525.Az

Quba xanlığı - tarixin aynasında


 

Quba xanlığı - <b style="color:red">tarixin aynasında</b>

XII əsrə aid ərəb mənbələrində Quba adı "Kuba" kimi göstərilib. XIII əsr ərəb alimi Həməvinin Coğrafiya lüğətində isə Azərbaycan şəhərləri sırasında "Kubba" şəklində yer alıb.

XVI əsrin Səfəvi qaynaqlarında isə Quba yaşayış məntəqəsi "Qübbə" yazılışında verilib. Qubanın şəhər tipli yaşayış məntəqəsinə çevrilmə prosesinin XIV əsrin əvvəllərində başladığı təxmin edilir. 1582-ci ildən Osmanlı tərkibində ərazisi nahiyə (ülkə), 1593-cü ildən Səfəvi idarəçiliyində bəylərbəyliyi kimi mövcud olan Quba bölgəsi, Azərbaycanda (1680-ci ildə) yaradılan ilk yarımmüstəqil xanlıqlardan biri olub. Quba xanlığının yaranma dövrü və 130 illik tarixi barədə məlumatları əsasən A.A.Bakıxanovun "Gülüstani-İrəm" əsərindən, habelə İskəndər bəy Hacınskinin, professorlar Tofiq Mustafazadə, Şahin Fazil Fərzəlibəyli, tarixçilər Zabit Babayev, Salman İbişov, Ənvər Çingizoğlu və başqalarının kitablarından ala bilirik. 

A.Bakıxanovun "Gülüstani-İrəm"də yazdığına görə, II şah Abbasın və onun oğlu Süleyman şahın dövründə Dağıstan hakimlərindən Qaytaq usmilərinə pullu məvaciblə yanaşı, Şirvandakı bir sıra kəndlərin gəlirləri və idarəçiliyi də verilmişdi. Süleyman şah Səfəvinin fərmanı əsasında Quba xanlığı yarımmüstəqil inzibati vahid kimi XVII əsrin son rübündən  - 1678-ci ildən mövcud olub. O zamanlar Səlyan və Gülhan da mülk olaraq xanlıq ərazisinə daxil idi. Quba və ətraf mahallarda 1680-ci ilin əvvəlindən xanlığı tanınıb qəbul edilməklə 10 ildən çox hökmranlıq edən ilk Quba xanı Hüseyn xan 1689-cu ilin sonunda vəfat edənədək böyük hüquqlara sahib olub. A.A.Bakıxanov Xudat qalasını da Hüseyn xanın tikdirərək xanlığın iqamətgahına çevirdiyini yazır. İrandan qayıdan tarixçi A.Lopuxin Şamaxıdan quru yolu ilə şimala doğru hərəkət edərkən 1718-ci ilin mart ayında Quba şəhərinə də gəlmişdi. O, bu şəhərə böyük maraq göstərərək icmalının "Quba haqqında məlumat" adlı hissəsində yazırdı: "Xaçmaz daha çox Hacı Davudun nüfuzuna ram olsa da... İndiki Quba xanı Sultan Əhməd irsi olaraq hakimiyyətə yetişmişdir. Onun 14 yaşı vardır. Hakimiyyəti altında başqa şəhər yoxdur. Kəndlərin də sayı azdır. Yanında 500 əsgəri var, amma xalqın çoxu onun əmrlərinə məhəl qoymur..."

Tarixi mənbələrdə, Hüseyn xanın Məcalisdə öldürülən oğlu Əhməd xanın qətli kimi, Xudat qalasında qətl edildiyi bildirilən nəvəsi Sultan Əhməd xanın ölümü də mübahisəlidir. A.Bakıxanov yazır ki, üsyan qaldıraraq Şirvanda "İran ağalığı"nı ləğv etmək istəyən Hacı Davud Xudatı zəbt etmiş və bu zaman onunla birgə olan bacısı oğlu Nəzirin təhriki ilə, mühasirəni yarıb qaladan qaçmağa çalışan Sultan Əhməd xanı öz yaxın adamları ilə bərabər öldürmüşdür. Digər məlumatlarda isə Sultan Əhməd xanın öz qayınatası - 1710-cu ildən Qaytaq usmisi olan Əhməd xan ibn Ulubəyin təhriki ilə öldürüldüyü versiyası irəli sürülür...

18-ci əsrin əvvəllərində Xəzərsahili məntəqəyə rus ekspansiyası ilə əlaqədar olaraq Qafqaz hakimləri bir sıra hərbi əməliyatlar keçirir, vergi yükü və məzhəb ziddiyətləri ilə qızışan iğtişaşlar da çoxalırdı. Üsyançı Hacı Davud bir il öncə Şabranı viran etmələrinin ardından, Qaytaq usmisinin, bəzi Quba və Qazıqumuk hakimlərinin dəstəyilə 1712-ci ilin avqustunda Şamaxıya yürüş edir və 15 günlük mühasirədən sonra oradakı şiəməzhəb əhali ilə yanaşı, rus tacirlərinin də əmlakını qarət edib qətlə yetirirlər. Bu qanlı yürüş və 1721-ci ildə Quba xanlığının da onların əlinə keçməsi, Azərbaycan ərazisinə Rusiya ekspansiyası üçün bir bəhanə olur. Rus çarı 1-ci Pyotr 1722-ci ilin iyununda Hacıtərxana (Astraxana) gələrək İran ölkəsinə bu məzmunda müraciətnamə yazmışdı: "Ləzgilərin əmiri Davud bəy və Qazıqumuq əmiri Surxay öz padşahlarına yağı olub 1713-cü ildə Şamaxı şəhərini yürüşlə almış, rus tacirlərini qətl və qarət etmişlər. İran padşahı bu fitnəkarların öhdəsindən gələ bilmir. Buna görə, biz özümüz onları tənbih etmək və intiqam almaq fikrilə o tərəfə gəlirik..."

İşğalçı Rusiya hakimiyyəti Səfəvi dövlətində baş qaldıran hərc-mərclikdən yararlanaraq və üsyançıların dəvət etdiyi osmanlıların gəlişini qabaqlayaraq 1722-ci ildə Qafqaz mülklərinin bölüşdürülməsində iştirak etməyə tələsirlər. Şah II Təhmasib qəbul etməsə də, 1724-cü ildə İstanbulda Osmanlı Sultanı tərəfindən Rusiya çarının Dərbəndə, Bakıya, Xəzər sahili şəhər və kəndlərə hakim olma hüququnu tanıyan, eyni zamanda, osmanlıların Azərbaycanın əksər hissəsində ağalığını təmin edən Osmanlı-rus müqaviləsi bağlandı. Şirvan vilayəti, sahil zolağından başqa, Osmanlı imperiyasının ali himayəsi altında müstəqil xanlıq elan edildi. Rusiya hökmranlığı altında qalmağı Utəmiş sultanı, Qaytaq usmisi, Qazıqumuklu Surxay xan və Səlyan naibi Həsən xan da qəbul etməkdən imtina etdilər. Tərki şamxalı Adil Gəray öz adamları ilə rus qoşunlarının hərəkətlərindən və Müqəddəs Xaç qalasının tikilməsindən və onun ərazisində ermənilərin və kazakların yerləşdirilməsindən hiddətə gələrək yeni tikilmiş rus istehkamını mühasirəyə alır. Lakin şamxalın azsaylı qoşunları ilk döyüşdəcə məğlub oldular. 1721-ci ilin yazında Sultan Əhməd xanın öldürülməsindən sonra xanlığın ərazisinin çox hissəsi Hacı Davudun (formal olaraq Qazıqumuq usmisi Surxay xanın) hakimiyyəti altına keçmişdi. 1722-ci ilin payızında rus qoşunlarının Xəzərboyu əyalətlərə yürüşü zamanı Quba xanlığının ilk növbədə dənizə yaxın hissəsi, o cümlədən, Xudat qalası ruslar tərəfindən tutulmuşdu. Qubanın özü də daxil olmaqla dağlıq və dağətəyi ərazilər Hacı Davudun hakimiyyəti altında qalmışdı. Məhz buna görə də xanlıq tərəfdarları dağ kəndlərində gizlədilən azyaşlı Hüseynəlini 1725-ci ildə rusların nəzarəti altında olan Xudata gətirmiş, Rusiyanın himayəsinə keçmək yolu ilə xanlığı bərpa etmək istəmişdilər.

1726-cı ilin sonunda fərmanla, 1727-ci ilin sonunda isə mərasimlə Quba xanlığı Rusiyanın tərkibinə daxil oldu və öldürülmüş Sultan Əhməd xanın 10 yaşlı oğlu Hüseynəli bəy Quba xanı elan edildi. Belə ki, Rusiya İmperiyasının Xarici Siyasət Arxivində saxlananılan rəsmi sənəddə, 1726-cı ilin 20 oktyabrında Dərbəndə gəlmiş Hüseynəli bəyin Rusiya himayəsini qəbul edərək sədaqət andı içdiyi bildirilir. Hüseynəli xan Rusiyanın açıq və ya gizli düşmənləri ilə heç bir əlaqə saxlamayacağına da söz vermişdi. 1726-cı il dekabrın 21-də Peterburqda Ali Məxfi şurada Hüseynəli bəyin Rusiya himayəsinə qəbul edilməsi və onun Quba xanı kimi təsdiq olunması məsələsi nəzərdən keçirildi. Hüseynəli bəyin torpaqları osmanlılarla 1725-ci ildə bağlanmış müqaviləyə görə Rusiya zonasında qalıbsa, himayəyə qəbul edib ona xan rütbəsi vermək haqqında Xəzərsahili əyalətlərdəki rus qoşunlarının komandanı feldmarşal Dolqorukiyə fərman göndərildi. Sərhədlərin müəyyənləşdirilməsi başa çatdığda Quba xanlığının böyük bir hissəsi Rusiya tərəfində qaldığından Hüseynəli xan 1727-ci ilin 12 dekabrında Quba xanı kimi təsdiq olundu və xan azyaşlı olduğuna görə müvəqqəti qəyyumlar təyin edildi: Əfrasiyab naib, Fəraməz isə nazir oldu. Eyni zamanda, xanlığın kəndxuda, yüzbaşı və ağsaqqaları Hüseynəli xanla yanaşı, Rusiya çarlarına da sədaqət andı qəbul edirdilər... Amma Hüseynəli xan şah hakimiyyətinə də zahiri itaət göstərirdi. Məhz belə siyasət nəticəsində, Nadir şahın Azərbaycana ilk yürüşü zamanı - 1734-cü ildə, o, Hüseynəli xanın idarəçiliyinə əlavə olaraq Səlyanı da vermişdi və oralar yenidən Qubaya birləşdirilmişdi. Nadir şah Əfşarın hakimiyyəti illərində Azərbaycan və Dağıstanda "İran ağalığı"na qarşı azsaylı xalqların, sünni müslümanların narazılığı geniş vüsət almışdı. 1735-ci ildə qubalıların, alpanlıların bir hissəsi də Nadir şaha qarşı çıxıb, Dağıstan üsyançılarına güvənərək Xudat qalasında Hüseynəli xanı mühasirəyə aldılar. Şamxal Xaspulad və Dərbənd qarnizonunun rəisi onun yardımına gələrək, üsyançıları dəf etdilər. Hüseynəli xanın anası Alpan bəyi Hacı Qaibin qız nəvəsi olsa da, Şeyxəli xanın zamanınadək və Hacı Qaibin nəvəsi Xanbaba bəy Fətəli xan Qubalının bacısı qızını alanadək onların qohumluq münasibətləri nisbətən soyuq olub...

Rəşt (1732) və Gəncə müqaviləsinə (1735) görə, Rusiya imperiyası Kürdən cənuba Xəzəryanı ərazilərdən İranın xeyrinə vaz keçdi və şahın Dağıstan xalqları və Tarki şamxalı üzərində hakimiyyətini tanıdı. Rus qoşunları əvvəlcə Sulak çayına, sonra isə Terek çayına çəkildilər. Nadir şah Əfşar əski qüdrətini bərpa etmək üçün Dağıstana yürüşlər təşkil edir. O, Osmanlı sultanı ilə də sülh sazişi bağlayaraq, öz yerli tərəfdarları ilə Tabasaranda, Kürədə, Samurda, Qubada, Qazıqumuqda, Akkuşa mülkündə və Məcalis mahalında şah hakimiyəti əleydarlarına divan tutur. Hətta Nadir şah Qaytaq usmisini sıxışdıraraq, azərbaycanlı tərəkəmələri (300 həyət) daha sakit yerlərə, xüsusi ilə qumuq sərdarı Əlişah Həmzənin, Əndərəy məlikləri Temir və Bamatın mülklərinə, onlara yaxın olan qumuqların yanına köçürür. Nadir şahın ölümündən sonra azərbaycanlı-tərəkəmələrdən bir hissəsi Qaytaq hakimi Əmir Həmzənin yanına - öz köhnə yerlərinə qayıdırlar, ancaq 100 həyət qumuqların arasında qalır.

Quba xanlığı Azərbaycanda çox iri olmayan, lakin hərbi cəhətdən güclü siyasi birlik idi. Nadir şahın Azərbaycana yürüşləri zamanı və mülkədarlar arası mübarizənin gücləndiyi sonrakı illərdə xanlıq digər Azərbaycan torpaqlarına nisbətən az zərər çəkmişdi. Çünki 1735-ci ildə Xəzərsahili vilayətlər Rusiya tərəfindən İrana güzəştə gedildikdən sonra, Hüseynəli xanla birgə digər bəylər də xanlığın qarət olunmasının qarşısını almaq və öz hakimiyyətlərini qorumaq üçün bir sıra tədbirlər görmüşdülər. Həmçinin, xanlıqda təbii qalalar olduğundan əhali lazım gəldiyi təqdirdə sığınacaq tapa bilirdi. 1747-ci ildə xanlığın mərkəzi iqamətgahının Xudat qalasından Quba şəhərinə köçürülməsi də xanlığın iqtisadi gücünün qismən artmasına şərait yaradırdı. 1757-ci ildə Dərbənd və Şamaxı ətrafından bir sıra ailələrin Quba xanlığına məxsusi köçürülməsi və Səlyan xanlığının ləğv edilərək Hüseynəli xanın idarəçiliyinə verilməsi xanlığın hərbi gücünün artmasına kömək etmişdi. Hüseynəli xan oğlu Fətəlini 1756-cı ildə Quba bəylərindən birinin rəhbərliyi altında, öz dövrünə görə güclü bir qoşunun baş komandanı təyin etmişdi. 1759-cu ildə Dərbənd xanlığının Quba xanlığına birləşdirilməsi ilə başlayan Fətəli xan Qubalının rəhbərliyi və zəfərləri dövrü bir çox siyasi-hərbi hadisələrlə zəngin olduğundan ayrıca bir mövzudur.

C.Alpoğlu Albantürk

 





06.07.2020    çap et  çap et