525.Az

"Müharibənin qanlı kölgəsi"ndə yazılanlar - Resenziya


 

"Müharibənin qanlı kölgəsi"ndə yazılanlar - <b style="color:red">Resenziya</b>

Hər əsər sonacan oxunmur. Məzmun reallığı əks etdirmirsə, hadisələr arasında (sujet) rabitə etibarlı deyilsə, dialoqlar (monoloqlar) ünsiyyət baxımından süni biçimdə verilibsə, necə oxuna bilər? Hər oxunan əsər də oxucunu düşündürmək qüdrətində olmur.

Son illərin ədəbiyyatı ənənəvi ədəbiyyatdan istər məzmun, istərsə də forma baxımından fərqlənir. Məzmun müstəqillik dövrüylə yaşıd olan müharibəylə səciyyəvidir. Müharibədən yazılmış hər əsəri müharibə ədəbiyyatı (ədəbiyyat) adlandıra bilmərik. Müharibə ədəbiyyatı müharibənin ağrılarını, sızıltılarını canlı, qabarıq əks etdirməlidir. Bu baxımdan müharibəni görən, yaşayan və ustalıqla qələmə ala bilən yazarların əsərləri diqqət çəkir.

Vahid Məhərrəmov istefada olan mayordur. Müharibə onun ömrünün 25 ilinə çöküb. "Əsgər" və "Azərbaycan Ordusu" qəzelərinin müxbiri kimi ön xətdə səngərlərdə, döyüşlərdə olub. Eşitdikləri, gördükləri, orda yaşadıqları təəssürata, təəssüratları neçə-neçə əsərə çevrilib, çevriləcəkdir. "Müharibənin bir ili", "Səngərdə yazılmış sətirlər", "Hər addım uğrunda", "Kəsilməyən atəş səsləri" kimi kitabları bu qəbildəndir. Bu kitablara daxil edilən hekayələrdə, povestlərdə müşahidə edilənlərin gözəl bədii ümumiləşdirilməsindən sezilir ki, bu da yazıçı olaraq Vahid Məhərrəmovun ədəbi uğurudur.

"Müharibənin qanlı kölgəsi" romanında Vahid Məhərrəmov, tənqidçi Nərgiz Cabbarlının təbirincə desək, "gerçək müharibə mənzərələri" yarada bilib. Bu amil romanın gerçək məzmunudu, gerçək məzmun oxucunun gerçəkdən yaddaşına hopacaq, oxucunu gerçəkdən düşündürəcək, gerçəkdən gələcəyin bugünkü ədəbi tarixi olacaq.

"Müharibənin qanlı kölgəsi" düşüncələrə, ürəklərə düşür. Bu kölgənin qanlı kölgə olması rəmzi də olsa qəbulediləndir - müharibə ölüm-itim, qan-qada, ağrı-acı, ... olduğu üçün. Vahid Məhərrəmovun "Müharibənin qanlı kölgəsi" romanında təkcə ölüm-itim, qan-qada, ağrı-acı, ... - deyil, ölüm-itimlə, qan-qadayla, ağrı-acıyla, ... döyüşənlərin - qəhrəmanların (əslində, qəhrəmanlığın) da obrazı var. Əsəri qəhrəmanlığı müəyyənləşdirən vətənsevərlik haqqında nəsrlə yazılmış oda da adlandıra bilərik və bu, çağdaş Azərbaycan ədəbiyyatında boyu görünən bir əsər haqqında səxavətlə deyilmiş oxucu fikridi.

Müharibədən yazılmış hər əsərə müharibə ədəbiyyatı deyə bilmərik; real döyüşlər təsvir edilmirsə, xarakterlər yaradılmırsa, müharibə aparan tərəflərin xarakteri (milli xarakteri!) müharibəylə paralelləşdirilmirsə, əsərin qəhrəmanı qəhrəman kimi təqdim olunmursa,... təbii ki, belə əsərə müharibə ədəbiyyatı deyilməyəcək - Vahid Məhərrəmovun Müharibənin qanlı kölgəsi" əsəri isə müharibə ədəbiyyatıdır...

Əsərdəki Fikrəti müharibə görənlərin hamısı tanıyır; obraz olaraq ümumiləşdirilib. Onun Vətən sevgisi bütün əsgərlərin Vətən sevgisinin ümumiləşdirilməsidi. Deməli, onun döyüş əzmi də, qələbə ruhu da ümumiləşdirilib.

Romanda kölgə obrazı duyulandır; müharibə sona yetənə kimi çəkilməyəcək bu kölgə bəsirət gözüylə görünəcək (necə görünməsi əsərdən, əsərin müəllifi olan Vahid Məhərrəmovdan asılı olmayacaq, hər oxucunun öz dünyaduyumundan, hadisələri necə yaşamasından... asılı olacaq).

Müharibənin özü kimi kölgəsi də könül küsdürəndi, ürək ağrısıdı, can sitəmidi. Müharibənin özü kimi bu kölgənin də mahiyyəti bəşəriliyi inkaretmədi, bəşəriliyə düşmənçilikdi. Hərbi jurnalist Vahid Məhərrəmovun "Müharibənin qanlı kölgəsi" romanında təsvir edilənlər də bu tezisin təsdiqi gücündədi. Döyüşlər real təsvir edildiyinə görədir ki, oxucu özünü o gərgin döyüşlərin içində hiss edir, yəni bədii təxəyyül reallığa söykənir, reallıqdan bəhrələnir, reallığın inikasıdı.

Cahid adlı əsgərin necə döyüşməsi də, onun necə əsir düşməsi də, əsirliyi də müharibənin tarixinin bədii (müəyyən mənada sənədli) əksidir. "Müharibənin qanlı kölgəsi" romanında Benik obrazı da var. Bu erməni  zamanında Fikrətlə eyni idarədə işləyib, usta olub. Qəza nəticəsində ağır yaralanıb. Bu hadisə zamanı Fikrət onu xəstəxanaya aparıb, sağ qalması üçün qan verib. İllər sonra döyüşdə Kamillə Fikrət səngərdə son nəfəs ərəfəsində olan Beniki tanıyırlar; erməni xisləti  yaxşılığa yamanlıqla cavab verir, yəni neçə illər Azərbaycanda yaşayan, çörəyimizi yeyən, suyunu içən Benik də Qarabağda, xalqımıza qarşı vuruşurmuş. Onun ölümü ədalətin təntənəsi olaraq diqqət çəkir.

Fikrət - Məleykə xətti də yaddaqalandır. Hər ikisi milli-azadlıq hərəkatının fəallarından olub. Hər ikisi Qarabağ döyüşlərində iştirak edib. Fikrət döyüşçü, Məleykə səhra hospitalının tibb bacısı kimi. Fikrətin yaralanması, hospitala gətirilməsi onların Meydanda yaranan münasibətlərini ciddiləşdirir; müharibə ən zərif duyğuların üstündən yel əsdirməyə qadir deyil...

"Müharibənin qanlı kölgəsi"ndə müstəqillik mübarizəsinin də çalarları var, imperiya xislətinin çılğınlığı da, müharibənin başlanma səbəbləri də var, müharibə də, müharibənin ağrı-acıları da. Vahid Məhərrəmov onları kifayət qədər bədii səviyyədə, maraqla oxunan tərzdə,  bəyənilən təsvir vasitələrilə verib.

 





02.07.2020    çap et  çap et