525.Az

Həyatımızı məhv edən şablonlar - Aytac Aslanın yazısı


 

Həyatımızı məhv edən şablonlar - <b style="color:red">Aytac Aslanın yazısı </b>

Qəlbimizin ən saf duyğularla dolu olduğu məktəb illərini hər birimiz az-çox xatırlayırıq. Səhərlər yarıyuxulu, könülsüz-könülsüz dərsə getməyimizi, məktəbdə isə öz-özümüzə "yaxşı ki, gəldim, evdə qalmadım" deməyimizi, hər gün həftə sonunun gəlməsini arzulamağımızı, amma elə ki həftəsonu gəldi, məktəb üçün darıxmağımızı, bütün ilboyu yay tətilini gözləsək də, növbəti dərs ilinin ilk zəngindən ötrü səbirsizləndiyimizi - ən böyük yalanımızın "gündəliyim evdə qalıb" olduğu o illəri, yəqin heç birimiz unutmamışıq. Hətta məktəbin, dərslərin bitməsini hamıdan çox istəyən şagird belə, illər sonra məktəb illərini ən xoş, ən şirin xatirələrlə yada salır. Nədənsə insanlar hər zaman məktəb illərindəki ən xoş hadisləri xatırlayırlar, ya da bilərəkdən pis məqamları düşünmək istəmirlər. Xatırlamaq istəmədiyimiz anların adını qısaca "unutduqlarımız" qoyuruq. Mən bu gün şablonlardan kənara çıxıb, məktəb illərində gördüyüm və hələ də məktəblərdə davam edən yazılmamış qanunlardan, həyatımızı, xüsusilə də oğlan uşaqlarının həyatını məhv edən şablonlardan - "unutduqlarımızdan" danışacağam.

Məktəbin yuxarı siniflərdə mənim də, əminəm ki, sizin də ən çox qarşılaşdığınız hadisələrdən biri də bütün dərslərdə oturan, hər dərsə hazır olan, dərslə yaxından maraqlanıb tez-tez müəllimlərə suallar verən şagirdlərin, xüsusilə oğlan uşaqlarının lağ hədəfinə çevrilmələri, hətta onlara xoşagəlməyən müxtəlif ayamaların qoşulması idi. Bu gün bıçaqlı-təsbehli məktəbli oğlanların özlərini kriminal aləmin tanınan simalarına oxşatmaq adəti, özündən zəiflərə, xüsusən qızlara sözlü və fiziki sataşma halları ilə tez-tez üzləşirik. Qəribəsi budur ki, çox vaxt məktəblərdə  şagirdlər, hətta bəzən müəllimlərin özləri də bu mənzərəyə normal, təbii hal kimi baxırlar. Elə bil, bütün bunlar Azərbaycan məktəbləri üçün yazılmamış qanunlardır. Və bu "yazılmamış qanunlar" məktəblərdə "oğlan elə olmalıdır", "qız belə olmalıdır" şablonlarına gətirib çıxarır.

Bəs bunların səbəbi nədir?

Fikir vermisinizsə, insan hər zaman özündən böyüklərdən nümunə götürür: uşaq olanda özümüzdən böyük bacı-qardaşımızdan, ya da ana-atamızdan, məktəbin aşağı siniflərində oxuyanda müəlliməmizdən, bir az yuxarı siniflərdə isə özümüzdən böyük məktəb uşaqlarından nümunə götürməyə çalışırıq, hətta özümüzü onlara bənzətmək istəyirik. Sanki özümüzdəki natamamlığı kiminsə xüsusiyyətlərini aşılamaqla tamamlayırıq. Özümüzü ətrafdakılara bənzədərək tamamlandığımızı, artıq daha güclü olduğumuzu düşünürük. Bizim özümüzü bənzətməyə çalışdığımız yuxarı siniflər də özlərini daha yuxarı siniflərə bənzətməyə çalışır, beləliklə, bu silsilə davam edir. Nəticədə, məktəblərdə "oğlan elə olmalıdır" (dərs oxumamalıdır, dərsə girməməlidir, kriminal aləmlə maraqlanmalıdır, bıçaq gəzdirməli, təsbeh fırlatmalıdır), "qız belə olmalıdır" (dərs oxumalıdır, dərsə vaxtında girməlidir, məktəbin dəhlizlərində çox gəzməməlidir) şablonları və bu şablonların qurbanları qrupu yaranır. Deyəcəksiniz, bəs bu şablonlara qurban olmayan şagirdlər bunu necə bacarırlar? Baxın, artıq bu zaman problemlər ortaya çıxır. Şagirdin valideynləri uşaqlıqda onun bir şəxsiyyət kimi necə formalaşmasına fikir vermir və uşaq daima natamamlıqdan əziyyət çəkir. Nəticədə, həmin valideynlərin uşaqları özlərini ətrafdakı insanlara bənzətmək ehtiyacı duyurlar. Beləcə, şablonlar iradəsi zəif olan o şagirdləri uçuruma sürükləyir.

Yaşımız neçə olur-olsun, hər zaman cəmiyyətin bizə dəyər verməyini gözləyirik. Bəlkə də, sevgiyə daha çox az olduğumuza görədir, məktəb illərində bu istək özünü daha qabarıq büruzə verir. Təbii ki, məktəb illərində bizə dəyər verməsini ən çox gözlədiyimiz insan gözümüzdə ən yüksək pillədə dayanan müəllimimiz olur. Lakin bəzən müəllimin laqeydliyi şagirdi şablonların qurbanları sırasına əlavə edir. "Nə qədər dəcəllik edib məni incitsə də, oxumasa da, filan şagirdi çox istəyirəm" - bu cümləni müəllilərimizdən tez-tez eşidirik. Hər dərsə hazır gələn şagird ona dəyər verməsini gözlədiyi müəlliminin ona yox, onun etdiklərinin əksini edən şagirdə dəyər verdiyini görəndə qırılır, sınır və "nə qədər yaxşı oxusam da, mənə yox, ona dəyər verilir" düşüncəsinə qapılır. Beləliklə, həmin şagird də o birilər kimi şablonların qurbanına çevrilir.

"Hansı ixtisas olur-olsun, təki universitetə gir, yoxsa bizi cammatın içində biabır edərsən" - həyatımızın məhv edən ən böyük şablonlardan biri də valideynlərin bu düşüncəsidir. Hər il minlərlə şagird bu şablonla üz-üzə gəlir. Bu şablon bizi istəmədəyimiz ixtisasda 4-5 il oxumağa məcbur edir. Nəticədə savadsız, 4 il universitetə sadəcə diplom xətrinə gedib-gələn ixtisas sahibləri yetişir. Sonra da alınan o diplomlar sandığın bir küncündə qalıb tozlanır. Və biz ömrümüzün sonuna qədər özümüzü bütöv hiss etmirik, o boşluğu heç vaxt doldura bilmirik, çünki tapa bilmirik, cəhd edə bilmirik. Daima şablonlara boyun əyib, yarımçıq olduğumuzu qəbul etdiyimizdən bütöv olmağa heç cəhd də göstərmirik. Bizə təcrübə üçün zaman verilmir, daha doğrusu, biz özümüz boyun əyirik və bu zamanı ala bilmirik.

 





07.07.2020    çap et  çap et