525.Az

Ədəbiyyatımızın və ədəbiyyatşünaslığımızın gerçək fədakarı - Məqalə


 

Ədəbiyyatımızın və ədəbiyyatşünaslığımızın gerçək fədakarı - <b style="color:red">Məqalə </b>

Professor Tahirə Məmməd istər monoqrafiyaları, istərsə də çoxsaylı məqalələri ilə ədəbiyyatşünaslığımızda öz imzasını təsdiqləmiş nəzəriyyəçi alimlərimizdən, ədəbiyyat (...şünaslıq) fədailərimizdən biridir. Onun monoqrafiyaları və çoxsaylı məqalələri ədəbiyyatşünaslığımızın nəzəri problemlərinə, dramaturgiyamızın poetika sisteminə həsr olunub. Biz isə yazımızda daha çox görkəmli alimin Hüseyn Cavid yaradıcılığını əhatə edən araşdırmaları üzərinə köklənəcəyik, çünki Tahirə Məmmədin araşdırmaları ilə Hüseyn Cavid yaradıcılığının başqa bir tədqiq istiqaməti formalaşır. Böyük mütəfəkkirin mətnlərinə çoxqatlı sistem kimi yanaşan professor, ondakı informasiyanın aşkara çıxarılıb müəyyənləşməsi məqsədilə mətnin elementlərini analiz edir. Tahirə Məmmədin tədqiqatlarına qədər Cavidin yaradıcılığı əsasən sosial məzmun baxımından araşdırılmış və mətnin "gizli sirləri" bir o qədər də diqqət cəlb etməmişdi. Mətnin sosiallığının öndə saxlanılması bir tərəfdən sovet hakimiyyətinin ədəbiyyatşünaslığı yönləndirdiyi dar cığırla, digər tərəfdən mətnin təhlil mexanizmində gecikmiş metodlara daha çox üstünlük verilməsi ilə əlaqədar idi. Cavidin böyük ideallarını, əsərləri ilə irəli sürdüyü məfkurəni hiss edib, görən tədqiaqatçılarımız onu sona qədər açmaqda ehtiyat edirdilər, bəraət qazanmış mütəfəkkirimizin əsərlərinin xalqdan uzaq tutulacağından, əsərlərin üzərinə "həbs qoyulacağından" çəkinirdilər.

Tahirə Məmmədin Cavid yaradıcılığı üzərində ardıcıl tədqiqatları 1990-cı illərin əvvəlindən başlayır. O, artıq Cavid mətnlərinin yeni "oxunuşlarını" təqdim etməyə başlayır. Ayrı-ayrı məqalələrində maraqlı elmi yeniliklərlə diqqət cəlb edən müəllif 1999-cu ildə çap olunan "XX əsr Azərbaycan dramaturgiyasının poetikası" monoqrafiyasında Hüseyn Cavid, eləcə də müqayisəli şəkildə Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı dramaturgiyasını struktural poetika texnologiyası ilə təhlil edir və çox maraqlı nəticələrə gəlir.

Ədəbiyyatşünaslığımızda ilk dəfə olaraq mətnin elementləri sistemli şəkildə - həm mətndaxili komponentlərin əlaqəsində, həm də kontekst şərtləri nəzərə alınaraq öyrənilir həmin monoqrafiyada. Bu təhlil mexanizmində Hüseyn Cavid yaradıcılığı unikal hadisə kimi, Cavidin fəlsəfi yanaşması neosufizm kimi dəyərləndirilir. Tahirə Məmmədin "XX əsr Azərbaycan dramaturgiyasının poetikası" adlı monoqrafiyasında ayrıca bir yarımfəsil var: "Təsəvvüf yeni zəmində. Neosufizm mərhələsinin başlanğıcı". Tədqiqatçı burada ilk dəfə olaraq Hüseyn Cavid dramaturgiyasını ənənəvi Şərq dünyagörüşü kimi qəbul olunan sufizmlə XX əsrin dəyərlərinin kəsişməsi işığında qiymətləndirir. Bunu Hüseyn Cavid mətnlərinin özü sübut edir. Tahirə Məmməd faktlardan çıxış edib, müddəalar irəli sürür və gəldiyi qənaətləri əsaslandırır. Tədqiqatçının müşahidələri və üzə çıxardığı yeniliklər tezliklə ədəbiyyatşünaslığımızda öz təsirini göstərir və Hüseyn Cavid yaradıcılığına irfan işığında nəzər salmaq ənənəsi daha da genişlənir.

Tahirə Məmməd özü də bu sahədə elmi axtarışlarını davam etdirir. Cavid yaradıcılığı əsasında irəli sürdüyü konsepsiyanı genişləndirib daha da zənginləşdirir. Neosufizm probleminə həsr olunmuş "Neosufizm: yaradıcılıq və nəzəriyyə" monoqrafiyasında neosufizmin parametrlərinin Azərbaycan romantizmində tam formalaşması fikrini irəli sürür və Cavidin yaradıcılığını, haqlı olaraq, yeni bədii yaradıcılıq hadisəsi və modeli kimi izah edir. Eyni zamanda, Abbas Səhhət, Abdulla Şaiqin də əsərlərində bu ədəbi-fəlsəfi baxış yeniliyinin aparıcı funksiyaya malik olduğunu göstərir.

Tahirə Məmməd "neosufizmi neomifologiya ilə paralelləşdirərək əsasən poetika hadisəsi kimi" öyrənilən tədqiqatında mütəfəkkir Hüseyn Cavidin yaradıcılığında sufizm məsələlərinə toxunaraq aydınlıq gətirir. Bəzi tədqiqatçıların Cavid yaradıcılığından Orta əsrlərin sufizmi kimi bəhs etmələrinə münasibət bildirir: "Neosufizmin parametr və prinsiplərini nəzərə almayan tədqiqatçılar Hüseyn Cavid kimi sənətkarın yaradıcılığından Orta əsrlərin sufizmi kimi bəhs edirlər. Bunu o vəziyyətlə müqayisə etmək olar ki, mifopoetikanın strukturunda əsaslı yeri olan romana mif mətni kimi yanaşılsın". Caviddəki sufizmi Orta əsrlərin sufizmi deyil, neosufizm kimi qəbul edən Tahirə Məmməd "XX əsr Azərbaycan dramaturgiyasının poetikası" monoqrafiyasında əsasını qoyduğu elmi yanaşmanı daha da genişləndirərək neosufizmi onun müasiri olan fəlsəfi, eyni zamanda, bədii cərəyanlarla müqayisə edir. Bununla da, Azərbaycanda müstəqil, orijinal bir modelin tam yetkinləşməsi məsələsi gündəmə gəlir. Müqayisəyə cəlb olunan, adları çəkilən müəlliflərin yaradıcılığı sübut edir ki, Türkiyə, eləcə də dünya ədəbiyyatında neosufizm kimi dəyərləndirilə biləcək ədəbi hadisələr mövcuddur; Tahirə xanımın adını çəkdiyi, yaradıcılığı üzərində durduğu Nəcib Fazilin, Poelo Koelonun əsərləri kimi. Lakin bu ədəbiyyatın ilkin yetişdiyi ocaq Azərbaycan romantizmi və onun da ən yüksək zirvəsi Hüseyn Cavid yaradıcılığıdır. Poetikada, sənətkarlıqda neosufizmin ifadə sistemi öz elementləri ilə təşəkkülünə XIX əsrin "sosial təsəvvüfü" ilə başlayır, Azərbaycan romantizmində, Cavid yaradıcılığında kamala çatır və daha sonra dünya ədəbiyyatında genişlənməyə başlayır. Cavid yaradıcılığı dünya ədəbiyyat xəzinəsinə bəxş etdiyi bu orijinal modellə böyük və möhtəşəmdir.

Tahirə xanım neosufizmi digər fəlsəfələrin, çox əlamətdardır ki, həm də zidd fəlsəfələrin aparıcı olduğu bədii yaradıcılıq tiplərinin ədəbi qəhrəmanlarını kəsişmə nöqtələrində müqayisəyə cəlb edir və onun özünəməxsusluğuna diqqət çəkir: "Ekzistensializm və marksizmi bir-birinə yaxınlaşdıran (müəyyən fərqlərlə) özgələşmə ilk baxışda neosufizm qəhrəmanları üçün xarakterik sayıla bilər. Lakin neosufizmin qəhrəmanını nə sosial münasibətlər özgələşdirib (marksizmdə olduğu kimi), nə də o, öz mövcudluğu ilə özgələşmiş vəziyyətdədir (ekzistensializmdə olduğu kimi). O, sosial və beynəlxalq məsələlər kəsiyində hadisələrin içinə daxil olur, lakin mövcudluğu və varlığını təmin edən bir güc var - ya qovuşmaq istədiyi Tanrı (Şeyx Sənan), ya da fərdin özünü, fərdin mövcudluğunu arxa plana çəkən ideal. Bu, bir aşiqlikdir - vətən, millət ümmət, bəşəriyyət aşiqliyi. "Ekzistensealizmə görə həyatda iztirab üstünlük təşkil edir. Dünyaya neqativ baxışlarla yanaşan ekzistensialist, sosial dəyişikliklərdən çox fərdi dəyişməyə önəm verir. Neosufizmin romantizmdə təzahüründə isə mövcudluq naminə bütün iztirablar keçiləndir və şəxsiyyətləşmiş insan çətinliklərin dəfinin yolunu tapmalıdır. Öz yolunu itirənlərin isə ("Afət"dəki Afət, "İblis"dəki Arif) uduzduğu yerləri, səhvləri yaratdığı situasiyalarla oxucusuna göstərən müəllif, təlqin vasitəsi ilə şəxsiyyətləşmə prinsipini aşılayır". Cavidin həll etmək istədiyi problem, ilk növbədə bu, "şəxsiyyət yetişdirmə" məsələsi idi. Elə bu yolda da onun köməyinə orta əsrlər Şərq fəlsəfəsinin kamil insan idealı gəlir. Lakin həmin kamil insanın boynunda XX əsrin keşməkeşli hadisələrindən irəli gələn ağır vəzifələr var idi. Artıq Tanrı eşqi millət, vətən eşqindən, sosial vəzifələrdən keçərək durulurdu.

XX əsrdə Azərbaycan romantizmində sufizmin dəyişik şəkillərdə yaşaması bir neçə istiqamətdə özünü göstərir. Tahirə Məmməd həmin müxtəlifliyin də mənzərəsinə aydınlıq gətirir. Bu, ilk növbədə sufizmin ənənəvi aşiq-məşuq modelində məşuqun yerinə vətənin və millətin qoyulması şəklində özünü göstərir. İlk addımlar, elementlərin ilkin təşəkkülü şəklində Abbasqulu ağa Bakıxanov, türk ədəbiyyatında Namiq Kamalın yaradıcılığında müşahidə olunur. A.Bakıxanovun "Xəyalın uçuşu" mənzuməsində sadə koordinatları cızılan həmin model Namiq Kamalın yaradıcılığında püxtələşir. "Hürriyyət" qəsidəsində "Vətən" şeirində, "Vətən, yaxud Silistrə" dramında və sair. Burada sufimin aşiq-məşuq modelində məşuqu, dilbəri Vətən, Millət əvəz edir".

Zeynəlabdin Marağayinin "İbrahim bəyin səyahətnaməsi" romanını da tədqiqatçı həmin strukturun formalaşmasında əhəmiyyətli fakt kimi qiymətləndirir. Bu model H.Caviddə dərin fəlsəfi məzmun və poetik zənginlik, geniş informativlik qazanır. Hüseyn Cavid aşiq-məşuq modelində millət, vətən aşiqinin iztirablarını beynəlxalq hadisələr, qlobal proseslər fonunda təqdim edir; o kodlaşdırılmış obraz və situasiyalarla Şərqə, Türk dünyasına çəkildiyi ölüm-qalım mübarizəsində qoruyub saxlamalı və qazanmalı olduğu dəyərləri göstərir. Bu fonda dahi şairimizin eyni zamanda, böyük filosof olması və müasiri olduğu fəlsəfələrə, tarixin açıq və gizli planlarına yaxından bələdliliyi nümayiş olunur. Söylənənlərin açılması isə Cavidin bədii kod sisteminin açılışı ilə mümkündür; Tahirə Məmməd baxış istiqamətini məhz həmin tərəfə yönləndirir. Bu, təkcə Cavid yaradıcılığının yox, həm də neosufizmin ornamental, şəbəkəvari poetikasını öyrənmək baxımından da əhəmiyyətlidir.

Tahirə xanımın Cavid haqqında tədqiqatları içərisində Cavidin təxəllüslərinin yozumu ilə bağlı araşdırması da çox önəmlidir. O, "Hüseyn Cavidin təxəllüsləri Şərq-Qərb kontekstində" alı məqaləsində Cavidin təxəllüslərindəki olan dəyişmələrə həm Uzaq, həm də Yaxın Şərq mədəniyyət ənənələri işığında aydınlıq gətirir. "Sosial statusa görə ad qazanma və təxəllüsün bir neçə dəfə dəyişilməsi ənənəsi uzaq Şərq mədəniyyətində geniş yayılmışdır. Çin və ural-altay xalqlarında, müxtəlif dövrlərdə, insanların sosial statusa görə bir neçə dəfə ad dəyişməsi qanuni hal kimi qəbul edilirdi. Yaş dövrləri və status dəyişmə ilə əlaqədar ad/təxəllüs dəyişmə və onun keçilən dərəcələrdə yenisi ilə əvəz olunması prototürk mədəniyyətində özünü göstərir". Tahirə Məmməd söylədiyi fikirləri faktlarla əsaslandırır və ədəbi nümunələrdən, dastanlardan misallar göstərir. Şairin Gülçin, Salik, Arif, Cavid təxəllüslərindəki dinamikanı həm prototürk-türk mədəniyyəti, həm də sufizm semantikası ilə əlaqədə izah edən tədqiqatçı burada başqa bir fikrin də formalaşmasına stimul verir ki, təsəvvüfün tədqiqinə birtərəfli, yalnız dini dünyagörüşü bucağından yox, həm də daha qədim ənənələrdən gələn sistemli ardıcıllıq işığında nəzər salmaq lazımdır.

Tahirə Məmmədin ədəbiyyat nəzəriyyəçisi kimi ədəbiyyatımızın təhlil metodologiyasının formalaşmasında əhəmiyətli rolu var. O, Hüseyn Cavidin yaradıcılıq sirlərini, təxəllüslərini izah edərkən də məhz həmin missiyanı yerinə yetirmişdir.     

Bu günlər professor Tahirə Məmməd yubiley ərəfəsindədir. Tahirə xanımı bu münasibətlə təbrik edir, uzun ömür, firəvan həyat və yeni-yeni uğurlar arzulayırıq!

 





06.07.2020    çap et  çap et