525.Az

Dövlət mükafatına layiq görülmüş alimlər təltif olunublar


 

Dövlət mükafatına layiq görülmüş alimlər təltif olunublar<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun alimlərinə - İnstitutun direktoru, akademik Nazim Məmmədov, laboratoriya rəhbərləri Nadir Abdullayev, İmaməddin Əmiraslanov və böyük elmi işçi Ziya Əliyevə  Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının döş nişanı və diplomu təqdim olunub.

Bu haqda “525”ə Fizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Mükafatlandırma mərasimi iyulun 1-də baş tutub. Döş nişanı və diplom alimlərə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən təqdim olunub.


Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən, 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə yuxarıda adları qeyd olunan şəxslər layiq görülüblər.


Qeyd edək ki, 20 dekabr 2019-cu ildə "Nature" jurnalında  nəşr olunan “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna istinadların sayı 100-ü keçib. Həmin məqalə antiferromaqnit topoloji izolyatorunun kəşfi haqqındadır. Bu kəşf  gələcəkdə itkisiz enerji daşınması və digər sahələrdə tətbiq olunması baxımından faydalı olacaq.


Məqaləyə istinadların sayının artması dünya elmi ictimaiyyətinin azərbaycanlı alimlərin işinə verdiyi qiymətdən xəbər verir. İstinadlar dünyanın aparıcı fizika elmi mərkəzlərinin alimləri tərəfindən olunub. 


 





02.07.2020    çap et  çap et