525.Az

Həyətimizdəki yelləncək boyda həyat - İzzət Mikayılzadə yazır


 

Həyətimizdəki yelləncək boyda həyat - <b style="color:red">İzzət Mikayılzadə yazır </b>

İllər əvvəl ağrı-acısı ilə məni ağladan yaranı nə vaxtsa bir gün yazı yazarkən yenidən xatırlayıb güləcəyim və düşüncələrə qərq olacağım ağlıma da gəlməzdi. Uşaqlığını yaşaya bilən hər insanın xatirəsində mütləq bir "yelləncəkdən yıxılma" səhifəsi var. Mənim bu xatirəm də başqalarınkından heç nə ilə fərqlənmir.

Həmişəki kimi, babamın mənə düzəltdiyi yelləncəkdə sözlərini tam bilmədiyim mahnını kəkələyə-kəkələyə oxuyaraq yellənirdim. Qardaşımı köməyə çağırıb, məni sürətlə yelləməsini xahiş elədim. İnanmazdım ki, bu qədər qorxulu olacaq.

Yelləncəkdə hər zamankı prinsipimiz işləyirdi: gücün çatdığı qədər geriyə çək və birdən burax! Qardaşım bunu bir neçə dəfə təkrarladı. Qollarımı açaraq buludlara doğru getdiyimi hiss edirdim: ucunda sanki xəyallarımı qucaqlayacaqmış kimi qollarımı açmışdım. Amma bir şeyi - anamın sözlərini unutmuşdum: "Yelləncəkdə yellənərkən əllərini ipdən buraxma!"

Artıq yerdəydim. Dizlərim qan içində, göz yaşlarım da ovuclarımın içində. Və yan-yörəmdən eşidilən səslər: "Özu yıxılan ağlamaz", "Böyüyəndə keçər" və s. Bir də ən sevdiyim o söz: "Öpüm, keçəcək".

Həyat da o yelləncək boydadır. Biz daima onun qayda-qanunlarını unuduruq. Amma bəzən unutduğumuz kiçik qaydalar ömrümüzdə böyük yaralar açır. "Zirvəyə çatdım" deyirik, amma ayağımızı sonuncu pilləyə düz atmayıb üzüqoyulu yerə dəyirik. Həyatda elədiyi səhvlərə gülməyəcək qədər biganə olur insan. Bu zaman ətrafdakılar etdiyin səhvi şirin sözlərlə deyil, acı, iynəli ifadələrlə qarşılayırlar.

Qınaq, təhqir və yıxılana balta vurmaq kimi anlayışlar müasir dövrdə daha da inkişaf edir. Əvvəllər - sosial şəbəkənin bu qədər geniş inkişaf etmədiyi dövrdə insanların səhvləri ağsaqqallar, ağbirçəklər, böyüklər tərəfindən dilə gətirilirdi. Onlar çalışırdılar ki, ictimai qınaq bir şəxsə ünvanlanmış olmasın, daha çox ümumi xarakter daşısın. Amma indi hamı, hətta özünün dünyadakı varlığını hələ dərk etməyən azyaşlı yeniyetmələr belə, kiməsə irad bildirməyi, qınamağı öz müstəsna hüquqları kimi qəbul edirlər. Hansı ki bu irad və qınaqlar xəstəliyə, psixoloji sarsıntıya və hətta intihara gətirib çıxara bilər. Əgər insanın səhvi ictimailəşdirilirsə, təbii ki, hər yoldan keçən, sapı özümüzdən olan baltalar o şəxsi  cəzalandırmaq üçün baltanı kürəyinə saplamağa başlayacaqlar. Balta məsələsi ən ucuz yollardan biridir. Anlayış göstərmək və həmin şəxsə kömək etmək lazımdır. Bu situasiya ilə bağlı Rəşad Məcidin statuslarından da sitat gətirmək istəyərdim:

"İrad tutmaq, mız qoymaq vaxtı deyil. İnsanlar bir-birini anlamalı, dərdinə yanmalı, kömək durmalıdır".

Viktor Hüqonun məşhur "Səfillər" romanının elə ilk səhifələrində qeyd edilir ki: "İnsanların yaydıqları dedi-qodular, şayiələr həqiqət, yaxud yalan da olsa, hər halda insanın həyatında, xüsusən onun sonrakı taleyində öz əməlləri qədər əhəmiyyətli rol oynayır".

Uşaq olanda etdiyimiz səhvlər bizi sadəcə, cismən yaralayırdı. Yaş artdıqca isə bu səhvlər və gərəksiz qınaqlar insanı ruhən yaralayır. Diz yarası sağalır, amma balta yarası sağalmır.

Zaman keçdikcə ətrafımızdakı insanların bizim səhvlərimizə reaksiyası da dəyişir. Analar üçünsə övladın yaxşısı, xüsusən də  baltalısı və baltasızı olmur. Yalnız o hər övladına "Öpüm, keçəcək" demək qüdrətinə malik olur.

 





04.07.2020    çap et  çap et