525.Az

Kupedə üç nəfər - Hekayə


 

Kupedə üç nəfər - <b style="color:red">Hekayə </b>

... Qatarın yola düşməsinə dəqiqələr qalırdı. Kupedə, hələlik, iki nəfər vardı; orta yaşlı kişi ilə qadın, belə görünürdü ki, ər-arvad idilər. Əndamlı, sarışın qadının baxışlarından əda, lovğalıq yağırdı. Çəlimsiz, arıq kişinin rəngi bozarmışdı, qırışıq üz-gözündən isə narazaılıq tökülürdü.

Diktor axırıncı xəbərdarlığı elan etdi: - "Vətəndaş sərnişinlər!.."

Qatar da sanki elə bil diktorun bu elanına bənd imiş kimi, gözləməkdən bezən, səfər üstə yola çıxmağa tələsən yolçular sayaq, vağzaldakılarla "vidalaşmaq üçün" uzun-uzadı fit verdi. Sonra da vaqonların təkərləri relslər üstündə aram-aram səs saldı.

Kişi kupenin yarıaçıq qapısını çəkdi. Sifətinin qırışığı balaca açıldı. Elə bil həm də məmnun idi - qatar artıq yola düşmüşdü. Kupedə isə ikisi idi. Yoxsa, Allah bilir, kupe yoldaşları kimlər olacaqdı.

Kişi də, qadın da kupeyə girən kimi xəz kürklərini, bahalı papaqlarını çıxarıb səliqə ilə asılqana keçirmişdilər. Əyin-başlarının, pal-paltarlarının üstündə əsim-əsim əsirdilər, qırışacağından, əziləcəyindən ehtiyatlanırdılar.

Qatar sürət götürməkdəydi ki, kupenin bağlı qapısı astadan döyüldü. Qaçıb güclə özünü qatara çatdırdığından təngənəfəs olmuş suyuşirin yeniyetmə bir oğlan idi. Tövşüyə-tövşüyə nəfəs alırdı. Haçandan-haçana toxtayıb özünə gəldi. Kupe yoldaşlarından utancaqlıqla üzr istəyib mehribanlıqla salamlaşdı. Ancaq oğlanın təhər-tövrü ərlə arvadı heç açmadı. Oğlandan üzünü çevirib pəncərədən çölə baxan qadın saymazyana tərzdə ayağını qaldırıb ayağının üstünə aşırdı. Kişinin də bozumtul sifətinin rəngi elə bil tündləşdi.

Kupedə sükut hökm sürürdü. Birdən-birə nədənsə bu dəfə oğlanı yenə təpədən-dırnağa diqqətlə süzən kişi ilə qadın baxışdılar. Öz lal baxışları ilə bir-birlərinə demək istədiklərini göydə tutdular. Neçə illər idi ki, öz aralarında beləcə danışırdılar...

Qadın: "Nəsə gözüm su içmədi".

Kişi: " Hə, elədir! Allah bilir, nə yuvanın quşudur. Ehtiyatlı olmalıyıq! Sayıqlığımızı gərək itirməyək!"

azca sonra yenidən baxışdılar: "Onu şübhələndirmək də olmaz!"

Oğlana bir də gözaltı zənd yetirən kişi ilə qadının sifətində eyni anda, açıq-aşkar sezilən bir istehza yarandı: "Əyin-başından cin ürkür. Sən bunun pul xərcləyib kupedə getməyinə bir bax!"

Kişi ilə qadının növbəti baxışması: "Ayaq altda qaldıq!"

Vaqon bələdçisi qapını döydü. Biletləri yoxlayırdı. Kişi hazır tutduğu biletləri tez irəli uzatdı.

Oğlan əlini nimdaş pencəyinin qoltuq cibinə apardı. Sonra o biri cibinə əl atdı. Elə bil axtardığını tapmadığından həyəcanlandı. Oğlanın bu halına kişi ilə qadın sevindilər, yenə eyhamla baxışdılar.

Oğlan bu dəfə əlini şalvar cibinə saldı. Dərindən nəfəs aldı.

Qadın açıq-aşkar hikkəylə oğlana baxdı. Boyalı dodaqları büzüldü. Kişi də yumruğunu sıxdı. Dodaqaltı öz-özünə deyindi: "Gərək kupedə gedəydi də bu!" Biletləri yoxlayan dönüb kupedən çıxmışdı. Oğlan çaşqın-çaşqın kupe yoldaşlarına baxırdı.

Qatar sürətini daha da artırmışdı. Oğlan çantasını üst qatda yerləşdirdi. Çanta iri olsa da, deyəsən, içi elə də dolu deyildi. Elə bu da ərlə-arvadın nəzərindən qaçmadı.

Oğlan fikirli idi... Ümumi, plaskart vaqonlara bilet tapa bilmədiyindən məcbur qalıb cibinin son manatını da verib kupeyə bilet almışdı. Yol üçün yeməyə nəsə almağa pulu çatmamışdı. Bir neçə alması vardı. Həm də fikirləşmişdi ki, gedəcəyi mənzil başına da bir elə uzaq yol deyil ki! Gecəni yatıb, sübh çağı qatardan düşəcək.

Oğlanın iri, yarıboş çantası ərlə-arvadın şübhələrini daha da artırdı. Bu dəfə uzun-uzadı baxışdılar.

Kişi: "Nə olsun ki, kupe-vaqona bilet alıb. Özünü bəyzadə kimi tanıtmaq istəyir. Yox, təcrübəli cibgirə oxşayır. Əlbəttə, belələri bilirlər ki, kupedə gedən sərnişinlər yağlı müştərilərdir!"

Qadın: "Özüdür ki, var! Elə asılqandan asdıqlarımızı boş çantasına basıb aradan çıxsa, bəsidir. Qiymətdə ağır, çəkidə yüngül. Bunun çantası bir vaqon yük tutar..."

Hər ikisinin gözləri asılqandakı kürklərində, papaqlarında qalmışdı. Asılqandan çıxartsaydılar, bəs harada yerləşdirə bilərdilər. Çarə ayıq-sayıq olmaq, oğrunu gözdən qoymamaqdı...

Qadın iri zənbildən yol üçün götürdüyü azuqəni kupenin balaca yemək masasının üstünə düzməyə başladı. Çeşid-çeşid soyuq qəlyanaltılar, göy-göyərti, təndir çörəyi, şirələr, sular...

Oğlan özünü tox tutsa da, gözü blinçiklərdə qalmışdı. Blinçiki çox sevirdi. Harda olur olsun, ortaya blinçik gələndə əlini əlinə sürtərdi, elə bil yeyəcəyinin ləzzətini əvvəlcədən alırdı.

Süfrəni hazırlayan qadın bu dəfə gözünün ucu ilə də, olsa oğlana tərəf baxmadı. Kişiyə sarı boylandı. Kişi də əlbəəl süfrəyə girişdi.

Oğlan kirimişcə kupedən çıxdı. Soyuq onu götürsə də tamburda xeyli durdu.

Kupeyə girəndə masanın üstü yığılmışdı. Oğlan kupenin üst qatına qalxdı. Heç əyin-başını soyunmadı. Bu da kişi ilə qadının gözlərindən yayınmadı: "Haramzadanın bicliyinə bax, tezcə aradan çıxmaq üçün..."

Oğlan, ac da olsa, yuxusuzluq üstün gəlmişdi. İndi şirin-şirin yatırdı. Özünü yuxuluğa vuran kişi isə hərdən yalandan xorna çəkib xoruldayırdı. Yox, onun bu xorultusu da oğlanın yuxusuna haram qatmadı.

Kişi ilə qadın uzun qış gecəsini yerlərinin içində arabir çimir vursalar da, səhəri dirigözlü açdılar.

Ancaq... Nə qədər ayıq-sayıq olsalar da, oğlanın qatardan nə vaxt, hansı dayanacaqda düşdüyündən heç biri xəbər tutmadı.

Hövlnak yerlərindən dik qalxdılar. Və... Asılqandan asılı qalmış xəz kürklərini, bahalı papaqlarını yerində görüb rahat nəfəs aldılar.

Səhər açılırdı. Onları sübh çağının şirin yuxusu aparmışdı deyə, oğlanın nə vaxt qatardan düşdüyündən xəbərləri olmamışdı. Yenə sözsüz anladılar bir-birini: "Hə, indi qalan yol boyu rahatca yatarıq..."

Amma kupeyə yayılmış xoş qoxu onları mürgüdən ayıltdı. Balaca masanın üstündə üç alma var idi...

2020

 





02.07.2020    çap et  çap et