525.Az

Vətəndaş məsuliyyəti


 

KARANTİN QAYDALARINA RİAYƏT ETMƏYƏN, GİGİYENİK QAYDALARI QORUMAYANLAR TƏKCƏ ÖZLƏRİNİ DEYİL, AİLƏ ÜZVLƏRİNİ DƏ REAL TƏHLÜKƏYƏ ATIR

Vətəndaş məsuliyyəti<b style="color:red"></b>

Bu gün bütün dünyanın bir nömrəli probleminə çevrilmiş koronavirus infeksiyasının peyvəndi hələ ki tapılmayıb və virus yayılmaqda davam edir.

Dünyanın bir çox qabaqcıl elmi araşdırma mərkəzləri peyvəndlə bağlı sınaqlar etsələr də, yekun nəticə yoxdur. Hazırda bütün dünya demək olar ki, virusla eyni üsullarla mübarizə aparır. Və bu mübarizədə vətəndaşların üzərinə böyük məsuliyyət düşür. O ölkələr koronavirusla mübarizədə uğur əldə etməyə başlayıb ki, orda vətəndaşlar gigiyenik qaydalara tam əməl edir, sosial məsəfəni qoruyur. Yəni bu gün tələb olunan maska taxılması, sosial məsafə gözləmək, dezinfeksiya vasitələridən istifadədir. Bu qaydalara əməl etməklə virusdan az itkilərlə çıxmaq, yoluxmaların sayını azaltmaq mümkündür. Təəssüf ki, ölkəmizin birinci şəxsinin timsalında belə dəfələrlə bu cür çağırışlar olsa da, hələ də qaydalara əməl etməyənlər, virusun necə təhlükəli düşmən olduğunu anlamayanlar var. Bu virus hamını öldürə bilir və çox sürətlə yayılır. Karantin qaydalarına riayət etməyən, gigiyenik qaydaları qorumayanlar isə təkcə özlərini deyil, ailə üzvlərini də real təhlükəyə atır. Çağırışlara baxmayaraq, insanlar ən çox yoluxma təhlükəsi olan ictimai nəqliyyatda, mağazalarda, digər yerlərdə maskadan istifadə etmir, məsafə saxlamırlar. Amma təbii ki, qaydalara əməl edən məsuliyyətli vətəndaşlarımız da var. Qaydalara əməl etməyənlərə qarşı təkcə inzibati cəza deyil, ictimai qınağın olması da vacibdir.

Millət vəkili Ceyhun Məmmədov da o fikirdədir ki, bu gün dünya ölkələri növbəti ciddi sınaqla üz-üzədir. Hazırda bu bəladan xilas olmaq üçün bir çox dövlətlər ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirirlər. Vəziyyət isə hələ də ürəkaçan deyil. Bu gün dünyada növbəti dalğalardan söhbət gedir, bir sıra ölkələrdə virusa yoluxanların sayında ciddi artım müşahidə olunur, bir sıra dünya dövlətləri pandemiyanın əlində aciz qalıblar. Qeyd etməliyik ki, Azərbaycan hökuməti pandemiya ilə mübarizədə ilk gündən operativ və adekvat qərarlar qəbul etdi. Pandemiyanın vətəndaşlara, ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması məqsədilə ciddi addımlar atıldı. Prezident İlham Əliyev bir neçə mühüm sərəncam imzaladı, Fond yaratdı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban  Əliyevanın xalqa bir neçə müraciəti oldu. Bu tədbirlər nəticəsində virusun ölkəmizə mənfi təsirləri minimuma endirildi.

Deputat xatırladıb ki, pandemiyanın sürətlə yayılması müşahidə olunduğu üçün sonrakı dövrdə ölkəmizdə sərt karantin rejiminin tətbiqinə başlanıldı: "Məhz bu səbəbdən birinci sərt karantin dövründə ölkəmizdə bu virusa yoluxanlar az oldu. Sonrakı dövrdə real vəziyyət nəzərə alınaraq, müəyyən yumşalmalara gedildi. Nəticədə virusa yoluxanların sayında yenidən artım müşahidə olunmağa başladı. Bu dövrdə vətəndaşlar ehtiyatı əldən verməməli, problemə həssas yanaşmalı və verilən tövsiyələrə əməl etməli idilər. Sonrakı mərhələdə hökumət yenidən sərt karantin rejiminin tətbiq edilməsi barədə qərar qəbul etdi. Karantin rejiminin yenidən sərtləşdirilməsi zərurət idi. Onu da qeyd edək ki, Azərbaycanla bərabər, bir neçə ölkə də karantin rejiminin sərtləşdirilməsi barədə qərar qəbul edib. Əsas məqsəd ünsiyyəti minimuma endirərək, virusa yoluxanların sayını azaltmaqdır. Həmişə qeyd etdiyimiz kimi, burada vətəndaşlarımızın üzərinə də ciddi vəzifə düşür. Hər bir vətəndaş karantin qaydalarına tam əməl etməlidir. Ciddi zərurət olmadan heç kim evdən çıxmamalı, sosial məsafəni qorumalı, maska və əlcəkdən istifadə etməlidir. Elə olduğu təqdirdə virusdan daha tez xilas ola bilərik. Əks halda virusun yayılması uzun müddət davam edə bilər. Hər birimiz özümüzü və yaxınlarımızı qorumalıyıq. Bütün sınaqlardan olduğu kimi, bu imtahandan da xalqımız üzüağ çıxacaq. Pandemiya dövründə hər birimiz daha həssas, diqqətli, təmkinli, səbrli və ehtiyatlı olmalıyıq".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev hesab edir ki, Azərbaycanda tətbiq olunan sərt karantin rejimi nəticəsində gündəlik yoluxma halların sayında müəyyən qədər sabitləşmə təmin edilib. Amma virusa qalib gəlməyin əsas yolu, karantin qaydalarına riayət etmək, həmrəy olub, həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin etməkdir.

O bildirib ki, COVİD-19-la mübarizədə qəbul olunmuş kriteriyalar və əsas faktorlar artıq bir neçə aydır ki, mətbuat və televiziyalar vasitəsi ilə təbliğ olunub və bu gün də həmin təbliğatlar vətəndaşlara təqdim edilməkdədir: "O cümlədən, dövlətimizin başçısı cənab İlham Əliyev buna qədərki çıxışlarında da insanları həmrəy olmağa, məsuliyyətli davranmağa, virusa qarşı birgə mübarizə aparmağa dəvət edib. Həmçinin, dövlətin hazırkı dövrə qədər gördüyü işlərin, həyata keçirilən ardıcıl layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayan ölkəmizin rəhbəri Azərbaycan xalqının bu sınaqdan da əzmlə, qalib çıxacağını vurğulayıb".

PƏRVANƏ

 





02.07.2020    çap et  çap et