525.Az

Gəncə üsyanı. Qaliblər orden alır... - Müsəllim Həsənovun qeydləri


 

Gəncə üsyanı. Qaliblər orden alır... - <b style="color:red">Müsəllim Həsənovun qeydləri </b>

Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir.

Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır. Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi" başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.

Bu diqqət və marağa güvənərək həmin yazıları "525"in oxucuları ilə də bölüşmək qərarına gəldik. Niyyətimizi bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.

Buyurun, oxuyun.

"525"

***

"Biz irəvanlıları unutmayın..." 

Bilirdinizmi ki, 1918-ci ilin mayında İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsindən sonra Milli Şura o şəhərə nümayəndə heyəti göndərib?   

1918-ci il iyunun 1-də Tiflisdə Müsəlman Milli Şurasının növbəti iclası keçirilir.

H.B.Ağayevin sədrliyi ilə keçirilən iclasda ikinci məsələ kimi İrəvanın Ermənistan Respublikasına güzəştə gedilməsi məsələsinə baxılır.

İclasda Milli Şuranın üç irəvanlı üzvünün - Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyovun yazılı etirazı oxunur.

Şura bu etiraz məktubunu müzakirə etmir, ancaq iclasın protokoluna əlavə etmək barədə qərar qəbul olunur.

Bundan sonra digər məsələlərə baxılır.

Daha sonra İrəvan şəhərinin Erməni Federasiyasına güzəştə gedilməsi ilə əlaqədar, eləcə də qaçqınlara köməyin təşkili ilə bağlı İrəvana nümayəndə heyəti göndərmək məsələsinə baxılır. İrəvana üç nəfərdən ibarət heyət göndərilməsi qərara alınır: 1) M.H.Seyidov; 2) M.Rzayev; 3) M.Y.Cəfərov.

İrəvana nümayəndə heyəti göndərmək məsələsi bir də iyunun 7-də keçirilən iclasda müzakirə edilir.

Şuranın üzvü, İrəvan quberniyasının nümayəndəsi B.Rzayev bəyan edir: "Əminəm ki, sizin heç biriniz İrəvan quberniyasına gedən deyilsiniz, ora biz irəvanlılar - mən və Seyidov gedəcəyik. Amma sizdən bir xahişimiz olacaq: müstəqil Azərbaycanınızı yaratmaqla, Ermənistan Respublikasının ərazisində qalan bizləri unutmayın"...

Kövrək müraciətdir...    

İsveç səfiri: "... bolşeviklər Bakını tutub" 

Bilirdinizmi ki, Nobel qardaşları şirkətinin nümayəndəsi Cümhuriyyət hakimiyyətinin devrilməsi xəbərini Konstantinopolda eşidib?

Əvvəllər uzun illər Nobellərin Bakı kontoruna rəhbərlik etmiş K.Hagelin 1920-ci ilin aprelində işləmək üçün yenidən Bakıya göndərilir.

K.Hagelin Fransadan İtaliyaya, ordan isə Konstantinopola gəlir. Təbii ki, o dövrdə Avropadan Bakıya qədər uzun yolu asan qət eləmək mümkün deyildi. Qatar, gəmi və yenə qatar... Yollar uzun və məşəqqətli. Amma bütün bunlar onu yormur.

K.Hagelin yazır ki, yorğunluğa baxmayaraq, sevdiyim Bakı ilə növbəti görüşü səbirsizliklə gözləyirdim. O, Konstantinopolda gəmidən düşən kimi İsveç səfirliyinə gedir və orda kədərli xəbər alır:

- Dünən bolşeviklər Bakını tutub. Azərbaycan Respulikası daha yoxdur...

K.Hagelin:

- Nə danışırsınız? Bəs ingilislər?

Səfir:

- İngilislər müqavimət göstərməyiblər. Onlar Bakını çoxdan tərk ediblər... 

Gəncə üsyanı. Qaliblər orden alır... 

Bilirdinizmi ki, 1920-ci ilin mayında Gəncə üsyanının yatırılmasına görə Həmid Sultanov "Qırmızı bayraq" ordeni ilə təltif olunub? 

Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan təxminən bir ay sonra Gəncədə bolşevik hökumətinə qarşı üsyan başlayır. Üsyanın yatırılmasında bolşevik Həmid Sultanov xüsusi rol oynayır.

Hökumət onun Gəncədəki xidmətlərinin qiymətləndirilməsi barədə qərarı 1920-ci ilin dekabrında qəbul edir:

"Gəncə üsyanının yatırılmasında göstərdikləri şəxsi igidliyə görə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı Həmid Həsənoviç Sultanovun və onun iki müavini Yepifan Kvantaliani və Volodya Xutuloşvilinin "Qırmızı bayraq" ordeni ilə təltif edilməsi təsdiq olunsun".

Lakin bu orden nə Həmid Sultanovun özünün, nə onun həyat yoldaşı Ayna Sultanovanın, nə də qaynı Qəzənfər Musabəyovun sonralar - 1938-ci ildə güllələnməsinin qarşısını ala bilmir...

P.S. Bəs V.Xutuloşvili kim idi?

"Bu il aprelin 27-dən 28-ə keçən gecə Müsavat hökumətinin devrilməsi və proletariat diktaturasının qurulması zamanı mənimlə birlikdə donanmanın hücuma hazırlanmasında və hakimiyyətin təhvil verilməsi barədə Müsavat hökumətinə ultumatum verilməsində yoldaş Vladimir Xutuloşvili yaxından iştirak etmişdir.

Yoldaş Xutuloşvilinin Müsavatçıların əsarətinin devrilməsi və Azərbaycanda sovet hakimiyyətinin təntənəsi ilə nəticələnən inqilabi enerjisini məmnuniyyətlə qeyd edərək onun "Qırmızı bayraq" ordeni ilə təltif olunmasını xahiş edirəm. Çingiz İldırım. 7 dekabr 1920-ci il".

Lüksemburqda kommunizm qurulur? 

Bilirdinizmi ki, bu il martın 1-dən Lüksemburqda ictimai nəqliyyatdan istifadə tamamilə pulsuzdur? 

Bu ölkədə bütün avtobus, tramvay və şəhərdaxili elektrik qatarları (birinci klas vaqonlar istisna olmaqla) sərnişinlərə pulsuz xidmət göstərir.

İldə hardasa 41 milyon avro təşkil edən bu xərci dövlət öz üzərinə götürür. Sosial layihə kimi...

Həm də ona görə ki, əhali şəxsi avtomobildən maksimum az istifadə etsin! Ekologiyanın təmiz qalması naminə...

Böyük Lüksemburq Hersoqluğu adlanan bu dövlət əslində, Avropanın ən kiçik dövlətlərindən biridir. Ölkənin ərazisi 2590 kvadrat kilometrdir. Hazırda Lüksemburqda 600 mindən bir qədər çox əhali yaşayır.

Amma Lüksemburq bu cür nailiyyətə ölkə ərazisinin kiçikliyi və ya əhalinin azlığı hesabına çatmayıb.

Ciddi bir yeraltı və yerüstü sərvəti olmayan Lüksemburq düzgün iqtisadi siyasət nəticəsində Avropanın ən inkişaf etmiş və sosial yönümlü ölkəsinə çevrilib.

Tibb bu ölkədə, demək olar ki, pulsuzdur.

Lüksemburqda dünyaya uşaq gətirən anaya analıq məzuniyyətindən (5 ay) əlavə altı aylıq valideyn məzuniyyəti də verilir. Və çox qəribədir ki, valideyn məzuniyyəti ataya da şamil olunur. Valideynlərdən biri mütləq uşaqla qalmalıdır. İkinci valideyn isə uşağın 6 yaşı tamam olunca istənilən vaxt altı aylıq məzuniyyət götürə bilər. Ən azı minimum əmək haqqı miqdarında yardım almaqla...

Əkiz övladları olan ata hətta bir illik məzuniyyət hüququndan istifadə edə bilir...

P.S. Sovet hökuməti 70 il K.Marksın "Kapital" əsərini tədris etsə də, kommunizm deyilən cəmiyyətə yaxınlaşa bilmədi. Amma K.Marksın anadan olduğu Trier şəhəri ilə həmsərhəd olan Lüksemburqda, deyəsən, kommunizm artıq qurulur...  

Stalin: "Bağırovun xahişini yerinə yetirin..." 

Bilirdinizmi ki, 1937-ci ildə Xəzər Gəmiçilik İdarəsinin rəisləri bir-birinin ardınca tutulduğu üçün M.C.Bağırov kadr çatışmazlığı ilə üzləşib? 

İyulun 15-də M.C.Bağırov İ.Stalinə teleqram vurur: "Xəzər Gəmiçilik İdarəsində vəziyyət həddindən artıq ağırdır, rəhbərlik məhkəməyə verilib, gəmiçiliyin işçilərinin əksəriyyəti ziyankarlığa qurşanıb. Görülmüş tədbirlər nəticəsində gənc kadrları irəli çəkməklə rəhbər heyəti tamamilə yeniləşdiririk. Xəzər Gəmiçilik İdarəsi üçün bizim nəzərdə tutduğumuz yeganə namizəd Azərbaycan Xalq Daxili İşlər Komissarlığının dəniz nəqliyyatı şöbəsinin rəisi vəzifəsində işləmiş Nikolay Enqverdir.

O, bu günlərdə SSRİ Xalq Daxili İşlər Komissarlığının nəqliyyat şöbəsinə işə təyin edilib. Ziyankarlığın nəticələrinin tezliklə ləğv edilməsi və rəhbərliyin möhkəmləndirilməsi məqsədilə artıq dərəcədə xahiş edirik ki, Xəzər Gəmiçilik İdarəsinin kollektivinə və təsərrüfatına yaxşı bələd olan Enqveri idarəyə rəis təsdiq edəsiniz".

Arxivdə saxlanılan bu teleqramın üstündə İ.Stalinin dərkənarı var: "Yol. Yejov! Yoldaş Bağırovun xahişini yerinə yetirmək lazımdır. İ.St."

Bundan sonra Nikolay Enqver Xəzər Gəmiçilik İdarəsinin rəisi təyin olunur.

Bu təyinatdan beş ay sonra  - 1937-ci il dekabrın 16-da N.Enqver əks-inqilabi fəaliyyətə görə həbs edilir, xalq düşməni kimi işdən və partiya sıralarından çıxarılır.

O, 1938-ci il aprelin 22-də güllələnir...

Erməni tələbələr Avropada nədən danışıb? 1905-ci ildə... 

Bilirdinizmi ki, 1905-ci il aprelin 3-dən 10-a qədər Bern şəhərində erməni tələbələrin 6-cı konqresi keçirilib? 

Bu konqreslərin keçirilməsində məqsəd nə idi?

Avropa ictimaiyyətini "erməni məsələsi"nin mahiyyəti ilə tanış etmək, ermənilərin həyat şəraiti və siyasi-iqtisadi baxışları haqqında ətraflı məlumat vermək!

1904-cü ildə Brüsseldə belə bir konqresin keçirilməsinin qarşısını Türkiyə ala bilmişdi, amma Bern konqresini ləğv etdirmək mümkün olmur...

Bəs Bern konqresində hansı mövzularda mühazirələr oxunur?

"Diplomatiya və erməni məsələsi",  "Qafqazda son hadisələr", "Bakı hadisələri" və s.

"Bakı hadisələri" deyəndə nə nəzərdə tutulurdu?

1905-ci ilin fevralında Bakıda erməni-müsəlman qırğını baş vermişdi. Apreldə artıq erməni tələbələr bu barədə Avropanı məlumatlandırırdı...

Bəs müsəlmanlar?

Bundan təxminən bir ay əvvəl - martın 18-də Nəcəf şəhərindən teleqram alınmışdı ki, bəs bu şəhərin baş müşteidi Ağa Şeyx Həsən Mamaqani 90 yaşında vəfat edib. Bu xəbər Bakını qəm dəryasına qərq edir...

Şəhər Nəcəf müşteidinə yas saxlayır.

Martın 19-da müsəlmanlar dükan-bazarı bağlayıb işə çıxmır, bütün məscidlərdə təmtəraqlı yas mərasimləri təşkil olunur...

Sonra da deyirik ki, görəsən, Avropa niyə ermənilərə daha çox inanır?.. 

Ağa Musa Nağıyevin böyük ianəsi və "xəsisliyi"

Bilirdinizmi ki, Ağa Musa Nağıyev 1907-ci ildə Bakı Realnı məktəbin (indiki İqtisad Universiteti) binasının təmirinə 25 min rubl ianə verib?

Bakıda qoyun ətinin kilosu 11 qəpik olan dövrdə 25 min rubl böyük pul idi.

A.M.Nağıyev məktəbin üçüncü mərtəbəsində təmir-quraşdırma işlərinə ianə verərkən cəmi 3 şərt irəli sürür:

1. Xahiş edir ki, Realnı məktəbin nəzdində savadsız müsəlman uşaqları üçün hazırlıq sinfi açılsın.

2. Bu pulu mərhum oğlu, Bakı realnı məktəbin keçmiş şagirdi İsmayıl Nağıyevin xatirəsinə ianə kimi verdiyini xatırladan Nağıyev İsmayıl Nağıyevin portretinin məktəbin akt zalında asılmasını təvəqqə edir.

3. Nəhayət, A.M.Nağıyev ianə verən adam kimi öz portretinin də akt zalında asılmasını xahiş edir (o dövrdə təhsil müəssisələrinə ianə verən şəxslərin portretinin asılması dəb olub).

Bu faktlar Bakı realnı məktəbinin direktoru Denferin Qafqaz Tədris Dairəsinin qəyyumuna ünvanladığı məktubdan götürülüb.

Direktor xahiş edirdi ki, Qafqaz canişini A.M.Nağıyevdən 25 minlik ianənin qəbul olunmasına icazə versin...

P.S. Yeri gəlmişkən, bu, Ağa Musa Nağıyevin yeganə xeyriyyəçilik addımı deyil. Milyonçu Nağıyev şəhərdə keçirilən ictimai tədbirlərdə digər milyonçulardan heç də geri qalmayıb. Şəhərin xeyriyyə işlərində də yaxından iştirak edib. Amma təəssüf ki, adı "xəsis" çıxıb...

Belə yerdə deyirlər, adın çıxınca...

 





04.07.2020    çap et  çap et