525.Az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəsm müsabiqəsi başa çatıb - Foto


 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəsm müsabiqəsi başa çatıb - <b style="color:red">Foto</b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən "Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri" adlı onlayn rəsm müsabiqəsi başa çatıb. 

Göndərilən rəsmlər 12 kateqoriya üzrə: "İrsimiz", "Dədə Qorqud", "Adət-ənənələr", "Dünyamızı qoruyaq", "Musiqi", "Novruz", "Səmazənlər", "Milli Mətbəx", "Xalçalar", "Türk dünyasının qadınları", "Oyunlar", "Türk Birliyi" onlayn səsvermə yolu ilə seçilib, həmçinin, beynəlxalq münsiflər heyəti tərəfindən də dəyərləndirilib. 6-9, 10-13, 14-17 yaş kateqoriyalarına daxil olan uşaqların arasından 1-ci, 2-ci, 3-cü yerlərin sahibləri, "Sülh", "Birlik, "Bilik", "Dostluq" nominasiyaları və QRAN-PRİ mükafatı üzrə qaliblər beynəlxalq münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.

Qeyd edilməlidir ki, müsabiqəyə Fonda üzv və müşahidəçi ölkələrdən, o cümlədən, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanla yanaşı, Türkmənistan, Bolqarıstan və Ukraynadan 700-ə yaxın rəsm işləri daxil olub.  QRAN-PRİ mükafatına Məryəm Quluzadə (7 yaş, Azərbaycan)  və Elif Bilge Zengin (7 yaş, Türkiyə) layiq görülüblər.

Göndərilən bütün rəsmlər və təsvir mətnləri əsasında Fond tərəfindən illüstrasiyalı kitab nəşr olunacaqdır. Kitabda türk dünyasının adət-ənənələrinin, mədəniyyətinin və irsinin nə qədər zəngin olduğu daha da aydın görünəcək.

Pandemiya (Covid-19) ilə əlaqədar xüsusi karantin rejimi bitdikdən sonra müsabiqədə qalib gələn şəxslər Fond tərəfindən sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.

Müsabiqənin qalibləri https://itchf.org/gallery/ saytında xüsusi yaradılmış  qalereyada yerləşdirilib.

 





01.07.2020    çap et  çap et