525.Az

Dövlət turizm sektoruna dəstəyini davam etdirəcək


 

Dövlət turizm sektoruna dəstəyini davam etdirəcək<b style="color:red"></b>

Koronavirus pandemiyasından dünyada demək olar ki, bütün sahələr, o cümlədən, turizm sektoru zərər çəkib. Üstəlik, turizm sektorunun bu böhranlı şəraitdə itkiləri daha böyükdür. Çünki pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən, Azərbaycan öz sərhədlərini bağlayıb. Bu da təbiidir, əks halda insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı risk altında olardı. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, vətəndaşların sağlamlığı dövlət üçün ilk yerdədir.

Bununla belə, Azərbaycan dövləti pandemiya dövründə digər sahələrdə olduğu kimi, turizm sahəsi bərpa olunmağa başlayana qədər bu sektora da dəstək göstərəcək. Prezident İlham Əliyev iyunun 30-da Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə keçirilən videokonfrans zamanı bu barədə yenidən bildirib. Dövlət başçısı deyib ki, pandemiya zəiflədikcə sərhədlər açılacaq, turizm sektorunun bərpası ilə bağlı lazımi tədbirlər görüləcək. Ölkəmizdə turizmin bərpasına kömək edə biləcək bütün amillər mövcuddur.

Eyni zamanda, pandemiya dövründə daxili turizmə də böyük diqqət yetirildiyi, bunun turizm infrastrukturunda yaranmış boşluğu doldura biləcəyi qeyd edilib. Bildirilib ki, turizm sahəsinin bərpa olunması vaxt tələb edir. Azərbaycanda bu sahəyə sərmayə qoyulmasını bundan sonra da davam etdiriləcək, əcnəbi turistlər üçün daha yaxşı şərait yaradılacaq.

Azərbaycanın bu sahədəki siyasəti Ümumdünya Turizm Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir. Təşkilatın Baş katibi Zurab Pololikaşvili deyib ki, Azərbaycanın son illərdə nail olduğu rəqəmlərə mümkün qədər tezliklə qayıtması üçün istifadə edilə biləcək bütün yaxşı nümunələri çox fəal şəkildə yayacağıq.

İqtisadçı deputat Vüqar Bayramov deyib ki, Prezident İlham Əliyev turizmə dəstəyin artırılacağını son görüşdə də bildirib. Bu isə ondan xəbər verir ki, növbəti dövrlərdə də turizm Azərbaycan üçün prioritet olmaqla yanaşı, həm də dövlət dəstəyinin daha da gücləndiriləcəyi sektorlardan biri olaraq qalacaq.

O bildirib ki, turizm qeyri-neft sektorunda prioritet istiqamətlərdən biridir və Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasət, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyasını da özündə ehtiva edir: "Bu baxımdan turizm ölkəyə valyuta gətirən sektorlardan biridir. Qeyri-neft sektorunda turizm Azərbaycana çox valyuta gətirən və enerji sektorundan sonra ölkəmizə valyuta gətirən ikinci sektordur. Nəzərə alsaq ki, 2019-cu il Azərbaycanda turizmin inkişafı baxımından yaddaqalan illərdən biri olub. Belə ki, ölkəyə ötən il 3 milyondan artıq turist gəlib və bu ölkəyə gələn turistlərin illik olaraq sayının 15 faiz artması deməkdir. Xaricilər ötən il Azərbaycanda 2 milyard dollara yaxın vəsait xəcləyiblər ki, bu da təbii ki, ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir və biz son illər, xüsusilə də 2015-ci ildən sonra turizm sektorunun daha çox inkişaf etməsini müşahidə edə bilərik. Əvvəlki illərdə formalaşan infrastuktur ölkəyə daha çox turistlərin gəlməsinə imkan yaradıb, eləcə də vizaların verilməsi sisteminin elektronlaşması, bu istiqamətdə şəffaflığın gücləndirilməsi Azərbaycana gələn turistlərin sayına da birbaşa təsir göstərir ki, bu da ölkəyə daha çox turistin gəlməsinə səbəb olub".

Millət vəkili vurğulayıb ki, Azərbaycan hər zaman turizmə dövlət dəstəyi nümayiş etdirib və turizm sektorunda infrastrukturun, logistik xidmətlərin inkişaf etdirilməsi, eyni zamanda, digər istiqamətlərdə, eləcə də turizm şirkətlərinin maliyyə resurslarının çıxış imkanlarının artırılması ilə bağlı mütəmadi olaraq dəstək nümayiş etdirilib: "Pandemiya Azərbaycana gələn turistlərin sayına birbaşa təsir edib. Lakin iqtisadi paket çərçivəsində turizm sektorunda çalışan sahibkarkar dövlət dəstəyindən istifadə edə bildilər. Bununla belə, təbii ki, turizm Azərbaycan üçün prioritet sahə olduğuna görə və eyni zamanda, Azərbaycan Prezidentinin siyasi iradəsi pandemiyanın təsirlərini bütün sektorlarda minimumlaşdırmaqdan ibarət olduğunu nəzərə alsaq, pandemiyanın davam etdiyi növbəti aylarda da turizmə dəstək davam etdiriləcək. Azərbaycan dövləti turizm sektorunun və bütövlükdə bu sektorda çalışan sahibkarların, vətəndaşlarımızın daha yaxından dəstəklənməsi siyasətini davam etdirir".

Millət vəkili Azər Badamov isə deyib ki, 2019-cu ildə Azərbaycana səfər edən əcnəbilərin sayının 3 milyonu keçməsi və bank kartlarından xərclənən vəsaitlərin 2 milyard dollara çatması bir daha dünya turizm üçün Azərbaycana maraq artmasının göstəricisidir: "Ölkəmizdə tətbiq olunan karantin tədbirləri çərçivəsində turizm sektoru və ona xidmət edən sahələrin qapadılması iqtisadiyyatın bu sahəsini iflic vəziyyətinə gətirib çıxarıb. Amma ölkə başçımızın düşünülmüş iqtisadi siyasəti Azərnbaycan turizm sektoruna dövlət dəstəyinin göstərilməsi ilə işçi potensialının qorunub saxlanılmasına və bu maliyyə dəstəkləri sayəsində postpandemiya dövründə yenidən turizm sektorunda geriləmələrin aradan qaldırılmasına imkan verəcək".

PƏRVANƏ

 





02.07.2020    çap et  çap et