525.Az

Xaqani Şirvani haqqında roman işıq üzü görüb


 

Xaqani Şirvani haqqında roman işıq üzü görüb<b style="color:red"></b>

Bu günlərdə yazıçı, publisist Sona Abbasəliqızının "Sözün xaqanı" romanı nəşr olunub. "Elm və təhsil" nəşriyyatında çap olunaraq oxuculara təqdim edilən "Sözün xaqanı" romanı klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir, həmçinin, qədim dövr ədəbiyyatının yaradıcılarından biri dahi Xaqani Şirvaninin keşməkeşli ömür yolu haqqındadır.

Əsərdə təkcə Əfzələddin Xaqani deyil, onun yaşadığı dövrün ictimai hadisələrindən, Şamaxı, Təbriz və başqa şəhərlərdə baş verən hadisələrdən, o cümlədən, baş qəhrəmanın müasirlərindən bəhs olunur.

Kitabın redaktoru və ön sözün müəllifi "Elm və təhsil" nəşriyyatının direktoru, professor Nadir Məmmədlidir. O, "Tarixin söz aynası" adlı ön sözdə yazır: 

"Hekayə, povest və şeirlə ədəbiyyata gələn və tez bir zamanda yaradıcılığı ilə şöhrət tapan Sona İsmayılovanın nəsrindən görünür ki, onun çox zəngin elmi-tarixi düşüncəsi, tarixə dərindən bələdliyi, faktlarla işləmək mədəniyyəti, eyni zamanda, güclü bədii təfəkkürü və təxəyyülü vardır. Qələmə aldığı "Sözün xaqanı" tarixi-bədii roman klassik şairimiz, ziddiyyətli tale yaşamış Əfzələddin Xaqaniyə həsr olunmuşdur. Müəllif romanı qələmə alarkən, ilk növbədə, özünü həmin tarixə aid etmiş, məhz o tarixdə yaşamış, dövrün hadisələrini, adət-ənənələrini, faktlarını öyrənmiş, qələmə aldıqlarını təhtəlpsixologiyası və yazıçı təxəyyülündə saf-çürük etmişdir. Elə buna görədir ki, əsər çox uğurlu alınmışdır. Yazıçı üçün tarixi roman qələmə almaq çox məsuliyyətli bir işdir, belə ki, Sona xanımın müraciət etdiyi dövr, söz açdığı tarixi şəxsiyyət haqqında geniş mütaliəsi sayəsində yüksək səviyyədə bilgisi vardır.

A.N.Pautnik tarixi romanlar haqda yazırdı: "Tarixi roman - keçmişi tarixi ardıcıllıqla təsvir etməkdir. Janrın tələbi tarixi sənədlərə əsaslanmaq, olmuş tarixi hadisələri və şəxsləri müasir tələblər baxımından əks etdirməkdir". Tarixi roman əsərlərinin yaranmasında yazıçı təxəyyülünün rolu böyükdür. Xüsusilə qeyd etmək istəyirəm ki, Xaqani haqqında bilmədiklərimizi Sona xanım romanda tutarlı faktlarla izah edə bilmiş və belə nəticəyə gəlmişdir ki, tariximiz bitməyib - davam edir. Dövrün koloritini canlandırsa da, keçmişə öz təxəyyülü ilə yanaşan yazıçı olmuş faktlara sərbəst yanaşmır, hadisələri dəyişmir.

Müəllif romanda xronoloji ardıcıllığı gözləyir - romanın kompozisiyasının ölçü vahidi insan bioqrafiyasıdır; təsadüfi deyildir ki, Xaqaninin gənclik yaşlarından ta ölümünə qədər insan-şair ömrünü tam əhatə edə bilmiş, hətta müəyyən məqamlarda saray münaqişələrinin daxilinə girməyi bacaran bir üslub sərgiləmişdir. Xaqanini çox ciddi planda təsvir etsə də, məzmununu tarixi hadisə və şəxsiyyətdən götürsə də, real və ya macəralarla əhatə edilmiş bir roman qələmə almış, əsərdə yığcam və sərrast ifadələri ilə zəngin dil koloriti yaratmışdır.

Sona xanımın bəlkə də qazandığı ən böyük uğurlardan biri də məhz tarixi roman janrında qələmini sınamasıdır. Bu bədii yaradıcılıq yolu - narrativ üslub təkcə tarixi yox, fəlsəfəni, coğrafiyanı da bilməyi tələb edir. O, romanında dünya modellərinə həm forma və məzmun, diskurs və semantika parametrlərinə, sərbəstliyinə görə bədii təfəkkürə, estetik idrak qanunlarına, polifonik səciyyəyə sadiq qalır".

ŞAHANƏ

 





05.07.2020    çap et  çap et