525.Az

Tut ağacı - Hekayə


 

Tut ağacı - <b style="color:red">Hekayə </b>

Balaca qəsəbədə itlərin, çəyirtkələrin, qurbağaların səsinin ənənəvi yay harmoniyasını yaratdığı bir gecə vaxtı yolunu azmış bir sərçə səslərdən səksənib nəhəng tut ağacının şirə axan, möhkəm budaqlarının birinə qondu. Özünə daldalanacaq köhnə bir yuva tapıb səhəri gözləməyə başladı. Cəh-cəh vurub az əvvəl qorxduğu itlərə, qurbağalara, çəyirtkələrə qoşularaq yay havasına yeni nəfəs verəcəkdi ki, aşağıda bir qaraltını toxum gözləri ilə seçib təlaşla yuvadan uçdu.

Aşağıdakı qaraltı adam idi. Arxası üstə uzanıb gah ucadan, gah dodaqlatı nəsə danışır, yay gecəsinin monoton musiqisinə öz alt səsini qatırdı. Öz düşüncələrinə aludə olduğundanmı, ya ətrafındakı səslərin çoxluğundanmı bilinməz, başı üzərindən məsum dodaqlardan qopan sevgi etiraflarıtək qəfil uçan sərçənin səsini eşitmədi. Danışırdı.

- Yaşayıram, sevirəm, daha mənə nə lazımdır? - deyə öz-özünə sual verdi. Cavab vermək əvəzinə, həzin musiqi kimi əsən mehə qulaq asdı. Altında uzandığı əzəmətli tut ağacının az qalsın yerə dəyən budaqlarının yamyaşıl yarpaqları mehi orkestr üzvləritək canfəşanlıqla müşayiət edir, tutları qaranlıq olsa belə, xəsislikə gizlədirdi.

- Yaşayıram. Mənə lazım olan bu deyil? Ölmək istəsəydim, ölərdim. İstəmirəm. Deməli, yaşamağı seçmişəm. Bəs niyə narahatam? Niyə sanki ürəyimin üstündə daş varmış kimiyəm? Niyə özümü yeraltı tuneldə hesab edirəm? Mənə yaşamaq lazımdır, yaşayıram. Bu dəfə qəti cavabla susdurdu özünü.

Gözləri tut ağacının budaqlarının arasından göyə zilləndi. Ayı axtardı. Tapa bilmədi, ulduzlara baxdı. Yoruldu. "Yatacam" - deyə fikirləşdi. Gözlərini yumdu. Çəyirtkə, it, qurbağa səsləri ilə yuxuya getdi. Hardasa bir sərçə cikkildədi...

***

- Azər, ay Azər.

Səs yoxdu.

- Xala, Azər evdə?

Keçəl uşaq yay günəşinə təslim olub bürünc rəngə boylanan başını maraqla darvazadan içəri soxmuş, Azərin əvəzinə taxta pəncərədən zərafətlə boylanan Nüşabə xalanı görəndə biraz duruxmuş, sonra borc istəyirmiş kimi soruşmuşdu.

- Azər bostandadı. Darvazanı yaxşı ört.

İçəri dəvət olunmasa da, Elxan Nüşabə xalanın ay kimi parlaq üzündə bərq vuran günəş şüalarının yaratdığı soyuq ifadədən "İstəyirsənsə, yanına gedə bilərsən" kimi laqeyd bir cümlə oxudu.

Albalı ağacı budaqlarına oxşayan nazik qara barmaqları ilə qapını aralayaraq xırda bədənini də içəri salıb bürünc heykəli tamamladı. Qapını yavaşca örtdü. Bir gözü evin pəncərəsində, yeyin addımlarla Azərgilin bostanına sivişdi.

Gündən yanmaqdan qorxan yeniyetmə qızlar kimi özünü Azərin uzandığı ağac kölgəsinə verdi. Dizlərini sinəsinə sıxıb oturdu. Şortiki dizindən aşağı sürüşdü, ağappaq ombalarının üstündəki qarışqalara oxşayan tükləri göründü.

- Azər.

Rezin çəkələyi ilə hələ də saçlarını keçəlləməyən dostunun başını buladı.

İyun bitirdi. Məhəllədəki bütün uşaqlar qoyunlar kimi qırxılmış, günəşin altında yanıb qaralmış bir-birinə oxşamışdılar.

Bir neçə asta zərbədən sonra Azər gözlərini günəşə baxırmış kimi zorla açdı.

"Elxan! Murad? Bu kimdi? Hamısı keçəldi, hamısı qaralıb, hamısının ayaqları tüklənib" deyə düşündü.

- Dur da! Səni axşam "razborkaya" çağırıb Nemət.

"Hamısı qapqara qaralıb, ayaqları tüklənib. Bir aydan çoxdur ki, keçəlləniblər, amma hələ də keçəldirlər. Hələ də onların başlarına tumar çəkəndə ovuclarım qıdıqlanır" deyə düşünüb kürəyini tutun gövdəsinə dayadı.

- Nə yaxşı, tərpəndin. Nemət səni saat 6-da məktəbin arxasındakı meydançada gözləyəcək.

- Yaxşı. Gedərəm. Ondan qorxuram?! Başa salacağam onu. Bilirəm onun dilini.

Sağ əlini yumruq edib havada yellətdi.

"Nemət. O yekəpər bığlı oğraş! Laləni sevir guya. Balona oxşayan qarnına baxmır, görəsən? Məni də elə o boçka gövdəsinə güvənib hədələyir!" Sözlərlə özünü cəsarətləndirib qorxusunu gizlətməyə çalışdı. Gözünün önünə bığ yeri yaşıllaşan, silueti daş armudları xatırladan keçəl div - Nemət gəldi.

- Biz girə bilməyəcəyik ha. Ana söyüşü qoyub. İkiniz. Tetatet!

Elxan ləyaqətli boks hakimlərinə bənzəyirdi.

- Problem deyil.

"Lalə, bircə sənə görə edirəm bunu. Nemətlə sənə görə dalaşacam. Çünki səni sevirəm, 16 yaşım var, amma hələ heç kimlə dalaşmamışam. Nemət məni döyəcək! Amma Laləni də sevirəm. Birdən qulağına çatar ki, qorxmuşam. Onda necə baxaram üzünə?" yanında qeybətcil arvadlar kimi deyinən Elxana qulaq asmadan düşünürdü. Birdən döyülüb Lalənin qucağında gözünü açdığını fikirləşdi. Lalə pambıq kimi əlləri ilə yaralarına toxunur, ucadan Neməti qarğayırdı: "Əlin qurusun!"

Əlin qurusun? Gülümsədi. Bu sözü nənəsi işlədirdi. İndi bu qarğışı Lalənin çəhrayı dodaqlarından gəldiyini xəyal etmişdi.

- ... Sonra, bir dənə təpik də xayasından. Hazırdı. Oturub-durar, oturub-durar düzələr, - arsız-arsız gülümsədi Elxan. Əlləri ilə də öz xayasını tutmuşdu. Deyəsən, Nemətə dəyəcək təpiyi hiss eləməyə çalışırdı.

- Saat neçədi?

- 5-ə qalıb.

"İstidi, günə çıxsam, qaralacam. O gombul məni niyə istidə çağırıb axı?" - deyə düşündü.

Yavaşca ayağa qalxan Elxan qədim səfirlər kimi işini layiqincə yerinə yetirdiyini düşünüb arxa-arxaya Azərlə xudahafizləşib getdi.

"Günə çıxsam, qaralacam. Elxana, Nemətə, Murada oxşayacam". Tez şalvarını çırmalayıb qıçlarına baxdı. Sütül qızlarınkı kimi ağappaq idi.

"Mən onlardan deyiləm. Başqayam" pıçıldadı. Lalənin qıçlarını düşündü. "Akropol sütunları kimi ağappaq, dümdüz" - sevindirdi özünü. "Yox elə deyil, nazik, quru ağac budaqlarına oxşayır. Amma onu sevirəm" - dodaqları qaçdı...

***

Əsən həzin meh qaymaq rəngli bir tutu Azərin fındıq burnuna atdı. Üzünü buruşdurub oyandı. Əsnədi. Ayaqlarının keyliyini duyub xoşhallandı. Hava hələ qaranlıq idi, deməli, çox yatmamışdı, amma elə hiss edirdi ki, sanki, neçə günlərdir mürgü döyür. Bu qısa müddətdə yuxu gördüyünü xatırlayıb daha da təəccübləndi. Tez yuxusunu yadına salmağa çalışdı. Keyliyi açılsın deyə birtəhər dikəlib ağacın gövdəsinə yayxandı. Gərnəşdi. Ayaqlarındakı xoş ağrıdan zorakı imtina etdi. Şalvarının ayaqlarını yuxarı çırmalayıb qıçlarına baxdı. Qaranlıqda əli ilə sağ qıçına aşağıdan yuxarı sığal çəkdi. Qıçlarında uzun əyri-üyrü tüklər sıx olmasa da, var idi. Amma yeni qırxılan uşaq başı kimi ovuclarını gicitkən kolutək daramırdı. Keçəl dostları yadına düşdü. Şalvarını düzəltdi. Yuxusunu xatırlamağa başladı.

"16 yaşında idim. Lalənin qıçlarını düşünürdüm". Gözləri yarpaqlarla, tutlarla örtülmüş uzun budaqların arasında lacivərd göy üzünə baxırdı. "Dalaşacaqdım, Nemətə döyülüb Lalənin qucağında oyanacaqdım. "Əlin qurusun!" - pıçıldadı öz-özünə.

"Lalə indi hanı? Yaxşı ki, oyandım". Başının üstündəki ağaca baxıb düşündü.

"İndi də sevirəm. Elə ona görə yaşayıram". Şalvarlarını yenə çırmaladı, tüklənmiş, qaralmış sol ayağına baxdı. "Mən başqa idim. Hər şey dəyişdi. Mən də onlardan oldum" - düşünüb kədərləndi. Özünü Muraddan, Nemətdən, Elxandan fərqli saydığı uşaqlıq illərində bəmbəyaz dərisi ilə gur saçları ilə öyünüb Laləni sevirdi, indi isə arvadını sevirdi və ya sevmək istəyirdi. Elə buna görə də, tez-tez təkrarlayırdı: "Yaşayıram, sevirəm. Hamı kimi yaşayıram, hamı kimi sevirəm!" Yavaş-yavaş gözləri yumulur, ağaca cəsarətlə qonan sərçənin səsini eşitmədən yuxuya gedirdi.

Ona lazım olan bu idi. Yaşamaq üçün cüzi də olsa bir səbəb. Bu səbəb elə onun inandığı hər şey kimi sıradan bir şey olmalı idi. Hamı necə, o da elə. Çox fikirləşməmişdi. Lalədən arvadına qədər uzanan mistik bir duyğu zənciri-sevgi. Bu qədər sadə! Sevmək üçün yaşayırdı. Yaşamaq üçün sevirdi. Amma nə sevgisini yaşayırdı, nə yaşamı sevirdi.

İtlərin, qurbağaların, çəyirtkələrin səsini növbəti günün müjdəçisi olan inəklərin, pişiklərin, xoruzların səsi əvəz edirdi. Nəhəng tut ağacının budaqları arasındakı quş yuvasına bir sərçə qondu. Yuxu açan səhər nəğməsinə qoşuldu. Toxum gözlü sərçə aşağıdakı qaraltıya baxdı. Qaraltı nəhəng daş armudu xatırladırdı.

 





08.07.2020    çap et  çap et