525.Az

Göy üzünün həsrəti - Resenziya


 

NAZİM ƏHMƏDLİNİN ŞEİRLƏRİNİ OXUYARKƏN...

Göy üzünün həsrəti - <b style="color:red">Resenziya</b>

Səksəninci illərdə ədəbiyyata gələnlər (yəni bizim nəsil) arasında istedadlı qələm dostum, tanınmış şair Nazim Əhmədlinin özünəməxsus yeri var. Onun qələmindən çıxan şeir, hekayə, povest, publisistik məqalələr, janrından aslı olmayaraq, daim varlığı idrak edən iti ağlın, dərin düşüncənin, cilovsuz xəyalların, hərarətlə çırpınan həssas və odlu ürəyin məhsuludur.

Hər bir qələm əhlinin, sənət adamının, hətta hazırlıqlı sıravi oxucuların belə onun haqqında qənaəti eynidir. Nazim Əhmədli sözün əsl mənasında təbii, təpədən-dırnağa şairdir. Nazimin şeirlərini oxuduqca Laçındakı qəlbi dağlardan axan gur suların könül oxşayan zümzüməsi hiss olunur.

Nazim Əhmədlinin şeirlərindəki poetik ifadə tərzi tam yenidir, orijinaldır. Deyim tərzinin yeni, öz poetik dünyasına köklənmiş notları onun şeirlərində müasirlərindən tam fərqli şəkildə təzahür edir. Nazim daim mövzu sorağında, yenilik axtarışındadır. Öz alın yazısını oxumaq cəhdi şairin poetik dünyasında sanki bir missiyadır, bir borcdur. Bu cəhd onun poetik dünyasına rəng qatır, cilalayır, rövnəqləndirir. Qədim Türk toponimlərindən qaynaqlanan, səma anlayışlarındakı sirlərin fonunda poetik təfəkkürün çılğın harayı oxucunu düşündürməyə sövq edir və özünə çəkir. 2019-cu ildə Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə "Qanun" nəşriyyatında çap olunan "Unutduğum göy üzü" adlı yeni şeirlər kitabında yer verilmiş eyniadlı şeirindəki kimi:

unutduğum göy üzü
Tanrıya daha yaxın;
üzümdə işığı var.
gözündəki çırağın;

günüm harda keçinə,
döndüm bulud köçünə;
nə yazılıb içinə
alnımdakı varağın...

Niyə şair "unutduğum göy üzü" deyir? Əslində, unutmadığı, əzəli və əbədi göy üzü, gəlimli-gedimli dünya, bütün həyatın sirlərinin göy üzü ilə bağlılığı poetik təfəkkürürün süzgəcindən keçəndə şair özünü dərk edir. Müəllif ötən çağlarda, deyək ki, uşaqlıq, yeniyetməlik və gəncliyində doğulub boya-başa çatdığı çölünə, düzünə, dağına-dərəsinə, büllur çeşmələrinə bələd olduğu dünyanın həmin dayaq müstəvisindən boylandığı aylı, ulduzlu, buludlu, tutqun, aydın, günəşli göyüzünü yazır. Məhz şairlik də, bir çox amillərlə yanaşı, həm də elə bu cəhd, bu axtarışlar deməkdir.

Bu şeirdə də hansı məqamdasa, şairin bir poetik marağı diqqətəlayiqdir. O marağın mahiyyəti isə öz taleyinin kitabına-alnındakı varağa nə yazıldığını öyrənmək arzusu, bilmək, dərk etmək istəyidir:

burdan oyana yol varmı,
adamsız da yol olarmı;
payız çatıb qollarımı,
bir yarpağa bükür məni;

Fikri bu cür ifadə etmək özəllliklə Nazim Əhmədliyə məxsusdur. Yəni bu düşüncə tərzi şairin təfəkkürünün kainatın harmoniyası ilə həmahəg olması, mistik və real həyatla bağlılığına istinad edir.

Payızı ayrılığın astanası hesab edən şair özünün də bir yarpaq xəzəlinə büküldüyünü görə bilir. Odur ki, payız və ayrılıq haqqında yazılmış yüzlərlə şeirdən fərqli olaraq bədii düşüncədə yeni nəfəs yolu açıb, ifadə tərzinə təp-təzə libas biçir: "Payız çatıb qollarımı, bir yarpağa bükür məni" - deyir və oxucusunu da bu qeyri-adi mənzərəyə inandıra-inandıra bu qeyri-adi mənzərənin tamaşasına qoşur.

Şeirin son bəndi müəllifin ayrılıq əzabı təhlükəsindən qurtulmağın, axır ki, son qəti qərarının bədii hökmü kimi səslənir:

ötən dərdin bir anıyam,
xatirələr dumanıyan;
göy üzünün adamıyam,
göy özünə çəkir məni;

dedilər ki, ömür budu,
içimi göz yaşı yudu;
ayrılıq bir dəli sudu,
tut əlimdən, keçir məni.
   ("Ayrılıq bir dəli sudur")

Bu da ayrılığın təzə obrazlı libası. Ona görə təzə deyirəm ki, bu gözlənilməz bənzətməyə mən ilk dəfə onun şeirində rast gəlirəm. Amma buna heç təəccüblənmirəm də. Çünki bir vaxtlar Nazimin olmuş, yenə də inşallah Nazimin olacaq doğma Laçın dağlarının şaqqıldayıb qeyzlə axan dəli çaylarını o taydan-bu taya keçmək heç də asan deyildi. Ayrılığa bənzəyən o dəli sulardan keçə bilmək hünəri də hər adama nəsib olmurdu. Nazim hələ uşaqlıqdan o təbiət möcüzələrinin şahidi olub. Onun bənzətmələri, istiarələri, təkrirləri təşbeh və mübaliğələri, bədii obrazları da adama elə o möcüzələrin əks-sədası təsiri bağışlayır.

Nazim Əhmədli qədim və klassik-ənənəvi Azərbaycan poeziyasına yaxşı bələddir. O, şifahi xalq ədəbiyyatı ənənələrinə mənən bağlı bir şair olmaqla, müasir dünya ədəbiyyatı nümunələrinə də vaqifdir. Təbii ki, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitundakı təhsil illərində oxuduğu klassik və müasir dünya yazışı və şairlərinin dünyagörüşü, müxtəlif millətlərdən olan qələm dostları ilə canlı ünsiyyəti onun ədəbi dünyasına da nələrsə diktə edib.

Nazim Əhmədli yaradıcılığını bir şair kimi xarakterizə edən başlıca xüsusiyyətlər ondan ibarətdir ki, o, Nizami, Nəsimi, Xətai, Füzuli yaradıcılığından, eləcə də şifahi xalq yaradıcılığından, klassik aşıq poeziyasından yararlanır. Amma öz qəlbini, öz düşüncəsini, öz duyumunu, öz sözünü yazır. Özünə bənzəməyə çalışır. Çox yaxşı bilir ki, özünü yazan özgələşə bilməz.

Nazim Azərbaycan şeirinin bütün janr və şəkillərində qələmini sınayır. Sınaqlarının böyük əksəriyyəti də uğurla nəticələnir. Xüsusilə onun qoşmaları, gəraylıları, qəzəlləri xalqımızın köklü milli ənənələrinə bağlıdır.
Min ilin sevgisindən yazanda belə, müəllif son mətləbini, bədii qayəsini təzə tərzdə, yeni nəfəslə təqdim edir:

gəl, gizlicə çıxıb gedək,
baxçanızın gül yerinə;
mənə bir şeir bəstələ,
oxuyaq bülbül yerinə;
 
bax, ulduzlar qönçə-qönçə,
gözün göyçək, belin incə;
gəl, canımı al bu gecə,
apar, əzrayıl yerinə.
      ("Gəl gizlicə çıxıb gedək")

Deməli, bu gecə əzrayılın can alması əzabından qurtulmağın yolunu müəllif, canının, sevdiyi bir gözəlin alması səadətini arzulamaqda görür. Çünki bu canalma yox, canvermə, cana can bəxş etmə feyzidir, müəllifə görə.

İngilis yazıçısı Alan Bennetin təbirincə desək: "Şeirdən və şairdən umduğumuz əsas şey hisslərimizin poetik ifadəsidir".

Biz də arzu olunan və gözlənilməz poetik ifadələri Nazim Əhmədlinin yaradıcılığında tapa bilirik. Ona görə də şair dostumuzun əsərlərini həmişə sevə-sevə oxumaqdayıq.

 





05.07.2020    çap et  çap et