525.Az

"Azərbaycan Prezidentinin təşəbbüsü dəstəklənməyə layiqdir"


 

"Azərbaycan Prezidentinin təşəbbüsü dəstəklənməyə layiqdir"<b style="color:red"></b>

Koronavirus pandemiyası ilə əlaqədar BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması barədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs COVID-19 infeksiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsinə, BMT-nin üzvü olan ölkələrin bu qurumun Nizamnaməsinə uyğun olaraq əməkdaşlıq etmək öhdəliklərinin yerinə yetirilməsinə yönəlib və dəstəklənməyə layiqdir.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Çumakov bu fikri “Moskva-Bakı” portalına müsahibəsində söyləyib. O deyib: “Rusiya COVID-19 infeksiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi, BMT-nin üzvü olan ölkələrin bu qurumun Nizamnaməsinə uyğun olaraq əməkdaşlıq etməsi öhdəliyinin yerinə yetirilməsi məqsədlərinə sadiqdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüş təşəbbüs, heç şübhəsiz, bu məsələnin həllinə yönəlib və dəstəklənməyə layiqdir”.

D.Çumakov qeyd edib ki, bu təklifin reallaşdırılması üçün texniki və prosedur xarakterli bir sıra məsələlər nizamlanmalıdır, çünki pandemiya şəraitində biz virtual rejimdə işləyirik.

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini deyib: “Biz bu təşəbbüsün reallaşdırılması ilə bağlı məsələlərin müzakirəsində fəal iştirak etməyə hazırıq”.

Xatırladaq ki, mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bu təşkilatın videokonfrans formatında sammiti çərçivəsində dövlət və hökumət başçıları səviyyəsində BMT Baş Assambleyasının koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə və pandemiyanın təsirinin yumşaldılması tədbirlərinə həsr edilmiş xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan dövlətinin başçısının bu təşəbbüsü BMT üzvü olan 130-a yaxın dövlət tərəfindən dəstəklənib. H.Hacıyev qeyd edib ki, Baş Assambleyanın pandemiyaya qarşı mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsinin əleyhinə çıxış edən yeganə ölkə Ermənistan olub. H.Hacıyev vurğulayıb ki, Azərbaycan Respublikası BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizəyə dair dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında xüsusi sessiyasının təşkili formatının və modallıqların təyin edilməsi, o cümlədən xüsusi sessiyanın son nəticələrinə nail olmaq üçün bütün üzv dövlətlərlə əməkdaşlıq etməyə hazırdır. Prezidentin köməkçisi vurğulayıb: “Əminik ki, xüsusi sessiya pandemiyaya qarşı mübarizədə beynəlxalq birliyin tam səfərbər edilməsi üçün şərait yaradacaq və bu qlobal təhdidə qlobal cavab axtarışına müsbət töhfə verəcək. COVID-19 pandemiyasının davam etməsi bir daha göstərir ki, bütün dünyanı bürümüş COVID-19 bəlasından çıxış yollarının müzakirəsi və həllər axtarışı üçün ümumdünya parlamenti adlandırılan BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində dövlət və hökumət başçılarının təcili və təxirəsalınmaz yığıncağının keçirilməsinə böyük ehtiyac var”.

Koronavirus pandemiyası şəraitində Azərbaycan bu qlobal təhdidə qarşı mübarizəyə və dövlətlərin həmrəyliyinə yönəlmiş fəal siyasət yürüdür. Bu il aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətdə olan sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVID-19-a və onun dövlətlər üçün doğurduğu nəticələrə qarşı mübarizəyə həsr edilmiş videokonfrans formatında fövqəladə Zirvə görüşü keçirilib. Mayın 4-də Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri kimi Azərbaycan Prezidentinin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupunun COVID-19 pandemiyasına həsr olunmuş onlayn-sammiti keçirilib. Sammitdə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının və Afrika İttifaqının nümayəndələri iştirak ediblər. Öz sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil edildiyi ikinci ən iri siyasi təsisatdır.

Pandemiya başlayandan bəri Azərbaycan 30-a yaxın dövlətə maliyyə köməyi və humanitar yardım göstərib. Məsələn, Azərbaycan Respublikası İranın dəstəklənməsi üçün 5 milyon dollar, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar, o cümlədən pandemiya fonunda çətinliklərlə üzləşmiş ölkələr üçün 5 milyon dollar yardım göndərib.

 





03.07.2020    çap et  çap et