525.Az

Məhbus məktubu - Qəzənfər Paşayevin yazısı


 

Məhbus məktubu - <b style="color:red">Qəzənfər Paşayevin yazısı </b>

Qonşunun oğlu Gündüzü doyunca döymüşdüm.

- Qonşuların yanında biabır olduq. Belə getsə, böyüyəndə bandit olacaqsan - deyə anam hirsini tökdü.

- Yox, ana, mən ən varlı adam olacam. Bahalı maşınım, böyük evim olacaq. Şəhərin ən zəngin kişilərindən birinin qızını alacam. Var-dövlətim aşıb-daşacaq.

- A bala, çox var-dövlət adamı adamlıqdan çıxarır.

Anamın sözlərinə qəhqəhə çəkib güldüm.

- Ay oğul, gülmə. Mən həyatda çox şey görmüşəm. Çox sərvət, mal-dövlət harınlığa gətirib çıxarır. Adamın gözü ayağının altını seçmir.

***

Aradan illər keçdi. Məktəbdə yaxşı oxuyurdum. Sinfimizdə hamı mənə "Eynşteyn" deyirdi. Ən çətin məsələləri, tənlikləri asanlıqla həll edirdim. Məktəbi əla qiymətlərlə bitirsəm də, sənədlərimi ali məktəbə vermədim. Anam və müəllimlərim çox təəssüfləndilər.

Üç şərik taxta-şalban və taxıl biznesi ilə məşğul olduq. Yerlərdə taxta-şalbanla bir şərikim, taxılla o biri şərikim məşğul olurdu. Ümumi rəhbərlik məndə idi. Biznes mənim ideyam əsasında qurulmuşdu. Müqavilələri mən bağlayırdım. Hər şeyə cavabdeh mən idim.

Elə birinci partiya taxta-şalbandan böyük gəlir əldə etdik. Az bir zamanda əməlli-başlı varlandıq.

Anam tez-tez: "A bala, yaşın keçir, evlənginən. Allaha şükür, imkanımız, adımız-sanımız var. Əsilli-nəsilli bir ailədən halal süd əmmiş bir qız alaq" - deyirdi.

Fikrim-zikrim ticarətdə idi. Evlənmək barədə düşünməyə belə vaxtım yox idi.

Bir gün anam dedi ki, atanın dostu Fazil əmin səni görmək istəyir. Onların evi bizdən xeyli aralı, parkın yanında idi. Uşaqlıqda arzu edirdim ki, bizim evimiz də burada olaydı. Fazil əmigilə piyada getdim. Qapını hənirsiz gözəl olmuş Gülşən açdı. Gülşən məndən beş sinif aşağı oxuyurdu. Məlum oldu ki, indi Tibb İnstitutunun daxili xəstəliklər fakültəsinin sonuncu kursunda oxuyur.

- Atam parkdadır - dedi. Ev ki, yerindədir, buyurun içəri.

Necə məlahətli səsi, təbəssümü vardı. Donub qalmışdım. Sanki nitqim tutulmuşdu. Haçandan-haçana özümə gəldim. Təşəkkür edib, parka yollandım. Fazil əmi məni gülər üzlə qarşıladı. Xoş-beşdən sonra mətləbə keçdi:

- Oğlum, Yusif, eşitmişəm işlərin yaxşı gedir. Allah daha da yaxşı eləsin. Biznes qabarma və çəkilməyə bənzəyir. Əlində pulun varkən bir ev al. Anan, iki bacınla ikiotaqlı darısqal mənzildə yaşamağınız sənin adına yaraşmaz. İkinci bir məsləhətim də var, ailə qur. Ailən, uşaqların olanda həyatı başqa cür başa düşəcəksən.

Fazil əmi ev məsələsindən danışanda xəcalət təri tökdüm. Evlənmək məsələsindən danışanda gözlərim önünə Gülşən gəldi.

Məsləhətlərinə görə Fazil əmiyə təşəkkür edib ayrıldım.

Fazil əminin haqlı iradı mənə çox təsir etdi. Üç gün ərzində kooperativ evlərin birində anamın adına üçotaqlı mənzil aldım.

Mənzil aldığımı Fazil əmiyə xəbər vermək bəhanəsi ilə onlara yollandım. Əslində, məqsədim Gülşəni görmək idi. Qapını yenə də Gülşən açdı. Yenə də keçən dəfə keçirdiyim halı keçirdim. Gülşən təbəssüm və məlahətli səslə:

- Ata, Yusif gəlib, səni görmək istəyir.

- Qızım, qonağı qapıda saxlamazlar. Qoy gəlsin.

Fazil əmi məni həmin mehribançılıqla qarşıladı. Ev aldığımı eşidəndə çox sevindi.

- Oğlum, Yusif, sənə bir məsləhətim də var. Çalış qohum-qonşunun xeyrinə-şərinə yara. Atan da, mən də şəhərə kənddən gəlmişik. Kəndistanda təsərrüfat işlərində, məhsul yığımında, ev tikintisində, toy və yas mərasimlərində əhali heç bir təmənna gözləmədən köməklik göstərir. Xüsusən də şəhərlərdə az təsadüf edilən mehribançılıq, diqqət və canyanğısı kəndlərdə təmənnasızdır. Sidq-qəlbdən adamın dərdinə şərik olmağı borc hesab edirlər.

- Nə gizlədim, qohum-qonşunun xeyrinə, şərinə yaramırdım. "Mənsiz də keçinərlər" - deyirdim. Yəqin buna görədir ki, salamımı dilucu alırdılar.

Gülşən məni yola salanda dedi: "Atam sizlə söhbət eləməyi xoşlayır. Onun məsləhətləri faydalı olur. Bunu unutmayın". Gülşənin bu sözləri məni sevindirdi. Az qaldım qucaqlayıb onu öpüm. O, bunu başa düşdü və başını aşağı saldı. "Tezliklə bu maralı anama gəlin edəcəm" - deyə fikirləşdim.

Lakin biznes başımı o qədər qatmışdı ki, evlənməyə macal tapmırdım.

Elə bu vaxt qəzaya uğradım. "Bu, təşkil olunmuş hadisədir" - deyə ortaqlarımı günahlandırmağa başladım. Əslində, bu, bəhanə idi.

Bir gün işarə ilə onlardan şübhələndiyimi və ayrılmalı olduğumuzu bildirdim. Xoşluqla şirkəti tərk etmək istəmədilər. Üstəlik, məni təhqir etdilər. Hədə-qorxu gəldilər. Çox tamahkar adamsan. Tamahın, pula hədsiz hərisliyin həyatda başına çox işlər gətirəcək - dedilər.

- Biznesə rəhbərlik edən mən, ideya verən mən, müqavilələri bağlayan mən, hər şeyə cavabdeh olan mən, qazancı mənimlə tən bölən siz şərəfsizlər məni təhqir etməyiniz bir yana, mənə hədə-qorxu da gəlirsiniz. Əlbəyaxa olduq. Biri cibindən bıçaq çıxardı və bıçağı ürəyimə tuşladı. Sol qolumu qabağa verdim. Qolumdan ağır yaralandım. O biri şərikim arxadan qucaqlayıb məni boğurdu. Hiss etdim ki, qəsdləri məni ya öldürmək, ya da ömürlük şikəst etməkdir. Tapançanı çıxarıb məni bıçaqla vuranı yerindəcə güllələdim. O biri qorxudan məni buraxmır, boğmaqda davam edirdi. Az qalırdı nəfəsim kəsilsin. Xırıldamağa başladım. Həm də çox qan itirdiyimdən zəifləmişdim. Gücümü toplayıb qılçasına bir güllə vurdum. Əlləri boşalıb yıxıldı. Çox qan itirdi.

***

Məni həbs edib qanunsuz silah gəzdirməkdə, adam öldürməkdə, ömürlük şikəst etməklə insan səhhətinə ciddi xətər yetirməkdə, ailəni başsız, günahsız uşaqları yetim qoymaqda suçlu bilib ömürlük həbs cəzası kəsdilər.

Məhkəmə zalında narazılıq səsləri biri-birinə qarışmışdı. Şəriklərimin qohumları məhkəmədən mənə "ölüm hökmü" tələb edirdilər. Məlum oldu ki, ikinci şərikimin ayağını dizindən kəsiblərmiş.

Mən bütün bunları laqeydliklə qarşılayırdım. Var-dövlət hərisliyi, tamah insanlığımı əlimdən almışdı. Ana və bacılarımı çıxılmaz vəziyyətdə qoymuşdum.

İki gün sonra məni bir otağa apardılar. Ağ xalatlı həkimlər sağlamlığımı ciddi şəkildə yoxlayıb küncdə laqeydcəsinə əyləşən bir nəfərə: "Bu məhbus tam sağlamdır" - dedilər.

Səhərisi gün məni başqa bir otağa apardılar. Səliqə-sahmanlı bir otaq idi. Az sonra iki nəfər otağa daxil oldu.

Çox zəhimli, qara eynəkli adam həbs olunana qədər nə işlə məşğul olduğumu soruşdu. Guya bilmirdi, nə işlə məşğul olmuşam.

- Ticarətlə məşğul olmuşam - dedim.

- Belə sağlam adamı dörd divar arasında saxlamağın nə xeyri var. Göndərin "qızıl" ilə məşğul olsun.
Sevindim, deməli, məni işləməyə göndərəcəklər.

Bir neçə gündən sonra çox böyük mühafizə dəstəsinin müşayiəti ilə bizi - 15 nəfər dustağı yük qatarında harasa apardılar. Mühafizə dəstəsinin üzvləri ilə danışmaq, suallar vermək qəti qadağan idi. Bir gün orta yaşlı rus məhbus dözməyib: "Bizi hara aparırsınız?" - deyə nəzakətlə soruşdu. Yazığı ölənəcən kötəklədilər.

Yol boyu uşaqlıq və məktəb illərim, anam, iki bacım, Gülşən, Fazil əmi ilə söhbətim kino lenti kimi gözlərimin önündən keçdi və dəfələrlə təkrarlandı. Ən kiçik təfərrüatına qədər hər şey yaddaşımda canlandı. Göz yaşlarım məhbus paltarımı islatdı. Bu hal hər gün təkrar olundu. Birdən məndə anamı qucaqlayıb əl-ayağını öpmək arzusu baş qaldırdı. Arzumu göz yaşlarım əvəz etdi. Anam necə də müdrik imiş: "A bala, çox var-dövlət adamı adamlıqdan çıxarır". Kaş o günlər olaydı, anamın sözlərinə gözümdən yaş gələnə qədər qəhqəhə çəkib güləydim. Sonra isə anamı qucaqlayıb doyunca öpəydim. Dediklərinə əməl edəydim. Nə yaxşı ki, anama Gülşən barədə bir söz demədim. Yoxsa o da anama bir dərd olardı - deyə düşündüm.

Görəsən, anam və bacılarım camaat içinə çıxa bilirmi? Qapımıza elçiliyə gələn olacaqmı? Ah çəkərək özümü məzəmmət etdim. Ağır psixoloji duruma düşmüşdüm. Sarsıntılar keçirir, törətdiyim ağır cinayətə görə peşmançılıq keçirir, özümü üzürdüm.

***

On-on beş gün yol gedəndən sonra səhərə yaxın mühafizə dəstəsinin üzvləri əl-ayağa düşdülər və bir-birinə "Hazırlaşın, "Gedər-gəlməz" stansiyasına yaxınlaşırıq" - deyə pıçıldaşdılar.

Taxta üzərində əl-qolu qandallı yatmaqdan yanlarım yara olmuşdu. Sevindim ki, nəhayət, son mənzilə çatdıq...

Qızıl mədənində dustaqlar bizi lal sükutla qarşıladılar. Elə ilk andan duydum ki, burada ümidsizlik, laqeydlik, bədbinlik hökm sürür.

"Gedər-gəlməz mədəni"ndə ilk öyrəndiyim o oldu ki, ömürlük həbs cəzasına məhkum olunmuş sağlam adamları buralara - gedər-gəlməzə göndərirlərmiş. Gücü tükənənə, ölənə qədər işlədirlərmiş. O da məlum oldu ki, aramızda haqqında edam hökmü çıxarılmış məhbuslar da çoxdur.

Bizim bütün hərəkətlərimiz mərhəmət hissini itirmiş həbsxana nəzarətçiləri tərəfindən tənzimlənir. Bura gələn yeganə yol "Gedər-gəlməz" yoludur. Bu yol "Adsız məzarlıq"la sona yetir.

***

Mən bura gələndə gücü aşıb-daşan 30 yaşında pəhləvan cüssəli bir adam idim. İndi haldan düşmüş, yumağa dönmüş, heç nəyin fərqinə varmayan, laqeyd və ümidsiz bir qocayam. Burada qocalıb əldən düşənlərə lazımsız bir şey kimi baxırlar. Mən də son mənzilə gedəcəyim günü gözləyirəm.

Son vaxtlar məndə qəribə bir arzu baş qaldırıb. Allahdan qəfil ölüm istə-yirəm. Arzuma özümün də gülməyim gəlir. Lakin gülməyi çoxdan unutmuşam, gülə bilmirəm. Bir də ki, burada necə ölməyin nə fərqi var?!

Nifrətim də arzum kimi qəribədir. Bir vaxtlar böyük çılğınlıqla, hərisliklə topladığım, onun ucbatından bu gedər-gəlməz cəhənnəmə düşdüyümə görə yeganə nifrət etdiyim şey pul və qızıldır. İndi qızılın içində "üzürəm". Lakin gözümdə onun bir qara qəpik də qiyməti yoxdur.

Buradan məktub yazıb göndərmək ağlasığmayan, mümkün olmayan bir işdir. Kimdə, xüsusən də haqqında ölüm hökmü kəsilmiş məhbuslarda məktub tapsalar, sorğu-sualsız güllələyirlər.

"Qaradan artıq rəng yoxdur" - deyərək məktub yazdım. Azərbaycanı sevən bir zabit məktubla tanışlıqdan sonra mənə yardımçı oldu. Məktubu onun vasitəsi ilə göndərirəm.

Sizə məktub ünvanlamaqda məqsədim o deyil ki, burada üzləşdiyim məşəqqətlərə görə məni bağışlayasınız, günahımdan keçəsiniz. Əsla yox. Məqsədim odur ki, mənim başıma gələnlərdən ibrət dərsi götürəsiniz. Həyatın qədrini biləsiniz. Var-dövlət hərisliyi xəstəliyinə tutulmayasınız. Elə yaşayasınız ki, öləndə doğma torpağa qismət olasınız. Qəbriniz üstə göz yaşı tökən olsun.

Onda ruhum bir az rahat olar.

 





08.07.2020    çap et  çap et