525.Az

Əvvəl... Sonra... - Müharibə və evimiz haqqında ballada


 

Əvvəl... Sonra... - <b style="color:red">Müharibə və evimiz haqqında ballada </b>

... Evimiz heç yadımdan çıxmaz...
İçindən şırıl-şırıl sular axan
o böyük bağ-bağçamız...
Tünd-palıdı darvazamız...
Yanında iri bir dağdağan ağacı...
...Bir gün müharibə başladı.
 Həyətimizdə ağaclar yaralandı,
güllər gülləyə tutuldu,
kəndimizdə hər gün
ölüm xəbərləri dolaşdı kabus kimi...
Mərmilər yağış kimi yağdı,
ən toxtaq adamlar da
əlsiz-ayaqsız qaldı,
evlər, yuvalar dağıldı, sonra...
Sonrası olmadı...

***

Hamı bu müsibəti görür,
amma kimsə
çıxıb getmək istəmirdi...
Biz də ordaydıq...
Atam düşmənin atdığı
mərmini gətirmişdi evə - 
evinə bazarlıq,
uşağına oyuncaq gətirən kimi...
Çaşıb əl vurmuşdum,
necə qorxmuşdum, ilahi!
Heç unutmaram....
Qonşunun on yaşlı oğlusa
qumbaranı oyuncaq sanmışdı,
sonra...
Sonrası olmadı...

***

Atam deyirdi,
qorxmayın, bilirəm,
vaxtı gələndə kənddən çıxararam sizi...
...Bir gün kənd də, şəhər də
gülləyə tutuldu,
hamı təşviş içində, atamsa evdə yoxdu...
Birdən darvazamız açıldı və...
atam - təkbaşına, qan içində
üstümüzə gəldi...
Güllələr yaddan çıxdı,
uğultular eşidilməz oldu...
Atamın yarasından
qan elə axırdı, elə axırdı...
həkim yox, maşın yox...
Bacım Samaya körpəsini
qucağına alıb
atamın başına dolandı...
Atamı vertolyotla
Gəncəyə apardılar,
sonra...
Sonrası olmadı...

***

...Biz yenə ordaydıq...
Evimizdə, anamızın yanında.
Üç qardaş döyüşdə,
üç uşaq evdə...
Bir gün düz yanımıza düşdü mərmi,
zərbindən evimiz çatladı,
gurultudan bağrımız partladı...
Qonşumuz Şahmalı Kürdoğlu,
o səsi nəğməli çay kimi dupduru,
avazı şirin xanəndə...
Balaca oğluna - adaşına nar dəribmiş...
Nar rəngində qana boyamışdı qəlpələr
hər ikisini...
Sonra...
Sonrası olmadı...

***

... O gün başqa kənddə gecələdik...
Səhər yenə ordaydıq...
Darvazanı açanda anam diz çökdü,
torpağı öpdü...
Biz ağaca dırmaşdıq...
bacım, qardaşım, mən...
... Kənd səssizdi.
İtlər ulaşırdı,
işıqlar sönüb-yanırdı...
Kənddə qalanları barmaqla sayardın bəlkə...
Biz yenə ordaydıq...
Bir gün düşmən toplu-tüfəngli gəldi..
Az qala əsir düşəcəkdik, az qala.
Sonra...
Sonrası oldu...

***

Qapılarda qaldıq,
vaqona sığındıq
minnətdə qalmayaq deyə...
Dərddən, ehtiyacdan, soyuqdan,
Anam atama qovuşdu...
Böyük bacımın yanına gəldik -
Bakıya, yataqxanaya...
Balaca qardaşım
əlil olmuşdu müharibədə,
Bacım şagird idi hələ...
Mənsə ən böyük arzumu
-  oxumağı unutmuşdum,
Nəhayət, gəldim özümə...
Başlandı
tikanların üstü ilə addımlayıb
həyatla çarpışmağım...
Sonra...
Yox, sonrasından danışmayım...
Qayıdım əvvələ,
axı çox şey əvvəldə qaldı...
...Görəsən, necə oldu
ikinci mərtəbəsindən
alqırmızı məxmər gülləri
şəlalə kimi
budaq-budaq tökülən
o böyük evimiz?!
O məxmər güllərin qoxusu,
o gözəllik başqaydı...
Onlardan zülümlə aralandıq biz,
Güllər neyləsin,
onlar da bizsiz solub-saraldı
Çox şey,
bəlkə də hər şey orda qaldı:
Evimizdə - o doğma ocaqda,
kəndimizdə, 
Ağdamda,
Qarabağda...

 





02.07.2020    çap et  çap et