525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

Ekrandan uzaq durmağa çalışdığım bu günlərdə Real TV-nin efirində Mirşahinin Müdafiə naziri Zakir Həsənovla söhbəti diqqətimi çəkdi. Sonadək baxdım, içimdə olan gizli narahatlığa bir az sakitlik çökdü, bir az arxayınlıq, əminlik yarandı.

Nazir son vaxtlar ona qarşı səsləndirilən iradlara təmkinlə cavab verdi.

Əvvəla, müsahibədən də göründü ki, Zakir Həsənov Azərbaycan dilində səlis və rahat danışır; elə bunun özü də nazirin ana dilini yaxşı bilməməsi ilə bağlı son vaxtlar irəli sürülən iddialara tutarlı cavab idi.

Nazirin ordumuzun gücü, hərbi texnikamızın potensialı və son təlimlərə reaksiyalar barədə "xəsisliklə" verdiyi informasiyalar, Ali Baş Komandanın təlimatları, Türkiyə hərbi qüvvələri ilə əməkdaşlıq, Moskvada faşizm üzərində qələbənin 75 illiyi münasibəti ilə keçirilən paradda iştirak, Naxçıvandakı hərbi qüvvələrimizin hazırlıq səviyyəsi və digər məsələlərlə bağlı həm diplomatcasına, təmkinli cavabları, həm də minimum informasiya ilə fikirlərini və görülən işləri çatdırması diqqətli izləyicilər üçün xeyli bilgilər qazandırmaqla yanaşı, onlarda bir rahatlıq da yaratdı.

Pandemiya vahiməsinin, az qala, Qarabağ itkisini ikinci plana keçirdiyi bir zamanda, özü də Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ərəfəsində belə bir söhbət həm Mirşahinin bir peşəkar kimi intuisiya bacarığının, həm də nazirin obrazının tam və dolğun ifadəsi oldu.

***

Hələ çox şeylər mənasını itirəcək.

***

Bütün eşqlər ağcaqanad ölümləriylə başlayır!.. :)

***

Gərək Mark məxsusi bizim üçün dərdli gülüş, ya da qəmli şaqqanaq işarəsi düzəldə...

***

Üzr istəmək ən düzgün çıxış yoludur. Nala-mıxa vurmaqdansa, cəsarət tapıb "bağışlayın" demək böyüklükdür. Yersiz qürur hərdən belə jestlərə mane olur. Amma fitrətən mərhəmətli və ürəyiyumşaq insanlarıq.

***

Mənasız, üzücü qonaqlıqlar, israfçıl toylar, dəbdəbəli yas mərasimləri, harın eyş-işrət məclisləri, candərdi-quşqoyma tədbirlər, gözə-yaddaşa yox, telefona köçən səyahətlər sıradan çıxır. Ailəvi ünsiyyət, vaxtı səmərəli xərcləmək ehtiyacı artır.

***

Deyir, hər səhər boyat çörəklə göyərçinləri yemləyirəm...

***

Oxumadığın statusları bəyənmək qeyri-ciddilik əlamətidir.

***

İrad tutmaq, mız qoymaq vaxtı deyil. İnsanlar bir-birini anlamalı, dərdinə yanmalı, kömək durmalıdır.

***

Gürcülərdə koronavirusa yoluxmanın azlığının səbəbini həm də mətbəxləriylə - istiotlu-sarımsaqlı, acılı yeməklərinin çoxluğuyla bağlamaq istədim. Birdən yadıma düşdü ki, bu biri qonşumuzun da mətbəxi onlarla oxşardır. Bəs, onda ermənilərdə niyə yoluxma çoxdur?! Arqumentim alınmadı...

***

Hər yazarın işi deyil, statusu üç cümləni keçə, amma onu hələ də oxuyalar...

***

Göy gurultusu, şimşək çaxması, ildırım...

Qədim insanlar sirrə vaqif olduqca qorxu hissi azalıb.

COVID-19-un səssiz qorxusu, lal vahiməsi, qəliz sirri isə günbəgün artır.

... Sirri çözməli olanlar özləri sirr yaradıb...

***

Telefonları sındırmaq zamanı...

***

Feysbuka korona dövründə qoşulmuşdu. Sütül və saf idi. :)

***

Elə profil var ki, təxəllüsünü-ləqəbini görən kimi haqqında təsəvvür yaranır, məğzi-mahiyyəti təxmini bilinir.

***

Adamlar maskasız nə pis görünür!..

***

Moruq niyə bu qədər dadsız-tamsız olsun ki? Bunu harda becərirlər, harda əkib, harda sulayırlar?!.

***

Ən yaxşı dezinfeksiya selləmə yağışdır; yağış yusun, gün qurutsun...

***

Ayaqlarımızı zamana görə uzatmalıyıq...

***

Dünya da, ölkələr də, xalqlar da, adamlar da... pərən-pərən düşdülər...

***

Yaxşı qul etdilər telefona bizi...

***

Müharibədir də. Müharibə necə olur ki?! Heç bir müharibə sabaha ümidləri bu qədər məhv edə bilməzdi...

***

Dostlardan biri soruşur ki, "ayıq sürücülər" işləyir, sistemə düşüblər, icazələri var?!. :)

Suala həm təəccübləndim, həm gülümsədim...

***

Baxır hekayəni kim danışır də...

***

Ən toxtaq və nikbin adamlar belə, üzə vurmasalar da, daxilən narahat və nigarandırlar. Bu mücərrəd COVİD-19 bəlasının haçan, harda peyda olub adamı yaxalayacağı qorxusu gizli bir vahimə, xof yaradır. İnsanların əksəriyyəti əsəbi, gərgin, psixoz vəziyyətindədir, az qala, hamı bu qeyri-müəyyənliyin hirsini kiməsə püskürməyə bəhanə axtarır. Belə dönəmdə kütlənin hisslərinə toxunacaq, onları aşağılayacaq hansısa fikirlərin aqressiv qarşılanması təbiidir. Əsəbi küll halında cilovlamaq mümkün olmur. İndi empati, özünü başqalarının yerinə qoymaq çox vacibdir. Çıxış yolu ətrafa xoş enerji, isti münasibət, nikbin ovqat ötürməkdir. Birliyin, həmrəy olmağın yolu qarşılıqlı həssas münasibətdən keçir.

***

Yuxu arının yüz çiçəyə qonması kimi bir şeydir...

***

Uzaqda bir xoruz özünə həşir gəlmişdi; dayanmadan banlayırdı...

***

Köhnə saman içi eşələmək, keçmişi qurdalamaq... Bundan nə qazanc, nə xeyir hasil etmək olur ki?!.

***

Deyir, koronavirus siqaret çəkənlərə çox da yaxın durmur, çünki onların ağciyər və bronxları adətkardır... :)

***

Hamı tək qalacaq?!.

***

Norveç soyuqluğu ilə yazılmış, adamın cızdağını çıxaran roman-bioqrafiya

Günel Mövludun "Düşərgə" romanını ah və siqareti növbəli, bəzən də eyni vaxtda çəkə-çəkə oxudum. Əsər boyu əvvəldən-axıracan ağrı-acı, kədər, qüssə yaxamı buraxmadı.

Günel Mövludun istedadını həmişə etiraf etmişəm; məndən iynəli, sancmalı müsahibələr götürəndə də, şeirlərindən heyrətlənəndə də, yazılarından zövq alanda da, Markesin məşhur romanının tərcüməsinə görə sevinəndə də... O çadır düşərgəsinin ləğvindən yazdığı reportajın ağrısı indi də dipdiri canımdadır.

Bioqrafiyasına az-çox bələd idim; amma bu romanı oxuyanda dərk elədim ki, bizim tanıdığımız zahirən şən, zarafatcıl, deyib-gülən qızın içərisində, özünün dediyi kimi, "irinli bir yara", ağrılı bir keçmiş var. Anna Axmatovanın şeirində necəydi? "Əgər siz bilsəydiniz necə zir-zibildən doğulur şeir..."

Günel bu romanında 5 il yaşadığı 1 saylı Qalaqayın qaçqın (çadır) düşərgəsindəki həyatını, yaşantılarını, müşahidələrini yazıb. Onun yazıçı üçün vacib olan möhkəm yaddaşı və adamın ətini ürpədən dəqiq, qəddar müşahidələri məni heyrətləndirdi; indi yaşadığı Norveçin iqlimi kimi soyuq, sakit, bəzək-düzəksiz. Amma yəqin ki, bilərəkdən seçilmiş bu sakit və quru təhkiyə, yalnız faktların və hadisələrin təsviri adamı alt-üst edir, cızdağını çıxarır.

Kitabı oxuduqca onu bir əcnəbinin, ən çox da buz kimi soyuq almanın, norveçlinin əllərində təsəvvür edir, onların keçirəcəyi hissləri, müəllifə yönəldəcəkləri sualları xəyalıma gətirirdim. Yəqin ki, onlar yaşadıqlarından dolayı sarsılmış müəllifə rəhm və mərhəmətlə, bir az da heyrətlə baxacaqlar. Bəlkə də, oxuduqlarına inanmayacaqlar, bəlkə də, yazıçı təxəyyülü sanacaqlar. Heç vaxt sınmayan, özünü sındırmayan Günel isə soyuq əcnəbi oxuculara cavabında bəlkə, daha artıq hadisələr, hekayətlər danışacaq, bununla müharibəyə, insanları minillik yurd-yuvasından didərgin salan düşmənə - işğalçıya qarşı qəzəb, hiddət hissi oyadacaq.

Xalid Hüseyninin əfqanların həyatını, Varis Diriyenin Afrikanı - Somali qadınlarının məişətini təsvirlərindən heç də az sarsıdıcı olmayan hadisələri yazıb Günel. İrinli yarasından tikan çıxaran kimi, ağrılı, təsirli bir əsər qoyub ortaya. Əminliklə deyirəm, Günelin yazıçı təxəyyülü bu məşhur əsərlərin müəlliflərindən qətiyyən geri qalmır. Əksinə, o yazıçılardan fərqli olaraq Günelin yazdıqları təxəyyül materialı deyil, o, heç nəyi artırmayıb, nəyisə qondarmayıb, başına gələnləri soyuqqanlılıqla qələmə alıb. Guünelin bədii təfəkkürünə bələdəm, şeirlərinin təsir gücünü bilirəm. Bu əsərdə onun sakit, soyuq, emosiyadan, bədii bəzək-düzəkdən uzaq yazı üslubunu qəsdən seçdiyini düşünürəm. Bəlkə də elə buna görədir ki, romanda rast gəlinən yeganə emosionallıq elə sonuncu cümlədədir: " ...Əllərimlə üzümü qapayaraq hönkürdüm". Əvəzində, "donuq", "laqeyd", "buz kimi" sözləri daha çoxdur əsərdə.

Sarsıntı və ağrı içərisində oxuyub bitirdiyim əsəri sonra bir də vərəqləmək istədim. Ürək eləmədim, qorxdum. Bir də geri qayıdıb o ovqata düşməkdən ehtiyatlandım. Gör indi o düşərgədə yaşayanlar canlarındakı qorxu hissini yenmək üçün nə müsibətlər çəkiblər.

Güneli belə bir təsirli əsər yazdığına görə təbrik edirəm. Sevinirəm ki, öz həyatını qurub, yaxşı ailəsi var, o uzaq və soyuq ölkədə sevdiyi işlə məşğuldur, rahat yazıb-yarada bilir. Və onun gələcəkdə daha təsirli əsərlərlə insanlarımızın sönməyən yaşamaq şövqünü, istedadını, ağrı-acılarını dünyanın fərqli düşüncəyə malik toplumlarına çatdıracağına əminəm.

***

Son 30 ildə Dünya, az qala, bir əsrə sığacaq sürətli inkişaf yolu keçdi. Bu templə, bəlkə də, növbəti 30 ildən sonra Dünyanın necə, harada olacağını də təxmin etmək mümkün idi. Və 2050-dəki Dünyanın yaşamalı olub-olmayacağı sual altındaydı.

Yəqin elə ona görə də Dünyanın gedişatını dayandırdılar. Uzaq səfərlərdə belə fasilələr təbiidir. Adətən adi yolçular yolun, səfərin, gedilən məkanın, son ünvanın təhlükəli olub-olmadığını bilmirlər. Potensial təhlükəni çiynində məsuliyyət hiss edənlər, özlərini cavabdeh sayanlar bilir, görür... Yəqin, özünü Dünyanın gələcəyinə məsul sayanlar da belədirlər; bəlkə təhlükəni sovuşdurmağa, Dünyanı xilas etməyə çalşırlar?!

Bizə sadəcə müşahidə etmək qalır...

***

Feysbuk paylaşmalarıma nadir hallarda kimisə işarələyirəm. Görmək istəyən görəcək də, oxuyacaq da. Siz də elə edin!..

***

Bu yaylaq havası təbiətin bizə mərhəmətidir.

***

Quşların səsi artıb elə bil. Yoxsa başqa səslər azalıb?!

 





01.07.2020    çap et  çap et