525.Az

"Zamanmı ayırır, məkanmı, bizi?.." - Gülnarə Acalovanın şeirləri


 

"Zamanmı ayırır, məkanmı, bizi?.." - <b style="color:red">Gülnarə Acalovanın şeirləri </b>

Qürbətdən gələn səs

Şeirlərini təqdim etdiyim Gülnarə Acalova 1967-ci ildə Gürcüstan Respublikasının Borçalı mahalında doğulub.

Bolnisi rayon mərkəzində orta məktəbi, Tiflisdə isə A.S.Puşkin adına Dövlət Pedaqoji İnstitutun filologiya fakültəsini bitirəndən sonra ailə vəziyyəti ilə bağlı Rusiya Federativ Respublikasının Belqorod şəhərində yaşayır.

Onun "Nar Çiçəyi" imzasıyla həm Azərbaycan, həm də rus dillərində yazdığı şeir və esseləri müxtəlif ölkələrdə, o cümlədən, respublikamızda vaxtaşırı işıq üzü görməkdədir.

Yaşadığı şəhərdə Azərbaycan icmasının ən fəal üzvlərindən biridir. Vətənimizlə də xanım yazarı qırılmaz tellər birləşdirir. Həkim oğlu Rəşad Bakıda yaşayır və ixtisası üzrə nüfuzlu tibb müəssisələrindən birində çalışır. Gülnarə xanım AYB Mingəçevir bölməsində təmsil olunan yerli yazarlarımızla əməkdaşlıq edir.

Qürbət ölkədə yaşayıb-yaradan Gülnarə xanıma - Nar Çiçəyinə yeni yaradıcılıq uğurları arzulayıram!

İsmayıl İmanzadə
AYB Mingəçevir bölməsinin sədri

Gülnarə ACALOVA
(Nar Çiçəyi)

ZAMANMI AYIRIR, MƏKANMI BİZİ...

Əllərim əlindən üzülüb gedir,
Zamanmı ayırır, məkanmı, bizi?
Ömür qatar yolu, düzülüb gedir,
Aparır özüylə xatirəmizi.

Qəlbimdə ayrılıq tonqalı yanır,
Ümidin kəndiri üzülməkdədi.
Ürəyim yoxluğun özündən danır,
Yaşlar yanağımdan süzülməkdədi.

Qismətin payından pay verdim sənə,
Zəhərlə bölüşdüm, bal nədi, bilməm.
Zəhəri bal edib qaytardın mənə.
İtməsən acını qəlbimdən silləm.

Amma...
Əllərim əlindən üzülüb gedir,
Zamanmı ayırır, məkanmı, bizi?
Sevgi nübarını dada bilməmiş,
Artıq itiririk bir-birimizi...

Nə zaman günahkar, nə də ki məkan.
Özü öz hökmünü verirsə insan.

İNANMADIM...

Dedilər dünya boşdu,
Hərə bir nəğmə qoşdu -
İnanmadım...
Dedilər məhəbbət yox.
Dünyada vəfasız çox -
İnanmadım...
Xəyallarda uçurdum,
Nələr qurdum, uçurdum.
Heç özüm də bilmədən,
Qəlbimdə Sevgi adlı,
Bir dünyanı uçurdum -
İnanmadım...
              
HARALARDASAN

Yaman darıxmışam, haralardasan?
Gözlərim yoluna dikilib qalıb.
Ey sevgimə sahib çıxmayan insan,
Ömür karvanımın yolu qısalıb.

Məni çox gözlətdin, hardasan, harda?
Bəlkə də qalmısan güllü baharda.
Bəlkə də istidə, hayda-harayda,
İtirmisən məni bir ötən yayda?

Payızı da gəldi ömrümün... yoxsan.
Saçlarımı hicran yeli darayır.
Hardasan sevgimin sahibi insan,
Gözüm yenə təkcə səni arayır.

Söylə, harda qaldın, darıxdım yaman,
Sevginin yerini həsrət alıbdı.
Sən hansı fəsildə yatmısan, oyan
Ömrümün qışına azca qalıbdı.

Yaman darıxmışam, xəyallarımda,
Yaşadıb sevdiyim bir İnsan üçün.
Dünya möcüzələr xəzinəsidi,
Həyat yollarımız kəsişər bir gün...

KÜLƏYƏ YALVARDIM...

Küləyə yalvardım: "Getmə, dur-dayan!
Bir sinə sözüm var sənə deyəsi.
Zamana üz tutsam, zaman dayanar,
Niyə sənə çatmır qəlbimin səsi?!"

Külək dilə gəldi: “Dayansam bir an,
Mən külək olmaram, inamın sınar.
Səninsə ... kölgəni özündən qovan,
Bir ilıq küləyə ehtiyacın var”.

KAŞ GÖYƏRÇIN OLAYDIM...

Kaş... göyərçin olaydım,
Qonaydım budağına.
Gizlənəydim kədərdən,
Bürünüb yarpağına,
Duyaydım nəfəsini,
Eşidəydim səsini.

Mən... Göyərçin olaydım,
Sənsə... Palıd ağacı.
Unudaydım bir anlıq
Nə imiş ağrı-acı...

Qayıdaydı inamım
Ürəyimin sözünə.
Sənin baxışlarınla,
Baxaydım mən özümə.

Əritsəydin sevginlə,
Sən illərin buzunu.
Budağında yaşardım,
Bütün ömrüm uzunu.

Nağıllar aləmində,
Biz də nağıl olaydıq.
Şirin nağılar kimi,
Qəlblərdə iz salaydıq.

Haraylasan, gələrdim,
Qonardım budağına.
Yenə də bürünərdim,
O doğma yarpağına.

"Uçma" - deyərdin mənə,
Yuvan olsun budağım.
Qısılardım sinənə,
Olardın arxam, dağım.

Sən Torpağa bağlısan,
Mən isə Səmalara.
Hər dəfə qayıdacam,
Uçsam da uzaqlara.


Küləklərın səsində,
Eşidərsən səsimi.
Tək sənə oxuyacaq,
Göyərçin nəğməsini.

Gözəl sonluqla bitər,
Nurdan doğan nağıllar.
İnam güclü olarsa,
Göy Yerə yaxın olar.

... Balaca bir ürəkdə,
Palıd boyda dünya var.
Palıdın "qəlbində" də,
Ağ Göyərçin yaşayar...

 





05.07.2020    çap et  çap et