525.Az

Qısa ömrün böyük və aydın izləri - Şahanə Müşfiqin yazısı


 

MƏRHUM AKTYOR RUSLAN NƏSİROV AZƏRBAYCAN KİNO SƏNƏTİNƏ VERDİYİ DƏYƏRLİ TÖHFƏLƏRLƏ YADDA QALIB

Qısa ömrün böyük və aydın izləri - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

Azərbaycan kino tarixində bir-birindən maraqlı və fərqli məziyyətlərə malik sənətkarlar - aktyor və aktrisalar çoxdur. Onlar arasında uşaq rollarını mahir şəkildə ifa edən aktyorlar da olub ki, tamaşaçıların da yaddaşında məhz bu rolları ilə qalıb, sonsuz məhəbbətini qazanıblar.

"Ögey ana" kimi peşəkar aktyorların rol aldığı filmdə balaca İsmayılı 11 yaşında böyük məharətlə canlandıran və milli kino tarixinin səhifələrinə qızıl hərflərlə həkk edən aktyor Ceyhun Mirzəyev yəqin ki, uşaq aktyorlar sırasının başında gələcək adlardan biridir. Ondan sonra bu sahədə müəyyən səngimələr olsa da, kinomuz uşaq qəhrəmanından birdəfəlik məhrum olmadı.

Parta arxasından kamera önünə...

Çox güman, film izləməyi sevən, xüsusən, milli kinomuza az-çox bələd olan hər kəs Ruslan Nəsirov adını yaxşı xatırlayır. Bu ad onu tanıyanların əksəriyyətinin gözü önünə buruq saçları, ağıllı gözləri, ötkəm danışığı gətirir.

Mərhum aktyor Ruslan Nəsirov 1974-cü il iyunun 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ata tərəfdən Zərdab rayonundan, ana tərəfdən isə şuşalıdır. Həm atası, həm də anası Bakı Dövlət Universitetində müəllim olublar. Ən yaxın, ailəvi dostu, aktrisa Venera Abbasovanın sözlərinə görə, R.Nəsirovun atasının icad etdiyi bir cihaz hələ də BDU-nun muzeyində saxlanılır.

Ruslanın fərqli istedadını ilk kəşf edən anası olmuşdu. Balaca Ruslanın səsini dəyişmək qabiliyyəti varmış. Aktyor uşaq vaxtı bu istedadının üzə çıxmasını dostlarına məzəli bir əhvalatla danışırdı. Binanın 4-cü mərtəbəsində yaşayan uşaq balkona çıxıb yol polisinin səsini yamsılayar, yoldan keçən maşınları həqiqətən də onları polis saxladığına inandırarmış. Səsə aldanıb maşını saxlayan sürücülər ətrafda polisi deyil, başları üstündən onlara gülən balaca dəcəl oğlanı görərmişlər.

Təəssüf ki, ömrü boyu çox ünsiyyətdən, göz önündə olmaqdan, hətta şəkil çəkdirməkdən belə qaçan aktyorun bu gün qısa, amma peşəkar yaradıcılıq yolundan danışa bilirik. Onun kamerayla, kinoyla tanışlığı çox erkən başlamışdı. Sovet dövründə rejissorlar tez-tez orta məktəblərə gedər, fərqlənən, diribaş uşaqları seçərmişlər. Həmin yoxlamalardan birində balaca Ruslanı kəşf edirlər.

O, ilk dəfə kamera önünə 1980-ci ildə Oqtay Mirqasımovun çəkdiyi "Anlamaq istəyirəm" adlı ikiseriyalı bədii filmdə keçir. Sonra - 1984-cü ildə Rasim Ocaqovun "Park" filmində balaca Maratı canlandırır. Beləcə, bir uşağın parta arxasından kamera önünə tale yolu çəkilir.

Balaca aktyorun böyük izləri...

Azərbaycanlı tamaşaçını 1984-cü ildə Şamil Mahmudbəyovun Həsənağa Turabovla birlikdə çəkdiyi "Tənha narın nağılı" filmində böyük bir sürpriz gözləyirdi. Həsənağa Turabov, Həsən Əbluc, Yaşar Nuri, Əminə Yusifqızı, Rasim Balayev kimi peşəkar aktyorların rol aldığı filmin əsas sürprizi balaca Sadıq idi. Güclü xarakterə malik Sadığı 10 yaşlı aktyor Ruslan Nəsirov canlandırırdı. Obrazının daxili xarakterini, yaşantılarını dəqiq şəkildə əks etdirə bilən, Yaşar Nuri kimi usta aktyorla kamera önünə keçən balaca Ruslan təkcə tamaşaçıları deyil, filmin yaradıcı heyətini də heyrətləndirməyi bacarmışdı. "Tənha narın nağılı" Ruslanın aktyor taleyinin başlanğıc nöqtəsi idi.

R.Nəsirov filmlərində daha çox Xalq artisti Yaşar Nuri ilə tərəf-müqabil olmuşdu. 1985-ci ildə çəkilmiş "Bəyin oğurlanması" filmində, demək olar ki, üzünü görmədiyimiz, amma replikalarını yaxşı xatırladığımız İsrafilin (Yaşar Nuri) oğlu da Ruslan Nəsirov idi.

Bu filmlərdən sonra Ruslan rejissorların axtardıqları və öz filmlərində məmnuniyyətlə rol verdikləri uşaq aktyora çevrilir. Hətta Ceyhun Mirzəyev dəfələrlə ona "sən mənim davamçımsan, mən səndə özümü görürəm" -deyirmiş.

1986-cı ildə çəkildiyi növbəti filmlə şöhrəti daha da artır. Bu, Xalq yazıçısı Anarın Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" və "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazdığı ssenariyə çəkdiyi "Qəm pəncərəsi" filmi idi. Atasının eşşək alması xəbərini sevincək məktəbdə müəlliminə deyən, Xudayar bəydən eşşəyini istəyən o balaca Əhməd də Ruslan Nəsirov idi. Bu filmdə də o,  nəhəng aktyorlarla birgə çəkilsə də, onların kölgəsində qalmadı, fərqlənməyi və kino ictimaiyyətinin, eləcə də tamaşaçının sevimlisinə çevrilməyi bacardı.

R.Nəsirovun sonuncu uğurlu işi Həsən Əblucla Ənvər Əblucun 1991-ci ildə İsi Məlikzadənin ssenarisi əsasında çəkdikləri "Pəncərə" filmindəki Köçəri roludur. İdeyası 1987-ci ildə yaranan film qanunsuzluq, zorakılıq, ikiüzlülük, qəddarlıq hökm sürən, əslində, yetim evi olub internat adlanan məktəbdə "tərbiyəçi" - müəllimlərlə "tərbiyə olunan" şagirdlər arasındakı ziddiyyətləri açıb göstərir, uşaqların taleyini şikəst edən tərbiyə sisteminin kökündən dəyişilməsinə çağırır.

Əvvəlki rollarından tamamilə fərqlənən Köçərini də aktyor böyük uğurla canlandırır. O, artıq uşaq deyil, yeniyetmə oğlanı oynayırdı. Həm siması, həm də səsi dəyişən aktyorda dəyişməyən tək şey səmimiliyi idi. O, Köçərini də Sadıq və Əhmədi canlandırdığı kimi təbii, səmimi şəkildə canlandırırdı. Hətta o qədər təbii canlandırdı ki, Köçərinin həbs olunması səhnəsində Nərminə rolunun ifaçısı, aktrisa Simuzər Ağakişiyeva həqiqətən də göz yaşlarına hakim ola bilmədi. 

Özündən narazı...

İncəsənətlə yolunun bu qədər erkən kəsişməsi insanlarda onun təhsil üçün Mədəniyyət və İncəsənət Universitetini seçəcəyi fikrini yaratsa da, aktyor BDU-nun Psixologiya fakültəsinə daxil olur. Onun oxuduğu qrup Azərbaycanda Psixologiya ixtisası üzrə ilk məzunlardır. Aldığı bu təhsil istedadıyla birləşəndə onu daha peşəkar aktyora çevirirdi. O, rolunun psixoloji durumunu da rahatlıqla anlayır və canlandırırdı. Təəssüf ki, bu xüsusiyyətindən yetərincə istifadə etmək istəmədi.

Azərbaycan kinosunun 1990-cı illərdən başlayan durğunluq dövrü Ruslan Nəsirovun uğurla başlayan və uğurla davam edən karyerasını yarımçıq qoydu. O, sonralar çəkildiyi "Yaramaz", "Ağ atlı oğlan", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Bir anın həqiqəti", "Qüdsi", "Adam" filmlərindəki rollarının heç birindən razı qalmır, onları uğurlu hesab etmir.

Yaddaşlara həkk olunan səs...

Hələ uşaq yaşlarından Ruslanın səs tembri fərqlənirdi. Sonrakı illərdə onun səsi hər kəsin diqqətini cəlb edir, özünə heyran qoyurdu. Bu, onu dublyaj sənətinə gətirir. Filmlərdə çəkilməkdən imtina edən aktyor, on beş ilə yaxın, yəni həyatının sonuna kimi Azərbaycan Televiziyasında xarici filmlərin dublyajı ilə məşğul olur. Hətta onun dublyaj yoldaşları, rejissorlar onu bu sənətin zirvəsi adlandırırlar. Təsadüfi deyil ki, dublyaj sənətini öyrənmək istəyən gənc aktyorlar Ruslanı özlərinə müəllim bilir, ona bənzəmək istəyirlər.

Ruslan Nəsirov haqda məlumat toplayarkən onun ən yaxın dostu, Yutubdakı, özündən xəlvət çəkilmiş son görüntülərinin müəllifi olan tanınmış aktyor Kamran Yunisin müsahibəsinə rast gəldim. Həmkarımız Xəzər Süleymanlı ilə söhbətində o, Ruslan Nəsirovu ilk dəfə dublyajda tanıdığını deyir:

"2007-ci ildə məni Azərbaycan televiziyasının dublyaj redaksiyasına dəvət etdilər. İlk qarşılaşdığım insan mənim üçün sürpriz oldu. Filmlərdə sevə-sevə izlədiyim o uşaq böyüyüb, uzun illərdən bəri dublyajda işləyirmiş. Hətta ən sevdiyim səs də elə Ruslanın səsi imiş. İlk görüşdən sonra münasibətimiz get-gedə daha da dərinləşdi. Dəyərli insan idi. Əgər nəyəsə bənzətmək imkanım olsaydı, onu şəffaf suya bənzədərdim.

Ruslan Azərbaycan kino tarixində qısa, ancaq əvəzsiz, təkrarolunmaz iz qoymuşdu. Bu, faktdır. O, böyük bir məktəb idi. Eyni zamanda, dublyajda da. Heç İncəsənət Universitetini də bitirməmişdi. Ancaq bütün sevgisilə, canıyla, qanıyla aktyor sənətinə bağlı idi. Ondan öyrənmək mümkün idi. Məsələn, məndən soruşanda deyirəm ki, mən dublyaj aktyoru deyiləm. Çünki danışığımdakı qüsurları bilirəm. Ancaq Ruslanı Allah sanki dublyaj üçün yaratmışdı. Qəribə xüsusiyyətləri var idi. Hətta müsahibə verməkdən də xoşu gəlmirdi".

Aktrisa Venera Abbasova bizimlə söhbətində R.Nəsirovu həssas, qayğıkeş, istedadlı insan kimi xatırlayır: "O qədər həssas, diqqətli insan idi ki, tanıdı-tanımadı, hər kəsin köməyinə çatardı. Ruslan hərtərəfli istedad idi. O, dublyajda da çox uğurlu idi. Sanki dublyaj üçün doğulmuşdu. İndiyə qədər də mütəxəssislər danışanda "Ruslan kimisi yoxdur" deyirlər. Düzdür, bizim bu sənətdə peşəkar insanlarımız çoxdur. Amma onlar özləri də, içi mən qarışıq etiraf edirik ki, o, bu sənətin zirvəsində idi. Yəqin ki, Allah sevdiyi insanları tez aparır. Ruslan da çox vaxtsız ayrıldı aramızdan. Biz onun üçün çox darıxırıq".

Aktyorun ən yaxın dostlarından biri, Əməkdar artist Hüsniyyə Mürvətova onu insanlıq nümunəsi adlandırır: "Ruslan çox yaxşı insan, çox gözəl aktyor idi. O, aktyorluq üçün doğulanlardan idi. Onun dublyajdakı uğuru, uşaq yaşlarından çəkildiyi silsilə filmlər həmişə tarixdə qalacaq. Onun gedişiylə mən öz dostumu itirdim. Məni həmişə görəndə "Hüsnişka, gözəluşka" deyə əzizləyərdi. Mən onu itirəndə bu sözləri də itirdim. Tez-tez oturar, dərdləşərdik. İnsan kimi çox mədəni, ağıllı, kövrək idi. Ömrü boyu o, kimsənin ürəyini qırmadı. Hər kəslə böyük qardaş kimi davranırdı. İnsanlıq nümunəsi idi. Mən onun haqqında ancaq yaxşı sözlər danışa bilərəm. Biz həmişə deyirdik ki, Ruslan özündən başqa kimsəyə ziyan vermədi".

Ölüm xofu...

V.Abbasova deyir ki, R.Nəsirov tez-tez 40 yaşında öləcəyini deyirmiş. Bu da onun atasını erkən itirməyindən qaynaqlanır. Onun atası da 40 yaşında dünyasını dəyişmişdi: "Uşaqlığından beyninə yerləşdirmişdi ki, atam kimi mən də 40 yaşımda öləcəyəm. Düzdür, psixologiyanı öyrənəndən sonra bu fikirləri özündən uzaqlaşdırmağa çalışırdı, biz dostları da çox danışır, onu fikirdən daşındırmağa çalışırdıq, amma görünür, artıq təhtəlşüuruna yerləşmişdi. Nə yazıq ki, elə dediyi kimi də oldu. Sanki o, bu fikirləri ilə öz sonunu "çağırdı".

K.Yunis isə mərhum həmkarının maşında getməkdən bərk qorxduğunu, bu zaman çox dərin təlaş keçirdiyini bildirir.

Ölüm xofu ona ailə qurmağa da imkan vermir. Onsuz da tez öləcəyini düşünən aktyor, həmişə ailə qurmaqla bağlı söhbətlərdən qaçır. Bunu da Kamran Yunis deyir: "Həmişə onu tənbeh edirdim ki, ailə qurmalısan. Çünki böyük qardaşı da ailə qurmamışdı. Anaları övladlarının toyunu görmək arzusu ilə yaşayırdı. Ancaq hər dəfə də eyni sözü deyirdi. Qədeş, mənim ömrümə az qalıb, niyə kiminsə balasını bədbəxt edim?"

H.Mürvətova onun övlad yadigarının qalmamasına çox heyfislənir: "Çox təəssüf ki, Ruslan heç vaxt evlənmədi. Onun bu dünyada bir yadigarı qalmadı. İndi onun yadigarı oynadığı və səsləndirdiyi filmlərdir. O, hər zaman bizimlədir. AzTV-də onun mikrofonu da, stolu da yerindədir və biz onu tez-tez yad edirik. Allah ona rəhmət eləsin!"

Beləcə, mərhum aktyor sanki öz sonunu öz sözləri ilə hazırlayır. 2015-ci ilin martın 5-də dostları, kino ictimaiyyəti və onu sevən tamaşaçılar acı xəbərlə sarsıldılar. Ruslan Nəsirov 41 yaşında qaraciyər xəstəliyindən dünyaya gözlərini əbədi yumdu. Qısa ömründə böyük işlər görmüş, Azərbaycan incəsənətində özünəməxsus iz qoymuş aktyoru hər kəs uşaq simalı, həlim səsli, həssas ürəkli insan, kinomuzun balaca qəhrəmanı kimi əbədi xatırlayacaq...

 





02.07.2020    çap et  çap et