525.Az

Türk dünyasının könül dostuna son vida


 

MƏRHUM ŞAİR, YAZAR VƏ İCTİMAİ XADİM İRFAN ÇİFTÇİ İYULUN 5-də GƏBZƏDƏKİ AİLƏ MƏZARLIĞINDA DƏFN EDİLİB

Türk dünyasının könül dostuna son vida<b style="color:red"></b>

İyulun 3-də İstanbulda infarkt səbəbindən dünyasını dəyişən Türkiyənin Azərbaycandakı keçmiş mədəniyyət və tanıtma müşaviri, şair, yazıçı, alim İrfan Çiftçi ilə ayın 5-də İstanbul Univesitetində (İU) vida mərasimi keçirilib.

Mərasimdə çıxış edən İU-nun rektoru, professor Mahmud Ak İ.Çiftçini tanımaqdan qurur duyduğunu deyib: "İrfan Çiftçi özünü Türk millətinə və Türk mədəniyyətinə həsrt etmiş kamil bir insan idi. Onun bütün istəyi Türk gəncliyinin öz mənliyinə sahib çıxmağı, öz mənliyindəki dəyərin fərqində olması və bütün varlığını bu millətin gələcəyinə fəda etməsi idi".

Onun fəaliyyətinin Türkiyə ilə kifayətlənmədiyini deyən M.Ak "Türk dünyasının könül və mədəniyyət dostu ətrafındakı hər kəsi də eyni coşğuya və eyni həyəcana qovuşdurmaq əzmində idi" - deyə vurğulayıb.

İU-nun keçmiş rektoru, professor Yunis Söylət isə Çiftçinin böyük anlamda könül və mədəniyyət insanı olduğunu deyib: "İrfan Çiftçi ilə tez-tez görüşmədik, amma elə insanlar var ki, onları sevmək, hörmət eləmək, xatırlamaq üçün yan-yana durmağa gərək yoxdur.

Qucağını açdığı zaman bir qolu Türküstanda, bir əli Bosniyada olan insan idi və fikir ayrılığına baxmadan toxunduğu hər kəsə bunu könlüylə bir etdirə bilirdi".

İU-nun rektor köməkçisi, professor Haluk Alkan isə vəfat xəbərini alarkən öncə dərin bir boşluq hiss etdiyini bildirib: "Xaricdəki vəzifəsindən ölkəmizə qayıdışı pandemiya zamanına düşdüyündən təmasız məsafəli olmuşdu. Əsas odur ki, geri dönüb, fikirləşərək, görüşməyi qarşılıqlı olaraq təxirə salmışdıq. Ölüm bir həqiqətdir. Ölümün yeni həyatın başlanğıcı olduğunu bilsəm də, İrfan müəllim kimi sevdiyim bir insandan ayrılmaq çox ağırdır". AK Partiyanın təmsilçisi Mahir Ünal çıxışında "Hamımız ölümlüyük və hamımız öləcəyik, amma çox az insan axirətdə doğular. İrfan bəy həyatını bir coşğu insanı olaraq yaşadı" - deyib. Mərhum ziyalını Erol Olçok və Əbidə Sözən vasitəsiylə tanıdığını deyən M.Ünal bu fikirləri də əlavə edib: "Bir insanı düşüncələri deyil, daha çox sizə yaşatdığı duyğu, xatirələri yaşadar. İrfan bəyin məndə yaratdığı duyğu Erol Olçok ilə ortaq idi. Nə qədər kədərli, üzüntülü olsanız da, Erol bəy bir külək kimi gələr, üzərinizdəki qəmi, kədəri alıb aparar, yerinə ümid, sevinc və inanc qoyardı. İrfan bəy də elə idi. Həmişə gülümsəyər, həyata müdrik baxardı. Onun heç etiraz etdiyinə, inadkarlığına rast gəlmədim. Sözünü söylər, sonra sözün sizdəki qarşılığına baxar və "eyvallah" deyərdi. Bu, irfan bəyin daxili tərbiyəsinin, örnək aldığı insanların onun ruhunda yaratdığı təsirin nəticəsi idi".

Yazar Səid Başər cəsarət, vəfa, sədaqət və təbiiliyin İrfan Çiftçidə cəm olduğunu önə çəkib: "Çox sevdiyi, piri bildiyi həzrəti Əbdülqədir Geylaninin, çox sevdiyi Əhli-Beytin bayrağı altında hüzur içində olmağını arzu edir, elə olduğuna da inanıram".

Ondan sonra dosent Mehmet Yalçın, professorlar Ədibə Sözən, Coşqun Çakır, Əbdülqədir Əməksiz, Hikmət Kırık, dosent Can Ceylan və şair Lalə Müldür çıxış edərək İrfan Çiftçini sayğı və sevgi ilə anıblar.

Mərhumun atası, qardaş və bacıları, həyat yoldaşı və oğullarının da qatıldığı anım mərasimi ruhuna oxunan dualarla yekunlaşıb.

Cənazə namazı üçün Fateh Məscidinə gətirilən tabutu Türkiyə, Azərbaycan, Şərqi Türküstan və Krım türklərinin bayraqları ilə örtülüb.

55 yaşında dünyaya gözlərini yuman İrfan Çiftçi, Gəbzədəki ailə məzarlığında dəfn edilib.

Ruhu şad olsun!

ŞAHANƏ

 





07.07.2020    çap et  çap et