525.Az

Anamın süpürgəsatan dostları - Məhsəti Musanın yazısı


 

Anamın süpürgəsatan dostları - <b style="color:red">Məhsəti Musanın yazısı</b>

Uşaqlıqdan evimizdə hər qəbildən insan görmüşdüm. Onların içində şair, jurnalist, müxtəlif elm-incəsənət adamları var idi. Anamın əhatəsi geniş, ziyalı dostları çox idi. Amma "qəribə" qonaqlarımız da çox olurdu.

Süpürgəsatan, dilənçi, qaraçı, balsatan, qatıqsatan, hətta qonşuların salam vermədiyi, özü üçün yaşayan bəzi insanlar da bir diləyə gəlincə süfrəyə dəvət edilir, evdə olandan qarşısına çay-çörək qoyulur, məhəbbətlə davranılırdı. Uşaq olsaq da, etirazımızı bildirir, cırnayırdıq. Hətta bir dəfə başında qoz boyda çoxlu şiş olan, xəstə görünüşlü süpürgəsatanı yedirib-içirib yola salan anam böyük qardaşımın sərt davranışı ilə qarşılaşdı. O, kişinin yemək yediyi qabları üsyankarcasına sındırıb taxta hasarın üstündən yola tolazladı. "Bu əcaib dostlarının əlindən xəstəlik tapacağıq" - dedi. Anam isə öz işində idi... "Dost"ları günbəgün çoxalırdı. Çünki ümumilikdə anamla fərqli xasiyyətlərə malik olan atam da bu mövzuda ona dəstək idi, bir dəfə də olsun evə dəvət edilən, biz bacı-qardaşların "qəribə məxluq" adlandırdığı insanlara qarşı çıxmazdı.

İllər keçdi. Özüm də ailə qurdum. Yeni ailəmdəki qayda-qanunu çox sevdim. Xüsusilə "dostunu göstər, kim olduğunu deyim" prinsipi ilə yaşayan ailəmin bu düşüncəsi mənim də ürəyimcə idi.

Novruz bayramı idi. Atamgilə zəng vurdum, bayramlarını təbrik etdim. Anam evdə yox idi. Gecə özü zəng etdi. Gündüz harada olduğunu soruşdum. Uzaqdan tanıdığım, əqli çatışmazlığı olan bir qadın var idi. Tək yaşayırdı. Yeganə azyaşlı övladı da həmin il dünyasını dəyişmişdi. Həyat tərzi də qarmaqarışıq idi. Məlum oldu ki, anam onlara gedibmiş. Nə üçün getdiyi ilə maraqlandım.

Anam:

- Bayram payı aparmışdım. Övladı rəhmətə gedib axı. Bu il bayram keçirməyəcək.

- Bu qədər vaxtı orada idin?

- Hə. Neyləyim? Yanında olmaq lazımdır. Kimi var axı?

Mən qınayıcı şəkildə:

- Ana, sən öz dəyərini niyə bilmirsən? Sənin adın-sanın, hörmətin var. Payını verdin, çıx gəl evinə. O sənin tay-tuşundur? Bir elə vaxtı nə gəzirsən onun evində? Düz etmirsən, ana! Ətrafı düşün.

Dəstəkdən anamın boğuq, xırıltılı səsi eşidildi:

- Amma o da bir insandır...

İçimdə nə isə çiliklənib töküldü. Hə... Hə... Nə isə çilikləndi. O sınıb tökülən nə idisə, səsi bu gün də qulaqlarımdadır. Nəfəsim kəsildi. Kürəyimi divara söykəyib yıxılmamağa çalışdım. Özümə gələndə artıq telefonun dəstəyi əlimdən düşmüşdü... Ağlayırdım. Xəcalətimi göz yaşımla boğmağa çalışırdım. Heyhat...

O gündən sonra düz bir ay anama zəng etməyə, onunla üz-üzə gəlməyə cəsarətim çatmadı. Əksər vaxt zövqümüz, maraqlarımız üst-üstə düşməmişdi (Heç bu gün də çox şeydə onunla həmfikir deyiləm). Bəzən yersiz yaxşılıqlarını görəndə əsəbiləşir, ürəyimdə onu Don Kixot adlandırırdım. Bu xasiyyəti ucbatından dünyada ürəyindən başqa heç nəyi qalmayan anam iradlarıma ümumiyyətlə, cavab vermədiyi üçün özümü həmişə haqlı hesab edirdim. Bu dəfə isə onun səbri tükənmişdi, deyəsən. Söz ilə çəkdiyi sillə məni möhkəm sarsıtmışdı. Sonralar çox şeylər olacaqdı həyatımda... Çox şeylər... Dəyişməyim üçün isə bu, bir başlanğıc idi...

 





08.07.2020    çap et  çap et