525.Az

"Bəlkə də, xoşbəxtik, xəbərimiz yox..." - Aytac Sahəd yazır


 

"Bəlkə də, xoşbəxtik, xəbərimiz yox..." - <b style="color:red">Aytac Sahəd yazır </b>

Bir gün bir optimist yoldan pulqabı tapır. Sevinə-sevinə aparıb pessimist dostuna göstərib deyir: "Bax, gör necə qəşəng pulqabı tapmışam". Pessimist pulqabının içinə baxıb cavab verir: "Ayda-ildə bir pulqabı tapasan, onun da içində pul olmasın. Bunun nəyinə sevinirsən ki?"

Bəli, boş pulqabının nəyinə sevinəsən ki? Əgər pessimistsənsə. Bəs, optimist olsan necə?

Son zamanlarda "optimizm", "pozitiv düşüncə" kimi sözləri tez-tez eşidirik. Bəzi insanlar buna gülüb keçir, bəzi insanlar belə olmağı arzulayır, bəzi insanlar isə həqiqətən belədir. Mən sizə sonunculardan - həqiqətən də pozitiv olmağı bacaran insanlardan danışacam. Gəlin ilk növbədə görək nədir bu pozitivlik.

Pozitiv düşüncə həyatın yaxşı tərəflərinə fokuslanan və müsbət nəticələr gözləyən zehni və hissi bir mövqedir. Belə düşünən insanlar hansı çətinliklə üzləşməklərindən asılı olmayaraq hər şeyin müsbət tərəfini görməyə meyllidirlər. Əgər ətrafınıza baxsanız, mütləq belə bir adam tanıdığınızı görəcəksiniz. Sayları az olsa da, həyatda daim yaxşını görən, yaxşı düşünən və yaxşının gücünə inanan insanlar var. Mənim də qismətimə belə adamlardan bir-iki nəfər düşüb. Ancaq onlardan biri bu mövzuda xüsusilə seçilir. Bu günə qədər onun nədənsə gileyləndiyini xatırlamıram. Yox, gileylənməyəcək qədər mükəmməl həyatı yoxdur. Hətta deyərdim ki, çox çətin həyatı var. Elə çətin ki, onun həyatından danışanda qulağını çəkib divara vuranlar da olur. Əlqərəz, o günlərdə eşitdim ki, mənim bu optimist dostumun qolu sınıb. Halından xəbər tutmaq üçün tez zəng elədim. Həmişəki kimi telefonun o başından gülüş səsləri qarışıq bir səs gəldi. Vəziyyətini soruşandan sonra axır dözməyib dedim ki: "Ay bacı, günün istisində o gipsə, o ağrıya necə dözürsən? Lap dözürsən, bəs, bu halda necə gülüb-danışa bilirsən?" Adəti üzrə bu suala da gülə-gülə cavab verdi: "Ay qız, əsas odur ki, qolum sınıb, ayağım sınmayıb. Heç olmasa, özüm gəzə bilirəm". Adım kimi əminəm ki, ayağı qırılsa, deyəcəkdi ki nə yaxşı qolum qırılmayıb, rahat yemək yeyə bilirəm. Baxın, budur pozitivlik. Hər hadisədə yaxşını axtarmaq. Əlbəttə, onun qolu qırılanda o, ağrıdan ağlayıb, əlbəttə, ona gipsdə oturmaq xoş deyil. Ancaq o bilir ki, daha pisi də ola bilərdi. Və olacağa çarə yoxdur. Ağlayıb-sızıldamaqla heç nə dəyişmir. Düzü, bu düşüncəyə sahib olmaq o qədər də asan məsələ deyil. Xüsusilə pessimizmə meylli insansansa, bir günün içərisində optimist insana çevrilmək çətin məsələdir. Çünki pessimist adamlar hər şeydə öncə pis olanı axtarırlar. Çox vaxt axtardıqlarını tapırlar da. Məşhur stəkan nümunəsindəki kimi, stəkanın dolu tərəfini yox, boş tərəfini görürlər. Biz pessimizmə pis deyə bilmərik. Bu da həyatın bir rəngidir. Ancaq bildiyimiz bir gerçək var ki, pessimist insanlar öz xoşbəxtlik paylarından da imtina edə, yaxşı hadisələrdə də pisi görə bilirlər.

Gələk üçüncü tərəfə. Üçüncü tərəfdə qərar tutanlar realistlərdir. Onlar nə stəkanın dolu tərəfini görür, nə də boş tərəfini. Onlar sadəcə, yarımçıq stəkan görürlər. Onlar üçün sadəcə, reallıq var - gördükləri reallıq. Ancaq yaşamaq üçün təkcə göz kifayətdirmi? Bəs, ürək? Axı, insan təkcə gördüklərinə qane olsa, robotdan fərqlənməz. Realist adam gec-tez gördüklərini ürəyindən soruşur. Bəlkə daha az soruşur, bəlkə heç soruşduğunun cavabına qulaq da asmır. İstənilən halda ürəyi döyünən, var olan istənilən canlı təkcə səbəb-nəticə əlaqəsindəki məntiqlə yaşamır.

Bir də realist optimistlər var. Onlar stəkanı realistlər kimi yarımçıq görür, ancaq optimistlər kimi doldura biləcəklərinə inanırlar. Belə insanlar düşdükləri vəziyyəti analiz edərkən daha çox gerçəkliyə üstünlük verirlər, arzuları məqsədləri ilə vəhdət təşkil edir.

Uzun sözün qısası, insan oğlu yalnız bir şey istəyir - xoşbəxt olmaq. Özünü bədbəxt edəndə də xoşbəxt olmaq istəyir. Ancaq xoşbəxtliyin vahid düsturu yoxdur. Əgər belə bir düstur olsa, hər kəs onu tətbiq edib xoşbəxt olardı. İnsanlar müxtəlif olduğu kimi, onları xoşbəxt edəcək nəsnələr də başqadır.

Onsuz həyatımızda heç nə heç vaxt mükəmməl olmayacaq. Ona görə də əlimizdə olanlarla xoşbəxt olmağı öyrənməli, başımıza gələn bütün hadisələrdə yaxşı tərəfi görməyi bacarmalıyıq. Həyat qısadır və gözəlliyini görə bildiyimiz müddətcə gözəldir. O gözəlliyi görmək üçün həyatımızın künc-bucağına diqqətlə baxmalıyıq. Şair demiş, "...bəlkə də, xoşbəxtik, xəbərimiz yox".

 





04.07.2020    çap et  çap et