525.Az

İqtisadi azalma templərini ləngidəcək yeganə istiqamət - Rəy


 

İqtisadi azalma templərini ləngidəcək yeganə istiqamət - <b style="color:red">Rəy</b>

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunub.

Tədbirlər Planının müvafiq bəndlərindən irəli gələn vəzifələrin icrası və ölkə iqtisadiyyatında qeyri-neft sektoruna investisiya qoyuluşlarının və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması ilə əlaqədar sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, eləcə də Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirmə alətlərinin genişləndirilməsi ilə əlaqədar müvafiq normativ-hüquqi aktların qəbul edilməsinə və mövcud normativ hüquqi aktlara dəyişikliklərin edilməsinə zərurət yaranmışdı.

Bu məqsədlə İqtisadiyyat Nazirliyi tərəfindən “Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na dəyişikliklər, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi, maliyyələşdirmə alətlərinin genişləndirilməsi barədə təkliflər paketi hazırlanıb, dövlət qurumları, sahibkarların ictimai təşkilatları, o cümlədən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) xətti ilə ayrı-ayrı sektorlar üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə geniş müzakirə olunub. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketi aidiyyəti üzrə təqdim olunub. Azərbaycan Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə “Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası” təsdiq edilib və Fondun nizamnaməsinə dəyişiklik olunub.

Yeni qaydaları şərh edən İqtisadi islahatların Təhlili və Kommunikasiyası Mərkəzinin (İİTKM) "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadənin sözlərinə görə, bu tipli addımlar likvidliyi təmin edir.

“Beynəlxalq iqtisadi sistemdə baş verən iqtisadi kiçilmə fonunda dünya dövlətləri tərəfindən fiskal stimul paketləri, yumşaq pul siyasətləri vasitəsilə nəfəs kimi lazım olan pul likvidliyi təmin edilir. Azərbaycan dövləti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlətin kredit-zəmanət dəstəyi iqtisadi artıma dəstək və məşğulluğun dəstəklənməsi proqramı əsasında həyata keçiriləcək. Tətbiq ediləcək dəstək nəticəsində pandemiyadan əziyyət çəkən sahibkarların ucuz maliyyə resurslarına əlçatanlığı təmin olunaraq, biznesin davamlılığını dəstəkləyəcək. Sahibkarlara verilən yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi sözügedən subyektlərin mövcud pandemiya şəraitində arxayın şəkildə işləməsi üçün əlavə stimuldur.

Statistikaya nəzər salsaq, 2019-ci ildə real sektora kredit qoyuluşları 15,3 mlrd manat olmuşdu ki, bu da ÜDM-in 18,7 faizini təşkil edir. Yalnız ev təsərrüfatlarına verilən kreditlər isə ÜDM-in 8,5 faizini, ümumi kredit qoyuluşlarının isə 45,6 faizini təşkil edir. Sahibkarlarıq subyektlərinin biznes fəaliyyətinə qoyulan investisiyalarda kredit qoyuluşları isə 7,5 mlrd manat təşkil edir ki, ÜDM-in 9,2 faizini əhatə edir. İnkişaf etmiş ölkələrdə kommersiya bankları tərəfindən biznes kreditləri ÜDM səviyyəsində (100%) və daha çox olur. Bu baxımdan məcmu tələb elementlərinin aşağı düşməsi ilə əlaqədar məcmu təklifində enməsi iqtisadi azalmanı sürətləndirə bilər. Xarici investisiyaların dayanması ilə iqtisadi azalma templərini ləngidəcək yeganə istiqamət daxili investisiyaları canlandırmaqdır. Canlanmanın mənbəyi isə biznes kreditlərinin sahibkarlar tərəfindən əlçatanlığını stimullaşdırmaq, aşağı faizlərlə uzun müddətli maliyyə resursları ilə təmin etməkdir.

Sözügedən mexanizm vasitəsilə ilin sonuna qədər Azərbaycan üçün iqtisadi azalma templəri yavaşlayacaq, post pandemiya dövrü üçün iqtisadi bazis formalaşacaqdır”, - deyə Nicat Hacızadə əlavə edib.

 





01.07.2020    çap et  çap et