525.Az

"Alim" Elmi Assosiasiyasının təsis yığıncağı Parisdə keçirilib


 

"Alim" Elmi Assosiasiyasının təsis yığıncağı Parisdə keçirilib<b style="color:red"></b>

"Alim" Elmi Assosiasiyasının təsis yığıncağı Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib. Bu Mədəniyyət Mərkəzində məsləhətləşmək üçün yenidən toplaşmağımıza imkan yaratdığına görə Fransadakı səfirliyimizə təşəkkür edirik".

AZƏRTAC xəbər verir ki, bu sözləri Fransada fəaliyyət göstərən "Alim" Elmi Assosiasiyasının xəzinədarı və bu ölkədə İnformasiya texnologiyalarının idarəetməyə tətbiqi üzrə magistr dərəcəsini bitirmiş Şəbnəm Süleymanova söyləyib.

"Mədəniyyətimizi təbliğ edən bu mərkəzdə həmçinin elmi tədqiqatçılarımızın da təşviq edilməsinə imkan yaradılıb. Assosiasiyamızın təməli məhz bu Mərkəzdə qoyulub. Gələcəkdə də bu mərkəzin fəaliyyətimizə, elmi sahədə də layihələrimizin həyata keçirilməsinə töhfə verəcəyinə əminik. Bu mərkəz burada yaşayan azərbaycanlıları bir araya gətirir, ölkəmizdə qeyd olunan bayramları burada birgə qeyd edirik. Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi bu ölkədə yaşayan azərbaycanlıların doğma evidir", - deyə Ş. Süleymanova diqqətə çatdırıb.

Qeyd edib ki, COVİD-19 epidemiyasının yaratdığı çətin anlarda gənc assosiasiya tələbələrimizə yardım etməyi qərara alıb və bu assosiasiyanın həyata keçirdiyi ilk uğurlu layihəsi olub.

"Epidemiyaya görə Fransada qalan və evlərinə dönə bilməyən tələbələrə mənəvi dəstəkdən əlavə maliyyə yardım göstərmək kampaniyasını irəli sürdük. Fiziki, hüquqi, eləcə də Fransada fəaliyyət göstərən səfirlik və UNESCO yanında daimi nümayəndəliyimizin diplomatları, əlbəttə başda səfirlərimiz olmaqla, assosiasiyamızın təşəbbüsünü alqışladılar və maddi yardım göstərdilər. Onların sayəsində çətin vəziyyətdə olan tələbələrimizin yardımına çatdıq. Bu ilk uğurlu addımımız oldu",-deyə "Alim" Elmi Assosiasiyasının nümayəndəsi bildirib.

Vurğulayıb ki, epidemiyaya görə assosiasiyanın fəaliyyəti onlayn şəkildə davam etdirilib. İlk qurultayı keçirilib, onlayn platformada vacib məsələlərə toxunulub, müxtəlif vacib mövzular qaldırılıb. İxtisaslaşmış qruplar vasitəsilə elmi tədqiqatlarla bağlı müzakirələr aparılacaq, tədqiqatçılar fikirlərini bölüşəcəklər. Assosiasiya çərçivəsində görüşlər mütəmadi şəkildə davam etdiriləcək.

 





02.07.2020    çap et  çap et