525.Az

"Düşünürdük ki, pandemiya ilə əlaqədar mətbuatın yubileyi arxa planda qalacaq" - Rəşad Məcid ilə müsahibə


 

"MİLLİ MƏTBUATIN 145 İLLİK YUBİLEYİNİN DÖVLƏT SƏVİYYƏSİNDƏ QEYD OLUNMASIYLA BAĞLI SƏRƏNCAMINA GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM"

"Düşünürdük ki, pandemiya ilə əlaqədar mətbuatın yubileyi arxa planda qalacaq" - <b style="color:red">Rəşad Məcid ilə müsahibə </b>

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbərliyində baş verən dəyişikliklərdən sonra bu qurumun fəaliyyəti ən müxtəlif kontekstlərdən təftiş olunur. Azərbaycan milli mətbuatının yaranmasının 145 illiyi münasibətilə ölkə başçısı İlham Əliyevin məlum sərəncamı müzakirələrə yeni rəng qatıb.

Milli Mətbuat Günü hansı yeniliklərlə yadda qalacaq? Əvvəlki illərdə baş verən narazılıqların təkrarlanmaması üçün nə etmək lazımdır?

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Yenisabah.az saytının bu və digər mövzularda suallarını cavablandırıb. 

- Rəşad müəllim, KİVDF-nin elan etdiyi müsabiqənin qaliblərinin siyahısında "525-ci qəzet" də var. Amma bu, heç kimi təəccübləndirmədi. Çünki siz həmişə müsabiqələrdə qalib olmusunuz...

- Qalibmi, Seymur? Hər halda sən yaxşı müşahidəçisən və ümumi fikri təcəssüm etdirən jurnalistlərdənsən. Sən elə düşünürsənsə, yəqin elə görünür. Amma mən bir müddət əvvəl müsahibələrimin birində də demişdim ki, özümü məğlub adam sayıram. Məğlub adam olmaq məsələsini gələcəkdə səninlə daha geniş aspektdən müzakirə edərik. Bunun kökləri, mənim keçirdiyim hisslər başqa söhbətin mövzusudur. Mətbuatda qalib kimi görünürəmmi? Müstəqil mətbuatın ilk nümunələri sırasında "525-ci qəzet"in də adı çəkilir. Azərbaycanın nüfuzlu insanları "525-ci qəzet"i məktəb adlandırırlar.

Biz çətin, məşəqqətli yollar keçmişik. 1998-ci il qəzetin çox parlaq dövrü idi. İllik dövriyyəmiz 700 min manata çatmışdı. Fikirləşirdik ki, bu temp qarşıdakı illərdə də davam edəcək və "525-ci qəzet"in inkişafı davamlı olacaq. Biz bu inkişafı nədə görürdük? Həmişə arzum olub ki, Azərbaycanda 100 səhifəlik qəzet çıxsın. 1998-ci ildə Amerikada olanda orda 100 səhifəlik qəzet görüb, çox heyrətlənmişdim. Düşünürdüm ki, qəzetin dövriyyəsi, iqtisadi gücü artdıqca, qəzetin əməkdaşlarının da maaşı artacaq, maddi vəziyyəti yaxşılaşacaq. O vaxt jurnalistikanın gələcəyi parlaq görünürdü.

Sonra tale elə gətirdi ki, həm qəzet satışı, həm reklam bazarı məhdudlaşdı və biz dövlətin dəstəyinə ehtiyac duyduq. Bu barədə fikirlərimi həm media rəhbərlərinin Ümummilli lider Heydər Əliyevlə, həm də Prezident İlham Əliyevlə görüşündə iki dəfə bildirmişəm. Demişəm ki, siz yazılı mətbuatı məhv olmaqdan xilas etdiniz. Amma mənim 100 səhifəlik qəzet buraxmaq arzum elə arzu olaraq da qaldı. Bu vəziyyətdə qalib sayıla bilərəmmi? Buna sən özün qərar verərsən.

Amma keçən ilin mart ayında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bizim qəzeti ikinci kateqoriyaya daxil edib, həftədə 3 dəfə çıxmağına qərar verəndə, mən dərin böhran keçirdim. O vaxt fikirlərimi ayrı-ayrı məsul şəxslərə bildirsəm də, bunu ictimaiyyətə açıqlamağı məqsədəuyğun saymadım. Amma içimdə bir inam vardı ki, "525-ci qəzet", onun tarixi, keçdiyi yol, qarşısına qoyduğu vəzifələr, ən əsası da maarifçilik missiyası iflasa uğraya bilməz. Güman ki, bunu duyanlar, dəyərləndirənlər oldu. Arxada qalan 1 il 3 aylıq dövrdə bir az fasilə yarandı. Gündəlik qəzet buraxmağa vərdiş etmiş kollektiv iki gündən bir işləyəndə, əl-qolumuz işdən bir az soyudu. Yenidən gündəlik nəşrə qayıtmağımız dostlarımızı sevindirdi. Çox adam bizi təbrik etdi. Həm onlara, həm də Fondun rəhbərliyinə təşəkkür edirəm.

- KİV Fondunun yeni şərtləri sizi qane etdimi? Qurumun ədalətli qərar qəbul etdiyinə əminsinizmi?

- Fondun yeni icraçı direktoru Əhməd İsmayılovla bir dəfə görüşmüşük. Aramızada səmimi söhbət oldu, fikir mübadiləsi apardıq. O, fikirlərini dilə gətirdi, mən yazılı mətbuatın taleyilə bağlı düşüncələrimi bölüşdüm. Əhməd İsmayılov mənə xoş təsir bağışladı. Gənc olsa da, məsul vəzifəyə təyin olunub. İnanıram ki, vəzifəsinin öhdəsindən layiqincə gələcək. Yeni şərtlər elan olunanda demişdim ki, texniki məsələlər, xüsusilə sənəd işləri bir az yüngülləşdirilməlidir. Bu məsələyə dərhal reaksiya verildi. Deyildi ki, gələcəkdə prosedur daha da sadələşdiriləcək.

Açığı, "525-ci qəzet" kimi tarixi, ənənələri olan bir mətbu orqanın yazılarının ayrı-ayrı ekspertlər tərəfindən qiymətləndirilməsi bizə qəribə gəldi. Amma bu da bir yenilik idi. Nəticədə, müsabiqədə qalib gəldik. Qalib olduğumuz istiqamətlər üzrə məqalələr hazırlanacaq və qəzetdə dərc olunacaq. Bunlar gündəlik işlədiyimiz mövzular olduğundan hər hansı əndişəmiz yoxdur. Fərdi jurnalist müsabiqəsində də yeniliklər olub. Mən bu yenilikləri də müsbət qiymətləndirirəm. Əvvəllər bu sahədə müəyyən məhdudiyyətlər vardı.

Artıq həmin məhdudiyyətlər aradan qalxıb. İndi ən müxtəlif sahələrdə çalışan jurnalistlər müsabiqəyə yazı təqdim edə bilərlər. Ümid edirəm ki, Milli Mətbuat Günü ərəfəsində nəticələr elan olunanda biz indiyə kimi adını qaliblər sırasında görmədiyimiz şəxslərin də mükafatlandırılmasının şahidi olacağıq. İnanıram ki, bu yeniliklər peşəkarların önə çıxmasına şərait yaradacaq.

- Bir neçə il əvvəl ən azı 38 qəzet müsabiqənin qalibi olurdu. Hazırda cəmi 18 qəzetə etimad göstərilib. Məsələyə bu kontekstdən yanaşanda, çap mətbuatının gələcəyini necə görürsünüz?

- Sosial şəbəkələr mövcud olmayanda, çap mətbuatının gələcəyinə nikbin baxırdım. Sosial şəbəkələr yaranandan sonra düşündüm ki, yaxın gələcəkdə qəzetlərin kağız variantına ehtiyac olmayacaq. Yeni medianın yaranması ənənəvi medianın formasının dəyişməsinə səbəb oldu. Kino çəkilməyə başlayanda da oxşar situasiya yaranmışdı. O vaxt da deyirdilər ki, teatr sıradan çıxacaq. Buna rəğmən, mən ənənəvi medianın tədricən sıradan çıxacağına şübhə etmirəm. Texnoloji inkişaf bunu qaçılmaz edir.

Bu baxımdan Fondun maliyyələşdirdiyi qəzetlərin sayının azalması təbiidir. Görünür, Fondun da istəyi odur ki, daha sanballı, həm görünüş etibarıyla, həm də məzmunca daha dolğun qəzetlər çap olunsun. Bu prosesin davam edəcəyini düşünürəm.

- Siz 8 il KİV Fondunun Müşahidə Şurasının üzvü olmusunuz. KİVDF-nin daha effektiv fəaliyyət göstərməsi, fərdi jurnalist müsabiqələrində obyektivliyin təmin olunması üçün hansı təklifləri vermisiniz?

- Səkkiz il Fondun Müşahidə Şurasının üzvü olmuşam və xeyli təkliflər vermişəm. Hətta yadımdadır ki, ikinci və üçüncü yerləri tutan jurnalistlərə diplom verilməsini dayandırmağı da mən təklif etmişəm. Elə jurnalist var ki, evində 10 diplom var. Bilirsiniz, əvvəlki rəhbərlik balanslı siyasət yürüdürdü. Çalışırdı ki, əsas mətbuat orqanlarının hamısının əməkdaşları qalib olsun. Düzdür, elan olunmuş şərtlər üzündən bəzi jurnalistlər müsabiqəyə qatıla bilmirdi. Mən bunu ədalətsiz sayırdım. Dəfələrlə təklif etmişdim ki, bəlkə elə bir variant tapaq ki, özlərinin də xəbəri olmadan bayramlarda peşəkar jurnalistləri mükafatlandıraq. Tez-tez özüm ekspert olurdum. Gücüm ona çatırdı ki, məni heyrətləndirən yazılara yüksək qiymət verib, onların qalib olmasını təmin edirdim.

Amma yeni şərtlər imkan verəcək ki, real rəqabət mühiti yaransın. Əvvəlki balanslı siyasət, yəni hamını razı salmaq niyyəti ortadan qalxacaq. İndi daha keyfiyyətli yazıların uğur qazanması mümkün olacaq. Əvvəllər nüsabiqəyə təqdim olunan yazıların 90 faizi şablon idi. Məqalələrin əksəriyyəti bir-birini təkrarlayırdı. Bu isə sağlam rəqabət mühitini zədələyir, jurnalistlərdə pessimist ovqatın yaranmasına səbəb olurdu. Jurnalist fikirləşirdi ki, bu dəfə mükafat almışamsa, gələn dəfə mənə yer verməyəcəklər. Hesab edirəm ki, indi daha münbit şərait yaranıb. Özünə güvənən, yazdığı mövzunu daha geniş əhatə edən jurnalistlərin qalib olmaq şansı daha yüksəkdir. Buna görə də bütün jurnalistləri həm indiki, həm də gələcəkdə keçiriləcək müsabiqələrdə daha fəal iştirak etməyə səsləyirəm.

- Milli Mətbuat Günü ərəfəsində jurnalistlərin mükafatlandırılması gözlənilir. Rəhbərlik etdiyiniz redaksiya fəxri ad almaq üçün kimlərin namizədliyini irəli sürəcək? Bu dəfə ədalət prinsipinin qorunacağına inanırsınızmı? Yoxsa, əvvəllər olduğu kimi, yenə dost-tanış, qohum-qardaş irəli çəkiləcək?

- Ədalətsizliklərin olmasıyla bağlı deyilənlərin müəyyən qismiylə mən də razılaşıram. Ola bilsin ki, haqqı olmayan hansısa insanlar ev alıblar, fəxri ad alıblar, əvəzində isə haqqı çatan jurnalistlər kənarda qalıblar. Amma bu, ümumi prosesdə 5-10 faiz təşkil edir. Mən mətbuata dövlət qayğısından danışanda həmişə Ümummilli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğını xüsusi qeyd edirəm. 2013-cü ildə iki dəfə Prezident İlham Əliyevlə görüşdə iştirak etdim. Hər iki tədbirdə çıxış edib, jurnalistlərə göstərdiyi qayğıya görə dövlət başçısına minnətdarlığımı bildirdim. Həm jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmərtəbəli binaların inşası, həm də yazılı mətbuata dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması təqdirəlayiq haldır.

Mən hələ 1999-cu ildə media rəhbərlərinin Ümummilli lider Heydər Əliyevlə görüşü zamanı demişdim ki, jurnalistlərin məvacibi azdır, onlar maaşları ilə özlərinə ev ala bilməzlər. Prezident İlham Əliyevlə görüş zamanı isə dedim ki, artıq arzular, xəyallar gerçəkləşir. Təəssüf ki, sonradan jurnalist adına iddia edən xeyli adam peyda oldu. Adam heyrət edir ki, bunlar hardan çıxdılar. Hesab edirəm ki, həqiqi jurnalistlərin əməyinə qiymət verilməlidir. Ehtiyacı olanlara ev verilməlidir, haqqı çatıb fəxri ad almayanlara fəxri ad verilməlidir. Güman edirəm ki, müxtəlif səbəblərə görə kənarda qalan adamlar bu dəfə layiq olduqları qiyməti alacaqlar. Ədalət prinsipinin gözləniləcəyinə əminəm. Mən həmişə ədalətin qalib gələcəyinə inanmışam. Bizim qəzetdə də xeyli təcrübəli və istedadlı əməkdaş var. Onların bəziləri fəxri ad alıb. Biz haqqı çatan jurnalistlərin namizədliyini irəli sürəcəyik. Və əminəm ki, bizim bu qərarımız cəmiyyət tərəfindən müsbət qarşılanacaq.

Mətbuatın 145 illiyinin dövlət tərəfindən qeyd olunması çox mühüm hadisədir. Biz düşünürdük ki, pandemiya ilə əlaqədar mətbuatın yubileyi arxa planda qalacaq. Amma cənab Prezident buna imkan vermədi, milli mətbuatımızın yaranmasının 145 illiyinin dövlət səviyyəsində qeyd olunmasıyla bağlı sərəncam imzaladı. Buna görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.

Seymur VERDİZADƏ
Yenisabah.az

 





07.07.2020    çap et  çap et