xahiş edirik ki, quru yolları açılsın, tələbələr öz büdcələrini uyğun olaraq vətənə qayıda bilsinlər".

Fırat Universitetində Mühəndislik ixtisasının 3-cü kursunda təhsil alan Təbriz Həmidov hər şeydən əlavə həm də valideyninin səhhətinə görə narahatdır, gec olmadan onun yanında olmaq istəyir: "Maddi vəziyyətim çox pisdir. Atam ürək xəstəsidir, yeni əməliyyatdan çıxıb. Atamın, ailəmin mənə ehtiyacı var. Bugünkü gündə mən onların yanında olmalıyam, amma təəssüf ki, mən vətənimə, ailəmin yanına qayıda bilmirəm. AZAL şirkəti biletlərin qiymətini çox yüksək etdiyinə görə ala bilmirəm. Həm maddi, həm də mənəvi cəhətdən ağır günlər yaşayıram, psixologiyam pozulub, atam üçün çox narahatm. Bilirəm ki, mənim burada əlacsız vəziyyətdə qalmağıma görə o da məndən nigarandır və bu əlavə narahatlıq onun səhhətinə ziyandır. Dövlətimizdən xahiş edirəm ki, quru yolları açılsın və beləliklə, biz də tez bir zamanda ailəmizə qovuşaq".

Haqqında bəhs etdiyimiz mövcud problem təkcə Elazığ şəhərində və ya Türkiyədə yaşanmır. Dünyanın müxtəlif yerlərində təhsil alan, ya da hansısa səbəblərdən orda olan həmvətənlərimiz var ki, sərhədlərin bağlanmasına görə əlacsız qalıblar.

Məsələn, Rusiyaya iş dalınca gedən, pandemiyaya görə işsiz qalan, kirayəsini və günlük ehtiyaclarını ödəyə bilməyib, vətəninə dönmək istəyən həmvətənlərimizdən biri Qalib Yunusov bir aydır ki, bütün cəhdlərinə baxmayaraq, Azərbaycana qayıda bilmir. Həm də eplepsiya xəstəsi olan Qalib Dağıstan sərhəddindəki çətinliklərə dözməyərək xəstəliyinin şiddətlənməsi səbəbindən xəstəxanaya yerləşdirilib. Orda öncə ona COVİD-19 diaqnozu qoyulsa da, sonra test cavabı neqativ olub və bunun epleptik tutmalardan biri olduğu dəqiqləşdirilib. Buna baxmayaraq, 14 gün karantində saxlanılan həmvətənimizə xəstəxanadan həm xəstəliyi, həm də COVİD-19 testinin mənfi cavabıyla bağlı sənəd veriblər. Xəstələr, yaşlılar sərhəddən daha tez buraxılsalar da, Q.Yunusov günlərdir çətin vəziyyətdə gözləyir. O, hətta əlacsızlıqdan geriyə - Rusiyaya qayıtmağı da düşünür. Çünki bu vəziyyət səhhətinə birbaşa ziyandır. İki uşaq atası olan Qalib bəy deyir ki, o, işləmək üçün Azərbaycanda qoyub Rusiyaya gəldiyi ailəsindən, ailəsi isə ondan çox narahatdırlar. Tez zamanda qovuşmağı arzulayırlar.

Dövlətimiz pandemiyanın ilk günündən həm ölkə daxilində, həm də ölkə xaricində olan vətəndaşlarının qayğısına qalır, onarın sağlamlığının qorunması, həyat şəraitlərinin zərər görməməsi üçün əlindən gələni edir. Bu aylar ərzində minlərlə həmvətənimizin xarici ölkələrdən çarter reyslərlə təxliyə olunublar. İnanırıq ki, yazıda haqqında bəhs etdiyimiz və etmədiyimiz, Türkiyədə, eləcə də digər ölkələrdə hələlik çətin vəziyyətə qalan tələbələrimizin, vətəndaşlarımızın da səsləri eşidiləcək və dövlətimiz tez zamanda onların da problemlərini həll edərək, ailələrinə qovuşduracaq.

 





01.07.2020    çap et  çap et