525.Az

İllərin ucaltdığı xanım - Telli Pənahqızıdan yeni yazı


 

İllərin ucaltdığı xanım - <b style="color:red">Telli Pənahqızıdan yeni yazı </b>

Ustadlarımız

Kimsə, nə vaxtsa müdrikcəsinə bir söz söyləyib: hər aşiqin bir dövranı var. Təəssüf ki, hər birimiz bunu lap gec, kamillik yaşına çatanda, həyat imtahanı bizi bərkdən-boşdan çıxaranda, illərin təcrübəsi, su kimi axıb keçən ömrün dərsləri çiynimizdən asılanda bilirik və onda dönüb gəldiyimiz yolun gədiklərində, aşırımlarında qarşılaşdığımız nurlu, xeyirxah insanların həyatımızda necə önəmli və dəyərli rol oynadığını minnətdarlıq hissi ilə xatırlayırıq.

Bu həyat bizi həm də qəribəliyi ilə təəccübləndirir, nə vaxt qarşına hansı gözlənilməz məqamlar çıxaracağını heç bəlli etməz və bizim yaddaşımız geridönmələri ilə artıq keçmiş adlandırdığımız o uzaq illərdə nələr itirib, nələr qazandığımızı göz önündə sərgiləyər.

Bu gün jurnalistikada müəyyən mövqeyi, izi və sözü olan bir peşəkar kimi deyə bilərəm ki, həyat təcrübəm, aldığım dərslər mənə bir həqiqəti öyrədib: elədiyin yaxşılıq əks-səda kimi gec-tez geri qayıdacaq. Onda da nə vaxtsa əlindən tutan, sənə doğru yol göstərən insanları şükranlıqla anacaq, bədxahlara isə "Allah günahından keçsin" - deyəcəksən.

Bu yazını bir vaxtlar söz, sənət sevdalısı kimi tanınan, yazıları həvəslə oxunan, jurnalistikada öz dəsti-xətti olan bir xanıma, xeyirxah bir müəllimə, ustada keçmiş tələbəsindən, mənəvi övladından gözlənilməz ad günü təbriki kimi ünvanlamaq istəyirəm.

İşığın ünvanı

O, bir vaxtlar bizim - gənc, təcrübəsiz qızların pərvanə kimi işığına, istisinə can atdığı ünvan idi: Svetlana xanım Nəcəfova! Bu gün onun doğum günüdür. Sözü özündən böyük, özü sözündən uca, səsi, əxlaqı, davranışı, əqidəsi, məsləki ilə bütöv bir xanımlıq zirvəsinə yüksələn sənətkarın iyulun 8-də 82 yaşı tamam olur.

Əslən irəvanlıdır, ancaq səadətini Bakıda tapıb, oxumaq, ali təhsilli mütəxəssis olmaq ümidi ilə ötən əsrin 60-cı illərində gəlib bu şəhərə, fərqlənmə diplomu ilə bitirdiyi Azərbaycan Dövlət Universitetinin məzunu kimi fəaliyyətə başlayıb, sonra ilk iş yeri "Pioner" qəzeti olub. Ən məhsuldar yaradıcılıq dövrü isə "Azərbaycan qadını" jurnalı ilə bağlıdır. Respublikanın Əməkdar jurnalistidir, "Qızıl qələm", "Humay", "Araz", Ali Mediya" və digər mükafatların laureatıdır, 6 kitabın, yüzlərlə məqalənin müəllifidir. Jurnalistlər və Yazıçılar birliklərinin üzvüdür. Bütün yaradıcılığı boyu bir amala sadiq qalıb: xeyirxahlıq, yaxşılıq və dürüstlük! Görüşdüyü hər bir müsahibindən nələrsə öyrəndiyini hər vaxt dilə gətirdi və bizə də insanları sevməyi, hər kəsin fikrinə hörmətlə yanaşmağı tövsiyə etdi.

Ürəyindəki müqəddəs duyğuları, çöhrəsindəki nurlu təbəssümü və xislətindəki səmimiyyəti bir ömür boyu qoruyub saxlayan nadir insanlardandır Svetlana xanım. Bizim tələbəlik illərimizdə çoxumuzun pasibanı olan, gözlərindəki tükənməz işıltı, işıqlı bir ümidlə hər bir yazımızı həvəslə oxuyan, xoşuna gələndə gülümsəyən, haradasa kəm-kəsir görəndə o mübhəm təbəssümü, musiqi qədər zərif səsi ilə: "Bax, hər şey yaxşıdır, sadəcə yazının bu hissəsində qəhrəmanının (və ya hadisənin) oxucu üçün sərbəst fikir yürüdə biləcəyi bir məqama da diqqət yetirsən, daha gözəl olar, məncə" - deyən bizim Sveta xanıma şəxsən mən jurnalistikada qazandığım bir çox uğurlarıma görə borcluyam. O, mənə universitet auditoriyasında dərs deməsə də, həyatda ən böyük müəllimim kimi ona mənəvi borcum olduğunu heç vaxt unutmuram.

Hər şeydən əvvəl Sveta xanım (biz hamımız onu belə çağırırdıq), elə rəhmətlik Xalidə xanım Hasilova da (tanınmış yazıçı, jurnalın baş redaktoru), unudulmaz Sabir Gəncəli (məsul katib) də, sakit-səssiz öz işini görən Gülxanım xanım da, gözəllər gözəli, şairə Zivər xanım Ağayeva da bizi - cavan əyalət qızlarını təzadlı, cazibədar böyük şəhərin füsünkar xəyallar aləmindən gerçək və çılpaq həyat həqiqətlərinə qaytarmaq kimi çətin bir missiyanı ana, ata, qardaş, bacı, qohum, müəllim cəfakeşliyi ilə yerinə yetirirdilər. Biz o vaxt məbəd bildiyimiz redaksiyalarda belə xanımların və kişilərin dəstəyi ilə ayaqda qaldıq, adam kimi adam olduq, söz, mənsəb sahibi kimi tanındıq.

Bir ünvan. İki dünya

İndi düşünürəm ki, eyni binanın müxtəlif qapılarından keçib həm "Bakı" qəzetinin, həm "Azərbaycan qadını" jurnalının redaksiyalarına bizi, şəxsən məni qədər-qismət aparmışdı. Ta birinci kursdan universiteti bitirənədək ata evi bildiyim bu iki redaksiyada çalışan istedadlı və müqəddəs insanlar, az-çox yaradıcılıq işartısı gördükləri gəncləri necə səmimiyyətlə qoruyurdular. "Azərbaycan qadını" jurnalının o vaxt böyük vəzifə daşıyan əməkdaşları - bizim yazılarımızı nöqtə-vergülünə qədər diqqətlə incələyən, hər gün nələrsə öyrədən bu insanlar, xüsusilə də bizimlə ünsiyyətinə daha çox qayğı qatan Svetlana xanım, öz ədəb-ərkanı, mədəniyyəti, biliyi, istedadı və ən başlıcası, səbri, dözümü, xeyirxahlığı ilə hamımız üçün Həyat müəlliminə çevrildilər. Mən illər boyu onların heç birinin səsini yüksəltdiyinin, kiminsə üstünə bağırdığının, təhqiredici söz söylədiyinin, ya da özünü başqalarından üstün tutacaq bir xüsusiyyətini görmədim. Hamısı sadə, hamısı mehriban, hamısı şəfqət dolu. "Bakı" qəzetinin baş redaktoru, unudulmaz müəllimimiz Nəsir İmanquliyev, illər boyu əməkdaşlıq etdiyim şöbənin müdiri Fazil Rəhmanzadə, tanınmış jurnalist Yusif Kərimov bizə öz övladları kimi yanaşdılar, bizi yolumuzu sarpmağa qoymadılar, düzgünlük, mərdlik, işə məsuliyyət, peşəyə sevgi, iş yerinə sayğı, hər bir müsahibimizə hörmət hissi aşıladılar.

Mənim ömrüm boyu eyni ünvanda -Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində - AzTV-də qüsursuz və alnıaçıq işləməyimi, öz iş yerimə doğma evim kimi baxmağımı da unudulmaz həyat və sənət müəllimlərimin, təbii ki, həm də Svetlana xanımın xidməti saymaq olar. Nədənsə həmişə düşünmüşəm ki, tale bizi ilk iş yerimizə toxum kimi cücərmək üçün atır. Biz burada kök tuturuq, tumurcuqlanır, çiçəkləyirik. Hər gün görüşdüyümüz, hal-əhval tutduğumuz, sevincinə, kədərinə şərik olduğumuz insanlar, iş yoldaşlarımız zaman keçdikcə bizim ailəmizə çevrilirlər. Bu ailənlə sən həmişə güclüsən, hər zaman kürəyini söykəməyə, güvənə bildiyinə əmin olduğun kollektivin var. Bilmirəm, bizim nəslin insanları yəqin ki, fikirlərimi təqdir edər, bu kosmopolit gənclik belə gözəl bir duyğudan təəssüf ki, xəbərsizdir.
Hər aşiqin öz dövranı

Hər ömür bir nəğmədir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya ...

Yazımın əvvəlində qeyd etdim ki, aqillərin sözüdür: hər aşiqin bir dövranı var. Bəli, bu həqiqətən belədir, nə qədər ağır olsa da, razılaşmasaq da, Zaman adlı sehrli çubuq hər şeyi yerbəyer etməyə çalışır. İllər öncə barmaqla sayılacaq qədər az olan qadın jurnalistlər arasında boy göstərən, öz gözəlliyi, həm də aktual, maraqlı yazıları ilə yüzlərlə oxucunun sevimlisinə çevrilən Svetlana xanım bir neçə il əvvəl o jurnaldan getdi, bir müddət "Respublika" qəzetində, sonra radioda işlədi və günlərin bir günü o dövrün bir çox istedadlı qələm sahibləri kimi, o da yaradıcılıq missiyasını başa vurdu. Yaş öz diktəsi ilə bütün açıq qapıları möhürlədi, zaman dəyişdi, söz bazarında söz dəyərdən düşdü. Həyatın tələbləri başqa səmtə yönəldi, özünə, imzasına dəyər verən, illər boyu topladığı oxucu auditoriyasına hörmət edən, sənətini, peşəsini sevən əsl ziyalılar bu köklü dəyişimin, jurnalistikaya yönələn kortəbii axının qarşısını kəsməkdə aciz olduqlarını hiss edib öz hücrələrinə çəkildilər.

Bizim dərs aldığımız, ədəb-ərkan öyrəndiyimiz qüdrətli qələm sahibləri illərlə əmək verdikləri sahədən, yaşatdıqları zəngin və əvəzsiz sənət aləmindən necə deyərlər, "üzü sulu" uzaqlaşdılar. Onların gedişi çoxları üçün adi sayıla bilərdi, baqajı boş, dili pərgarlar: "nə qədər işləyəcəklər e, daha bəsdir, meydanı cavanlara vermək lazımdır" - fanatikliyi ilə jurnalistikaya dürtülənlər isə təəssüf ki, yalançı hay-küydən, köntöy fikirlərdən, əsassız, yalan informasiyalar tirajlamaqdan başqa heç nə gətirə bilmədilər.

Bəlkə də elə buna görədir ki, bu gün bizim jurnalistikamız hər sahədə axsayır. Köhnənin üstündən xətt çəkdik, yenisini yarada bilmədik. KİV-də çalışan böyük ordunun arasında çox az sayda istedadlı və səriştəli jurnalistə rast gəlmək olar.

Svetlana xanım, bizim əziz xeyirxahımız, müəllimimiz də o dönəmdə yazı masasının mətbəx, ailə, nəvə qayğıları ilə necə əvəzləndiyinin fərqinə varmadı.

Təbii ki, Svetlana xanım indi bu sətirləri oxuyanda bəlkə də köks ötürüb, ilk dəfə qarşılaşdığı gün yazısını oxuyub "afərin" dediyi o qızı - məni xatırlayıb: "Yenə patriotluğundan əl çəkmir də bu qız" - deyəcək, bəlkə də, nə bilim, razılaşmayacaq mənimlə, "hər şey gözəldir" - deyə daha çox öz içində tüğyan edən təlatümü boğmağa, özündən çox məni sakitləşdirməyə çalışacaq.

Ancaq inanıram ki, o da mənim kimi düşünür, çünki illər boyu tanıdığım, sevdiyim, sözünə hörmət etdiyim jurnalist və publisist Svetlana Nəcəfova bizə həmişə Haqqın tərəfində dayanmağı, Həqiqəti söyləməyi öyrədib.

Vətən çiçəklərinin ətri

Çox dəyərli Svetlana xanım! Bilmirəm, taleyinizin Bakı dövrü başlayandan sonra heç Bakı-İrəvan qatarı ilə Araz boyu qıvrılıb gedən dəmir yolunun sağında-solunda yaşıllığa bürünmüş kəndlərdən keçmisinizmi? İllər boyu həsrət qaldığımız Türkiyə ilə aramızdakı 11 kilometrlik sərhəd zolağını keçərkən rus əsgərlərinin qadağasına baxmayaraq, qatar pəncərələrinə çəkilən qalın pərdəni gizlincə aralayıb uzaqlarda sayrışan işıqlara baxa-baxa qəlbinizin riqqətlə döyündüyü olubmu? Ağrı dağının əzəmətinə baxıb sevinmisinizmi? Üzü İrəvana gedən yolun hər dayanacağında qarşınıza çıxan soydaşlarımızın sizə, bir azərbaycanlı tələbə qıza necə qürurla baxdıqlarını hiss etmisinizmi? Yolboyu kənd uşaqlarının o qatarın pəncərəsindən baxan insanlara necə səmimiyyətlə əl elədiklərini görmüsünüzmü? Baxın, o insanlar böyük ümidlə gələcəkdə oxuyub, ali təhsil alıb geri qayıdacaq cavanların yolunu gözləyiblər həmişə. Ancaq orada ali savadlı bir türk övladına heç vaxt yer tapılmayıb.

Ermənilər bizdən Zəngi çayının zümzüməsini alıblar, Sərdarabad qalasını məhv ediblər, tarixdən izimizi siliblər, bir vaxtlar əlborcu verilən şəhərdən də, ətraf rayonlardan da yavaş-yavaş bizi sıxışdırıb çıxarıblar. Sonuncu qanlı köç yolunu indi toz basıb. Ağrılı və dəhşətli olsa da, etiraf edək ki, biz orada yoxuq daha, nə vaxt dönəcəyimizə isə nə ümid var, nə güman...

Əziz Svetlana xanım, sizin bu gün 82 yaşınız tamam olur. Çox istərdim sizi Zəngi çayının suları, Sarı dolamanın zərif mehi, Əyricə yaylaqların ətri ilə süslənmiş 82 çiçəklə təbrik edim. Ancaq və lakin...

Ancaq insanı yaşadan bir ümid işartısı var ki, ən çətin məqamlarda sən ona söykənib ayağa qalxır, sabaha boylanırsan. Tanrının bundan sonra sizə verəcəyi illərdə də qoy bu ümid işartısı Siz heç tərk etməsin! Sizə nə arzulayıram? 100 yaşayın, sevgili həyat yoldaşınız, gözəl, istedadlı övladlarınız, nəvələriniz, sizi sevən, xatırlayan, nə vaxtsa yazdığınız məqalə, oçerk, reportaj, zarisovka, esse və hekayələrinizi ailə arxivində saxlayanların yaddaşında, xatirəsində, biz tələbələrinizin isə dua və təşəkküründə yaşayın! Siz - hər cür tərifdən, ən təmtəraqlı sözdən də uca olan şərəfli bir İnsan, Qadın ömrü, Jurnalist taleyi yaşamısınız. Sizin-bizim çörəyimiz qələmimizdən çıxdığına görə, həm özünüzə, həm də bizə bu qələmə hörmətlə, şərəflə yanaşmağı tövsiyə etmisiniz.

Əllərinizdən öpürəm, əziz Svetlana xanım, yaddaşımın bir küncündə hər zaman zərif, gözəl, uca qamətli, səsi mənə sevdiyim ən füsünkar musiqi kimi əziz olan böyük və qayğıkeş müəllimim, həmkarım! Allah sizi qorusun! Neçə belə illərə, Ustad!

 





08.07.2020    çap et  çap et